Azərbaycan Xalq Cümhuriyyətinin hərb tarixi — Azərbaycan Xalq Cümhuriyyətinin ordusu, hərbi tarixi, donanmaları.[1]
Azərbaycan Xalq Cümhuriyyətinin qərar tutduğu geostrateji məkan və mürəkkəb hərbi-siyasi şərait, əldə edilmiş müstəqilliyin qorunması üçün bütün sahələrdə olduğu kimi, hərbi diplomatiya sahəsində də fəal siyasətin həyata keçirilməsini tələb edirdi. Belə bir siyasət, bir tərəfdən Azərbaycanın müstəqilliyinə qarşı istiqamətlənmiş ciddi hərbi təhlükənin qarşısının alınmasında, uyğun beynəlxalq şəraitin formalaşmasına zəmin yaratmaqla bərabər, həm də zəruri bazası və infrastrukturu olmayan Cümhuriyyət Ordusunun formalaşmasına əlavə imkanlar aça bilərdi. Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən dərhal sonra ilk hərbi diplomatik fəaliyyət, məhz Azərbaycanla Osmanlı Türkiyəsi arasında əməkdaşlıq müqaviləsi imzalanması və həmin müqaviləyə əsasən, Azərbaycanla Osmanlı Türkiyəsi arasında tarixi hərbi əməkdaşlıq qurulması ilə başlamışdı. Azərbaycanın müstəqilliyi və bütünlükdə Azərbaycan xalqının mövcudluğu üçün real təhlükə olan bolşevik-daşnak təcavüzünün qarşısının alınması üçün Osmanlı Türkiyəsinin məhdud hərbi qüvvələri Azərbaycana gəldi. Osmanlı hərbi qüvvələri ilə Azərbaycanın milli hərbi qüvvələrinin bazasında Qafqaz İslam Ordusu yaradıldı. Hər iki ölkə arasında çox səmərəli və faydalı hərbi əməkdaşlıq 1918-ci ildə Bakının yad qüvvələrdən təmizlənməsinə və bu şəhərin Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtına çevrilməsinə imkan verdi.[5]
Birinci Dünya müharibəsinin nəticələrini özündə əks etdirən Mudros sülh müqaviləsinin şərtlərinə əsasən, Osmanlı hərbi qüvvələri Azərbaycanı tərk etmək məcburiyyəti qarşısında qalanda, hökumətin qərarı ilə Cümhuriyyətin Hərbi Nazirliyi bərpa edildi. Hərbi Nazirliyin təşkilatlandırılması çar Rusiyası ordusunda tam artilleriya generalı rütbəsinə qədər yüksəlmiş Səməd bəy Mehmandarova həvalə edildi. Onun Hərbi nazir təyin edilməsi, ordusu çox zəif olan Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğunun səmərəli və peşəkar səviyyədə aparılmasında, istiqamətləndirilməsində və müdafiə qabiliyyətinin gücləndirilməsində müqayisə edilməyəcək dərəcədə sıçrayış yaratdı. Hökumət və eyni zamanda Hərbi Nazirlik ölkənin daxili imkanlarını səfərbərliyə almaqla yanaşı, həm də fəal xarici siyasət aparılmasına diqqəti xeyli gücləndirdi. İlk növbədə, Mudros sülh müqaviləsinin şərtlərinə görə, Azərbaycanın nəzarət altına alınması üçün müttəfiq dövlətlər adından Bakıya göndərilmiş ingilis hərbi qüvvələrinin komandanlığı ilə qarşılıqlı əlaqələrin qurulmasına səy göstərildi[6]. İngilis hərbi komandanlığının tələbi ilə Hərbi Nazirlik Bakıdan Gəncəyə köçürülmüş və orada fəaliyyət göstərməli olmuşdur. Eyni zamanda, həmin tələbə əsasən, bütün milli hərbi qüvvələr də Bakıdan çıxarılmışdı. Sonradan, Hərbi Nazirliyin rəhbərliyinin fəal siyasəti nəticəsində, 1919-cu il aprelin 5-də Azərbaycanın məhdud sayda hərbi qüvvələrinin Bakıya dönməsinə icazə verilmişdir.
Bundan başqa, çar Rusiyasından Azərbaycana miras qalmış bir neçə hərbi gəmi də ingilis qüvvələrinin nəzarəti altına keçmişdir[7]. Həmin gəmilərin geri alınması üçün də ingilis hərbi komandanlığı ilə fəal məsləhətləşmələr aparılmışdır. Azərbaycan Hökumətinin ingilis komandanlığı ilə apardığı yazışmalar bunu sübut edir. Amma bütün cəhdlərə baxmayaraq ingilis komandanlığı Xəzər Donanmasına aid olan hərb gəmilərin əsas hissəsini Azərbaycana deyil, Denikin ordusuna təhvil vermişdir. Lakin sonradan həmin gəmiləri geri almaq mümkün olmuşdur.[8]
Denikin ordusunun hücum təhlükəsinin qarşısının alınması Azərbaycan Xalq Cümhuriyyətinin hərbi diplomatiyasının fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edirdi. Denikin təhlükəsi yalnız Azərbaycana qarşı deyil, bütünlükdə Cənubi Qafqaza qarşı istiqamətlənmişdi. Bu təhlükənin qarşısının alınması üçün Azərbaycanla Gürcüstan arasında çox fəal və səmərəli hərbi diplomatik əlaqələr quruldu. Məhz mövcud şəraitdə Gürcüstanla qarşılıqlı hərbi əlaqələrin qurulması hər iki dövlət üçün strateji əhəmiyyət kəsb edirdi. Həmin hərbi əməkdaşlıq özünün hüquqi əksini 1919-cu il 16 iyun|iyunuun 16-da]] iki respublika arasında imzalanmış hərbi sazişdə tapdı. Sazişi Azərbaycan hökuməti tərəfindən xarici işlər naziri Məmmədyusif Cəfərov[9], Hərbi nazir tam artilleriya generalı Səməd bəy Mehmandarov və Baş Qərargah rəisi general-leytenant Məmməd bəy Sulkeviç, Gürcüstan tərəfindən isə Xarici İşlər naziri Geqeçkori, Hərbi nazir Ramişvili, Hərbi nazirin köməkçisi Qedevanov və general Odişelidze imzalamışdı. Tiflisdə imzalanmış üç il müddətinə on maddəli həmin sazişin əsas mahiyyəti respublikaların hər hansı birinə xarici müdaxilə olacağı halda digər respublika ona mümkün hərbi köməyi göstərməsi idi. Bu sazişin imzalanması həmin dövrdə Azərbaycan dövlət və hökumət rəhbərliyi, habelə siyasətçilər tərəfindən son dərəcə yüksək qiymətləndirildi. 1919-cu il iyunun 27-də Parlamentin fövqəladə iclasında həmin saziş ratifikasiya olundu. Sazişdən əlavə, iki dövlət arasında hərbi-texniki əməkdaşlıq haqqında sənəd də imzalandı. Həmin sənədə müvafiq olaraq, Gürcüstan həm hərbi-texnika və sursat baxımından, həm də kadrların hazırlanması baxımından Azərbaycana dəyərli kömək göstərdi. İki ölkə arasında hərbi əməkdaşlığın uğurlu davamı kimi 1920-ci il yanvarın 20-də Azərbaycan və Gürcüstanın müştərək Hərbi Şurası təsis edildi. Azərbaycan tərəfindən bu şuraya Hərbi nazirin köməkçisi general-leytenant Əliağa Şıxlinski və Baş Qərargah rəisi general-leytenant Məmməd bəy Sulkeviç, Gürcüstan tərəfindən isə general Odişelidze və general Kutatelidze təyin edilmişdir.[10][11][12]
Qarşılıqlı hərbi əməkdaşlığın yüksək səviyyədə qurulması üçün Gürcüstanda Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Attaşeliyi də təsis edildi. 1919-cu il martın 26-da Hərbi nazir tam artilleriya generalı Səməd bəy Mehmandarov 148 nömrəli əmri ilə o zaman Hərbi Nazirliyin Hərbi topoqrafiya şöbəsinin rəisi olmuş podpolkovnik Məmməd bəy Əliyevi bilavasitə Ordunun Baş Qərargah rəisinə tabe olmaqla, Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı Diplomatik Missiyasında Hərbi Attaşe vəzifəsinə təyin etdi. İkitərəfli hərbi əlaqələr üçün Hərbi Atteşelik aparatının vacibliyini bilən Hərbi nazir tam artilleriya generalı Səməd bəy Mehmandarov 27 may 1919-cu ildə 271 nömrəli digər əmri ilə isə Gəncə Praporşiklər məktəbini fərqlənmə ilə bitirmiş praporşik (Cümhuriyyət dövründə ilkin zabit hərbi rütbəsi) Əsgər Əsgərov-Kəngərlinskini Gürcüstan Respublikasındakı Diplomatik Missiyada Hərbi Attaşenin tapşırıqçısı vəzifəsinə təyin edir (Sonralar praporşik Əsgər Əsgərov-Kəngərlinski Sovet dövründə 1921-ci ilin iyulundan 1922-ci ilin iyununa kimi Türkiyədəki Azərbaycan Sovet Respublikasının Diplomatik missiyasında Hərbi attaşe vəzifəsində xidmət etmiş və Diplomatik Missiya bağlanarkən "Azərbaycanın Faciəsi" adlı əlyazmasına görə Sovet xüsusi xidmət orqanları tərəfindən cəzalandırılması üçün konvoyla geri gətirilərkən qaçmış və böyük ehtimalla Türkiyədə gizlənmişdi).[13]
Gürcüstanda Hərbi Attaşeliyin təsis edilməsi bütünlükdə Azərbaycanın hərbi diplomatiya tarixində yeni bir səhifə idi. Çünki bu Hərbi Attaşelik Azərbaycanın müstəqilliyi dövründə ilk Hərbi attaşeliyi idi. Həmin Attaşeliyin səmərəli fəaliyyəti nəticəsində həm Gürcüstandan Azərbaycan Ordusunun təchizatı üçün zəruri olan xeyli sayda silah və hərbi texnika almaq, həm də həmin ölkənin hərbi məktəblərində xeyli sayda Azərbaycan zabitinin müəyyən ixtisaslar üzrə təkmilləşdirilməsi mümkün oldu.[14] Digər tərəfdən də qarşılıqlı şəkildə imzalanmış sazişə uyğun olaraq, Azərbaycanın şimal sərhədlərinin, Abşeronun və Bakının müdafiə sisteminin yaradılmasına təcrübəli gürcü zabitləri cəlb edildilər. Qarşılıqlı razılaşmaya əsasən, gürcü zabitləri döyüş əməliyyatlarında iştirak etmədən Azərbaycan Ordusu sıralarında xidmət etmək imkanı da əldə etdilər. Qeyd etmək lazımdır ki, Azərbaycan Ordusu sıralarında xeyli sayda gürcü zabiti xidmət etmişdir. Onlardan ikisi, Azərbaycan Ordusunun general-kvartirmeysteri polkovnik Karqaleteli və Hərbiyyə məktəbinin rəisi polkovnik Çxeidze Azərbaycan hökumətinin qərarı ilə nümunəvi xidmətlərinə görə general-mayor rütbəsinə layiq görülmüşdülər.[15]
Gürcüstanla imzalanmış sazişə əsasən, qarşı tərəfə zərurət yarandığı anda Azərbaycan tərəfindən hərbi kömək göstərilməsi üçün konkret plan və onun icrası üçün hərbi qüvvə və vəsaitlər müəyyənləşdirilmişdi. Arxiv sənədlərindən aydın olur ki, həmin sazişə əsasən, 1920-ci ilin yanvarında Hərbi Nazirlik Gürcüstana hərbi müdaxilə olduğu zaman göndəriləcək qoşun hissələri barədə məxfi hesabat hazırlamışdır.
Həmin hesabata əsasən, Azərbaycan tərəfindən Gürcüstan ərazisinə göndəriləcək və Gürcüstanın hərbi komandanlığının tabeliyinə veriləcək hərbi hissələr aşağıdakı kimi təyin olunmuşdu: 1-ci piyada diviziyasından: 1-ci Cavanşir alayı — Xankəndidən, 2-ci Zaqatala alayı — Zaqataladan, 3-cü Gəncə alayı — Gəncədən, 1-ci artilleriya briqadası — 1-ci və 4-cü batareya Xankəndidən, 2-ci və 3-cü batareya Gəncədən, diviziyanın qərargahı Gəncədən.
Süvari diviziyasından: 1-ci Qarabağ alayı — Xankəndidən, 3-cü Şəkı alayı — Gəncədən, Süvari-dağ batareyası — Gəncədən. 2-ci Zaqatala alayı Çnoris-Çkali stansiyasına Katexi-Bostan və ya Balakən-Laqodexi yaşayış məntəqələrini qət etməklə çatmalı, digər hərbi hissələrin isə Gəncə-Tiflis dəmir yolu vasitəsi ilə daşınması hesabatda göstərilmişdir. Gürcüstan tərəfi də eyni qayda ilə Azərbaycan tərəfinə hərbi müdaxilə edildiyi təqdirdə hesabata uyğun hərbi hissələr göndərməyi öz öhdəliyinə götürmüşdü. Lakin 1920-ci ilin aprelində bolşevik işğalı o qədər sürətlə baş verdi ki, Gürcüstandan hərbi kömək almaq imkanı olmadı. Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin əsas hərbi qüvvələri Qarabağda Ermənistan hərbi qüvvələrinin hərbi təcavüzünün qarşısının alınmasına göndərilmişdi. Ona görə də şimal sərhədləri, demək olar ki, müdafiəsiz qalmışdı.
Cümhuriyyət dövrünün hərbi diplomatiyasının tarixinə yazılacaq maraqlı hadisələrdən biri də hərbi təchizat əldə edilməsi üçün Hərbi Nazirliyin nümayəndə heyətinin Avropaya səfər etməsi idi. 1919-cu il oktyabrın 20-də Azərbaycanın Hərbi naziri tam artilleriya generalı Səməd bəy Mehmandarovun tapşırığına əsasən, Hərbi Nazirlik nümayəndələri, başda 2-ci Azərbaycan piyada diviziyasının komandiri general-mayor İbrahim ağa Usubov olmaqla, hərbi ləvazimat idarəsindən kollej asessoru (çar Rusiyasında mülki rütbə) Xanbudaqov İtaliyanın Roma şəhərinə ikitərəfli əlaqələrin yaradılması və hərbi ləvazimatların alınması məqsədi ilə səfər etmişdi. Nümayəndə heyəti İtaliyanın Müdafiə Nazirliyi ilə ikitərəfli əlaqələrin yaradılmasına nail olmağa çalışsalar da, İtaliya Müdafiə Nazirliyi belə əməkdaşlığa meyilli olmamışdır. Bu məqsəd ilə general-mayor İbrahim ağa Usubov Hərbi nazir tam artilleriya generalı Səməd bəy Mehmandarovun tapşırığına əsasən, İtaliyanın hərbi ləvazimat hazırlayan "Kiano Qella Komp" şirkəti ilə 1919-cu ilin 23 noyabr tarixində Roma şəhərində Azərbaycan Ordusu üçün 25 min dəst, yüksək rütbəli zabitlər üçün isə əlavə 500 dəst, onlardan böyük ölçü 20%, orta ölçü 50% və kiçik ölçü isə 30% olmaq şərti ilə hərbi geyim (piyada botinkası, üst geyim mundir dəsti, ağ sarğı, qış paltosu və ayaq sarğısı) hazırlanması məqsədi ilə müqavilə imzalanmışdı. Müqavilənin şərtlərinə görə, göstərilən əmlakın 1919-cu ilin 20 dekabr tarixinədək çatdırılması planlaşdırılsa da, lakin həmin əmlak 1920-ci ilin aprelində Bakıya çatdırıldı. Bakının XI Qızıl ordu tərəfindən işğalı ərəfəsində milli ordunun hərbi hissə komandirləri bolşeviklərin əlinə keçməməsi məqsədi ilə İtaliyadan gətirilmiş bütün geyim ləvazimatlarını şəxsi heyətə paylamış olsalar da, o zaman Hərbi və Dəniz Komissarı olmuş Çingiz İldırımın əmri ilə bütün ləvazimatlar şəxsi heyətdən geri alınaraq XI Qızıl ordunun zabit və əsgər heyəti tərəfindən kortəbii şəkildə mənimsənilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə formalaşmış hərbi diplomatiya Azərbaycanın hərb tarixinin və Azərbaycanın hərbi diplomatiya tarixinə qızıl hərflərlə yazılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi diplomatiyasından qaynaqlanan ənənələr bu gün də uğurla Müdafiə Nazirliyi tərəfindən davam etdirilməkdədir.[16][17][18]
Hərbi Nazirliyin rəhbərliyi 1918-ci ilin dekabrında bildirirdi ki, fərariliyin əsas səbəblərindən biri çağırış orqanlarının fəaliyyətinin düzgün qurulmaması ilə bağlıdır.[19] Xidmətə yalnız rüşvət verib canlarını qurtara bilməyən şəxslər çağırılırdılar və bunun nəticəsi idi ki, qoşun hissələrində bir nəfər də olsa imkanlı adamın övladı yox idi. Yalnız Praporşiklər məktəbində imkanlı adamların övladlarına rast gəlmək olardı ki, onlar da öz arzuları ilə təhsil almağa gəlmişdilər. Hərbi mükəlləfiyyətin əsas ağırlığı isə kasıbların üzərinə düşürdü.[20]
1918-ci il dekabrın 25-də S.Mehmandarov hərbi xidmətə çağırışın yaxşılaşdırılması münasibətilə xalqa müraciət etdi. Həmin müraciət həm rus dilində, həm də Azərbaycan dilində çap edilərək əhali arasında yayıldı. Müraciətdə S.Mehmandarov türk qoşunlarının Azərbaycanda olduğu vaxt çağırış işində yol verilən nöqsanlara, hissələrdə əsgərlərə qarşı fiziki güc tətbiq edilməsinə, ağır məişət şəraitinə toxunmaqla bərabər, onların aradan qaldırılması üçün qətiyyətli tədbirlərin həyata keçirilməsinə başlanmasını vurğulayırdı: "İndi isə qoşun düzəltməyi öz öhdəmə götürmüşəm və cəmi vətəndaşları — istər fağır, istərsə də dövlətlini əsgərliyə çağırıram. Hər kəs ki, bir dövlətli uşağını qələmdən salıb azad etsə də, böyük cəzaya düçar olacaqdır və burası da məlum olsun ki, əsgərlər yaxşı geyinəcəklər və yeməklərinin də yaxşı olmağına mən çox çalışıram. Otaqları isti olacaq və hər bir əsgər üçün ayrı yorğan-döşək hazırlatmışam".[19][21]
Həyata keçirilən bütün bu tədbirlər Azərbaycan Ordusunun yeni-yeni hissələrinin təşkilinə imkan verirdi. 1919-cu ilin əvvəllərində bu sahədə xeyli fəallıq duyulurdu. 1919-cu ilin yanvarında Gəncədə olan təlim taboru ləğv edildi və o, Gəncə alayının 2-ci taboruna çevrildi. Elə həmin ilin yanvarında bir zirehli qatarın şəxsi heyəti komplektləşdirilmişdi. Nazirlər Şurasının 1919-cu il 22 yanvar tarixli qərarı ilə Azərbaycan Korpusunun qərargahı ləğv edilərək onun zabitləri Hərbi Nazirliyin aparatına cəlb edildi, bir çoxu isə qoşunlarda xidmətin təşkilinə göndərildi. Qoşunların sayının artması ilə Ümumi Qərargahın tərkibində olan Ləvazimat şöbəsi də 1919-cu ilin əvvəllərində Ləvazimat İdarəsinə çevrilərək birbaşa hərbi nazirin tabeçiliyinə keçmişdi.[19][20]
1919-cu il yanvarın 10-da Hərbi Nazirlikdə Müvəqqəti Hərbi Şura yaradıldı. Hərbi Şuranın Əsasnaməsi və daimi tərkibi təsdiq edilənə kimi Müvəqqəti Hərbi Şura hərbi qanunvericilik və hərbi idarəetmə sahəsində mühüm məsələlərin müzakirəsi və müvafiq qərar qəbul edilməsi ilə məşğul olmalı idi. Onun tərkibinə piyada və süvari diviziyalarının rəisləri, Ümumi Qərargahın rəisi, Topçu, Ləvazimat və İstehkam idarələrinin rəisləri, general-kvartirmeyster, növbətçi general və tapşırıq generalı daxil idi. Hərbi Şuranın iclasları hərbi nazirin, ya da onun müavininin sədrliyi ilə keçirilməli idi. Nazirliyin digər idarə və xidmət rəisləri onların xidmətlərinə aid olan məsələlərin müzakirəsi zamanı müvəqqəti Hərbi Şuranın iclaslarına dəvət edilə bilərdi. Ordu quruculuğu daim inkişafda olan bir proses kimi götürülürdü. Bu inkişafa uyğun olaraq, ordunun strukturunda, idarəetmə orqanlarında müvafiq dəyişikliklər aparılır, ordunun möhkəmlənməsinə, döyüş hazırlığı səviyyəsinə, qoşun hissələrinin praktiki fəaliyyətinin yaxşılaşmasına təsir göstərə biləcək bütün amillər mütəmadi olaraq nəzərdən keçirilir və onların ən səmərəli cəhətlərinə üstünlük verilirdi.[22]
Bunun nəticəsi kimi, 1919-cu ilin martında Azərbaycan Ordusunun idarəetmə orqanlarında mühüm bir keyfiyyət dəyişikliyi meydana gəldi. Hərbi nazirin əmri ilə martın 26-da Baş Ərkanı-Hərb (Generalnıy ştab) təsis edildi və general-leytenant Məmməd bəy Sulkeviç bu orqanın rəisi təyin edildi. S.Mehmandarov bu strukturun yaradılmasını onunla əlaqələndirirdi ki, Ümumi Qərargah (Qlavnıy ştab) qoşunların həm təlim-tərbiyəsi, ordunun müharibəyə hazırlaşdırılması, həm də ordunun təsərrüfat məsələləri və gündəlik qayğıları ilə eyni vaxtda səmərəli məşğul ola bilmir. Ordu böyüdükcə onun təsərrüfat məsələləri, təchizat və təminat qayğıları da artırdı. Ona görə də ordunun təlim-tərbiyəsi, döyüş hazırlığı, müharibəyə hazırlaşdırılması və s. kimi vəzifələr yeni yaradılan Baş Ərkani-Hərbin səlahiyyətinə, təsərrüfat və təminat məsələləri isə Ümumi Qərargahın səlahiyyətinə verildi. General-leytenant M.Sulkeviç Baş Ərkani-Hərbin rəisi təyin edildikdən sonra ordu hissələrinin formalaşması daha ahəngdar xarakter aldı. Yəni, 2-ci Bakı piyada alayının formalaşdırılması sürətləndirildi, 3-cü Şəki süvari alayının təşkili tezliklə başa çatdırıldı. Azərbaycan hökumətinin Azərbaycan xalqının idarəsini əks etdirdiyinə əmin olan müttəfiq dövlətlərin hərbi komandanlığı 1919-cu il aprelin əvvəllərində milli qoşun hissələrinin az saylı kontingentinin Bakıda da yerləşdirilməsinə icazə verdi. Martın 31-də hərbi nazirin əmri ilə Bakıda yerləşəcək hissə və bölmələr dəqiqləşdirildi. Həmin qüvvələrə bir piyada taboru, 400 nəfərlik süvari və bir topçu batareyası daxil idi. Bütün bu qüvvələrə 1-ci Tatar süvari alayının komandiri polkovnik Ağalarov rəhbərlik edirdi. Polkovnik Ağalarova Bakı qarnizonunun rəisi vəzifəsi də həvalə olunmuşdu. Aprelin 5-də həmin qüvvələr Bakıya daxil oldu və Salyan kazarmalarında yerləşdirildi.[23]
Bakıya Azərbaycan qoşun hissələrinin daxil olması münasibətilə hərbi nazir S.Mehmandarov da Bakıya gəldi. Şəhər əhalisi Azərbaycan Ordusunun qoşun hissələrini çox böyük təntənə ilə qarşıladı. 1919-cu ilin yayında və payızında Azərbaycan Ordusu hissələrinin formalaşdırılması böyük sürətlə davam etdirildi. Bu dövr qoşun hissələrinin yaradılmasında ən məhsuldar dövr sayıla bilər. İngilis qoşunlarının Azərbaycan ərazisini tərk etməsinə başlaması ilə 1919-cu ilin iyunun son günləri və iyulun əvvəllərində Hərbi Nazirliyin rəhbər orqanları yenidən Bakıya köçürüldü. Hərbi Nazirliyin aparatı, Ümumi Qərargah və Baş Ərkani-Hərb Bakıda Krasnovodsk və Merkuri küçələrinin (indiki S.Vurğun küçəsi ilə və Azərbaycan prospektinin) kəsişməsindəki binada yerləşdirildi.[24][25][26]
1919-cu ilin payızında təşkil edilən ən əhəmiyyətli hərbi strukturlardan biri Bakı istehkamat hissəsi (Bakinskiy ukrepleniy rayon) idi. Bu strukturun yaradılmasında başlıca məqsəd şimaldan, xüsusən dənizdən ehtimal olunan Denikin təhlükəsinin qarşısını almaq və bütünlüklə Bakının etibarlı müdafiəsini təşkil etmək idi. Bu məsələ ilə bağlı hərbi nazir S.Mehmandarovun yazdığı raport 1919-cu il sentyabrın 13-də Dövlət Müdafiə Komitəsinin iclasında müzakirə edildi və nazirin qaldırdığı vəsatətin məqsədəuyğunluğu barədə qərar qəbul olundu. Qərarda Bakı istehkamat hissəsinin rəisi vəzifəsini təsis etmək, bu vəzifəni şəhərin hərbi general-qubernatoru vəzifəsi ilə birləşdirmək, Bakı şəhər rəisliyi ərazisini ona tabe etmək əksini tapmışdı.[27]
Ümumiyyətlə, ordu quruculuğu istiqamətində aktuallıq kəsb edən məsələlərə operativ yanaşılması baxımından Dövlət Müdafiə Komitəsinin yaradılması hökumət tərəfindən qəbul edilmiş əhəmiyyətli qərarlardan biri idi. Nazirlər Şurasının sədri tərəfindən sədrlik edilən bu orqan reqlament gözləmədən zərurət yarandıqca vaxtaşırı çağırılır və lazımi qərarlar qəbul edilirdi. Ölkənin müdafiəsinin təşkili ilə bağlı ali dövlət orqanı olan Dövlət Müdafiə Komitəsi fəaliyyətində iki cəhəti üzvi şəkildə birləşdirirdi. Bu orqan hərbi quruculuq sahəsində həm zəruri olan qərarları qəbul edir, həm də özü bu qərarların icrasını təşkil edirdi.[28]
Ölkədə hərbi quruculuğun praktiki məsələlərinin reallaşdırılmasında Nazirlər Şurasının özünün də xüsusi yeri var idi. Respublikanın müdafiəsinin gücləndirilməsi üçün Nazirlər Şurası həm ölkənin daxili imkanlarını səfərbərliyə alır, həm də fəal xarici siyasət yeridirdi. Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, müdafiə qabiliyyətini gücləndirmək, onun ərazi bütövlüyünün toxunulmazlığına nail olmaq həyata keçirilən xarici siyasətin aparıcı xəttini təşkil edirdi. Bu baxımdan həm müttəfiq dövlətlər, həm nüfuzlu dünya dövlətləri ilə, həm də yaxın qonşularla qarşılıqlı əlaqələrin qurulmasına cəhd göstərildi. Başlıcası isə Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlıq gücləndirildi və bu əməkdaşlığı nizamlayan hüquqi baza kimi iki respublika arasında 1919-cu il iyunun 16-da hərbi saziş imzalandı. Sazişi Azərbaycan hökuməti tərəfindən xarici işlər naziri M.Cəfərov, hərbi nazir S.Mehmandarov və Baş Ərkani-Hərbin rəisi M.Sulkeviç imzalayıblar. Tiflisdə üç il müddətinə imzalanmış həmin sazişin əsas mahiyyəti bundan ibarət idi ki, respublikaların hər hansı biri xarici müdaxiləyə məruz qalacağı tədbirdə digər respublika ona mümkün köməyi göstərməlidir. Müqaviləyə əsasən, iki həftə ərzində Ermənistana da bu sazişə qoşulmaq hüququ verilirdi. Ancaq Azərbaycan torpaqlarına göz dikən Ermənistan bu müqaviləyə qoşulmadı.[29]
Bu sazişdən əlavə iki dövlət arasında hərbi-texniki əməkdaşlıq haqqında da sənəd imzalandı. Həmin sənədə müvafiq olaraq, Gürcüstan həm hərbi texnika və sursat baxımından, həm də kadrların hazırlanması baxımından Azərbaycana dəyərli kömək göstərdi. Bu respublikadan gətirilmiş olan silah, sursat və təchizat Azərbaycanın qoşun hissələrini, o cümlədən şimal sərhədini qoruyan qoşun bölmələrinin maddi-texniki imkanlarını xeyli yaxşılaşdırdı. 1919-cu ilin avqustunda kifayət qədər formalaşmış hərbi hissələr Lənkəran bölgəsinin Azərbaycan hökumətinə tabe olmayan qüvvələrdən təmizlənməsi üzrə ilk irimiqyaslı döyüş tapşırığının yerinə yetirilməsində iştirak ediblər. Bu barədə Hərbi Nazirlik Azərbaycan hökumətindən hələ 1919-cu il iyulun əvvəllərində göstəriş almışdı. Həmin vaxt bölgədə nəzarət bolşevik qüvvələrinin əlində idi. Lakin onların elan etdikləri "Muğan Sovet Respublikasının" ömrü uzun olmadı. Ağqvardiyaçı rus zabitlərinin rəhbərliyi altında olan qüvvələr iyulun 24–25-də Lənkəranın mühüm obyektlərini yenidən nəzarət altına aldılar. İyulun 26-da Prişibdə özlərinin qurultayını çağıran ağqvardiyaçılar bölgədə öz hakimiyyətlərini bərpa etdiklərini bildirdilər. Bu qüvvələri bölgədən sıxışdırıb çıxarmaq və Azərbaycan Xalq Cümhuriyyətinin səlahiyyətlərini bərqərar etmək üçün Lənkəran dəstəsi yaradıldı. 1919-cu il avqustun əvvəllərində Lənkəran dəstəsi artıq formalaşdırılmış və hərəkət üçün müəyyən hazırlıq görülmüşdü. Bununla bağlı avqustun 4-də hərbi nazir müvafiq əmr imzaladı. Həmin əmrlə dəstənin komandanlığı Ümumi Qərargahın rəisi, general-mayor Həbib bəy Səlimova həvalə olundu və ona Hacıqabul, Salyan, Pokrovsk, Prişib və Lənkəran marşrutu ilə Lənkəran qəzasına hərəkət etmək və orada qayda-qanunu bərqərar etmək tapşırılmışdı.[30][31]
Dəstənin tərkibinə 5-ci Bakı piyada alayı, 3-cü Şəki süvari alayı, 2-ci yüngül topçu, 6-cı dağ topçu və əlahiddə haubitsa batareyaları, istehkam və zirehli maşınlar taqımları daxil idi. Hacıqabulda toplaşan Lənkəran dəstəsi avqustun 13-də Lənkərana doğru hərəkətə başladı. Dəstənin qarşısına qısa müddətdə bölgədəki silahlı qüvvələri tərk-silah etmək vəzifəsi qoyulmuşdu. Dəstənin qətiyyətli və çevik fəaliyyəti ilə sentyabrın 3-də bu vəzifə müvəffəqiyyətlə yerinə yetirildi və bölgədəki rus qüvvələri tərk-silah edildi. Hərbi nazir S.Mehmandarov Lənkəran dəstəsinin fəaliyyətinin nəticələri ilə bağlı 1919-cu il 19 sentyabr tarixli 420 saylı əmr imzaladı. Əmrin ikinci bəndində deyilirdi: "Lənkəran şəhərinin tutulması, həmin rayonda qayda-qanunun bərpa edilməsi və Azərbaycan hökumətinin təsdiq edilməsi üçün mənim tərəfimdən Lənkərana Ümumi Qərargah rəisi, general-mayor Səlimovun komandanlığı altında üç qoşun növündən ibarət xüsusi dəstə təchiz edilib göndərilmişdi. Hacıqabuldan Lənkərana və geriyə olan 430 verstlik məsafəni güclü istidə bizim gənc ordumuz xəstələr və arxada qalanlar olmadan 15 günə qət edib. Bütün yürüş ərzində dəstədə qayda-qanun pozulmayıb, yerli sakinlərdən heç birinə kiçik bir ziyan da vurulmayıb. Yolboyu şəhər və kəndlərin əhalisi dəstənin zabit və əsgərlərinin nəzakətli davranışlarını böyük minnətdarlıqla qeyd edirdilər. Mən buna dəstənin Lənkərandan getməsindən sonra şəxsi səfərim zamanı əmin oldum. Hamıda əsl hərbi görkəmi və nümunəvi nizam-intizamı ilə güclü təəssürat yaradan dəstə zəngin hərbi qənimətlə Lənkəran qəzasını və Muğanı əzizimiz Azərbaycanın ağuşuna qaytardı, zülmdən və anarxiyadan əziyyət çəkən əhalini sakitləşdirdi və əmin-amanlığı təmin etdi. Bütün bunlar bir damla qan tökülmədən həyata keçirildi.[32]
Tərk-silah zamanı əhalidən və Muğan qüvvələrindən 22 top alındı. Həmin topların 20-si tam işlək, 2-si sökülmüş vəziyyətdə idi. Bundan başqa, 25 ədəd tam işlək pulemyot və 7 ədəd işləməyən pulemyot toplanmışdı.[33]
Lənkəran dəstəsinin cənub bölgəsində fəaliyyəti ərzində yuxarıda göstərilən silahlardan başqa Muğandakı qüvvələrdən və rus əhalisindən 517 berdanka tüfəng, 93 türk tüfəngi, 382 ov tüfəngi, 289 ədəd müxtəlif silahlar, 36 süngü, 670 ingilis patronu, 12 min 454 berdanka patronu, 26 səhra bombası, 3 aeroplan bombası, 15 qılınc və 40 xəncər alınmışdı. Bütün bu silahlar sonradan Lənkəranda təşkilinə başlanan köməkçi tabora təhvil verilmişdi. 1919-cu ilin sentyabrında Bakı hərbi limanının, təyyarə dəstəsinin, zirehli avtomobillər taqımının, mövqe batareyasının ştatlarının hazırlanmasına başlandı. Sentyabrın 14-dən təyyarə dəstəsinin və zirehli avtomobillər dəstəsinin, sentyabrın 24-dən mövqe batareyasının, oktyabrın 1-dən isə "Astarabad" hərbi gəmisinin ştatları qüvvədə sayıldı. 6-cı Göyçay piyada alayının formalaşdırılması da böyük sürətlə aparılırdı. Qışlıqların çatışmaması, geyim, ərzaq çətinliklərinin olmasına baxmayaraq, 1919-cu il oktyabrın sonuna qədər alayın təşkili demək olar ki, başa çatdırıldı. Formalaşma prosesinin necə getməsi barədə hissə komandirləri mütəmadi olaraq hesabat verirdilər. Həmin hesabatlar həm diviziya komandirinə, həm Ümumi Qərargaha, həm də Baş Ərkani-Hərbə göndərilirdi. Hissə komandirləri komplektləşmənin, silah və texnika ilə təchizatın vəziyyəti, işlək silahların miqdarı, xarab silahların bərpası, şəxsi heyətin əhval-ruhiyyəsi, ərzaq, geyim və tibbi vəziyyəti, təlim-tərbiyənin gedişi, fərariliyin vəziyyəti, qoşunların yerləşdirilməsi və sənədləşmənin aparılması barədə yuxarı orqanlara məlumat verməli idilər. Bütün bu məsələləri özündə birləşdirən xüsusi hesabat forması hazırlanmışdı ki, onların öyrənilməsi rəhbər orqanlara formalaşma prosesini daimi nəzarət altında saxlamaq imkanı verirdi. 1919-cu ilin sonuna kimi Lənkəran köməkçi (ehtiyat) taboru alaya çevrilərək 7-ci Şirvan alayı adlandırıldı, Bakı istehkamat hissəsinin müdafiə taboru yaradıldı, süvari, piyada alaylarının, əlahiddə taborların və hərbi məktəbin döyüş bayraqlarının təsviri təsdiq edildi.[34]
1919-cu ilin sonlarından etibarən qoşun hissələri, əlahiddə taborlar və hərbi məktəb üçün döyüş bayraqlarının tətbiqinə başlandı. Bu bayraqlar da milli dəyərlər əsasında hazırlanmışdı və onun verildiyi hissənin Azərbaycan Ordusuna məxsusluğunu təsdiq edirdi. Bayraqlar eyni təsvirə malik idilər. Onların layihəsinin hazırlanması nazirliyin hərbi topoqrafiya şöbəsinə tapşırılmışdı. Həmin layihə hazırlanarkən milli simvolların istifadəsinə, milli ənənələrə bağlı müəyyən elementlərin tətbiqinə xüsusi diqqət yetirilmişdi.
Döyüş bayrağı — parça, lent, ucluq, ağac və dəstəkdən ibarət idi. Parça gümüşü saçaqlarla tamamlanan, kənarlarına naxış vurulmuş mavi rəngli stof ipəkdən və atlasdan ibarət idi. Bayrağın o biri üzünün naxışı görünməsin deyə parça ikiqat bükülmüşdü. Yuxarı sol küncündə gümüşü saplarla səkkizguşəli ulduz və aypara çəkilmişdi. Bayrağın kənarı ilə işlənmiş naxış Şərqin böyük sərkərdəsi Əmir Teymurun Səmərqənd şəhərindəki qəbrinin üzərində olan təsvirdən götürülmüşdü və Azərbaycan Ordusunun döyüş bayrağında Şərqin qəhrəmanlıq ənənələrinə sadiqliyini təcəssüm etdirirdi. Bayrağın bir üzündə ərəb hərfləri ilə "Azərbaycan" sözü, o biri üzündə isə Qurandan ayə — "Nəsri min Allah və fəthi qərib" (Allahdan kömək olarsa qələbə yaxındadır) yazılmışdı. Bayrağın lentləri 15 santimetr enində yaşıl və qırmızı parçadan hazırlanmışdı və ucluqları 10 santimetr uzunluğunda saçaqlarla tamamlanmışdı. Qırmızı lentin üzərində gümüşü saplarla 7 ox olan ox qabı, nizə və iki yay çəkilmişdi. Yaşıl lentin üzərində də gümüşü saplarla içində 7 ox olan ox qabı, iki yay, boncuq və Əmir Teymurun nizəsinin rəsmi işlənmişdi. Lentlər bayraq ağacının yuxarısına düyünlənirdi. Bayrağın ucluğu 5 hissədən ibarət idi: klnus, silindr, kürə (şar), kəsik elliposid və nizə. Bayraq ağacı 2,6 metr uzunluğunda və 3,7 santimetr diametrində olmalı idi. Dəstək gümüşü silindrdən ibarət olub, bayraq ağacının qurtaracağına taxılırdı. Dəstəyin aşağı və yuxarı qurtaracağı 2,5 millimetrlik qızılı haşiyə ilə əhatə edilmişdi. Daha sonra 1,5 millimetr enində qızılı haşiyə ilə tamamlanmış mavi mina var idi. Qızıl haşiyənin arasında yuxarı künclərdə Azərbaycan ulduzları nəqş olunmuş, aşağı künclərdə isə qızıldan aypara ziqzaq, daha sonra bayrağın rəngləri ilə boyadılmış, kürəciklərlə bəzədilmiş qabarıq gümüşü halqadan keçirdi. Dəstəyin gümüşü hissəsində bayrağın məxsus olduğu hissənin adı və həmin hissənin yaranma tarixi həkk edilmişdi.
Döyüş bayrağının təsvirinin elan edilməsi ilə bağlı nazirin əmrində deyilirdi ki, təsdiq olunmuş layihənin əsasında indiki dövrdə xalqın milli şüurunun inkişafı, məscid və kitablarda, habelə Əmir Teymur və onun davamçıları tərəfindən inşa edilmiş tikililərdə əks olunmuş qədim memarlıq nişanələri dayanmışdı ki, onlar indi 8-ci Ağdaş piyada alayının və Zəngəzurda yerli əhalidən ibarət xüsusi hərbi hissələrin formalaşdırılması ilə başa çatdırıldı.[35]
Bütün bu təşkilatı işləri həyata keçirməklə Hərbi Nazirlik 1919-cu ilin sonunadək Azərbaycan Ordusunun şəxsi heyətinin sayını 5 min nəfərə çatdırmalı idi. Nəzərdə tutulmuşdu ki, ilin sonunadək atların sayı 10 min baş olacaq. Ordunun sayının il ərzində iki dəfə artırılmasına nail olmaq üçün 1920-ci ilin elə ilk günlərindən çox geniş quruculuq işlərinin aparılması planlaşdırıldı. Tərtib edilmiş fəaliyyət planına görə il ərzində aşağıdakı hissələr yaradılmalı idi: — 9-cu piyada alayı; — 9-cu piyada alayının yaradılması ilə 3-cü piyada diviziyasının qərargahı təşkil edilməli, 7-ci Sirvan, 8-ci Ağdaş və 9-cu piyada alayları bu diviziyaya tabe etdirilməli idi; — 4-cü süvari alayı;[36][37][38] — iki haubitsa batareyası; — haubitsa divizionunun qərargahı; — bir dağ-süvari batareyası; — dağ-süvari divizionunun qərargahı; — üç batareyadan ibarət yüngül səhra divizionu və onun qərargahı; — hər biri bir bölük həcmində olan dörd məhəlli komanda və hər biri yarım bölükdən ibarət üç məhəlli komanda. Bu məhəlli komandalar səfərbərlik idarələrinin yanında yaradılmalı və çağırışçıların xidmət yerinə çatdırılması ilə məşğul olmalı idi.[39]
Bütövlükdə qısa müddət ərzində döyüşkən və hazırlıqlı ordu yaratmaq mümkün oldu və bu ordunun köməyi ilə 1920-ci ilin Novruz bayramı günlərində Qarabağ ətrafında başlanan kütləvi erməni hərbi təcavüzünün qarşısını almaq mümkün oldu.[40][41]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |