Azərbaycan mülki hüququ

Azərbaycan mülki hüququAzərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra RSFSR-in sosialist hüququnun mənimsənilməsi yolu ilə mülki hüquq sisteminin tam əvəz olunması baş verdi. 1923-cü ildə Azərbaycan SSR-də ilk mülki məcəllə qəbul olundu. Məcəlləyə nikah, ailə və qəyyumluq hüququnu əhatə edən bölmələr daxil edilmişdi (digər ittifaq respublikalarında bu münasibətlər ayrı-ayrı məcəllələrlə tənzimlənirdi).

Sovet dövründə Azərbaycanın mülki hüququ digər ittifaq respublikalarının mülki hüququndan mahiyyətcə fərqlənmirdi. İkinci ümumittifaq məcəllələşdirilməsi nəticəsində 1964-cü ildə Azərbaycan SSR-in yeni mülki məcəlləsi qəbul olundu ( bundan sonra–MM Azərbaycan SSR).

Sovet dövrünün Mülki Məcəlləsi mülki hüquq münasibətlərinin subyekti qismində vətəndaşları və hüquqi şəxsləri-dövlət müəssisə, idarə və təşkilatları, kolxozlar, kolxozlararası və kollektiv birlikləri müəyyən edirdi.

Sosialist cəmiyyətində istehsal vasitələri hesabına yalnız dövlət mülkiyyətinin müəyyən olunmasını nəzərə alaraq, Azərbaycan SSR-nin MM-ə uyğun olaraq mülkiyyət sosialist mülkiyyətinə yəni dövlət, kolxoz-kooperativ, həmkarlar ittifaqı və s və vətəndaşların əmək gəlirlərindən təşkil olunan şəxsi mülkiyyətə bölünürdü. Sosialist mülkiyyətindən şəxsi gəlir əldə etmək məqsədi ilə olunmasını qadağan edən xüsusi normalar mövcud idi. MM həmçinin vətəndaşın şəxsi mülkiyyətin həcminin hədlərini müəyyən edirdi.

Azərbaycan SSR-nin MM-nin xüsusi hissəsi müxtəlif növ müqavilələri nəzərdə tuturdu: alqı-satqı, bağışlama, göndərmə, dövlət satın almaları, dövlət sığortası, podrat, daşınma və s. Ayrıca bir bölmə miras institutuna həsr olunmuşdu. Bununla da vərəsələrin iki dərəcəsi müəyyən olundu. Azərbaycan SSR-nin MM-i praktiki olaraq 1964-cü il RSFSR Mülki Məcəlləsi ilə eyni idi.

Hal-hazırda 27 dekabr 1999-cu ildə qəbul olunan və 1 sentyabr 2000-ci ildə qüvvəyə minən Azərbaycanın yeni Mülki Məcəlləsi fəaliyyət göstərir (bundan sonra-Azərbaycanın MM). Azərbaycanın MM-i mülkiyyətin müxtəlif formalarının tanınmasına əsaslanan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini, sahibkarlıq fəaliyyətini, müqavilə münasibətlərini və s. tənzimləyir. Müasir mülki hüquq münasibətlərinin xüsusiyyəti tərəflərin hüquq bərabərliyində və onların bir birinə münasibətdə müstəqil olmasında, müqavilənin bağlanmasında iradə azadlığında, əsasən mülki xarakterli vasitələrin tətbiqi ilə mülki hüquq və vəzifələrin həyata keçirilməsinin hüquqi təminatında özünü göstərir.

Azərbaycanın MM-nin layihəsinin hazırlanmasında əsasən Alman Mülki Məcəlləsinin Pandekt sistemindən, həmçinin MDB-nin iştirakçı dövlətlərinin parlamentlərarası assambleyasında təsdiqini tapmış Model Mülki Məcəllənin quruluşundan istifadə olunmuşdur. İlk növbədə bu tənzimləmə predmetinə struktura, stilistikaya, terminologiyaya və s.aiddir.

Azərbaycanın MM-i şəxsi hüquq münasibətlərinin mülki və ticarət münasibətlərinə bölünməsini nəzərdə tutmur. Məcəllə kommersiya təşkilatlarının status və hüquq münasibətlərini, mülki hüquq münasibətlərinin müxtəlif subyektlərinin təsərüffat öhdəliklərini tənzimləyən müddəaları nəzərdə tutur. Buna görə də Ticarət Məcəlləsinin qəbuluna praktiki olaraq təlabat yoxdur.

Azərbaycanın Mülki Məcəlləsi bir çox münasibətlərdə digər MDB dövlətlərinin mülki hüquq münasibətləri institutları ilə eynilik təşkil etsə də, o əsasən avropa ölkələrinin xüsusən də, 1896-cı il Alman mülki qanunvericiliyini özündə əks etdirir (Azərbaycanın MM-nin hazırlığında həmçinin alman mütəxəssisləri də iştirak etmişlər). Misal üçün, müstəqil əşya hüquq növləri qismində sahiblik, servitut, uzufrukt, girov və ipoteka fərqləndirildi.

Öz quruluşuna görə Azərbaycanın MM-i ümumi və xüsusi hissəyə bölünür. Məcəllə 10 bölmədən, 74 fəsildən və 1325 maddədən ibarətdir. Birinci bölmə giriş müddəaları, ikinci- şəxsləri (subyektləri), üçüncü- əşya hüququnu, dördüncü- əqdlərin bağlanma qaydasını, beşinci-müddətləri, altıncı-öhdəlik hüququnun ümumi hissəsini, yeddinci-müqavilələrdən əmələ gələn öhdəlikləri, səkkizinci- qanundan əmələ gələn öhdəlikləri, doqquzuncu-mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəlikləri, onuncu-vərəsəlik hüququnun tənzimlənməsini əhatə edir.

Mülki hüquq münasibətlərinin tənzimlənməsi MM-dən başqa ayrı-ayrı qanunlarla tənzimlənir: 9 noyabr 1991-ci il “Azərbaycan Respublikasında mülkiyyət” haqqında; 30 aprel 1992-ci il “İcarə haqqında”, 5 yanvar 1993-cü il “Sığorta haqqında”, 5 iyun 1996-cı il “Müəlliflik və əlaqəli hüquqlar haqqında”, 25 iyul 1997-ci il “Patent haqqında”, 3 iyul 1998-ci il “Girov haqqında” və s.

Əlbəttə yeni iqtisadi münasibətlər hüquq sisteminin, xüsusən də mülki və ona yaxın digər hüquq sahələrinin mütəmadi olaraq təkmilləşdirilməsini qanunvericinin üzərinə vəzifə kimi qoyur.

İqtisadi münasibətlərin əsası əsasən müxtəlif mülkiyyət formalarına təminat verən, mülkiyyətin toxunulmazlığını və dövlət tərəfindən müdafiə olunmasını müəyyən edən nisbətən stasionar konstitusion normalarla tənzimlənir (Konstitusiyanın 13-cü maddəsi). Azərbaycanın hüquq sistemində mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsi).

Konstitusiyanın müddəaları ilə yanaşı həmçinin, xüsusi orqanik qanunlar sahibkarlıq fəaliyyətinin azadlığına təminat verirvə bazar münasibətləri subyektlərinin fəaliyyət qaydalarını müəyyən edir. Bu qanunvericilik aktlarına aşağıdakı qanunları misal gətirmək olar: 24 noyabr 1992-ci il “Qi ymətli kağızlar və fond birjaları haqqında”; 15 dekabr 1992-ci il “Sahibkarlıq fəaliyyəti haqqında”; 25 may 1994-cü il “Əmtəə birjası haqqında”; 1 iyul 1994-cü il “Müəssisələr haqqında”; 12 iyul 1994-cü il “Səhmdar cəmiyyəti haqqında” ; 29 noyabr 1994-cü il “Lizinq haqqında”; 13 iyun 1997-ci il “Müflisləşmə və iflas haqqında”; 3 oktyabr 1997-ci il “Reklam haqqında”; 14 iyul 1998-ci il “Qiymətli kağızlar haqqında”; 12 avqust 1998-ci il “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”; 29 dekabr 1998-ci il “Məhdud məsuliyyətli müəssisələr haqqında”; 30 may 2003-cü il “Tənzimlənən qiymətlər haqqında”; 16 yanvar 2004-cü il “Banklar haqqında” və s.

Azərbaycanın enerji bazarı ölkəni xarici investisiyalar üçün maraqlı edir. Buna görə də hüquq sistemi, transmilli xarici şirkətlərin böyük investisiya qoyuluşuna adekvat təminat verməlidir. Bu məqsədlə aşağıdakı qanunlar qəbul olunub: “Xarici investisiyanın qorunması haqqında” 15 yanvar 1992-ci il; “Antiinhisar fəaliyyəti haqqında” 4 mart 1993-cü il; “İnvestisiya fəaliyyəti haqqında” 13 yanvar 1995-ci il; “Maliyyə-sənayə qrupları haqqında” 23 aprel 1996-cı il; “Təbii inhisar haqqında” 15 dekabr 1998-ci il və s. Hal-hazırda parlamentdə sahibkarlıq fəaliyyətinin müdafiəsi sahəsində qanunvericilik məcəllələşdirilir və antiinhisar məcəllə hazırlanır.

Digər keçmiş sosialist dövlətlərində olduğu kimi Azərbaycanda da iqtisadi islahatların əsas tərkib hissəsi olan özəlləşmənin hüquqi əsasını 7 yanvar 1993-cü il “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu təşkil edir. Faktiki vətəndaşlara məxsus olan və dövlətin balansında yerləşən yaşayış yerlərinin özəlləşməsi əvəzsiz əsasla həyata keçirilir. Hal-hazırda praktiki olaraq ikinci özəlləşmə dövrü sona çatmışdır (kiçik müəssisələr) və böyük müəssisələr, səhmdar cəmiyyətlər üçün sənaye obyektlərinin özəlləşdirilməsi açıqdır.

Azərbaycanda tikinti biznesi fəal inkişaf edir. Yaşayış evlərinin, ofis mərkəzlərinin, otellerin, sənaye obyektlərinin, xüsusi evlərin inşası dəqiq hüquqi tənzimləmə tələb edir. 2012-ci ilin iyun ayında parlament tərəfindən “Şəhərsalma və tikinti məcəlləsi” qəbul olundu. Məcəllə obyektlərin, binaların, evlərin və s. tikintisinə icazə alınmasının qaydalarını tənzimləyir. Xüsusi olaraq qeyd olunub ki, 3 mərtəbəli, 12 metrdən hündür olmayan xüsusi evin tikintisinə icazə tələb olunmur, yalnız bildiriş xarakterli qeydiyyat kifayətdir. İnşa olunmuş obyektlərin qeydiyyatı üçün maksimal dərəcədə qısa müddət müəyyən olunub. Bütövlükdə yeni məcəllə şəhərsalmanın baş planına uyğun olaraq Azərbaycanda tikinti prosesinin təşkilinə imkan yaradır.

Aqrar münasibətlərin inkişafına böyük diqqət ayrılır. Aqrar sektorda islahatlar dövrü ərzində iki dəfə 1991-ci və 1999-cu illərdə “Torpaq məcəlləsi” qəbul olunmuşdu. 90-cı ilin ortalarında torpaq islahatı keçirildi, torpaq vətəndaşların mülkiyyətinə onu digər şəxslərə satmaq və vermək hüququ ilə verildi. Hal-hazırda qanunvericilik dövlət, xüsusi və bələdiyyə mülkiyyət formalarının qorunmasına təminat verir. Aqrar sahədə qəbul olunan qanunlar: “Kəndli fermer təsərrüfatı haqqında” 8 aprel 1992-ci il; “Sovxoz və kolxozların islahatları haqqında” 18 fevral 1995-ci il; “Aqrar islahatın əsasları haqqında” 18 fevral 1995-ci il; “Torpaq islahatı haqqında” 16 iyul 1996-cı il; “Kooperasiya haqqında” 7 fevral 1996-cı il; “Torpaq icarəsi haqqında” 11 dekabr 1998-ci il; “Torpaq bazarı haqqında” 7 may 1999-cu il və s.

Azərbaycan MDB-də ilk olaraq yeni bazar münasibətlərinə uyğun olaraq əmək qanunvericiliyinin yenilənməsini başa çatdırdı. Bu sahədə əsas mənbə 1 iyul 1999-cu ildə qəbul olunan Əmək məcəlləsidir. Əmək münasibətləri sahəsində bir sıra digər qanunlar fəaliyyət göstərir: “Əməyin mühafizəsi haqqında” 29 sentyabr 1992-ci il; “Həmkarlar ittifaqı haqqında” 24 fevral 1994-cü il; “Məzuniyyət haqqında” 19 iyul 1994-cü il; “Fərdi əmək mübahisələrinin həlli haqqında” 13 fevral 1996-cı il; “Fərdi əmək müqavilələri (kontraktları) haqqında” 21 may 1996-cı il; “Kollektiv müqavilələr və sazişlər haqqında” 24 may 1996-cı il; “Kollektiv əmək mübahisələrinin həlli haqqında” 15 may 1998-ci il və s.

Yeni əmək qanunvericiliyi sosial-demokratik prinsiplərə əsaslanır və bütövlükdə isə Beynəlxalq Əmək Təşkilatının tələblərinə cavab verir (bundan sonra BƏT).

Əmək qanunvericiliyi hər kəsə əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ verir. Əməyə məcburiyyət qadağandır, əmək müqavilələri sərbəst bağlanılır, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqından az olmayan haqq almaq hüququ vardır. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. Konstitusiyanın 37-ci maddəsinə əsasən hər kəsin istirahət hüququ vardır (8 saatlıq iş günü)

Azərbaycanda pensiya sahəsində islahatlar 2005-2006-cı illərdə həyata keçirildi. 1 yanvar 2006-cı ildə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Yeni qanuna uyğun olaraq pensiya növləri müəyyən olundu: yaşa, əlilliyə və ailə başçısını itirməyə görə. Praktiki olaraq pensiyanın özünün tərkib hissələri dəyişdi. Hal-hazırda pensiya baza, sığorta və yığım hissədən ibarətdir. Bu sistem dövlətə vətəndaşların sosial təminatına daha çevik yanaşmağa, vətəndaşlara isə öz əmək haqqları nəzərə alınmaqla özləri üçün pensiyalarının yığım hissəsini formalaşdırmasına şərait yaradır. Xüsusi əmək qanunvericiliyi ilə həmçinin hərbi qulluqçular, dövlət qulluqçuları, hakimlərin, prokurorların və s, pensiya ödənişlərinin xüsusi qaydası nəzərdə tutulub.

Son zamanlar dövlət ətraf mühitin mühafizəsinə xüsusi diqqət ayırır. Xüsusilə də, 8 iyun 1999-cu il “Ətraf mühitin mühafizəsi haqqında” və “Ekoloji təhlükəsizlik haqqında“ və s. qanunlar qəbul edilmişdir. 26 dekabr 1997-ci il “Su məcəlləsi” 30 dekabr 1997-ci il “Meşə məcəlləsi” də həmçinin təbiəti mühafizə hüququnun əsas mənbələridir.

Azərbaycanda ailə-nikah münasibətləri 28 dekabr 1999-cu ildə qəbul olunmuş Ailə məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikasında ailə dövlətin xüsusi himayəsindədir, analıq, atalıq, uşaqlıq isə qanunla mühafizə olunur. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən irəli gəlir. Nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında kişi və qadın arasında bağlanmış nikah tanınır.Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. 2012-ci ildə son dəyişiklikdən sonra hər iki cins üçün nikah 18 yaş müəyyən olundu.

İnformasiya mübadiləsinin fəallığı, informasiya münasibətlərinin inkişafı, informasiya texnologiyalarının geniş istifadəsi, informasiyanın, informasiyalaşdırmanın, informasiya siyasəti və təhlükəsizliyinin hüquqi cəhətdən vaxtında təmin olunmasını tələb edir.

Bu informasiya və kommunikasiya daşıyıcılarının universal xarakterə malik olmasını nəzərə alaraq,informasiya münasibətlərinin milli qanunvericilikdə hüquqi tənzimlənməsi, beynəlxalq standartların və komparativ siyasətin nəzərə alınmasını tələb edir.

19 iyun 1998-ci ildə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, 9 dekabr 2005-ci ildə “İnformasiya əldə etmək haqqında” qanun qəbul olundu. Bu qanunların məqsədi ayrı olsa da bir-birini qarşılıqlı olaraq tamamlayır. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun informasiya prosesini tənzimləyir. Konstitusyanın 50-ci maddəsini təmin etmək məqsədi ilə “İnformasiya əldə etmək” haqqında qanun isə Azərbaycanda maneəsiz məlumat almanın hüquqi əsasını müəyyən edir.

Bu yolla qanunvericilik hər kəsə ümumi informasiyadan istifadə edilməsinə təminat verir. Azərbaycanda informasiyanın operativ əldə olunması, ötürülməsi və dövlət idarəetməsinin şəffaflığı üçün Elektron Hökumət üzrə qanunvericilik aktlarının layihə paketi hazırlanır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]