Azərbaycan İdman Jurnalistləri Assosiasiyası

Ölkəmizin idman mediası yaradıcı əməkdaşlarının milli birliyi missiyasını həyata keçirən Azərbaycan İdman Jurnalistləri Assosiasiyası — AİJA 1995-ci ildə yaradılıb.

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası
AİJA
Fəaliyyəti Jurnalistika
Yaranma tarixi 1995
Rəsmi dili Azərbaycan
Mərkəzi Mətbuat pr. 529
Yarandığı yer Bakı/Azərbaycan
Prezident Eldar İsmayılov
aija.az

AİJA idmanımızın və idman mediamızın beynəlxalq əlaqələrinin genişləndirilməsi, Avropaya və dünyaya inteqrasiya, müasir idmanın problemlərinin və ən aktual məsələlərinin ölkənin idman ictimaiyyətinə, idmansevərlərə və peşəkarlara çatdırılması, media əməkdaşlarının peşə ustalıqlarının artırılması istiqamətində məqsədyönlü fəaliyyətini yüksələn xətlə inkişaf etdirir. Bu gün idmanın və idman mediasının ən nüfuzlu dairələrində AİJA üzvləri və tərəfdaşları bu missiyanı şərəflə yerinə yetirməkdədir.

Ölkə idmanımız, olimpiya hərəkatımız kimi, idman mediamızın da beynəlxalq əlaqələri getdikcə genişlənir. Azərbaycan İdman Jurnalistləri Assosiasiyası ölkə daxilindəki uğurlu fəaliyyəti ilə yanaşı beynəlxalq əlaqələrini də möhkəm təməllər üzərində qura bilib. Yaranışından bir il sonra, 1996-cı ildə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasına — AIPS müraciət edərək dünya idman və media aləmində yüksək nüfuza malik bu təşkilata müvəqqəti üzv statusu alıb. 1997-ci ilin mayında isə AİJA dünya idman mediası yaradıcı birliyinin, yəni AIPS-in tam hüquqlu üzvü seçilib, Nizamnaməyə uyğun olaraq AIPS ətrafında birləşən milli assosiasiyalar eyni zamanda təşkilatın qitə bölmələrinə daxil olmalıdırlar. Azərbaycana Asiya seksiyasında yer ayırmışdılar. Təşkilatın rəhbəri Eldar İsmayılov hələ o vaxt, 13 il əvvəl İspaniyada gərgin danışıqlar apararaq AIPS rəhbərliyini ölkəmizin əsasən Avropa dəyərlərinə sadiqliyini və bu istiqamətdə inkişaf perspektivlərini sübut edə bildi. Beləliklə Azərbaycan İdman Jurnalistləri Assosiasiyası qurumun aparıcı qitə təşkilatında — Avropa İdman Mətbuatı İttifaqında (UEPS), hazırda AIPS EUROPE adlanan qurumda özünə layiq yer tuta bildi.

Prezident — Eldar İsmayılov

Baş katib — Rövşən Binnətli

1-ci vitse-prezident — Nərgiz Mahmudzadə

Vitse-prezident — Anar İsgəndərov (Şabanoğlu)

Vitse-prezident — Natiq Nəsirov

İcraiyyə Komitəsinin üzvü — Cavid Allahverdiyev

İcraiyyə Komitəsinin üzvü — Həsənağa Əliyev

İcraiyyə Komitəsinin üzvü — Rizvan Cəfərov

İcraiyyə Komitəsinin üzvü — Zahid Teymurov