Aviaquldurluq və ya təyyarə qaçırma, bir təyyarənin silah gücünə və ya fiziki güclə ələ keçirilməsidir[1]. Aviaquldurluq müxtəlif məqsədlərə xidmət edə bilər, aviaquldurlar əvvəllər sərnişinləri girov götürür və ya öldürür, hətta 11 sentyabr terror aktlarında olduğu kimi təyyarəni silah kimi də istifadə edirlər. Aviaquldurluq siyasi və şəxsi səbəblərdən ola bilər[2][3][4].
Tarixdə ilk qeydə alınan təyyarə qaçırma hadisəsi 1931-ci ildə Peruda baş vermişdir. 1 May 1961-ci ildə Miami-Key West uçuşunu həyata keçirən təyyarənin Antulio Ramirez adlı şəxs tərəfindən Kubaya qaçırılmasından sonra aviaquldurluğa dair ilk qanuni tənzimləmə, həmin il ABŞ-da həyata keçirilmişdir. Bu qanunla aviaquldurluq, uçuş zamanı hər hansı bir ticarət təyyarəsini haqsız olaraq şiddət tətbiq edərək, zorla və ya təhdidlə ələ keçirmək və ya idarə etmək olaraq təyin edildi və buna görə ağır cəzalar müəyyən edildi. 1961-ci ilin sonuna qədər daha 3 aviaquldurluq hadisəsi baş vermişdir. 1963-cü ildə, BMT-nin üzvü olan ölkələri aviaquldurluğa qarşı bir konvensiya imzalamağa təşviq etməsindən yeddi il sonra, 1970-ci ildə Haaqada yığışan təxminən 50 dövlət öz aralarında aviaquldurluğa dair konvensiya imzaladılar. Müqavilədəki təyyarə qaçırdanların müvafiq ölkəyə təhvil verilməsi tələbi diqqət cəlb edən maddədir. Bununla birlikdə, qanuni tənzimləmələrə baxmayaraq, 1970-ci illərdə həm siyasi, həm də şəxsi səbəblərə görə aviaquldurluq hərəkətlərində bir yüksəliş müşahidə edilmişdir.
1970-ci illərdə müxtəlif qruplar, xüsusən də Fələstinli partizanlar və kubalılar fərqli qaçırma üsullarına müraciət etmişdirlər. 1973-cü ildə ABŞ Federal Aviasiya İdarəsi sərnişinlərin yoxlanılması tətbiqinə başladı. Üstlərində silah gəzdirdiklərini müəyyənləşdirmək üçün sərnişinlərin və onların baqajlarının rentgen yoxlanışları, həmçinin sərnişinlərin təyyarəyə minmək üçün keçdikləri qapılarda silahlı zabitlərin olması kimi yeni qabaqlayıcı tədbirlərin tətbiq edilməsi ilə xüsusilə 1980-ci illərdən bəri təyyarələrin qaçırılması sayında əhəmiyyətli bir azalma müşahidə edilmişdir.