Azərbaycan Xalq Cümhuriyyətinin Ləvazimat İdarəsi — Azərbaycan ordusunun ərzaq və əsya təminatı ilə məşğul olan orqanı.
Əsası 1918-ci il noyabrın 15-də Ümumi qərargahın şöbəsi kimi qoyulmuşdur. Polkovnik Seyfulla Mirzə hərbi nazirin əmri ilə ləvazimat şöbəsinin rəisi təyin edilmişdi. Qoşun hissələrinin təşkili sürətləndikcə, həmin şöbənin üzərinə düşən məsuliyyət də artırdı. Ona görə tezliklə ləvazimat şöbəsinin strukturu və səlahiyyətləri genişləndirildi, ümumi gərargahın tərkibindən çıxarılaraq idarə kimi hərbi nazirə tabe etdirildi. İdarənin rəisi vəzifəsinə polkovnik Serebrennikov təyin olundu.
Qoşun hissələrinin milli geyim formasına keçirilməsi, gündəlik iaşənin milli kulinariya əsasında təkmilləşdirilməsi hərbi ləvazimat idarəsinin qarşısında dayanan başlıca vəzifələr idi. Bu vəzifələri həll etmək üçün hərbi ləvazimat idarəsinin nəzdində əlbəsə (paltar) anbarı, dəri aşılayan zavod, geyim və çəkmə emalatxanası açıldı, Azərbaycanın toxuculuq fabriklərinə hərbi xarakterli sifarişlər verildi, ərzaq təminatının yaxşılaşdırılması üçün yeni sistem tətbiq edildi. Müsabiqə yolu ilə alınmış ərzaq yeni yaradılmış Gəncə, Ağdam, Hacıqabul, Bakı, Zaqatala, Xankəndi, Qusar və Lənkərandakı ərzaq anbarlarına toplanır və buradan hissələrə paylamrdı.
Polkovnik Serebrennikov 1919-cu ildə istefaya çıxdıqdan sonra, hərbi ləvazimat idarəsinin rəisi vəzifəsini bir müddət polkovnik Əlibəyov icra etdi. Həmin il iyulun 31-də Azərbaycan ordusuna xidmətə qəbul olunan general-mayor Sisianov bu vəzifəyə təsdiq olundu, daha sonra isə hərbi nazirin 1919 il 4 oktyabr tarixli əmri ilə hərbi ləvazimat idarəsinin rəisi vəzifəsinə general-mayor Həşimbəyov təyin edildi. Hərbi nazirin 1920-ci il 14 fevral tarixli 99 saylı əmri ilə qoşun hissələrinin ərzaq və ləvazimatla təmin olunmasının zəruri tələblər səviyyəsinə qaldırılması üçün hərbi ləvazimat idarəsinin strukturlarında ciddi islahatlar aparıldı. Nəticədə, hərbi ləvazimat idarəsi yeni statusda Azərbaycan ordusunun təchizat rəisi idarəsinin tərkibinə daxil edildi.