Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı — XX əsrin 20-ci illərində yaranmış Azərbaycan teatrı.
Gənc Tamaşaçılar Teatrı | |
---|---|
Azərbaycan Milli Dövlət Gənc Tamaşaçılar Teatrı | |
Ümumi məlumatlar | |
Əsası qoyulub | 20 sentyabr 1928 |
Mükafatları | |
Heyət | |
Direktor | Naidə İsmayılzadə |
Yerləşməsi | |
40°22′26″ şm. e. 49°50′42″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Bakı, Azərbaycan |
Ünvan | Nizami küçəsi, 72 |
|
|
www.gtt.az | |
Vikianbarda əlaqəli mediafayllar |
GTT özfəaliyyət uşaq dram dərnəklərinin əsasında yaranmışdır. Xəzər dənizçiliyi klubunun nəzdindəki 40 saylı pioner dəstəsinin dərnəyinin fəaliyyətini genişləndimək məqsədilə şəhər komsomol komitəsi yanında uşaqlardan ibarət dram dərnəyi təşkil olundu. 14 yaşlı Ağadadaş Qurbanov dərnəyə rejissor təyin olundu.
1927-ci il mart ayının 15-də Bakıda Lətif Kərimlinin "Fırtına" tamaşası 14 yaşlı Ağadadaş Qurbanovun quruluşunda göstərildi. Bu tamaşa 1927-ci il mayın 31-də Əli Bayramov adına qadınlar klubunda keçirilən Azərbaycan LKGİ-nin VIII qurultayı nümayəndələrinə göstərildi. Nümayəndələr Bakıda Uşaq teatrı yaratmaq haqqında Azərbaycan Xalq Maarif Komissarlığı qarşısında məsələ qaldırdı. 1928-ci il oktyabrın 5-də Azərbaycan XMK-nın qərarı ilə Bakı Uşaq Teatrı rəsmi fəaliyyətə başladı. 1928-ci il noyabr ayının 6-da N. Smirnov və S. Şerbakovun "Beş nəfər" adlı tamaşası ilə rus bölməsi, 1930-cu il yanvar ayının 30-da N. İvanterin "Qırmızı qalstuk əleyhinə" tamaşası ilə Azərbaycan bölməsi fəaliyyətə başladı. Ilk milli uşaq dramaturgiyası – A. Şaiqin "Xasay", "Eloğlu", "Fitnə", Mirmehdi Seyidzadənin "Qızılquş", "Nərgiz", Əyyub Abbasovun "Azad", "Məlikməmməd" tamaşaları ilə yaranmışdır.
Susanna Məcidova, Süleyman Ələsgərov, Hüseynağa Sadıqov, Zəfər Nemətov, Məhərrəm Haşımov, Əliməmməd Atayev və b. aktyor və rejissor kimi ilk qaranquşlar idilər.
1936-cı il iyul ayının 18-dən etibarən Bakı Uşaq teatrı Azərbaycan Xalq Maarif Komissarlığının əmrinə əsasən "Azərbaycan Dovlət Gənc Tamaşaçılar Teatrı" adlandırıldı və ona Maksim Qorkinin adı verildi. 1936-cı ildə Moskvada rejissorluq fakültəsini başa vuran, Məhərrəm Haşımov teatrın baş rejissoru təyin olundu. Məhərrəm Haşımov teatrın hər iki bölməsində V. Lyubimovanın "Seryoja Streltsov" əsərini müvəffəqiyyətlə tamaşaya hazırladı.
1937-ci ildə görkəmli uşaq yazıçısı Abdulla Şaiq teatrın ədəbi hissə müdiri təyin olundu. İlk milli uşaq dramaturgiyası əsasında yaranan Abdulla Şaiqin "Xasay", "Eloğlu", "Fitnə", Mirmehdi Seyidzadənin "Qızılquş", "Nərgiz", Əyyub Abbasovun "Azad", "Məlikməmməd" tamaşaları teatrın yaradıcılıq nailiyyəti idi. 1940-cı ilin noyabr ayında teatr Moskvada keçirilən Sovet Uşaq Teatrlarının 1 Ümumittifaq baxışında iştirak edərək, rusiya teatr ictimaiyyəti və digər iştirakçı ölkə nümayəndələri tərəfindən böyük hərarətlə qarşılandı. Kollektiv bu nüfuzlu tədbirdə Sabit Rəhman və Adil İskəndərovun "Partizan Məmməd", Əliməmməd Atayev və Əhməd Əhmədovun "Seyran" pyesləri əsasında hazırlanmış tamaşalarını təqdim etdi.
II dünya müharibəsindən sonrakı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında ən yaxşı tamaşalardan sayılan "Fitnə", "Qaraca qız", "Skapenin kələyi", "Polad necə bərkidi", "Hacı Qənbər", "Sevinc" öz profesionallığı ilə seçilirdi.
Teatr 1952-ci ili yeni binada qarşıladı. Teatrın 50-ci illərdəki fəaliyyəti xüsusilə, Yusif Əzimzadənin "Anacan", "Aprel səhəri", Rauf İsmayılovun "İki həyat", Məmmədhüseyn Təhmasibin "Çiçəkli dağ", Ə. Abbasovun "Aqil və Sərvinaz", rus bölməsində isə "Pavlik Morozov", "Sombrero", "Valya Kotik", "Polad üzük" kimi tamaşaların səhnə taleyi uğurlu olmuşdur. 1954-cü il fevralın 28-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 25 illik yubileyi təntənəli surətdə qeyd olundu. Yubiley günlərində Azərbaycanda Uşaq və Gənclər teatrının yaranması və inkişafındakı xidmətlərinə görə Məhərrəm Haşımov, Əliağa Ağayev və Ağadadaş Qurbanov respublikanın xalq artisti, dramaturq Ə. Abbasov, rejissor Zəfər Nemətov, rəssam Nikolay Ovçinnikov Azərbaycan SSR Əməkdar incəsənət xadimi, rejissor Kamal Həsənov, artistlərdən Məmmədağa Dadaşov, Yusif Dadaşov, Süleyman Ələsgərov, Cəvahir İskəndərova, Aleksey Lejnyov, A. Lızina Respulikanın Əməkdar Artisti fəxri adı ilə təltif olundu. Yubileydən sonra teatr özünün 26-cı mövsümünü 1954-cü il sentyabrın 10-da Cəfər Cabbarlının "Yaşar" pyesinin tamaşası ilə açdı.
1955-ci ilin oktyabrında teatr ilk dəfə olaraq, Uilyam Şekspirin yaradıcılığına müraciət edərək, böyük dramaturqun "İki veronalı" pyesini tamaşaya hazırlamışdır. Hər bir teatra yeni aktyor nəslinin gəlişi yaradıcılıq prosesinin, teatrda yeni ab-havanın yaranmasına təkan verir. Məhz 50-ci illərdə yeni aktyor nəslinin nümayəndələri Firəngiz Şərifovanın, Osman Hacıbəyovun, Rəhilə Məlikovanın, İrina Vasilyevanın, Georqiy Sıqankovun, Tamara Razumovskayanın və başqalarının teatra gəlişi ilə kollektivdə bir canlanma yarandı.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının 60-cı illərdəki fəaliyyəti xüsusilə səmərəli olmuş, öz inkişafı prosesində ən məhsuldar dövr kimi qiymətləndirilmişdir. Teatrın baş rejissoru həssas pedaqoq, mahir təşkilatçı Zəfər Nemətovun bu sahədəki işi xüsusilə fərqlənmişdir. Onun baş rejissor olduğu çoxillik fəaliyyəti dövründə teatrda yeni dramaturq, aktyor, rejissor nəsli yetirmişdir. Məhz o illərdə teatr ideya-bədii istiqamətində və pedaqoji sahədə yüksək səviyyəyə qalxa bilmişdir. Xüsusilə, ailə və məktəb əlaqələrinin vəhdəti üçün əsaslı zəmin yaradılmışdır. Dramaturqlardan Rauf İsmayılovun, İskəndər Coşğunun, Əfqan Əsgərovun, Hüseyn Nəcəfovun, Qeybulla Rəsulovun "İki həyat", "Komsomol poeması", "O mənim oğlumdur", "Valya Kotik", "Əlvida, Hindistan" əsərləri bilavasitə Zəfər Nemətovun rəhbərliyi, istedad və bacarığı sayəsində sənət nümunəsinə çevrilmişdir.
Əminə Yusifqızı, Solmaz Qurbanova, Firdovsi Naibov, Zərnişan Fətəliyeva, Sona Babayeva, Həsən Əbluc, Viktor Semerenko, İvetta Ryabova, Arnold Xarçenko, Nelli Məmmədova, Tatyana Xaritonova və başqaları məhz Zəfər Nemətovun rejissor pedaqoq kimi yetişdirdiyi istedadlı aktyorlar olaraq bir çox sənət uğurlarına imza atmışlar. 1967-ci ildə ilk dəfə təsis olunmuş Respublika Lenin komsomolu mükafatı laureatı adına "Komsomol poeması" tamaşasının bir qrup yaracıdıcı heyəti — quruluşçu rejissor Zəfər Nemətov, rəssam Altay Səidov, aktyorlardan Yusif Vəliyev, Hüseynağa Sadıxov, Süleyman Ələsgərov, Osman Hacıbəyov, bəstəkar Fikrət Əmirov və dramaturq İskəndər Coşğun layiq görüldü. Yarım əsrlik fəaliyyəti dövründə Gənc Tamaşaçılar teatrının səhnəsində Azərbaycan, rus və dünya klassiklərinin inciləri özünə layiqli yer tutmuşdu. Mirzə Fətəli Axundovun "Xırs quldurbasan", Əbdülrəhim Bəy Haqverdiyevin "Bəxtsiz cavan", Cəfər Cabbarlının "Yaşar", Nikolay Qoqolun "Müfəttiş", Viktor Hüqonun "Qavroş" və başqa pyesləri bütün illərdə teatrın repertuarını zənqinləşdirmişdir.
Yarandığı ilk illərdə müasirliyə meyil edən, vacib həyatı məsələlərə, cəmiyyətin ağrılı sahələrini qabarıq verən, həmişə bu ənənələri yaşadan yeni yaradıcı nəsl yetişmişdir. Öz isti nəfəsini, ağıl və düşüncəsini, məhəbbətini teatrın inkişafına sərf edən yeni gələn hər nəsil ona yeni təravət gətirmişdir. Estafeti qəbul edən istedadlı aktyorlardan Tariyel Qasımov, Gülşən Qurbanova, Yasin Qarayev, Almaz Mustafayeva, Sona Babayeva, Azər Mirzəyev. Mübariz Əlixanoğlu, Ədalət Məmmədov, Rauf Qəniyev, Konstantin Artyomov, Zoya Xarçenko, rejissorlardan Azər Nemətov, Müharib Tağıyev, Həsən Əbluc, rəssamlardan Tair Tairov, Elçin Məmmədov kimi istedadlı şəxsiyyətlərin teatrın ümumi yaradıcılıq uğurlarında layiqli yeri vardır.
Yarım əsrlik bir dövrdə öz tamaşaçılarına nümunəvi xidmət göstərən, gənc nəslin estetik tərbiyəsində və vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynayan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı səmərəli fəaliyyətinə görə 1979-cu ildə yüksək mükafata — "Şərəf" nişanı Ordeninə, 1978-ci ildə Respublika Lenin Komsomolu Mükafatı Laureatı adına layiq görülmüşdür.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 1989-cu ildə öz tamaşaçılarını indiki- yeni binada qarşıladı. Teatr həmişə olduğu kimi öz ənənəsinə sadiq qalaraq, hər yeni teatr mövsümündə daha maraqlı tamaşalarla geniş tamaşaçı auditoriyasını əhata etdi.
Teatr 1989-cu ilin dekabrında Kamal Aslanovun "Yuxulama" tamaşası ilə Moskvada keçirilən beynəlxalq teatr festivalında, 1993-cü ildə isə Daşkənd şəhərində keçirilən "Şərq-Qərb" Teatr festivalında uğurla çıxış etdi.
Daha sonrakı illərdə teatr yazıçı-dramaturq Elçinin "Mahmud və Məryəm" romanı əsasında hazırlanan tamaşa ilə 2002-ci ildə Tatarstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən turkdilli xalqların VII Beynəlxalq Novruz Festivalında, 2004-cü ildə "Ana qaz" tamaşası ilə Moskvada keçirilən Televiziya-Teatr Beynəlxalq Festivallında, İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsəri əsasında hazırlanmış tamaşa ilə Kuznetskdə keçirilən Beynəlxalq Teatr Festivalında, dahi Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası ilə 2006-cı ilin dekabr ayında Moskva Vilayətinin Podolsk şəhərində keçirilən II Beynəlxalq Teatr Festivalının Qala-konsertində, 2007-ci ilin aprel ayında Türkiyə Cumhuriyyətinin Alanya şəhərində ənənəvi olaraq keçirilən 23 nisan Uşaq Bayramında N. Gəncəvinin "Xeyir və Şər", R. Rzanın "Ana Qaz" və İ. Coşqunun "Çal oyna" tamaşaları ilə, 2008-ci ilin aprel ayında ikinci dəfə Türkiyə Cumhuriyyətinin Ankara və İqdır şəhərlərində 23 nisan Uşaq bayramı şənliklərində Ə. Orucoğlunun "Nənənin kələyi", mart ayının 27-dən aprelin 4-dək Belorusun paytaxtı Minsk şəhərində R. Rzanın "Ana qaz" və S. Marşakın "Pişiyin evi", may ayında isə Moskva vilayətinin Dmitrov, Taldom və Dubna şəhərlərində İ. Əfəndiyevin "Məhv olmuş gündəliklər" və S. Marşakın "Pişiyin evi" tamaşaları ilə uğurla çıxış etmişdir.
2008-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 80 yaşı tamam olmuşdur. Bu illər ərzində teatr uşaqlara və yeniyetmələrə səmərəli xidmət göstərmiş, gənc nəslin mənəvi — əxlaqi, xeyirxahlıq və vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rol oynamışdır.
Teatr 2009-cu il may ayının 26-dan iyunun 6-dək Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən Türkdilli ölkələrin ənənəvi 9-cu Beynəlxalq Teatr festivalında Ə. B. Haqverdiyevin "Pəri Cadu" tamaşası ilə respublikamızı uğurla təmsil etmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2009-cu il 41 nömrəli qərarına əsasən Azərbaycan Dövlət Gənclər Teatrı və 30 sentyabr 2009-cu il tarixli qərarına əsasən Bakı Kamera Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirilmişdir. Elə həmin ilin aprel ayında əsaslı təmir və yenidənqurma işlərindən sonra teatr yeni texnika və müasir dizaynla təmin edilmiş binada fəaliyyətini davam etdirmişdir.
Kollektiv 2010-cu il 4–11 iyun tarixlərində Krım Muxtar Respublikasının paytaxtı Sinferopol şəhərində keçirilən XII Beynəlxalq Antik İmcəsənət Festivalda G. Fiqeyredonun "Ezop" tamaşası ilə çıxış edərək, festivalın ən yaxşı Antik tamaşa mükafatına layiq görülmüşdür.
2011-ci il 4–8 fevral tarixlərində İran İslam Respublikasının Qurqan şəhərində keçirilmiş 32-ci Beynəlxalq "Fəcr" teatr festivalında müvəffəqiyyətlə çıxış edən kollektiv "Otello" tamaşası ilə çıxış edərək, uğurlu nailiyyətlərlə vətənə dönmüşdür. 2011-ci ilin may ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Uşaq və Gənclər Teatrları Beynəlxalq ASSİTEJ-ə üzv seçilməsi teatr sahəsində yaradıcılıq mübadiləsi və dünya teatr məkanına inteqrasiya baxımından olduqca əhəmiyyətli hadisə olmuşdur. Bir müddət sonra isə həmin beynəlxalq qurumun Azərbaycanda milli mərkəzi yaradılmışdır. 2011-ci ilin noyabr ayında Bakıda Beynəlxalq Kukla Teatrları Festivalı keçirilən ərəfədə ASSİTEJ-in prezidenti İvetta Hardinin iştirakı ilə Milli Mərkəzin ilk toplantısını keçirilmişdir. 2012-ci ilin fevral ayında Beynəlxalq ASSİTEJ-in növbəti toplantısının da Bakıda keçirilmiş, ASSİTEJ-ə üzv olan 22 dövlətin teatr mütəxəssisləri Gənc Tamaşaçılar Teatrının fəaliyyəti ilə yaxından tanış olmuşlar. 2012-ci ilin noyabr ayında ASSİTEJ — Azərbaycan Milli Mərkəzi və Gənc Tamaşaçılar Teatrı olaraq II Bakı Beynəlxalq teatr konfransının işində yaxından iştirak edərək, gələn il üçün bir neçə beynəlxalq layihələrin reallaşması istiqamətində müqavilələr imzalanmışdır.
84-cü mövsümə uğurla start verən teatrın yaradıcı kollektivi 2011-ci ilin 10–20 noyabr tarixlərində Sankt-Peterburqda keçirilən II Beynəlxalq "ArtOkraina" mono və kiçik həcmli tamaşaların festivalında P. Züskindin "Kontrabas" monotamaşası ilə uğurla çıxış edib.
Kollektiv Əl-Füceyra Əmirliyində (BƏƏ) keçirilən V Monodram Beynəlxalq Teatr Festivalında iştirak edərək, Avstriya dramaturqu və publisisti Peter Turrininin "Axır ki…" adlı monotamaşası ilə ölkəmizi layiqincə təmsil etmişdir. 2012-ci ilin ilin yanvar ayının 28-dən, fevral ayının 2-dək teatrın başqa bir heyəti İran İslam Respublikasında ənənəvi olaraq keçirilən 33-cü "Fəcr" Beynəlxalq Teatr Festivalında çıxış etmək üçün İran İslam Respublikasına səfər etmişdir. Festivalda yaradıcı heyət görkəmli İtalyan aktyoru və dramaturqu Peppino De Filipponun "Don Rafael trombonçu" tamaşası ilə çıxış etmişdir.
85-ci teatr mövsümünün ilk ayı – sentyabr ayının 6-dan – 11-dək kollektiv Belarus Respublikasının Brest şəhərində ənənəvi olaraq keçirilən XVII Beynəlxalq "Belaya Veja" adlı teatr festivalında yenə də "Don Rafaello tranbomçu" tamaşası ilə uğurla çıxış etmişdir.
Yeni təmirli və hər növ avadanlıqlarla təmin olunmuş teatrda repertuar siyasətinə ciddi önəm verilərək qısa zaman kəsiyində bir sıra müasir dramaturgiyamızın ən maraqlı nümunələri ilə yanaşı dünya və Azərbaycan klassiklərinin əsərlərinə müraciət edilib. Bu illər ərzində teatrda "Şeyx Sənan" (H. Cavid), "Aydın" (C. Cabbarlı), "Məkkəyə gedən yol" (C. Məmədquluzadə), "Albalı bağı" (A. P. Çexov), "Otello" (U. Şekspir), "Ezop" (G. Fiqeyredo), "Hekayəti xırs quldurbasan" (M. F. Axundov), "Viktoriya" (K. Hamsun), "İfritin kələyi" (Y. Şvarts), "Ələddinin sehrli çırağı" (Ərəb xalq nağılı), "Axırıncı qatar və yaxud itlər" (İ. Fəhmi, O. Kazımi), "Şelkunçik" E. T. A. Hofman), "Yatmış gözəl" (B. Marvin), "Oliver Tvistin macəraları" (Ç. Dikens), "Mənim ağ göyərçinim" (T. Vəliyeva), "Göyçək Fatma" (Azərbaycan Xalq nağılı), "Əcəl atı" (V. Əlixanlı), "Mən səni sevirəm – MSS" Ə. Əmirli, "Məhv olmuş gündəliklər" (İ. Əfəndiyev), "Romeo və Cülyetta" (U. Şekspir), "Buzovna kəndinin əhvalatları" (Elçin), "Şahzadə Xəzərin nağılı" (K. Ağabalayev), "Pələng ili" (Firuz Mustafa), "Əlincə qalası" (Dilsuz), "Qarac qız" (S. S. Axundov A. Şaiq), "Dörd əkizin nağılı" (P. Pançev), "Mən gəldim, qızlar" ("Müharibə" L. Nuren), "Buratinonun macəraları" (A. Tolstoy), "Balaca və damda yaşayan Karlson" (A. Lindqren), "İtalyansayağı xoşbəxtlik" (D. Fo, P. Filippo), "Danışan gəlincik" (A. Şaiq), "Hasarın o üzü" (Ə. Əmirli) kimi əsərlər böyük müvəffəqiyyətlə səhnələşdirib. Gənc nəslin mənəvi cəhətdən kamilləşməsində, onların dünyagörüşlərinin formalaşmasında və Vətənə məhəbbət ruhunda tərbiyə olunmasında əvəzsiz xidmətləri olan teatr bu istiqamətdə bir sıra əhəmiyyətli layihələrə imza atıb. Belə ki, ölkənin qabaqcıl təhsil müəssisələri ilə "Teatr, təhsil və mənəviyyatımız", "Biz teatrı sevirik", " İlk tələbə bileti, teatrla ilk tanışlığın sevinci", Azərbaycanın dahi şəxsiyyətlərini daim diqqətdə saxlayan "Zirvədəki şəxsiyyətlər", Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş "Şəhidlər ölməz, Vətən bölünməz" layihələrini həyata keçirmişdir. Bundan başqa, "Azərbaycan Teatrı 2009–2019 illərdə" Dövlət Proqramı, Heydər Əliyevin 90 illik yubileyi, Azərbaycan Milli Dünyəvi Peşəkar Teatrının 140 və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 85 illik yubileyləri çərçivəsində uşaq və gənclərdə qədim və zəngin tarixə malik Azərbaycan teatrı, onun inkişafı, Beynəlxalq əlaqələri, Dövlətimizin Azərbaycan teatrına və onun sənət adamlarına göstərdiyi diqqət və qayğısı, eləcə də, görkəmli sənət adamları haqqında məlumatları genişləndirmək məqsədləri ilə "Mən teatr haqqında danışmaq istəyirəm" layihəsi keçirilmişdir. Səbail rayon orta ümumthəsil məktəblərini əhatə edən layihə çox böyük maraqla qarşılanmışdır.
Ölkə başçısınını müvafiq sərəncamı ilə 2012-ci il Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli dramaturq və mütəfəkkir M. F. Axundzadənin 200 illik yubileyi qeyd olunmuşdur. Eyni zamanda 2012-ci il TÜRKSOY çərçivəsində "Mirzə Fətəli Axundzadə İli" elan olunmuşdur. Hazırda teatrda böyük dramaturqun dörd tamaşası oynanılır. Bunlar "Hekayəti-xırs quldurbasan", "Lənkəran xanının vəziri", "Hacı Qara", "Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşalarıdır. Paytaxtda keçirilən festival çərçivəsində teatrda M. F. Axundzadə tamaşalarından ibarət həftəlik çıxışlar keçirilmişdir.
Teatr müxtəlif vaxtlarda Moskva, Volqoqrad, Tümen, Krasnodar, Selinoqrad, Tbilisi, İrəvan, Daşkənd, Aşxabad, Kazan və başqa şəhərlərdə beynəlxalq teatr festivallarında və qastrol səfərlərində uğurla çıxış etmişdir.
Heç şübhəsiz ki, uşaq və yeniyetmələrin , eləcə də gənc nəslin mənəvi-estetik zövqünün formalaşmasında, onların vətənpərvərlik ruhunda tərbiyə edilib böyüməsində bu mövzularda hazırladığımız tamaşaların müstəsna rolu vardır. Bu gün teatrımızın repertuarı kiçik yaşlı uşaqlar, gənc və yeniyetmələr, böyüklər üçün maraqlı tamaşalarla zəngindir. Bir sözlə, 7-dən 77-yə qədər bütün yaş qrupunu əhatə edən tamaşaçıları teatrımızda hər zaman görməyə məmnunuq. Hazırladığımız tamaşalar arasında bu gün ümumtəhsil məktəblərində tədris olunan bir çox klassik dramaturqların məşhur əsərləri də vardır. Çox arzu edərdik ki, teatrla məktəblərimiz arasındakı əlaqələr daha da genişlənsin, daha da sıx olsun. Çünki, Gənc Tamaşaçılar Teatrı eyni zamanda məktəb təmayüllüdür. Teatrda yeniyetmə və gənclərlə iş üzrə xüsusi pedaqoqlar çalışır.
Bu illər ərzində dünya teatrları ilə qarşılıqlı yaradıcılıq əlaqələri uğurla davam etdirilmişdir. Belə ki, 2012-ci ilin noyabr ayında Rusiya Federasiyasının Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı, 2013-cü ilin mart ayında Kalmıkiya Respublikasının B. Basanqov adına Milli Dram Teatrı Bakıda qastrol səfərində olmuşlar. Teatr rəhbərlikləri arasında bağlanılmış qarşılıqlı qastrol səfəri haqqındakı müqaviləyə əsasən 2013-cü il sentyabr ayının 29-dan oktyabr ayının 7-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiya Federasiyasının Həştərxan Dövlət Gənc Tamaşaçılar və Kalmıkiya Respublikasının B. Basanqov adına Milli Dram Teatrlarında qastrol səfərində olmuş və R. Rzanin "Ana qaz", L. Nurenin "Müharibə", P. Züskindin "Kontrabas" tamaşaları ilə çıxış etmişdir. Teatrın kollektivi 2013-cü ilin mart ayının 26-dan – 4 aprel tarixlərinədək ASSITEJ-in Şri-Lanka Mərkəzinin təşkilatçılığı ilə Kolombo Beynəlxalq Monotamaşalar Festivalında iştirak edərək P. Züskindin "Kontrabas" tamaşasını nümayiş etdirmişdir. Festival çərçivəsində Şri-Lankanın Battikaloa şəhərində yerləşən Şərq Universitetdə keçirilmiş beynəlxalq konfransda teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov "Azərbaycan Milli Dünyəvi Peşəkar Teatrı – 140" və "Azərbaycan Teatrının dünya teatrları ilə beynəlxalq əlaqələri və dünya teatr məkanına inteqrasiya" mövzularında çıxış etmişdir. Həmin ilin may ayının 12-dən – 19-dək kollektiv yenidən "Kontrabas" tamaşası ilə Türkiyə Cümhuriyyətinin Dənizli şəhərində keçirilmiş Beynəlxalq Teatr Festivalında iştirak etmişdir. Hər iki festivalda tamaşa böyük maraqla qarşılanaraq mükafatlara layiq görülmüşdür. 2013-cü ilin noyabr ayında Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı yenidən Azərbaycanda qastrol səfərində olmuş, 2014-cü ilin may ayında Kalmıkiya Milli Dram Teatrının Azərbaycanda qastrol səfərlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. 2014-cü ilin aprel ayında isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Kalmıkiya Milli Dram Teatrına qastrol səfəri barədə razılıq əldə olunmuşdur. Aprel ayının ilk günlərinə təsadüf edəcək qastrol çərçivəsində kollektiv M. F. Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah", Y. Şvartsın "Qırmızı papaq" və R. Ağayevin "Bir gecənin nağılı" tamaşalarını nümayiş etdirəcəkdir. 2013-cü ilin dekabr ayında teatrın kiçik səhnəsinin açılış mərasimi keçirilmişdir. Mono və kiçik həcmli tamaşalar üçün nəzərdə tutulmuş səhnədə S. Bekketin "Sözsüz", M. Vahidzadənin "Bir səbət tənhalıq", R. Ağayevin "Bir gecənin nağılı" tamaşalarının premyeraları nümayiş etdirilmişdir.
Hazırda teatrda ciddi yaradıcılıq işləri gedir. Yeni tamaşaların hazırlanması ilə yanaşı, bir neçə ölkədə keçiriləcək festivallarda iştirak etmək üçün həmin festivalların rəhbərləri ilə danışıqlar aparılır.
Teatrda müasir dramaturgiyamızın ən maraqlı nümunələri ilə yanaşı dünya və Azərbaycan klassiklərindən Uilyam Şekspirin, Jan Batist Molyerin, Fridrix Şillerin, Karlo Qoldoninin, Fonvizinin, Aleksandr Puşkinin, Aleksandr Ostrovskinin, Nikolay Qoqolun, Mirzə Fətəli Axundovun, Nəcəf Bəy Vəzirovun, Nəriman Nərimanovun, Cəfər Cabbarlının, Süleyman Sani Axundovun, Abdulla Şaiqin və başqalarının əsərləri də öz əksini tapmışdır.
Azərbaycan Milli teatr sənətinin ayrılmaz qolu olan Dövlət Gənc Tamaşaçılar Teatrı bir sıra müqtədir səhnə xadimləri yetişdirmişdir. Bunlardan bir çoxu sonradan öz yaradıcılıqlarını Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında davam etdirmişlər. Xalq artistləri Ağadadaş Qurbanov, Əliağa Ağayev, Süleyman Ələsgərov, Firəngiz Şərifova, Yusif Vəliyev, Hüseynağa Sadıxov, Lütfi Məmmədbəyov, Aleksey Lejnyov, Georqiy Sıqankov, Xuraman Hacıyeva, Gülşən Qurbanova, Solmaz Qurbanova, Tariyel Qasımov, Ağaxan Salmanlı, Yasin Qarayev, Əməkdar Artistlər Məmmədağa Dadaşov, Osman Hacıbəyov, Rəhilə Məlikova, Susanna Məcidova, Məfxurə Yermakova, Firdovsi Naibov, Tamara Razumovskaya, Anatoli Dobronetski, Arnold Xarçenko, Cəvahir İskəndərova, Ruxsarə Ağayeva, Mübariz Paşayev, Azər Mirzəyev, Ayşad Məmmədov, Rafiq Hüseynov, Ədalət Məmmədov, Lətifə Əliyeva, Nübar Novruzova, Naibə Allahverdiyeva, Almaz Mustafayeva, Şəfəq Əliyeva, Rahib Əliyev artıq Azərbaycan teatr tarixində özünəməxsus yer tutmuşlar. Adları qeyd edilən sənətkarlarla bərabar hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Elşən Rüstəmov, Kübra Dadaşova Kəmalə Hüseynova, Qurban İsmayılov, Şövqi Hüseynov, Leyli Vəliyeva, Mehriban Abdullayeva, Nicat Kazımov, Eyvaz İbrahimov, Vüsal Mehrəliyev, Nəsibə Eldarova və onlarla başqa istedadlı və perspektivli aktyor nəsli çalışır. Azərbaycan milli teatr sənətinin inkişafında uzun illik səmərəli fəaliyyətinə görə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında hazırda 5 Xalq artisti, 22 Əməkdar artist, 3 Əməkdar incəsənət xadimi, 2 Əməkdar Mədəniyyət işçisi, 2 Prezident təqaüdçüsü, 10 Prezident mükafatçısı çalışır. Bundan başqa teatrın 7 aktyoru 2013-cü ilin iyun ayında və 2 aktyoru 2014-cü ilin mart ayının 7-də Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunmuşlar.
Vaxtı ilə teatrda maraqlı quruluşlar vermiş Xalq Artistləri Aleksandr Tuqanov, Məhərrəm Haşımov, Tofiq Kazımov, Ağakişi Kazımov, Azərpaşa Nemətov, əməkdar incəsənət xadimləri Zəfər Nemətov, Hüseyn Sultanov, Ulduz Rəfili-Əliyeva, əməkdar artist Kərim Həsənov kimi rejissorları indi Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, Xalq Artistləri Cənnət Səlimova, Vaqif Əsədov, Rafiq Əliyev, Əməkdar Artist Nicat Kazımov, Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlu kimi istedadlı rejissorlar əvəz etmişlər.
2024-cü ilin may ayında Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı adlanmağa başlayıb.[1]