Azərbaycan məhkəmə palatası — Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil məhkəmə hakimiyyətini formalaşdırmaq məqsədilə yaradılmış mühüm dövlət strukturu, dövlət ədliyyə orqanı[1].
Azərbaycan Məhkəmə Palatası | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan Xalq Cümhuriyyəti |
Yeri | Bakı |
Yaranma tarixi | 14 noyabr 1918 |
Ləğvolunma tarixi | 1920 |
Sədr | Ələkbər bəy Xasməmmədov |
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qarşıya qoyduğu əsas vəzifələrdən biri də əvvəlki hərc-mərclik dövründə dağılmış məhkəmə aparatını bərpa etmək və müstəqil dövlətin ədliyyə sistemini yaratmaq idi. Bu baxımdan, yeni şəraitdə Cümhuriyyətin ayrıca məhkəmə palatasının yaradılmasına ehtiyac vardı. Bu məqsədlə 1918 il noyabrın 14-də Cümhuriyyət Hökuməti Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnaməni təsdiq etdi. Əsasnaməyə görə, Azərbaycan Məhkəmə Palatası böyük sədr, departament sədri, 8 üzv, prokuror və onun 2 nəfər köməkçisindən ibarət tərkibdə yaradılmışdı. Hökumətin 1919 il 28 fevral və 10 may tarixli qərarları ilə vəkil Ələkbər bəy Xasməmmədov palatanın böyük sədri təyin olunmuşdur.[2][3][4]
Azərbaycan hökumətinin 10 may 1919-cu il tarixli qərarı ilə Olqred Kriçinski Azərbaycan Məhkəmə Palatasının prokuroru təyin olunmuşdur.[5]
Ali məhkəmə instansiyası olan Azərbaycan Məhkəmə Palatası dairə məhkəmələrinin fəaliyyətini yoxlayır, onların qərarlarından apelyasiya şikayətlərinə, vəzifə cinayətlərinə, mülklərə sahiblik hüququ, əmlaka qəyyumluq qoyulması haqqında işlərə baxır, notarius vəzifələrini yerinə yetirirdi.