Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Dəniz Qüvvələri

Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi-Dəniz Qüvvələri — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun tərkibində formalaşdırılmış silahlı qüvvələr növü.[1]

Cümhuriyyət Hökuməti obyektiv çətinliklər üzündən hərbi-dəniz qüvvələrinin təşkilinə 1919-cu ilin sonlarında başladı. 1918-ci ilin sentyabrında Bakının "Sentrokaspi diktaturası" və ingilis müdaxiləçilərindən təmizlənməsi ərəfəsində buradakı əsas hərb gəmiləri — "Qars", "Ərdəhan" və "Astrabad" Petrovsk-Porta aparılmışdı. 1918-ci ilin noyabrında Bakını zəbt edən ingilis hərbi qüvvələri adları çəkilən gəmiləri geri qaytarsa da, onları Azərbaycan Hökumətinə verməmiş, öz nəzarətində saxlamışdı. Cümhuriyyət Hökuməti bir neçə dəfə həmin gəmilərin Azərbaycana qaytarılması barədə vəsatət qaldırmışdı. Belə ki, xarici işlər naziri Məmməd Yusif Cəfərov 1919-ci il avqustun 4-də Bakıdakı müttəfiq qoşunlarının komandanı, ingilis generalı D.Şatelvorta müraciət edərək, paytaxtın və dəniz sərhədlərinin mühafizəsi, dövlətin ərazi bütövlüyünün qorunması üçün bir neçə hərb gəmisinin Azərbaycana verilməsini xahiş etmişdi. Xəzərdəki hərbi-dəniz qüvvələrinin əsas hissəsi Denikinin tabeliyində olsa da, silahları sökülmüş bəzi hərb gəmiləri, o cümlədən "Qars", "Ərdəhan" və "Astrabad" 1919-cu il sentyabrın əvvəllərində Azərbaycan Hökumətinin sərəncamına keçmişdi.[1]

Hərbi nazirlik dərhal hərbi-dəniz qüvvələrinin formalaşdırılmasına başlayaraq, nazirliyin hərbi-dəniz şöbəsini təşkil etdi. Hərb gəmiləri heyətlərinin formalaşdırılması barədə də qərar verildi. Azərbaycan Hökumətinin Ukraynadakı diplomatik nümayəndəsi rus donanmasının admiralı, Şimal qütbünə ekspedisiyanın iştirakçısı, tatar əsilli İslamov milli donanmanın yaradılması işinə yardım göstərmək üçün 1919-cu ilin yayında Azərbaycana dəvət olundu. Donanma üçün avadanlıq almaq məqsədilə dəniz zabiti İ.Maqsudov KrımaNovorossiyskə ezam olundu. Eyni zamanda, yollar nazirliyinə məxsus 2 buxar gəmisi artilleriya ilə təchiz edilərək, azərbaycanlılardan ibarət komanda heyəti ilə birlikdə hərbi dəniz qüvvələrinin sərəncamına verildi. Bu məqsədlə daha bir neçə barkas və motorlu qayıq da ayrıldı. Azərbaycanın öz hərbi-dəniz qüvvələrini yaratması Denikin ordusunun komandanlığı tərəfindən düşməncəsinə qarşılandı. Komandanlığın 1919-cu il sentyabrın 21-də Azərbaycan Hökumətinə ünvanladığı notasında Türkmənçay müqaviləsinə görə Xəzər dənizində yalnız Rusiyanın hərbi donanma saxlamaq hüququna malik olması bildirilir, Azərbaycanın hərbi və ticarət donanmasının milli bayraq altında üzməsinin dayandırılması tələb olunurdu. Azərbaycan Hökuməti bu tələbi dövlətin suveren hüquqlarına qarşı yönəlmiş təcavüzkar çıxış kimi qətiyyətlə rədd etdi və hərbi-dəniz qüvvələrinin təşkilini davam etdirdi. 1919-cu il oktyabrın 1-də "Astrabad" hərb gəmisinin heyəti təsdiq edildi. Gəminin kapitanı vəzifəsinə azərbaycanlı mütəxəssis Kitabçızadə təyin edildi. "Ərdəhan" gəmisinin komandiri vəzifəsi isə kapitan Həsən Çilingərzadəyə tapşırıldı. Dekabrın 5-də "Qars" və "Ərdəhan" gəmiləri heyətlərinin vəziyyətinin yaxşılaşdırılması üçün xüsusi komissiya yaradıldı. 1920-ci ilin əvvəllərində hərbi dəniz qüvvələrinin tərkibində 8 ədəd 75 mm-lik və 100 mm-lik toplarla təchiz edilmiş "Qars" və "Ərdəhan" hərb gəmiləri, "Astrabad", "Göytəpə", "Araz", "Nargin" köməkçi gəmiləri, "Orion" nəqliyyat gəmisi, silahlarla təchiz edilmiş "Puşkin" buxar gəmisi və bir neçə kater var idi. 1920-ci ildə xaricdən saatda ən azı 23 dəniz mili sürətilə hərəkət edən 6 ədəd katerin, 47 mm-lik və ya 57 mm-lik topla, 2 ədəd mina qurğusu ilə silahlanmış 12 ədəd katerin, həmçinin sualtı qayıqlarla döyüş üçün nəzərdə tutulmuş, iki topla təchiz edilmiş, saatda 26–36 dəniz mili sürətilə hərəkət edən katerin alınması planlaşdırılmışdı. Düşmən gəmilərinin dənizdən hücumlarının qarşısının alınması üçün mina düzən gəminin, çox da böyük olmayan 6 ədəd sualtı gəminin, mövcud hərb gəmilərinin döyüş imkanlarını artırmaq üçün müxtəlif çaplı 92 ədəd topun alınması da nəzərdə tutulmuşdu.[1]

Aprel işğalından sonra

[redaktə | mənbəni redaktə et]

Aprel işğalı bu planların həyata keçirilməsinə imkan vermədi. Milli hərbi donanmanın yaradılması zamanı qarşıya çıxan ən ciddi çətinlik azərbaycanlı zabit kadrların çatışmazlığı idi. Ona görə də, hərb gəmilərinin komanda heyəti əsasən, ruslardan, qismən də osmanlılardan ibarət idi. Bu amil Aprel işğalı zamanı Azərbaycanın hərbi-dəniz qüvvələrinin bolşeviklər tərəfinə keçməsini şərtləndirdi. 1920-ci il aprelin 27-də hərbi limanın rəis müavini Çingiz İldırımın başçılığı ilə hərb gəmiləri qırmızı bayraq qaldırıb dənizə çıxdılar və toplarını Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin və Hökumətinin binalarma tuşladılar. Gündüz saat 4-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi, Rusiya Kommunist Partiyası Qafqaz Diyar Komitəsinin Bakı bürosu və Mərkəzi Fəhlə Konfransı adından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə hakimiyyətin təhvili haqqında ultimatum verildi. Sovet komandanlığı öz sərəncamında olan qüvvələrlə, həmçinin Azərbaycan hərbi-dəniz qüvvələrindən istifadə etməklə, 1920-ci il mayın 18-də İranın Ənzəli limanına hücum etdi. İngilislərin və ağqvardiyaçıların 1918–1920 illərdə ələ keçirdikləri və həmin limanda saxladıqları 23 hərb gəmisi bütünlükdə sovet Rusiyasının əlinə keçdi.[1]

  • Aзepбaйджанская Демократическая Pecnублика (1918–1920), Армия (документы и материалы), Б.,1998
  • Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918–1920 illər), B.,1993
  1. 1 2 3 4 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 450-451. ISBN 9952-417-14-2.