Rövşən Binnətli (26 dekabr 1958, Mirəşəlli, Ağdam rayonu)– idman jurnalisti[1] və futbol şərhçisi. İdman TV-nin keçmiş direktoru (2023–2024),[2] Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının baş katibi.[3]
Rövşən Binnətli | |
---|---|
Rövşən Tahir oğlu Novruzov | |
Doğum tarixi | 26 dekabr 1958 (65 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
İxtisası | Jurnalistika |
Təhsili | |
Fəaliyyəti | jurnalist |
Fəaliyyət illəri | 1980-ci ildən |
Üzvlüyü |
|
2000-ci ildən 2012-ci ilədək "Lider" Televiziyasında şərhçilər qrupunun rəhbəri, televizyanın baş idman şərhçisi olub. 2012-ci ildən 2015-ci ilədək "Baku Post" qəzetində şöbə müdiri, ardınca qəzetin Azərbaycan dili bölməsinin redaktoru işləyib. 2015-ci ildən 2019-cu ilədək "CBC Sport" telekanalının informasiya xidmətinin şef redaktoru kimi çalışıb.[1][4]
Rövşən Tahir oğlu Novruzov 26 dekabr 1958-ci[5] ildə Ağdam rayonu Mirəşəlli kəndində anadan olub. 1976-cı ildə Ağdam şəhər 8 saylı orta məktəbi bitirib. 1977–1979-cu illərdə, Moskvada Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin "jurnalistika" fakültəsini bitirərək "jurnalist" ixtisasına yiyələnib.
Əmək fəaliyyətinə 1976-cı ildə Ağdam rayon 43 nömrəli Səyyar Mexanikləşdirilmiş Dəstədə fəhlə kimi başlayıb. Bir müddət Ağdam rayon İstehlak Cəmiyyətinin inşaat briqadasında fəhlə kimi çalışıb. 1981–1991-ci illərdə Ağdam rayon Gənclər Təşkilatında müxtəlif vəzifələrdə işləyib. 1992-ci il yanvar ayından avqust ayınadək Ağdamda dərc olunan "Ana torpaq" qəzetinin xüsusi müxbiri olub.
1993–2001-ci illərdə "Elzər" firmasında nəşriyyat-poliqrafiya və mətbuat-informasiya mərkəzinin direktoru işləyib. "Səhər", "AFFA-news", "Panorama", "İmpuls" qəzetlərində müxbir, "Futbol+", "Haqq yolu", "Bizim ƏSR" qəzetlərində şöbə redaktoru olub. 2001–2012-ci illərdə Lider TV-də idman şərhçisi, şərhçilər qrupunun rəhbəri və baş idman icmalçısı olub. UEFA Avro 2004, 2004 Yay Olimpiya Oyunları, 2006 FİFA Dünya Kuboku və 2006 Qış Olimpiya Oyunlarını Azərbaycan dilində tamaşaçıya çatdıran ilk şərhçidir. 2012–2015-ci illərdə "Baku Post" qəzetində şöbə müdiri və həmin qəzetin Azərbaycan bölməsinin redaktoru olub. 2015–2019-cu illərdə isə "CBC Sport" telekanalının informasiya xidmətinin şef-redaktoru kimi çalışıb.
Bakı Avrasiya Universitetində "Jurnalistika nəzəriyyəsi və təcrübəsi", "Ədəbi redaktə" və "RTV jurnalistikasının əsasları" fənnindən dərs deyib.
Azərbaycan İdman Jurnalistləri Assosiyasında mətbuat xidmətinin rəhbəri olub, hazırda isə ictimai əsaslarla qurumun baş katibidir.
2023-cü ilin yanvar ayında "İdman Azərbaycan" kanalının direktoru təyin olunub. 2024-cü ilin oktyabr ayında vəzifəsindən azad olunub.[1] Daha sonra ona Azərbaycan Dövlət Radiosunda redaktor vəzifəsi verilib.[6]
Ailəlidir, üç övladı, bir nəvəsi var.