Ay Molla əmi (qəzet)

Ay Molla əmi (qəzet) - Qacar hökumətində bilavasitə mürtəce və Məhəmmədəli Mirzənin sarayına bağlı qüvvələrin orqanı sayılan, 1908-ci ildə Təbrizin Dəvəçilər məhəlləsində İslamiyyə cəmiyyətinin vasitəçiliyilə nəşr edilən qəzet.

Ay Molla əmi (qəzet)
Baş redaktor Mirzə Əhməd
Yaranma tarixi 1908
Dil Azərbaycan dili, farsca
Baş ofis Təbriz
Ölkə Qacarlar sülaləsi

Qəzetin nəşri[redaktə | mənbəni redaktə et]

XXI əsrin sonlarından İranda Qacar hökuməti əleyhinə kortəbii sıçrayışlar şəklində təzahür edən xalq nümayişləri artıq 1905-ci ilin sonunda şüurlu, nizamlı formalar almağa başladı. Hökumətə qarşı olan bu kütləvi hərəkatlar, inqilabla nəticələndi və tarixə Məşrutə inqilabı (1906-1911) adı ilə daxil oldu. XX əsrin əvvəllərində Azərbaycanın Güneyində yaşayan türklərdə «Hümmətçilikdən millətçiliyə» keçmə meylləri yaranırdı. Tədrisin türk dilində aparıldığı məktəblər qurulur, türkcə mətbuat yaranırdı. Belə bir dövrdə çap edilən Azərbaycan türkcəsində dərc edilən mətbu orqanlarından biri də «Ay Molla əmi» adlanan qəzet olmuşdur. Bu qəzet Təbrizin Dəvəçilər məhəlləsində İslamiyyə cəmiyyətinin vasitəçiliyilə nəşr edilirdi. Dövrün mürtəce qəzetlərindən olan əyləncəli «Ay Molla əmi» İslamiyyə cəmiyyəti tərəfindən 1908-ci ildə (h.q.1326) həm fars, həm də Azərbaycan dillərində çap olunurdu. Azərbaycan türkcəsində olan «Ay Molla əmi» qəzeti qəbul olunmuş qaydada əsasən kiçik həcmdə Bəsirət məktəbinin müdiri, eyni zamanda «Üxüvvət», «İttihad» və «İslamiyyə»nin qəzetlərinin rəhbəri olan Mirzə Əhməd tərəfindən Təbrizdə çap olunurdu. «Ay Molla Əmi», başqa bir mənbəyə istinadən, Mirzə Həsən və Səidüssoltanın rəhbərliyi altında nəşr olunurdu.[1]

Çap olunmasında məqsəd[redaktə | mənbəni redaktə et]

Qəzet həmin cəmiyyətin başçılarının irticaçı niyyət və istəklərinin təbliğinə xidmət edirdi. Hicri qəməri təqvimi ilə 1326-cı, miladi təqvimi ilə 1908-ci ildə qəzet çap edlməyə başlayanda da irticaçılar və Təbrizin Dəvəçilər məhəlləsi İslamiyyə cəmiyyətinin üzvləri tərəfindən xalqın məşrutə əleyhinə təhrik edilməsi məqsədilə buraxılırdı.[1]

Qəzetin adının tarixçəsi[redaktə | mənbəni redaktə et]

Bu qəzet haqqında İran tarixçisi, publisisti və hüquqşünası Əhməd Kəsrəvi məşrutə tarixinə həsr etdiyi əsərində bir sıra məlumatlar verir. Belə ki, qəzet islamiyyəçilərin, ələxüsus Mirhaşim Dəvəçinin mətbu orqanı olmuşdur. Əhməd Kəsrəvi qəzetin adının tarixçəsi ilə bağlı belə yazır:

" Deyilənlərə görə bir gün Mirhaşim mücahidlərdən biri tərəfindən sui-qəsdə məruz qalır. Mirhaşim ölməsə də, sui-qəsdə mücahid həbs olunur. Mirhaşimin casusları tərəfindən sui-qəsdçiyə qarşı aparılmış istintaq qəzetdə öz əksini tapmışdır. Məhərrəmin 10-cu günündən sonra həmin məhəllədə (Dəvəçi) türkcə rəiyyətdən olan bir şəxsin molla ilə apardığı sual-cavabdan bəhs edən bir qəzet buraxılmağa başladı. Dialoqdakı şəxsin qarşı tərəfə «Molla Əmi» deyə müraciət etdiyindən qəzet də həmin adla adlandırıldı. "

Təbriz türklərinin ləhcəsində yazılan bu qəzetdə Mirhaşimin cəmiyyət nümayəndəliyinə seçilməməsindən doğan inciklik cəmiyyətə başqalarından daha çox vaxt sərf edib məşğul olduğu fikri aşılanır və bu kimi məsələlər yer alırdı. Qəzetdə dərc olunan yazılarda daha çox mücahidlərin başçılarına və hərəkat rəhbərlərinə qarşı hücuma keçilirdi. Belə şəxslərdən biri heç bir zəif nöqtəsini tapa bilmədikləri gizli Təbriz mərkəzinin rəhbəri Əli Müsyo idi. Axırda Müsyo ləqəbini əsas tutaraq onun məzhəbsiz olduğunu, bu səbəbdən də, belə bir ləqəb götürdüyünü bildirirlər.[2]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Haşimi M.S. Tarixe cəraid və məcəlləte İran. İsfahan, 4 cilddə, 1327-1331, s. 183
  2. Sərdar N.S. Məşahire Azərbaycan. Təbriz, 1998, s. 586