Aum Şinrikyo

Aum Sinrikyo (yaponca: オウム真理教) — qeyri-ənənəvi dini cərəyan.

Sanskrit dilində aum – "kainat", yapon dilində sinrikyo – "həqiqət haqqında təlim" mənasını ifadə edir. İngilis dilinə bu ifadə "Supreme truth", yəni "ali həqiqət" kimi tərcümə olunur.

Bu dini cərəyanı yapon vətəndaşı Tidzuo Maçumoto (digər adı Syoko Asahara) 1984-cü ildə təsis etmişdir. Onun tərəfdarları 1995-ci ildə Tokio metrosunda törətdikləri dəhşətli terrordan sonra daha da tanınmışlar.

T. Maçumoto 1955-ci ildə Kumamoto vilayətinin Yaçusiro şəhərində sənətkar ailəsində dünyaya gəlmişdir. O, uşaqlıqda qlaukoma xəstəliyi ucbatından bir gözünün görmə qabiliyyətini itirmişdir. Orta məktəbi bitirdikdən sonra Maçumoto bir müddət doğulduğu şəhərdə, daha sonra Tokioda akupunkturla (iynə sancmaqla müalicə metodu) məşğul olmuşdur. Bu dövrdə müxtəlif dünya dinləri və fəlsəfə ilə maraqlanmış, Mao Tszedunun siyasi fəaliyyətini öyrənmişdir.

1977-ci ildən etibarən isə yoqa ilə məşğul olmağa və öz təlimini yaratmağa başlamışdır. 1981-ci ildə şəxsi aptekini açmış, lakin çox keçmədən saxta dərman satmaqda günahlandırılaraq, məsuliyyətə cəlb edilmişdir. Elə həmin ili Maçumoto yeni meydana gəlmiş cərəyanlardan sayılan, özündə Buddizm, Tantrizm, İnduizm və yoqanın elementlərini birləşdirən "Aqon Şu" cərəyanına qoşulmuşdur. 1984-cü ildə isə o, bir neçə yoldaşı ilə buranı tərk edərək, öz dini təlimini yaratmışdır. Bu məqsədlə müntəzəm şəkildə xarici səfərlərə gedərək, Kalu Rinpoçe (Tibetdəki dini məktəblərdən birinin başçısı), Hamptrul Rinpoçe (mühacirət həyatı keçirən, sabiq Tibet hökumətinin dini və mədəniyyət işləri üzrə baş katibi) kimi müxtəlif buddist rəhbərlərlə görüşmüşdür.

1984-cü ildə yoqa ilə məşğul olmaq və dini əşyaların satışını həyata keçirmək üçün şirkət təsis etmişdir. Yaratdığı cərəyan təşkilatlanaraq dini status əldə edəndən sonra, yəni 1987-ci ildən etibarən "Aum Sinrikyo" adlandırılmış və Yaponiyanın bütün şəhərlərində onun yerli filialları fəaliyyətə başlamışdır. Qısa müddətdə cərəyan Yaponiyanın nüfuzlu universitetlərinin tələbələrinin rəğbətini qazandığından ona "nüfuzlu insanların dini" adı verilmişdir.

"Aum Sinrikyo" təkcə yapon adət-ənənələrini təcəssüm etdirmirdi. T. Maçumotonun dini və fəlsəfi görüşlərinin formalaşmasında yəhudi əsilli, ABŞ yazıçısı Ayzek Azimovun "təsiri" də az olmamışdır. Maçumoto özünü Azimovun qəhrəmanı Harri Şeldona bənzədirdi. Maçumotonun yaratdığı təşkilatda mərkəzçilik meyli güclü idi. Bura üzv olmaq üçün ətraflı, geniş anket doldurmaq və təqribən on dollar miqdarında üzvlük haqqı ödəmək tələb olunurdu. Hər yeni üzvə şəxsi nömrə və ad verilirdi. Təşkilatda üzvün mənəvi cəhətdən inkişaf etməsi üçün iyirmi pilləli səviyyə müəyyənləşdirilmişdir. Növbəti pilləyə keçmək istəyənlər Maçumoto üçün çalışaraq, bal toplamalı və müəyyən miqdarda pul ödəməli idi. Təşkilatda üzvlərin şüuruna təsir etmək və onları zombiləşdirmək məqsədilə narkotik, psixotrop vasitələrdən və xüsusi təlqin metodlarından geniş istifadə edilirdi. Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq, cəmiyyət daxilində üzvlərin aldadılması, iradələrinə zidd olaraq təşkilatda zorla saxlanılması, onlardan böyük məbləğdə pul alınması Yaponiyada aktual müzakirə mövzusuna çevrilmişdi. 1989-cu ilin fevralından isə təşkilatı tərk edənlər, hətta qətlə yetirilməklə cəzalandırıldılar (buddist birliyinin başçısı Soka Qakkayın, rəssam Esinori Kobayasinin qətli). 1993-cü ilin sonlarında təşkilat məxfi şəkildə beyni iflic edən zarin qazını istehsal edərək, ölkənin bir sıra şəhərlərində terror hadisələri törətmişdilər. Onlar, hətta Rusiyadan qeyri-leqal yolla AK-47 avtomat silahının istehsal texnologiyasını da əldə etməyə cəhd göstərmişdilər.

Elə həmin illərdə təşkilat üzvləri kimyəvi silahdan istifadə edərək, Maçumoto şəhərində terror törətmiş və yeddi nəfərin həyatına son qoymuşlar.

Bütün bunlara son qoymaq üçün 1995-ci ildə Yaponiya tarixində ən uzunmüddətli məhkəmə prosesi başlamışdır. 2004-cü ildə məhkəmə təşkilat tərəfindən törədilmiş on yeddi terror hadisəsinin on üçündə Maçumotonun şəxsən iştirakı sübuta yetirmiş və onu ölüm cəzasına məhkum etmişdir.

2000-ci ildən etibarən təşkilat adını dəyişərək, sami əlifbasının ilk hərfi ilə "Əlif" adlanmağa başlanmışdır.

Təşkilata Fumihiro Dzeyo adlı şəxs başçılıq edir. Onun tutduğu mövqedən narazı olan üzvlərin ayrılması nəticəsində cərəyan iki hissəyə parçalanmışdır.

  • Aqşin Axundov, Aum Sinrikyo, "Cəmiyyət və Din" qəzeti, № 02 (037) 14-19 yanvar 2010, səh. 5.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]