Əmək müfəttişliyi (Azərbaycan Xalq Cümhuriyyəti) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə əməyin mühafizəsi, əmək haqqının dərəcələrini və əmək münaqişələrini tənzimləyən hökumət qurumu.
1919-cu il avqustun 5-də yaradılmışdı. Əmək Nazirliyi bundan əvvəl Ticarət və Sənaye Nazirliyi nəzdindəki fabrik müfəttişliyinin xidmətindən istifadə edirdi. Yeni müfəttişliyin yaradılması ilə əməyin mühafizəsinə nəzarət işi bir idarədə cəmləşdi; onun nəzarət funksiyası Azərbaycan Xalq Cümhuriyyətinin bütün ərazisinə şamil olunurdu.
Ölkənin 8 bölgəsinin hər birində rayon müfəttişi vardı və onlar Azərbaycan Xalq Cümhuriyyəti əmək müfəttişliyinin tabeliyində fəaliyyət göstərirdilər. Mürəkkəb münaqişələr yarandıqda tətilləri dayandırmaq, kollektiv müqavilələr hazırlamaq və əmək haqqının ödənilməsi dərəcələrini müəyyən etmək üçün razılaşdırıcı komissiyalar çağırılması kimi tədbirlər həyata keçirilirdi.[1]