Azərbaycan Tebabeti Muzeyi

Azərbaycan Təbabəti Muzeyinin yaranması, fəaliyyəti və inkişafı tibbin tarixi ilə bilavasitə əlaqədardır.

Azərbaycan Təbabəti Muzeyi
Xəritə
Əsası qoyulub 1984-cü
Açılış tarixi 29 yanvar 1986
Ölkə
Yerləşir

Azərbaycan, Bakı, Хətai rayonu,

Nəcəfqulu Rəfiyev küçəsi, 18 АZ1025
Muzeyə yetişmək M 1 Xətai metrostansiyası
Telefon (+99412) 490-13-73
İş rejimi 09:00 - 18:00
40°23′55″ şm. e. 49°52′55″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muzey Respublika Səhiyyə Nazirliyinin (nazir Tələt Qasımov) 2 iyul 1984-cü il tarixli əmri ilə yaradılmışdır.

29 yanvar 1986-cı ildən rəsmi şəkildə fəaliyyət göstərir.

Ekspozisiya Asklepinin (qədim yunan mifologiyasında sağlamlıq tanrısı) təsviri olan barelyeflə başlayır. Girişdə qədim yunan mifologiyasına görə sağlamlıq tanrısı hesab edilən Asklepi və onun qızları Gigiyeya və Panatseyanın nəhəng barelyefləri var.[1]

Birinci zalda XII əsr Şərqinin ən böyük alimlərindən biri Əbu Əli ibn Sinanın büstü, onun bu günədək Avropanın bir çox tibb universitetlərində tədris edilən "Həkim elminin qanunu" əsərinin 1143-cü ilə aid əlyazmasının fotoşəkli nümayiş etdirilir. Bu zalda, həmçinin elmi tibbin əsasını qoyan Hippokratın büstü və onun məşhur andından bir parça təqdim olunur. Divar boyunca qədim yunan və Roma, orta əsrlər Azərbaycan, Şərq, Qərbi Avropa təbabətinin ayrı-ayrı elementləri nəfis şəkildə döymə üsulu ilə mis lövhələrə köçürülərək asılıb.

İkinci zalda orta əsr cərrahlıq alətləri, XIII–XIX əsr həkimlərimizin əsli Əlyazmalar İnstitutunda saxlanan ayrı-ayrı tibbi traktatlarının surəti yerləşir. Burada, həmçinin Baba Qaibov Qarabaği, onun davamçıları olan Qaibovlar sülaləsinin fotoşəkilləri, müalicə məqsədilə istifadə etdikləri şəxsi əşyaları qorunub saxlanılır. XIX əsrdə RusiyanınAvropanın müxtəlif universitetlərində təhsil almış ilk azərbaycanlı həkimlərin – Əbdülxalıq Axundovun, Bakıda ilk pulsuz müalicəxananın təşkilatçısı Məmmədrza ağa Vəkilovun, ilk sanitar həkim Mustafa Şərifovun, İbrahim Rəhimovun , Kərim bəy Mehmandarovun, Bəhram bəy Axundovun portretləri, diplomları, monoqrafiyaları, dissertasiyaları bu zalda nümayiş etdirilir. Sinir və kardiologiya sahələrini elmi eksperimentləri ilə zənginləşdirmiş böyük alim, Kazan Universitetinin professoru Mirzə Kazım bəyə ayrıca guşə həsr olunub.

Üçüncü zalda XX əsrin əvvəllərində Bakıda neft sənayeçilərinin qərarına əsasən, həmin dövr üçün müasir tibb avadanlıqları ilə təchiz edilmiş müalicəxanaların yaradılmasına aid çoxlu fotoşəkillər, sənədlər nümayiş etdirilir.

Dördüncü zalda Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə təbabətimiz, 1919-cu ildə yaradılmış Bakı Universitetinin ilk binası, onun ilk rektorları cərrah Vasili Razumovski və nevropatoloq Sergey Davidenko, Tibb fakültəsinin ilk buraxılışı, professor və müəllim heyəti barədə dolğun məlumatlar öz əksini tapıb. Burada həmçinin Azərbaycanda sovet hakimiyyətinin ilk illərində İnqilab Komitəsinin səhiyyə sahəsində fəaliyyətindən geniş bəhs edilir, Bakıda nəşr olunan tibb jurnalları, alimlərin əsərləri və digər materiallar sərgilənir.

Bu zalın ən maraqlı guşələrindən biri Nəriman Nərimanova həsr olunub. Burada onun tibbi məqalələri, şəxsi əşyaları, oğlu Nəcəfə məktubu nümayiş etdirilir.

Beşinci zalda müharibəyə qədərki dövrdə sovet Azərbaycanında səhiyyənin təşkili, Azərbaycan Tibb Universitetinin və Həkimləri Təkmilləşdirmə İnstitutunun yaradılmasına və fəaliyyətinə geniş yer ayrılıb. Azərbaycan Qızıl Aypara Cəmiyyəti aid guşədə onun ilk tanınma nişanları, paltarları nümayiş etdirilir.

Muzeyin sonuncu zalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında səhiyyə sahəsində görülən işlərdən bəhs edir. Yeni tikilmiş, əsaslı təmir olunmuş, ən müasir avadanlıqlarla təchiz edilmiş tibb müəssisələrinin görüntüləri bu fəaliyyətin sübutudur.

  1. "Azərbaycan Təbabəti Muzeyi". 2017-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-28.