Azərbaycan–Gürcüstan müqavilələri (1918–20)

Azərbaycan-Gürcüstan müqavilələri – Azərbaycan Xalq Cümhuriyyəti ilə Gürcüstan Respublikası arasında iqtisadi, maliyyə, nəqliyyat və rabitə sahələri üzrə 1918–20 illərdə bağlanmış müqavilələr.

Azərbaycan-Gürcüstan
Azərbaycan və Gürcüstan
 Azərbaycan  Gürcüstan

Cənubi Qafqaz 100 ildən artıq Rusiya imperiyası tərkibində vahid iqtisadi məkanda olduğundan, Azərbaycan və Gürcüstan müstəqillik qazandıqdan dərhal sonra iqtisadi, maliyyə, nəqliyyat və rabitə sahələrində əməkdaşlığı tənzimləmək və dərinləşdirmək zərurəti ilə üzləşdilər. 1918-ci il iyunun 4-də Batumidə Azərbaycan, Gürcüstan və Osmanlı hökumət nümayəndələri Bakı-Batumi ağ neft kəmərinin normal işləməsini təmin etmək haqqında saziş imzaladılar. Həmin gün Batumidə həmçinin Azərbaycan və Gürcüstan nümayəndələri Osmanlı və Ermənistan nümayəndələri ilə birlikdə Cənubi Qafqaz dəmir yollarına aid vaqon-parovoz parkının bölüşdürülməsi haqqında saziş imzaladılar. Sazişə görə, tərəflər keçmiş Rusiya imperiyasının mülkiyyəti olan vaqon-parovoz parkını hər ölkənin ərazisindən keçən dəmir yolu xətlərinin uzunluğuna mütənasib şəkildə bölüşdürməli idilər.

1918-ci il iyunun 21-də Gürcüstan hökumətinin sədri N. Ramişvili keçmiş Zaqafqaziya hökumətinin əmlakının Azərbaycan və Gürcüstan arasında bölüşdürülməsini Azərbaycanın bu ölkədəki nümayəndəsi Məmməd Yusif Cəfərova təklif etdi. Gürcüstan tərəfi öz təklifini bununla əsaslandırdı ki, Ermənistan öz payını artıq götürmüşdür və sonradan Osmanlı dövlətinin nəzarəti altına keçmiş ərazilərdə yerləşdirmişdir. Azərbaycan tərəfi ümumi əmlakın bölüşdürülməsinə prinsipial razılıq verdi, avqustun 15-də isə təklif etdi ki, arbitraj yolu ilə, ilk növbədə, Qafqaz cəbhəsinin ləğvi nəticəsində qalmış daşınar əmlak və Cənubi Qafqazın mərkəzi dövlət idarə və təşkilatlarının daşınar əmlakı bölüşdürülsün.

1918-ci il sentyabrın 6-da Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələri maliyyə və pul-kredit əməliyyatları üçün birlikdə 280 milyon rubl məbləğində Zaqafqaziya bonu buraxılması haqqında saziş imzaladılar. Həmin il noyabrın 15-də Azərbaycanla Gürcüstan arasında, əlavə olaraq, daha 160 milyon rubl məbləğində Zaqafqaziya bonu buraxılması haqqında Tiflisdə müqavilə bağlandı. Müqaviləyə görə, Dövlət bankının Tiflis kontoru 10 gün ərzində hər respublika üçün 100 və 250 rublluq əsginaslarla 80 milyon rubl məbləğində bon buraxmalı idi.

1918-ci il dekabrın 26-da Bakıda Azərbaycanla Gürcüstan arasında mal mübadiləsi haqqında müqavilə imzalandı.

Azərbaycan tərəfindən Behbud xan Cavanşirin, Gürcüstan tərəfindən həmin ölkənin Azərbaycan Hökuməti yanındakı diplomatik nümayəndəsi Nikolay Kartsivadzenin imzaladıqları bu sənədə görə, tərəflər dəmir yolu ilə daşınan yüklər üçün 1 il müddətində azad tranzitə, yəni gömrük rüsumu alınmamasına razılıq verdilər. Azərbaycan tərəfi Gürcüstan əhalisinin və dəmir yollarının ehtiyaclarını ödəmək üçün il ərzində 1 milyon pud ağ neft, mazut və sürtkü yağı göndərməyi, Gürcüstan tərəfi isə Azərbaycan dəmir yollarının ehtiyacını ödəmək üçün zəruri materiallar və daş kömür göndərməyi öz öhdəsinə götürdü.

1919-cu il yanvarın 3-də Tiflisdə Azərbaycanla Gürcüstan arasında teleqraf rabitəsi, yanvarın 4-də isə poçt xidməti haqqında sazişlər və poçt bağlamalarının dəmir yolu ilə daşınması haqqında konvensiya bağlandı. Hər iki ölkənin poçtteleqraf idarəsi rəislərinin imzaladıqları bu sənədlər beynəlxalq teleqraf və poçt xidmətini nizama salmağa və inkişaf etdirməyə şərait yaratdı. Azərbaycanın və Gürcüstanın ən mühüm şəhərləri arasında daimi teleqraf rabitəsi yaradıldı, hər iki respublikanın vətəndaşlarına beynəlxalq teleqrafdan istifadə hüququ verilməsi, göndərilən teleqramların məzmununun gizli saxlanmasının təmin edilməsi haqqında razılaşma əldə olundu. Həmçinin, poçt ilə bağlama göndərilməsi, çap məhsulları daşınması üzrə tariflər müəyyənləşdirildi.

1919-cu il martın 8-də Azərbaycanla Gürcüstan arasında dəmir yolu rabitəsi haqqında saziş imzalandı. Azərbaycan yollar naziri Xudadat bəy Məlik-Aslanov və Gürcüstan yollar naziri vəzifəsini icra edən İsidor Malaniyanın imzaladıqları bu sənədə görə, 1918 mayın 26-nadək hər iki respublikanın ərazisində olmuş parovoz və vaqonlar, bu məsələ xüsusi arbitraj komissiyasında həll edilənə qədər, bütünlüklə həmin dövlətin ixtiyarında qalırdı. Sazişə əsasən, tərəflər arasında yük vaqonları mübadiləsi şərtləri, yükdaşıma tarifləri qaydaya, nizama salındı. Bakı ilə Tiflis arasında gündəlik birbaşa sərnişin qatarları hərəkət etməyə başladı.

1919-cu il iyunun 4-də Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan arasında əlavə Zaqafqaziya bonu buraxılması haqqında saziş imzalandı. Bu sazişə görə, Dövlət bankının Tiflis kontoru Azərbaycan Xalq Cümhuriyyəti üçün 180 milyon rubl məbləğində bon buraxmalı idi. Həmin gün Gürcüstanla Azərbaycan arasında imzalanmış başqa bir sazişə görə, Azərbaycan öz payına düşən 180 milyon rubl məbləğində Zaqafqaziya bonunun 60 milyon rublunu Gürcüstan hökumətinə verdi. Əvəzində Gürcüstan hökuməti öz ərazisində 15 milyon rubl məbləğində Azərbaycan və Bakı bonunun sərbəst dəyişdirilməsinə razılıq verdi.

1920-ci il fevralın 5-də Bakıda Azərbaycanla Gürcüstan arasında tranzit yüklər haqqında müqavilə imzalandı. Müqaviləyə görə, tərəflər hər iki ölkə arasında tranzit yüklərin dəmir yolu ilə 1 il müddətində azad, yəni heç bir gömrük rüsumu ödəmədən daşınmasını təmin etməyi öhdələrinə götürdülər. Azərbaycan Hökuməti bir il ərzində Gürcüstan əhalisinin və dəmir yolunun ehtiyacını ödəmək üçün ixrac ediləcək neft və neft məhsullarının 16 milyon puda qədər həcmindən gömrük rüsumu tutulmamasma icazə verdi. Gürcüstan hökuməti də Azərbaycandan aldığı neft və neft məhsullarını öz ərazisindən kənara göndərməməyi öhdəsinə götürdü, həmçinin Azərbaycan dəmir yolunun ehtiyacı üçün lazım olan texniki avadanlığın, daş kömür və meşə materialının gömrük rüsumu ödənmədən daşınmasına öz razılığını verdi. 1918–1920-ci illərdə Azərbaycanla Gürcüstan arasında imzalanmış bu sənədlər hər iki ölkə arasında əməkdaşlığı inkişaf etdirməyə və dərinləşdirməyə, dostluq və müttəfiqlik münasibətlərini möhkəmləndirməyə imkan verdi.