Azərbaycan Xalq Cümhuriyyətinin hərbi dövr üçün qanunların tədbiqi haqqında qərarı — Azərbaycan Xalq CümhuriyyətiHökuməti tərəfindən 1918 il iyunun 23-də qəbul edilmiş sənəd.[1]
Hökumətin Azərbaycan Xalq Cümhuriyyəti ərazisində hərbi vəziyyət elan olunması barədə 1918 il 19 iyun tarixli qərarına əsasən hazırlanmışdı. Qərara əsasən, mövcud mürəkkəb hərbi-yasi şəraitlə əlaqədar ölkə vətəndaşları üçün bir sıra məhdudiyyətlər müəyyənləşdirilirdi. Bəzi cinayət əməlləri (qətl, soyğunçuluq, talan, hakimiyyətə silahlı müqavimət göstərilməsi, qadınların oğurlanması və onlara təcavüz edilməsi, yaşayış binalarının yandırılması, dəmir yolunun, telefon və teleqraf xətlərinin xarab edilməsi və s.) ümumi təhqiqatdan alınaraq, müharibə dövrünün qanunları əsasında mühakimə olunmalı idi. Bu cinayət əməllərini törədənlər hərbi-istintaq komissiyaları tərəfindən məsuliyyətə cəlb edilməli, təhqiqatın nəticələri hərbi məhkəmələrə göndərilməli idi. Bundan əlavə, aşağıdakı əməllərin törədilməsinə qadağa qoyulurdu: milli hissləri və əhalinin müxtəlif təbəqələrini bir-birinə qarşı qızışdıran yalan məlumatların və şayiələrin yayılması; hökumətin fəaliyyəti və qərarları, hərbi hissələrin əməliyyatları haqqında yalan məlumatların yayılması; hakimiyyət orqanlarının razılığı olmadan kütləvi yığıncaqların və mitinqlərin keçirilməsi; müxtəlif odlu silahların, patronların, sursatın, partlayıcı maddələrin gəzdirilməsi, saxlanması və ticarəti. Qərarın elan edilməsindən sonra iki həftə ərzində vətəndaşlar malik olduqları silah-sursatı dövlət orqanlarına təhvil verməli idilər. Qərarın qarşıya oyduğu tələbləri yerinə yetirməyənlərə qarşı cəza tədbirləri də müəyyənləşdirilmişdi.[1]
Göstərilən sənədə iki dəfə əlavə qəbul edilmişdir. 1918-ci il iyulun 15-də imzalanmış birinci əlavə iki bənddən ibarətdir[2]. 1-ci bənddə Hərb Dövrü Üçün Qanunların Tətbiqi Haqqında Nazirlər Şurasının 23 iyun 1918-ci il tarixli qərarına əsasən, müharibə dövrünün qanunları görə mühakimə olunan cinayət əməllərinin sırasına yeniləri də əlavə edilmişdi. Bura dövlət hakimiyyəti əleyhinə üsyan, dövləti xəyanət və güc tətbiq etməklə dələduzluq daxil idi. 2-ci bənddə ƏlahiddəAzərbaycan korpusu məhkəməsinin fəaliyyət normaları dəqiqləşdirilirdi: korpus məhkəməsinin çıxardığı hökm təsdiq üçün korpus komandirinə təqdim olunmalı idi. Korpus komandirinə hökmü dəyişdirmək, müəyyən edilmiş cəzaları yüngülləşdirmək və ya tamamilə ləğv etmək səlahiyyəti verilirdi. Müttəhimlərin əfv ərizələrinə də korpus komandiri baxmalı idi.
Nazirlər Şurasının 1918-ci il iyulun 18-də qəbul etdiyi ikinci əlavədə isə inzibati qaydada cəzalandırılan şəxslərin sırası tamamlanmışdı. Bura ərzaq məhsullarının və ilkin tələbat mallarının qiymətlərinin süni yolla qaldırılmasında, onların gizlədilməsində, satışının dayandırılmasında və ya yuxarıda göstərilən məhsulların satışından imtina edilməsində günahkar bilinən şəxslər də daxil edilmişdi.[3]