Azərbaycan SSR Dövlət mükafatı

Azərbaycan SSR Dövlət mükafatı (azərb-kiril. Азәрбајҹан ССР Дөвләт мүкафаты) — Azərbaycan SSR-də ədəbiyyat, incəsənət və arxitektura, elm və texnika xadimlərinə və əmək nailiyyətlərinə görə istehsal qabaqcıllarına iki ildən bir verilən yüksək mükafat.

Azərbaycan SSR Dövlət mükafatı
Mükafat laureatının döş nişanı

Ölkə Azərbaycan Azərbaycan SSR
Tip mükafat
Kimə verilir ədəbiyyat, incəsənət və arxitektura, elm və texnika xadimlərinə, istehsal qabaqcıllarına
Statistika
Təsis tarixi 10 sentyabr 1970
İlk təltif
  • 29 sentyabr 1970
Son təltif
  • 26 may 1991 (1990-cı il üzrə)
Ardıcıllıq
Yüksək mükafat SSRİ Dövlət mükafatı
Aşağı mükafat Azərbaycan SSR LKGİ mükafatı
Müvafiqdir

Respublikada elm və texnikanın, ədəbiyyat, incəsənət və arxitekturanın daha da inkişaf etdirilməsinə həvəs oyatmaq məqsədilə, dövlət tərəfindən bəyənilməyə layiq olan elmi işləri və yaradıcılıq işlərini layiqincə və geniş surətdə mükafatlandırmaq lüzumunu nəzərə alaraq, Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan SSR dövlət — mükafatlarının təsis olunması haqqında qərar qəbul etmişlər.[1]

Azərbaycan SSR dövlət mükafatları təsis edilmişdir: elm və texnika sahəsində — dörd mükafat (elm üzrə iki mükafat, texnika üzrə iki mükafat), ədəbiyyat, incəsənət və arxitektura sahəsində — üç mükafat, o cümlədən uşaqlardan ötrü yazılmış ədəbiyyat və incəsənət əsərləri üçün bir mükafat.[1]

Azərbaycan SSR dövlət mükafatlarının hər biri 2.500 manat miqdarında müəyyən edilmişdir.[1]

Mükafatlar Azərbaycan SSR dövlət mükafatları komitələrinin təqdimatı ilə iki ildə bir dəfə, Azərbaycanda Sovet hakimiyyəti qələbəsinin ildönümü günü verilir. Azərbaycan SSR dövlət mükafatlarına layiq görülən şəxslərə diplom və döş nişanı təqdim edilməklə "Azərbaycan SSR Dövlət mükafatı laureatı" adı verilir.[1]

Azərbaycan SSR dövlət mükafatları komitələrinin qərarları Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən təsdiq edilərək respublika mətbuatında dərc olunurdu.[1]

Azərbaycan SSR Nazirlər Sovetinin dövlət mükafatları komitələrinə tapşırılmışdır ki, Azərbaycan SSR dövlət mükafatları haqqında əsasnaməni, Azərbaycan SSR Dövlət mükafatı laureatının döş nişanı və diplomunun eskizlərini bir ay müddətində hazırlayıb respublika Nazirlər Sovetinin təsdiqinə versinlər.[1]