Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəhlə sinfi

Azərbaycan Xalq Cümhuriyyətində fəhlə məsələsiAzərbaycan Xalq Cümhuriyyəti dövrünün ən mürəkkəb məsələlərindən biri.[1]

Azərbaycanda fəhlələr müstəqil sosial zümrə kimi 19-cu əsrin son qərinəsində formalaşmışdır. Əsas hissəsi Bakı neft mədənlərində çalışanlar idi. 1901-ci ildə onların sayı 28 minə çatmışdı, Bakının bütün sənaye sahələrində çalışan fəhlələrin sayı, bütövlükdə 65–70 min nəfər idi. Fəhlələrin sayı qəzalarda da artırdı. Azərbaycan fəhlələrinin tərkibi çoxmillətli, əsas fərqli cəhətlərindən biri isə yüksək dərəcədə təmərküzləşməsi idi. Bəzi hesablamalara görə, Birinci dünya müharibəsi ərəfəsində (1913) Azərbaycanda bütün fəhlələrin sayı 570 min nəfərə çataraq, əhalinin 14,3%-ni, digər bir hesablamaya görə isə 305 min nəfər olmaqla, əhalinin 12,4%-ni təşkil etmişdir. Fəhlələrin tərkibində azərbaycanlıların sayı üstünlüyə malik idi. Müharibə ərəfəsində Bakı fəhlələrinin 37,6%-i (42,4 min nəfər) azərbaycanlılar, 24,7%-i ruslar və digər millət və xalqların nümayəndələri idi. Birinci dünya müharibəsi fəhlələrin say və tərkibində ciddi dəyişikliklər yaratdı. Bakı fəhlələrinin sayı müharibə ərəfəsində olduğu kimi, artmaqda davam etmiş, 1917-ci ildə 110 min nəfər olmuşdu. Qəzalarda isə fəhlələrin sayı azalmışdı. Bütün imperiyada olduğu kimi, Azərbaycanda da fəhlələrin maddi vəziyyəti ağır idi. Fəhlələr vəziyyətlərini yaxşılaşdırmaq üçün müxtəlif forma və üsullarla mübarizə aparırdılar. Fəhlələrin siyasi cəhətdən təşkilatlanması geniş hal almışdı, müxtəlif yönümlü siyasi partiya və təşkilatlar bu istiqamətdə iş aparırdı. Fevral inqilabından (1917) sonra Azərbaycanda Müvəqqəti hökumətin orqanları ilə yanaşı, fəhlə və əsgər deputatları sovetləri də yaranmağa başladı. 1917-ci il martın 6-da Bakı Fəhlə və Əsgər Deputatları Soveti təşkil olundu. Bakıda və Azərbaycanın qəzalarında fəhlə hərəkatı genişləndi. Bakıda fəhlə hərəkatının əsas məqsədlərindən biri kollektiv müqavilə uğrunda mübarizə idi. Mədən-zavod komissiyaları bu mübarizədə mühüm yer tuturdu. 1917-ci ilin sentyabrında Bakıda keçirilən tətil kollektiv müqavilə bağlanması ilə başa çatdı. Oktyabr çevrilişindən (1917) sonra Bakı Soveti hakimiyyəti ələ aldı. 1917-ci ilin sonlarında fəhlə nəzarəti uğrunda hərəkat böyüdü. Bakı Sovetinin rəhbərliyini ələ keçirmiş bolşevik-daşnak güruhu Sovetin silahlı qüvvələrinin yaradılmasında əsasən, ermənilərdən olan fəhlələrə üstünlük verirdi. Həmin silahlı qüvvələr azərbaycanlıların 1918-ci il mart soyqırımında fəal iştirak etmişdilər. Aprelin 25-də yaradılmış Bakı Xalq Komissarları Soveti də bu xətti davam etdirirdi. O, fəhlələri öz tərəfinə çəkmək üçün onları milliləşdirilmiş müəssisələrin idarəsində fəal iştirak etməyə çağırırdı.[2]

Azərbaycan Xalq Cümhuriyyəti dövründə

[redaktə | mənbəni redaktə et]

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması Bakı Xalq Komissarları Sovetinin süqutunu sürətləndirdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Bakının azad edilməsindən sonra paytaxtı buraya köçürtdü və sosial iqtisadi siyasətində önəmli yer tutan fəhlə məsələsinin həllinə başladı. Hökumət 24 sentyabrda neft sənayesinin və Xəzər ticarət donanmasının milliləşdirilməsini ləğv etdi. Fəhlələrlə sahibkarlar arasında əvvəlki münasibətlər bərpa olundu. Bakı Fəhlə Konfransı BFK, faktiki olaraq, Hökumətə qarşı müxalifətə çevrildi. BFK-nın qərarı ilə dekabrın 24-də üçgünlük tətil keçirildi. Tətil fəhlələrin qələbəsi ilə başa çatdı və onun təşkilatçıları olan sosialist partiyalarının nüfuzunu artırdı. Cümhuriyyət Hökuməti fəhlələrin vəziyyətinin ağır olduğunu etiraf etməklə bərabər, onun həlli üçün tədbirlər görməyə çalışırdı.

Məşvərət Şurası

[redaktə | mənbəni redaktə et]

1919-cu il yanvarın 25-də Fəhlə Məsələsinə dair Məşvərət Şurasının təşkilinə başlandı, onun statusu isə Parlament tərəfindən martın 10-da təsdiq olundu. Əmək nazirinin sədrlik etdiyi şura əməyin mühafizəsi, fəhlə və sahibkarlar arasında münasibətlərin tənzimlənməsi məsələləri ilə məşğul olurdu. 10 nəfərdən (5 nəfər fəhlə və 5 nəfər müəssisə sahibi) ibarət tərkibdə fəaliyyət göstərirdi. Şura üzvlərinin seçilməsi haqqında əsasnamə təsdiq olunana qədər onlar əmək naziri tərəfindən ticarət-sənaye müəssisələri və fəhlə təşkilatlarından dəvət olunurdular.[3]

Şuranın sədri fəhlə müfəttişliyinin, mədən nəzarətinin nümayəndələrini və digər məlumatlı şəxsləri məşvərətçi səslə iclaslara dəvət edə bilərdi. İclaslar müntəzəm keçirilmir, ehtiyac olduqda sədr tərəfindən çağırılırdı. Məslələr şuranın müzakirəsinə əmək nazirinin tapşırığı ilə çıxarılır, müzakirələrin qaydasını da o müəyyən edirdi. Əmək naziri vəzifələrini bütünlüklə və ya qismən öz mülahizəsinə görə, xüsusi olaraq təyin etdiyi şəxsə həvalə edə bilərdi. Məşvərət şurasına əməyin mühafizəsi və zəhmetkeşlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına yönələn qanunların icrasına nəzarət hüququ verilmişdi.[3] Şuranın müvəqqəti nizamnaməsində deyilirdi ki[4]:

" Əmək nazirinin sədrliyi ilə fəaliyyət göstərəcək bu orqan “istər əməyin mühafizəsi, istərsə də əmək şəraiti və zəhmetkeş siniflərin məişətinin yaxşılaşdırılmasına yönələn məsələlərlə bağlı mövcud qanunların dəqiq icra edilməsi üzrə tədbirlərin ilkin müzakirəsi məqsədilə təsis edilir "

Lakin fəhlələrin vəziyyətinin getdikcə pisləşm əsi və sosialist partiyalarının siyasəti nəticəsində 1919-cu ildə tətil hərəkatı genişləndi. Mayda fəhlələrin siyasi fəallığı daha da artdı. Hökumətin səyi nəticəsində 1 May nümayişi beynəlxalq bayram kimi qeyd edildi. BFK isə ümumi iqtisadi tətil keçirməyi qərara aldı. Tətilin qarşısının alınması üçün ciddi tədbirlər görüldü, mayın 13-də tətil uğursuzluqla nəticələndi. Buna baxmayaraq, fəhlə hərəkatından məqsədləri üçün istifadə edən bolşeviklər BFK-da daha da möhkəmləndilər. Müsavat partiyasının ikinci qurultayında (1919, dekabr) fəhlə məsələsi diqqət mərkəzində olsa da, bu, problemlə bağlı siyasətdə köklü dəyişiklik yaratmadı. Azərbaycan Kommunist partiyası yaradıldıqdan sonra (1920, fevral) bolşeviklər fəhlə məsələsindən daha çox yararlanmağa çalışdı. Cümhuriyyətin süqutunda fəhlə məsələsinin həll edilməməsinin də müəyyən rolu oldu.[2]

Baş verən hadisələr

[redaktə | mənbəni redaktə et]

Cümhuriyyət Hökuməti aqrar məsələ kimi, fəhlə məsələsini də həll edə bilmədi. Nəticədə, həmin məsələlərlə əlaqədar Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və Hökumətinə qarşı ciddi narazılıqlar yarandı. Hökumətlə müxalifətdə olan qüvvələr, ilk növbədə, Parlamentin sosialistlər fraksiyası bundan istifadə edərək, xalq arasında Cümhuriyyət hakimiyyətinə qarşı geniş təbliğata başladı, narazılıqları daha da artırdı, tətil və nümayişlər təşkil etməyə müvəffəq oldu.

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918-ci il sentyabrın 17-də Gəncədən Bakıya köçdükdən sonra oktyabrın 1-də Bakı Xalq Komissarları Sovetinin neft sənayesinin milliləşdirilməsi haqqındakı dekret və sərəncamlarını ləğv etdi. Bütün neft sənayesi müəssisələri və onların hazır məhsulları keçmiş sahiblərinə qaytarıldı. Sənaye müəssisələri üzərində xüsusi mülkiyyət hüququnun bərpa edilməsi fəhlələr arasında narazılığa səbəb oldu.[1]

Müsavat fraksiyasının fəhlələrlə bağlı bəyannaməsi

[redaktə | mənbəni redaktə et]

1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti fəaliyyətə başladığı zaman Fətəli xan Xoyskinin müvəqqəti hökuməti Parlament qarşısında istefa verdi və dekabrın 10-da Parlamentin ikinci iclasında ayrı-ayrı fraksiyalar Hökumətin fəaliyyəti ilə bağlı öz partiyalarının bəyannamələrini elan etdilər. İlk olaraq, ən iri fraksiyanın "Müsavat" fraksiyasının bəyannaməsi ilə fraksiyanın rəhbəri, "Türk ədəmi-mərkəziyyət" "Müsavat" partiyasının sədri Məhəmməd Əmin Rəsulzadə çıxış etdi. O, "Müsavat" partiyasının proqramında daha geniş yer almış "Torpaq məsələsi" və "İşçi məsələsi" barədə geniş məlumat verdi. "Müsavat" partiyasının bəyannaməsində göstərilirdi ki:

  • Fəhlələri ağır, məşəqqətli zəhmətdən qurtarmaq üçün, hər bir muzdur, qulluqçu, əmələ və fəhlənin iş günü 8 saatdan artıq olmamalı, onlara kişi və qadınlığından asılı olmayaraq, qanunla həftədə 24 saatlıq istirahət günü müəyyənləşdirilməlidir.
  • 16 yaşına qədər uşaqların işləməsi qadağan olunmalı, 16–18 yaşında uşaqlar gündə yalnız 6 saat işləməlidirlər.
  • Qadınların onların sağlamlığı üçün zərərli olan işlərdə çalışması qadağan edilməli, hamilə qadınlar doğuşdan 4 həftə qabaq və 6 həftə sonra, əmək haqları saxlanılmaqla, işdən azad olunmalıdırlar. Qadınların işlədiyi fabrik və zavodların yanında südəmər uşaqlar üçün körpələr evi yaradılmalı, uşaq əmizdirən ana hər 3 saatdan bir yarım saat işdən azad edilməlidir.
  • İş qabiliyyətini tamamilə və ya qismən itirmiş fəhlələr üçün sərmayədarlardan alınan vergi hesabına dövlət tərəfindən xüsusi sığorta fondu yaradılmalı və əmək haqqı nağd pulla ödənilməlidir.
  • Emalatxanalarda, fabrik və zavodlarda fəhlə əməyindən istifadəyə nəzarət məqsədilə müfəttişlər təyin edilməlidir.
  • Sahibkarlar tərəfindən fəhlələrin yaşayışı üçün ayrılmış evlərin və iş yerlərinin fəhlələrin sağlamlığına müvafiq olmasına iş verənlərin nüfuzundan asılı olmayan səhiyyə orqanlarının nəzarəti təmin edilməli, əmək qanunlarını pozan iş sahibləri cinayət məsuliyyətinə cəlb olunmalıdır.
  • Hər bir emalatxana, fabrik və zavodlarda yarısı iş sahibləri, yarısı isə fəhlələrdən ibarət xüsusi komissiyalar yaradılmalıdır.

və s.[1]

Digər fraksiyaların fəhlələrlə bağlı çıxışı

[redaktə | mənbəni redaktə et]

Həmin iclasda sosialistlər fraksiyasının aqrar və fəhlə məsələsinə dair proqramı barədə Aslan bəy Səfikürdski, Əkbər ağa ŞeyxülislamovƏhməd Cövdət Pepinov çıxış etdilər. Onlar öz çıxışlarında torpaq və fəhlə məsələsinin Sovet Rusiyasının təcrübəsindən istifadə etməklə həll olunmasını məsləhət görürdülər. "İttihad" fraksiyasının rəhbəri Qarabəy Qarabəyov isə öz çıxışında onların partiyasının fəhlə məsələsinə münasibətindən bəhs edərkən dedi:[1]

" ...Partiyamız geniş bir dairədə fəhlələrin səadətini təmin etməyə səy edəcəkdir. Yalnız iş və sənaye aləmində anarxiya və keyfi-mayəşəyə meydan verməmək üçün sərmayə ilə cəmiyyət miyanmda vaqe olan mübarizənin qanun üsuluna tabe olmasını tələb edir. "

Sonrakı hadisələr

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində yaranmış siyasi şəraitdən istifadə edən sosialistlər fraksiyası tez-tez Cümhuriyyət Hökumətinin həyata keçirdiyi bu və ya digər siyasətə qarşı çıxır, çox vaxt isə fəhlə məsələsinin həlli ilə bağlı müzakirələrdən hökumətə qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Digər tərəfdən, məhz Rusiya bolşeviklərinin təsiri ilə Azərbaycanda, xüsusilə Bakıda tez-tez fəhlə tətilləri keçirilirdi. Parlamentin demək olar ki, elə bir iclası olmurdu ki, orada sosialistlər fraksiyasının nümayəndələri fürsət tapıb fəhlə və ya torpaq məsələsini qaldırmasınlar. Hətta, vəziyyət o yerə çatdı ki, 1919-cu il mayın 6-da keçirilən Parlament iclasında gündəlikdə duran məsələlər təxirə salınaraq həmin gün Bakıda keçirilən ümumbakı fəhlə tətili barədə məsələ müzakirə olundu. Bu barədə ilk olaraq çıxış edən Məhəmməd Əmin Rəsulzadə dedi:

" Bu tətili elan edən fəhlə konfransı adından sui-istifadə edən təşkilatdır. Onlar bu tətilin məqsədinin iqtisadi tətil olduğunu deyirlərsə də, fəqət onların məqsədlərinin nədən ibarət olduğu kimsədən ötrii gizli deyil. "

Parlamentin həmin iclasında Hökumət adından çıxış edən baş nazir Nəsib bəy Yusifbəyli bəyan etdi ki, bu tətillər iqtisadi tətillər deyil, Hökumətə qarşı yönəldilmiş sırf siyasi tətillərdir. Tətilin təşkilatçıları:

" hər vasitə ilə Azərbaycanı Rusiyaya ilhaq etmək istəyirlər. "

İclasda sosialistlər fraksiyası adından çıxış edən Səməd ağa Ağamalıoğlu dedi:

" Fəhlələr Sizə zakonnu saldat deyillər ki, dədənizin qulu deyillər ki, (ümumi gülüş) istəmirlər, işləmirlər, vəssalam. "

Sənaye müəssisələri üzərində xüsusi mülkiyyət hüququnun saxlanılması Cümhuriyyət Hökumətinə və Parlamentinə fəhlə məsələsində köklü dəyişikliklər həyata keçirməyə imkan vermirdi. Bu vəziyyətdən istifadə edən sosialistlər fraksiyası fürsət düşən kimi məsələ qaldırır, onların həll olunmamasından istifadə edərək, fəhlələr arasında açıq və gizli təbliğat aparır, fəhlə tətili və nümayişləri keçirməyə təhrik edirdilər. Sovet Rusiyasında torpağın və sənaye müəssisələrinin milliləşdirildiyi, onların əvəzsiz olaraq fəhlə və kəndlilərə verildiyi haqqındakı təbliğatla sosialistlər fraksiyası Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə və Hökumətinə qarşı pozuculuq siyasəti yeridir, Azərbaycanın nicat yalnız Sovet Rusiyası ilə birləşməkdə olduğunu açıq və gizli şəkildə təbliğ edirdilər. Bununla onlar Sovet Rusiyasının müdaxiləsi üçün ölkənin daxilində əlverişli zəmin hazırlayırdılar. Məhz rusiyapərəst müxalifətin ölkədə apardığı pozuculuq siyasətinin nəticəsi idi ki, 1920-ci il aprelin 27-də Azərbaycan işğalçı Sovet Rusiyasının ordusu tərəfindən asanlıqla ələ keçirildi.[1]

  1. 1 2 3 4 5 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 406-407. ISBN 9952-417-14-2.
  2. 1 2 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 407-408. ISBN 9952-417-14-2.
  3. 1 2 Azərbaycan Demokratik respublikası (1918–1920), Bakı, 1998)
  4. Azərbaycan tarixi 7 cilddə, V cild. Bakı, 2001.
  • Müstəqil dövlətimiz və Parlamentimiz. B., 2001
  • Paşayev A., Açılmamtş səhifələrin izi ilə, B.,2001
  • Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament (stenoqrafik hesabatlar), B.,1998
  • Aзepбaйджанская Демократиская Pecnублика (1918–1920), Законодательные акты (сборник документов), Б.,1998
  • Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001
  • Vəliyev T.T., İmperializm dövründə Azərbaycan sənayesi və proletariatı, B., 1987
  • Очерки истории равочего класса Азербайджанской ССР, т- 1 (1917 – 1940 гг.), Б., 1974
  • Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament (stenoqrafik hesabatlar), B., 1998
  • Исмаилов М., Социально – элономическая структура Азербайджана в эпоху империализма, Б., 1982
  • Сумбатзаде А. С., Социально – элономические предпосылки победы Советской власти в Азербайджане, М., 1972