Astronomiyada zaman vahidləri

Zaman materiyanın varlıq formasıdır. Materiya məkansız təsəvvür oluna bilmədiyi kimi zamansız da təsəvvür oluna bilməz. Materiya yalnız məkanda və zamanda mövcud ola bilər.

Astronomiyada əsas zaman vahidi Yerin öz oxu ətrafında fırlanma dövrüdür. Bu zaman vahidi gün adlanır. Gün seçilmiş göy cisminin və ya xəyali bir nöqtənin verilmiş coğrafi meridianda iki ardıcıl eyni adlı kulminasiyası arasındakı vaxtdır.[1] Göy sferində seçilmiş cismə və ya nöqtəyə görə gün xüsusi ad alır. Məsələn, həqiqi Günəş günü, orta Günəş günü, ulduz günü və s. Bu günlərin uzunluğu bir qədər fərqlidir.

Kiçik zaman fasilələrini ölçmək üçün günün hissələrindən istifadə olunur. Məsələn, həqiqi Günəş gününün 24-də birinə bir Günəş saatı, Günəş saatının 60-da birinə Günəş dəqiqəsi və Günəş dəqiqəsinin 60-da birinə bir Günəş saniyəsi deyilir.

Böyük zaman fasilələrini ölçmək üçün aşağıdakı zaman vahidlərindən istifadə olunur.

  • Sinodik ay-Ayın iki ardıcıl eyni adlı fazası arasındakı zaman fasiləsi Sinodik ay=29.5306 (29d12h44m2s.8) orta Günəş günü;
  • Siderik ay-Ayın Yer ətrafında bir dövr etməsi üçün lazım olan zaman fasiləsi Siderik ay=27.3216 (27d07h43m11s.5) orta Günəş günü;
  • Tropik il-Günəş diski mərkəzinin yaz bərabərliyi nöqtəsindən iki ardıcıl keçməsi arasındakı zaman fasiləsi;

Tropik il=365.2422 (365d05h48m46s) orta Günəş günü

  • Ulduz ili-Günəşin ulduzlar arasnda öz əvvəlki yerinə qayıtması üçün lazım olan zaman fasiləsi.[1]

Ulduz ili=365.2564 (365d06h09m10s) orta Günəş günü

  1. 1 2 C. M. Quluzadə Klassik Astronomiya "QAPP-POLİQRAF" Bakı,2004