Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

Azərbaycan Dövlət Akademik Musiqili TeatrıAzərbaycan Respublikasının ən böyük musiqili teatrlarından biri. Teatr tamaşaları əsasən musiqili komediya janrındadır. Böyük Vətən müharibəsi illərində teatrın işi yenidən qurulur və bu teatra Azərbaycan Dövlət Təbliğat Teatrı adı verilir.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
Teatrın Neftçilər prospektinə baxan əsas fasadı
Teatrın əsas tamaşa salonunun interyeri
Xəritə
40°22′07″ şm. e. 49°50′28″ ş. u.HGYO
Ölkə
Şəhər Bakı
Yerləşir Akademik Zərifə Əliyeva prospekti 8
Tikilmə tarixi 1934
Rəsmi sayt musiqiliteatr.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan milli musiqili komediya janrı 20-ci əsrin əvvəllərində yaranmışdır. Opera kimi bu janrın da yaradıcısı Üzeyir Hacıbəylidir. Onun 1909-cu ildə yazdığı "Ər və arvad" musiqili komediyasının ilk tamaşası 24 may 1910-cu ildə Bakıda Nikitin qardaşlarının sirk binasında olmuşdur: Məhz bu tamaşa ilə də Azərbaycan Musiqili Komediya Teatrının əsası qoyulmuşdur.

Sonrakı illərdə Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" (1911), "Arşın mal alan" (1913) musiqili komediyaları oynanıldı. İnqılaba qədərki dövrdə həmçinin Z.Hacıbəyovun "Əlli yaşında cavan", "Evliykən subay", M.Kazımovskinin "Molla Cəbi", "Vurhavur" musiqili komediyaları da tamaşaya qoyuldu. Bu komediyalarda məişətdə hökm sürən feodal-patriarxal münasibətlər, ictimai bərabərsizlik, qadın hüquqsuzluğu, rüşvətxorluq, cəhalət və s. ifşa olunur. Bu tamaşaların yaradılmasında H.Ərəblinski, M.Ə.Əliyev, Ə.Ağdamski, Ə.Hüseynzadə, H.Abbasov, A. və Y.Olenskayalar, R.Darablı, Ə.Anaplı və başqalarının mühüm rolu olmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra milli teatrın inkişafı üçün geniş imkanlar yarandı.

1938-ci ildə Soltan Dadaşov bəstəkar Zülfüqar Hacıbəyovun "Evliykən subay" operettasını yeni redaksiyada işlədi və onu tamaşaya qoydu. İlk tamaşa 1938-ci il 30 mayda "Rote Fane" (indiki Nizami adına park) mədəniyyət və istirahət parkinda göstərildi. Afişalarda və proqramın yuxarı hissəsində "Azərbaycan Dövlət Musiqili Komediya Teatrı" sözləri yazılmışdı.

1941-ci il iyun ayının 22-də Faşist Almaniyası SSRİ-yə hücum etdi. Hökumətin qərarı ilə teatrın fəaliyyət — iş prinsipi yenidən quruldu. Kollektivə "Aqitteatr" (Azərbaycan Dövlət Agitasiya Teatrı) funksiyası verildi.

29 avqust 1942-ci ildə təbliğat teatrının yenidən Azərbaycan Dövlət Musiqili komediya Teatrı adlandırılması barədə əmr verdi. Şəmsi Bədəlbəyli aprel ayının 27-də teatra direktor və bədii rəhbər təyin edildi. 1943-cü ilin avqust ayında teatra nasir-dramaturq, publisist, "Molla Nəsrəddin" jurnalının banisi Cəlil Məmmədquluzadənin adı verildi.[1]

1938-ci ilə qədər musiqili komediyalar Azərbaycan Dövlət Opera və Balet Teatrında oynanılırdı. 1938-ci ildə müstəqil musiqili komediya teatrı (Azərbaycan və rus bölmələri ilə) təşkil edildi və teatr 1938-ci ilin sentyabr ayından rəsmi olaraq Azərbaycan Dövlət Musiqili Komediya teatrı statusu almışdır. 1939-cu ildə ilk Azərbaycan Sovet musiqili komediyası Səid Rüstəmovun "Beş manatlıq gəlin",Üzeyir Hacıbəyovun "Ər və arvad", Zülfüqar Hacıbəyovun "Evliykən subay", sonralar isə A.Məşədibəyovun "Toy kimindir?",Soltan Hacıbəyovun "Qızıl gül", teatrın rus bölməsində isə F.Leqarın "Mavi mazurka",Üzeyir Hacıbəyovun "Arşın mal alan",İ.Kalmanın "Sirk kraliçası",B.Aleksandrovun "Malinovkada toy" və.s. musiqili komediyaları tamaşaya qoyulmuşdur.

1940-cı illərdə teatrın repertuarı F.Əmirovun "Ürəkçalanlar" (1944) və "Gözün aydın" (1946), Ü.Hacıbəyovun "Arşın mal alan" (1945), "Məşədi İbad" (1946), S.Rüstəmovun "Durna" (1947), S.Ələsgərovun "Ulduz" (1948) operettaları ilə zənginləşdi.

Bir müddət fasilədən sonra, 1956-cı ildə teatr yenidən fəaliyyətə başladı. 1956–1970-ci illərdə teatrda "Qızılaxtaranlar" (T.Quliyevin), "Ev bizim, sirr bizim" (Ş.Axundova), "Qaynana" (Z.Bağırov), "Hacı Qara" (V.Adıgözəlov, R.Mustafayev), "Hacı Kərimin Aya səyahəti" (A.Rzayev), "Səndən mənə yar olmaz" (Ə.Abbasov), "Altı qızın biri Pəri" (T.Bakıxanov, H.Məmmədov), "Bir dəqiqə" (H.Məmmədov).

Rus bölməsində isə "Sevastopol valsı" (K.Cistov), "Yüz şeytan və bir qız" (T.Xrennikov), "Silva" (İ.Kalman), "Kuba, məhəbbətim mənim" (R.Hacıyev) və s. tamaşaya qoyulmuşdur. Repertuarda gürcü müəlliflərinə də geniş yer verilmişdir. "Keto və Kote" (V.Dolidze), "Tbilisi haqqında mahnı" (Ş.Milorava) və s. 70-ci illərdə teatrın səhnəsində "Nazxanım naz eləyir" (H.Əliverdibəyov), "Hicran" (E.Sabitoğlu), "Həmişəxanım" (S.Ələsgərov), "Təzə gəlin" (C.Cahangirov), rus bölməsində isə "Sabahın xeyir, Ella" (T.Quliyev), "Qafqazlı qardaşqızı" (R.Hacıyev), "Bütün ərlər yaxşıdır" (H.Xanməmmədov), "Nevada detektiv" (K.Rıckov) və s. tamaşaya qoyulmuşdur. Müxtəlif illərdə teatrda rejissorlardan A.M.Şərifzadə, H.Əliyev, H.İsmayılov, S.Dadaşov, Ş.Bədəlbəyli, Əliheydər Ələkbərov və başqaları, aktyorlardan Bülbül, H.Hacıbabəyov, A.Terequlova, Ə.Qəmərlinski, E.Axundova, D.Şaraplı, C.Talışinskaya, H.Mironova, A.Cavadov, Ə.Anatollu, Ə.Qafarlı, K.Kərimov, M.Kələntərli, L.Abdullayev, İ.Hüseynov, B.Səfəroğlu, Alleqrov, dirijorlardan C.Hacıbəyov, S.Ələsgərov, K.Abbasov, rəssamlardan Ə.Abbasov, H.Mustafayev, F.Qusak və başqaları işləmişlər. Bundan sonra teatr daha geniş fəaliyyət göstərmək imkanı qazanır və bir-birinin dalınca yeni-yeni tamaşalar hazırlayır: "Beş manatlıq gəlin", "Toy kimindir?", "Qızıl gül", "Tələbələrin kələyi", "O olmasın, bu olsun", "Arşın mal alan", "Aşıq Qərib", "Gözün aydın", "Məhəbbət gülü", daha sonra "Ulduz", "Olmadı elə, oldu belə", "Qaynana", "Milyonçunun dilənçi oğlu", "Ləpələr", "Keto və Kote", "Hicran", "Nazxanım naz eləyir", "Durna", "Qızıl axtaranlar", "Nənəmin şahlıq quşu", "Axırı yaxşı olar", "Dağlar qoynunda" və onlarla başqa tamaşaları qeyd etmək olar.

Tetatr bu illərdə Ü.Hacıbəyov, S.Hacıbəyov, R.Hacıyev, Z.Hacıbəyov, F.Əmirov, S.Ələsgərov, A.Məlikov, E.Sabitoğlu, S.Rüstəmov, T.Quliyev, V.Adıgözəlov, K.Mirişli, C.Cahangirov, Ə.Abbasov, R.Mustafayev və s. kimi görkəmli bəstəkarlar M.Əlizadə, M.Mərdanov, H.Muxtarov, S.Rəhman, Ş.Qurbanov, M.Şamxalov, Ə.Kürçaylı, S.Rüstəm, R.Zəka, A.İsgəndərov, R.Əhmədzadə kimi görkəmli libretto müəllifləri ilə sıx əməkdaşlıq etmişdir.

Bu illərdə tetarda bir çox görkəmli sənətkarlar fəaliyyət göstərmişdir. M.Vəlixanlı, A.Cavadov, Ə.Səfayi, Ə.Şirvanski, L.Abdullayev, S.Ağabəyov, M.Kələntərli, Ə.Qafarlı, N.Zeynalova, B.Səfəroğlu, H.Bağırov, S.Aslan,M.Əhmədov, və b.adlarını çəkmək olar. Aktyor truppası ilə yanaşı böyük sənətkarlar – H.İsmayılov, N.Şərifov, Ş.Bədəlbəyli kimi rejissorlar, S.Ələsgərov, S.Hacıbəyov, K.Abbasov, T.Qəniyev kimi dirijorlar və digər yaradıcı şəxslər Musiqili Komediya Teatrının və bütövlükdə Azərbaycan milli teatrının və milli mədəniyyətin inkişafı istiqamətində misilsiz xidmətlər göstərərək teatrı yaşatmış və inkişaf etdirmişlər.

1988–1998-ci illərdə teatrın binasının olmaması və Respublikada baş verən ictimai-siyasi hadisələr, həmçinin Qarabağ hadisələri teatr kollektivinin yaradıcılığına bir qədər təsir etsə də, şəxsən teatr özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Yaradıcı kollektiv bərpa olundu, maraqlı və zəngin repertuar formalaşdı. Ulu öndər Heydər Əliyevin sayəsində teatrın müasir tələblərə cavab verən yeni binası özünə qaytarıldı. Bu tearın inkişafına böyük təkan verdi. Kollektiv bir-birinin ardınca yeni-yeni tamaşalar hazırlayaraq repertuarını zənginləşdirməyə başladı. "O olmasın bu olsun", "Nəğməli Könül", "Səhnədə Məhəbbət", "Hələlik", "Hərənin öz ulduzu", "On min dollarlıq keyf", "Dəli Dünya", "Bir saatlıq xəlifəlik", "Bankir adaxlı", "Məhəbbət oyunu", "Əlin cibində olsun", "Məsmə xala dayımdır", "Talelər qovuşanda", "Volqalı canan", rus bölməsində "Maritsa", "Silva", "Şən dul qadın", "Nümunəvi Siqan", "Çılğın Qaskonyalı" və s. Yaradıcı kollektiv bu illərdə yeni tamaşalar hazırlamaqla yanaşı cəbhə bölgələrində, hərbi hissələrdə, hospitallarda, əlil uşaqlar və qocalar evlərində görüşlər keçirib, bir çox xeyriyyə konsertlərində rəsmi və ictimai tədbirlərdə yüksək profesionallıqla çıxışlar edibdir.

18 aprel 2013-cü il tarixdə Azərbaycan Dövlət Musiqili Teatrının əsaslı bərpa və yenidənqurma işlərindən sonra rəsmi açılışı olub.[2]

5 mart 2019-cu ildə Azərbaycan Dövlət Musiqili Teatrına "akademik" statusu verilməsi barədə sərəncam imzalanmışdır.[3]

  1. "Azərbaycan Dövlət Musiqili Komediya Teatri". 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-24.
  2. "Azərbaycan Dövlət Musiqili Teatrı yeni görkəmdə…". 2021-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-24.
  3. President.Az. "Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusu verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 05.03.2019. 2021-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-11.