Əbdüləli bəy Əmircanov

Əbdüləli bəy Əmircanov (18 (30) may 1874, Nuxa15 may 1948, İstanbul) — Azərbaycan Milli Şurasının üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri.[1]

Əbdüləli bəy Əmircanov
17 iyun 1918 – 6 oktyabr 1918
Əvvəlkivəzifə təsis edilib
SonrakıMəmmədhəsən Hacınski
Şəxsi məlumatlar
Doğum tarixi 18 (30) may 1874
Doğum yeri
Vəfat tarixi 15 may 1948(1948-05-15) (73 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Atası Şirəli bəy Əmircanov
Uşağı
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbdüləli Şirəli bəy oğlu Əmircanov 1874-cü ildə Şəki şəhərində anadan olub.[2] 1876–1883-də Şəki şəhər məktəbində oxumuşdur. 1888-ci ildə Tiflisdə Aleksandrovsk Müəllimlər İnstitutunu bitirib.[3] Daha sonra Şəki, LənkəranBakıda müəllim kimi fəaliyyət göstərib.[4] Teymur bəy Bayraməlibəyovla birlikdə bir çox mədəni-maarif tədbirlərini həyata keçirmişdir.

Əmircanov XX əsrin əvvəllərindən Bakıda müəllim, dövlət idarələrində və müxtəlif şirkətlərdə mühasib işləmiş, mədəni-maarif cəmiyyətlərinin işində yaxından iştirak etmiş, "Nəşri-maarif" cəmyyəti təftiş komissiyasının üzvü, Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti sədrinin müavini olmuşdur. Rusiyada Fevral inqilabından (1917) sonra siyasi proseslərə qoşulmuşdur. Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü idi.

1918-ci ilin martında Bakıda türklərə qarşı törədilən soyqırım zamanı minlərlə azərbaycanlının ölümdən xilas olunmasında, şəhərdə qırğının qarşısının alınmasında müstəsna xidmətlər göstərmişdi. Böyük qardaşı, Moskva Universitetinin hüquq fakültəsinin məzunu, tanınmış hüquqşünas Qasım bəy Əmircanov ermənilər tərəfindən öldürülmüşdü.

Əmircanov Azərbaycan Xalq Cumhuriyyətinin ikinci hökumət kabinəsində (1918, iyun-oktyabr) maliyyə naziri, dövlət nəzarətçisi (1918, oktyabr-dekabr) olmuşdur. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"na (1918, 19 noyabr) əsasən, Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinə seçilmişdir (1918, dekabr). Bitərəflər qrupuna daxil olan Əmircanov Parlamentdə maliyyə-büdcə və sorğu komissiyalarının üzvü olmuşdur. O, xarici ölkələrlə ticarət əlaqələri yaratmaq üçün 1919-cu ilin ortalarda Bakıda "Dəyanət" şirkətinin təsis olunmasında iştirak etmişdir.

Əbdüləli bəy Əmircanov Xosrov bəy Sultanov, Behbud xan CavanşirTeymur bəy Makinski ilə birgə fikir ayrılıqları səbəbi ilə 1919-cu ilin fevralında Müsavat və bitərəflər fraksiyasından ayrılmışdır.[5]

Aprel işğalından sonra İstanbula mühacirət etmiş, orada fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzinin üzvü olmuşdur[6]. O, 1948-ci ildə İstanbulda vəfat etmişdi.

Əmircan ailəsinin Feriköy qəbiristanlığındakı ailə məzarı

Əbdüləli bəy Səltənət xanım Əlibəyova ilə ailə qurmuşdu. Fuad bəy, Rüstəm bəy, Rəşid bəy, Murad bəy adlı oğulları, Valiyə xanım, Məryəm xanım adlı qızları vardı.

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). I. Bakı: Lider nəşriyyat. 2004. səh. 392. ISBN 9952-417-14-2. 2022-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
  2. Dilqəm Əhməd. "Əbdüləli bəy Əmircanın mühacirət həyatı onun xatirə və məktublarında". Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri (11-ci buraxılış). 2023: 150–178. 2024-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-15.
  3. Yaqublu, Nəsiman. Cümhuriyyət qurucuları (PDF) (az.). Bakı: Nurlar. 2018. 231. ISBN 978-9952-507-96-6. 2021-04-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-29.
  4. "Əmircan ailəsi – İstiqlal uğrunda bir əsr". Teleqraf.com (az.). 2019-04-22. 2024-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-22.
  5. Altay Göyüşov. Azərbaycanda ittihadçılıq. Bakı. 1997. səh. 133.
  6. Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). II. Bakı: Təhsil nəşriyyatı. 2019. səh. 455-463. Archived from the original on 2022-05-27. İstifadə tarixi: 2023-07-14.