Avstraliya aborigenlərinin astronomiyası – Avstraliyanın yerli xalqlarında formalaşmış astronomik və kosmoqonik təsəvvürlərin birləşməsidir.
Avstraliya aborigenləri düşünürdülər ki, bizim reallıqdan başqa, əcdadların ruhlarının məskunlaşdığı, digər reallıq “Yuxular zamanı” mövcuddur. Bu iki reallıq kəsişir və qarşılıqlı olaraq bir-birinə təsir edir[1].
Həqiqi aləmlə “yuxu” aləminin kəsişdiyi yerlərdən biri səmadır: əcdadların hərəkətləri Günəşin, Ayın, planetlərin, ulduzların hərəkətində əks olunur, lakin insanların da hərəkətləri göydə baş verən hadisələrə təsir edə bilər[2].
Aborigenlərin mifologiyasında ulduz səmasının obyektlərinə: Cənub Xaça, Pleyadlara, Magellan buludlarına və s. geniş yer ayrılır. Hansısa səma obyekti və ya hadisə isə bağlı olan bir sıra mifoloji süjet var. Misal kimi, Orion ülkəri ilə bağlı olan Yolnqu xalqının mifoloji süjetini gətirmək olar: ülkər, qardaşların birinin tabunu pozduğu üçün Günəş tərəfindən göyə qaldırılan 3 qardaşın kanoesi kimi alqılanır[3]. Həmin xalqın inancına görə Venera (Zöhrə) – yaradıcı ruh Barnumbirdir; dan söküləndə qalxan bu ruh, arxasınca işıqdan olan ip çəkir. İp isə ölmüş insanların ruhlarının yaşadığı Baralku adasına bağlıdır; müvafiq ayinləri yerinə yetirərək insanlar bu ip vasitəsi ilə əcdadları ilə təmasa girə bilərlər[3]. Həmçinin ay və günəş miflərinin kompleksi mövcuddur. Ulduzların göydə yerləşməsi mədəni ənənələrin qorunması üçün istifadə olunur: aborigenlər onların cəmiyyətində təlim prosesində istifadə edilən ülkərdən ülkərə uzanan “mahnı xətllərini” seçirlər[2].
Avstraliyada aborigenlər tərəfindən çəkilən çoxlu sayda qaya rəsmlərinin tapılmasına baxmayaraq, orada ulduz səmasının cisimlərinin və ya hətta ülkərlərin təsvir olub-olunmaması aydın deyil. Bəzi belə rəsmlərdə araşdırmaçıların məşhur ülkərlərə bağladığı yumru dəliklər qrupu və ya çəkilmiş daiərlər mövcuddur; lakin əlaqənin doğru olduğunu iddia etmək olmaz, çünki bəzi hallarda təsadüfi qaydada yerləşən dairələri müəyyən hallarda məşhur ülkərlərə bənzətmək olar[4]. Buna baxmayaraq, ehtimal edilir ki, emu dəvəquşunun bəzi stilizə edilmiş təsvirləri Samanyolunun tünd toz buludları tərəfindən yaratdığı bütün Avstraliyaya məşhur olan göy cisminə aiddir[4].
Avstraliyalı astronom Con Morison təxmin edib ki, şimal-şərqi Viktoriyadakı bəzi daş tikililər, günəşin ilin müəyyən zamanları doğması və batması yerlərinə işarə edərək, təqvim məqsədləri ilə istifadə oluna bilərdilər[4].
Aborigenlərin bir sıra qrupu müəyyən ulduzların və ülkərlərin göydə yerləşməsi ilə onların qida mənbələrinə təsir edən hadisələr arasında bağlantı olduğunu kəşf edirlər. Məsələn, Şimali Viktoriyada yaşayan buronq qəbiləsi göydə Arktur ulduzunun doğmasını avqust və sentyabrda, digər qida mənbələrinin praktiki olaraq əlçatmaz olduğu zamanı dadlı termit tırtıllarının (larva) peyda olması ilə bağlayırdılar. Arktur göy üzündən itdikdə tırtıllarda sovuşurdu[4].
Aborginelərin səma və səma cisimləri haqda müəyyən bilgilərə malik olmasına baxmayaraq, hansısa aborigen qəbilənin ayın fazaları ilə bağlı olan təqvimdən istifadə etməsi haqda hansısa bilgi yoxdur. Bundan əlavə, göy cisimləri naviqasiya üçün də istifadə edilmirdi[4]. Göy cisimlərini və kosmoqonik təsəvvürləri əks etdirən geniş mifologiyaya malik olmasına baxmayaraq aborigenlərdə kəmiyyət astronomiyası demək olar ki, inkişaf etməyib[4].