Atom kütləsi - bir atomun kütləsi olub, atom kütlə vahidi (a.k.v.) ilə müəyyən olunur. Hal-hazırda atom kütlə vahidi ən geniş yayılmış izotop olan karbonun neytral atomunun kütləsinin 1/12-i qəbul edilir. Buna görə də, bu izotopun atom kütləsi təyinata görə düz 12 a.k.v.-nə bərabərdir. İzotopun atom kütləsi ilə onun kütlə ədədi arasındakı fərqə izafi kütlə deyilir. Bu fərq həm müsbət, həm də mənfi ola bilər. Onun yaranma səbəbi nüvə ilə proton və neytronlar arasında əlaqə enerjisinin qeyri xətti olmasında, həmçinin proton və neytronun kütlələri arasındak fərqdədir.
Karbon atomunun etalon seçilməsinin əsas səbəbi onun 12C izotopunun 98,9% təşkil etməsidir ki, bu isə demək olar ki, götürülmüş nümunədə bütün Karbon atomlarının eyni sayda nuklonlardan təşkil olunması deməkdir.
Kimyəvi elementin atom kütləsi (eləcə də "orta atom kütləsi", "standart atom kütləsi") verilmiş kimyəvi elementin təbiətdə mövcud olan bütün izotoplarının, onların yerdə və atmosferdə yayılma xarakterini nəzərə alaraq orta məxrəcə gətirilmiş kütləsidir. Mendeleyev cədvəlindədə bu kütlələr göstərilmişdir.
Kimyəvi elementin nisbi atom kütləsi, onun təbii izotoplarının orta atom kütləsinin a.k.v-yə olan nisbəti ilə müəyyən olunur. Odur ki, dövri sistem cədvəlində bir çox elementlər kəsr ədədli kütləyə malikdirlər. Məsələn, Cl -un nisbi atom kütləsi 35,453-dür. Bu isə onun təbiətdə 77,35 % 35Cl və 22,65% 37Cl izotopu şəklində yayılması ilə əlaqədardır. A.k.v. ilə ifadə olunmuş nisbi atom kütləsi elementin bir atomunun kütləsinə bərabərdir. Maddə bir neçə eyni, yaxud müxtəlif növ atomlardan təşkil olunduğu üçün onun molekulunun kütləsi müvafiq olaraq bu atomların kütlələri cəmindən ibarətdir. Maddə molekulunun a.k.v ilə ifadə olunan kütləsinə nisbi molekul kütləsi deyilir. Nisbi molekul kütləsi Mr maddənin molekul kütləsinin karbon atomunun kütləsinin 1/12-nə olan nisbətidir.