Ayapbergen Musayev

Ayapbergen Musayev (1880, Qaraqalpaqıstan Respublikası1936, Qaraqalpaqıstan Respublikası) — Xalq şairi. XX əsr qaraqalpaq ədəbiyyatının banilərindən biri.

Ayapbergen Musayev
Doğum tarixi 1880
Doğum yeri
Vəfat tarixi 1936
Vəfat yeri
Fəaliyyəti şair

Haqqında[redaktə | mənbəni redaktə et]

Ayapbergen Musayev 1880-ci ildə anadan olub. Onun şeir yazmağa meyli lap gənc yaşlarından özünü büruzə vermişdir. Məsələn, Ayapbergen Musayevin "Gölə tərəf qaç" şeiri hələ əlyazma şəklində nəşr olunan "Qızıl müəllim" ("Qızıl muqallim") (1930, № 1) jurnalında nəşr olunmuşdur. A.Musayevin şeirləri hələ ilkin dövrlərdə dildən-dilə gəzirdi, həmyerliləri şairin əksər əsərlərini əzbər bilirdilər. Son dərəcə bacarıqlı deklamsiyaçı Jumamurat Zülabi onun əsərlərini tez-tez xalq arasında əzbərdən oxuyardı. Hələ yaradıcılığının ilkin dövründə o, satirik və yumoristik şeirləri ilə tanınırdı. Bu şeirlərdə əsas ən cəmiyyətdə olan eybəcərliklər tənqid atəşinə tutulurdu. Lakin şairin yaradıcı potensialı 20-ci illərdə daha güclü şəkildə açılmağa başladı. Musayev öz yaradıcılığında əsas etibarı ilə həyatı əks etdirir, yeni sosialist həyatında olan sarkastik-ironik tərəfləri, onda yeni mənəvi-əxlaqi də yərlərin formalaşmasına mane olan xüsusiyyətləri göstərirdi. A.Musayevin əsərlərinin mövzusu rəngarəng və çoxplanlıdır. Əgər onun əsərlərinin bir qismində aydın, obrazlı rənglərlə sosial qeyri-bərabərlik ifşa edilir və burada bəzi ənənəvi elementlərdən yararlanmaqla mübaliğədən və başqa bədii ifadə vasit ələrindən istifadə edilirsə, digərlərində şəxsiyyətin mahiyyətini, onun ictimai-sosial bütövlüyünü, insanın zahiri təbiətinin təsvirini təhlildən kənarda saxlayırdı. Şairin yaradıcılığı üçün xarakterik olan başlıca bir şey insanın daxili aləminə baxış idi. A.Musayev əsərlərini olduqca aydın, obrazlı aforistik bir dillə qələmə alırdı.

A.Musayev qaraqalpaq xalqının şifahi-poetik və klassik irsinə böyük hörmətlə yanaşırdı. Doğma poeziyanın dərin bilicisi olan şair əsərlərində xalq motivlərindən məharətlə istifadə edirdi. Təsadüfi deyildir ki, hələ 30-cu illərdə A.Musayev ilk folklor etnoqrafik ekspedisiyası zamanı öz doğma aulunda (Konqrad rayonunda) çoxsaylı qaraqalpaq nəğmələrini qələmə almışdı.

Onun yazdığı poetik nümunələr sırasında "Başlayır", "Verməyin", "Onların var", "Qaraqalpaqların var", "Harada?", "Gölə qaç", "Qara eşşək", "Dostlar", "Ekspromtlar", "Qazax bəyə" və digərləri daha geniş yayılmışdır. "Qaraqalpaq ların var" şeirində şair doğma diyarın və xalq həyatının geniş mənzərəsini yaradır və onun ənginliklərini — göllərini, təbiətini, ceyranlarını, marallarını, cigitlərini maraqlı boyalarla təsvir edirdi.

A.Musayev poeziyasının başlıca cəhəti onun yüksək bədiiliyi, dilinin obrazlılığı, üslubunun xoşagələnliyidir. Ümumiyyətlə, A.Musayev öz yaradıcılığında folklor ştamplarından və kitab dilindən kənar olmağa çalışmışdır. Ənənəvi simvolika, metaforiklik və obrazlılıq A.Musayev yaradıcılığında, onun poetik şüurunda oxucuya güclü emosional təsir göst ərirdi. A.Musayevin yaradıcı bacarığının inkişafına, tədqiqatçılar qeyd etdiyi kimi, onun öz dövrünün istedadlı şairləri ilə əlaqələri səbəb olmuşdur. Onların sırasında Molla İsgəndər, Gülmurat şair, Seyfulqabit Məcidov, Həmzə Həkimzadə Niyazi, Həsən Begimov, Əbdürrəhman Ötepov, Xocamet Əhmədov, Sıdıq Tokpan oğlu, Kallı Ayımbetov və başqaları olmuşlar. Öz növbəsində A.Musayev yaradıcılığı Sadıq şairin, Əbdürrəhman Ötepovun, Xocamet Əhmədovun, Həsən Begimovun və digərlərinin yaradıcılığına təsir etmiş, onlar şairin poetikasının özünəməxsus xüsusiyyətlərindən və sirlərindən yararlanmağa çalışmışlar. Məşhur qaraqalpaq şairi Sadıq Nurumbetov Ayapbergeni özünün ən nüfuzlu ustadlarından biri hesab etmişdir. Ömrü iki əsrin payına düşmüş A.Musayev öz yaradıcılığında qaraqalpaq şairlərinin həmin dövr üçün xarakterik olan bədii axtarışlarının xüsusiyyətlərini əks etdirməyə çalışmışdır. Şair yaradıcılığında qaraqalpaq folklorunun və yazılı ədəbiyyatının, türk və şərq klassikasının ən gözəl ənənələrini inkişaf etdirməyə çalışmışdır. Şifahi və yazılı ənənələrin A.Musayevin yaradıcılığında uğurlu sintezi onun əsərlərinin özünə məxsusluğu ilə fərqlənməklə, XX əsr qaraqalpaq poeziyasının incilərindən hesab olunmaqdadır. 1980-ci ildə Qaraqalpaqstanda və Özbəkistanda Ayerbergen Musayevin 100 illik yubileyi böyük təntənə ilə qeyd olunmuşdu.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Nizami Məmmədov-Tağısoy. Qaraqalpaq ədəbiyyatı. Bakı: Elm və Təhsil, 2015, s. 259–262

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]