Azərbaycan Xalq Cümhuriyyəti Dövlət Nəzarəti İdarəsi

Dövlət Nəzarəti İdarəsi — Azərbaycan Xalq Cümhuriyyəti dövründə mülki və hərbi idarələrin, müəssisələrin, digər idarəçilik strukturlarının fəaliyyətinə nəzarət edən Hökumət orqanı.[1]

Bu orqanı formalaşdırmaq məqsədilə Bakı Nəzarət Palatası 1918-ci ilin oktyabrında DNİ adlandırılmışdır. DNİ-yə əvvəlcə xarici işlər naziri Məmməd Həsən Hacınski, sonra, müvəqqəti olaraq, yollar naziri Xudadat bəy Məlik-Aslanov, daha sonra 1918-ci il dekabrın 28-dək Əbdüləli bəy Əmircanov rəhbərlik etmişdi. İdarənin nəzdində dəftərxana yaradılmış, mülki və hərbi idarələrə, habelə dəmir yoluna dair bütün təftiş kargüzarlığı burada cəmləşdirilmişdi. Təftiş xarakterli bütün işlər DNİ-yə verilmişdi. Sonralar müstəqil nazirliyə çevrilmişdi. 1918-ci il dekabrın 28-də Məmməd Həsən Hacınski nəzarət naziri təyin olunmuş, lakin o, Paris sülh konfransına ezam olunduğundan, nazirliyə Əliağa Həsənov, 1919-cu il aprelin 15-dən dekabrın 22-dək isə Nəriman bəy Nərimanbəyli rəhbərlik etmişdir.[1]

Dövlət Nəzarəti Nazirliyi

  1. 1 2 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 337. ISBN 9952-417-14-2.