Azərbaycan nağılları (Arif Hüseynov)

Azərbaycan nağılları — Azərbaycan rəssamı Arif Hüseynov tərəfindən yaradılmış əsərlər seriyası. Seriyaya daxil olan müxtəlif ölçülü əsərlərdə müxtəlif Azərbaycan nağıl və mif personajları, nağıl səhnələri əks olunmuşdur. Seriyadan olan bəzi əsərlər, Azərbaycan nağılları çoxcildli nəşrinin illüstrasiyası üçün istifadə edilmişdir.

Azərbaycan nağılları

Seriyaya daxil olan əsərlərdən biri
Rəssam Arif Hüseynov
Texnikası qrafika

Seriyaya “Ağ atlı oğlan”, “Cırtdan”, “Nar qız”, “Göyçək Fatma”, “Məlikməmmədin nağılı”, “Ovçu Pirim”, “Dərzi şagirdi Əhməd” və s. nağıllara çəkilmiş rəsmlər daxildir.[1]

Tarixi və təhlili

[redaktə | mənbəni redaktə et]

Sənətşünas Ziyadxan Əliyev qeyd edir ki, Arif Hüseynovun "Azərbaycan nağılları" seriyasından olan əsərləri "milli ədəbi materiala “bədii güzgü” tutaraq, tamaşaçısı-oxucusu ilə çox oxunanların özü qədər koloritli “nağıl dili”ndə danışır."[2] Təsvirdə yorucu nəqliçilikdən qaçan rəssamın nağıl yaradıcılığında rəmz-məcaz sadəcə üslub görüntüsü olmayıb, bilsavasitə onun dünyanı obrazlı dərkidir. Rəmz – məcazın bütöv – tam düşüncə daşıyıcılığı ilə yanaşı, həm də duyulası dərəcədə yığcam-qənaətcil olması da Arif Hüseynovun seçiminin məntiqliliyini təsdiqləyir.[2]

Rəssamın Azərbaycan nağıllarına çəkdiyi illüstrasiyalarda ədəbi mətnin tutumuna müvafiq hadisələrə fantastik baxış bucağı, bədii həllində şaşırdıcı rəng və forma-biçim ifadəsi görünməkdədir. Məkanları və obrazlarıbədii stilizə və şux rəng çalarları ilə əyaniləşdirən rəssam, görünənlərin miniatür estetikasına yaradıcı münasibətin uğurlu nəticəsi olduğuna tamaşaçısını-oxucusunu inandırır.[1]

Jurnalist Lalə Azəri qeyd edir ki, "Arif Hüseynovun "Azərbaycan nağılları" seriyasından olan əsərlərində nağılların təsviri, koloriti detallarla zəngindir. İncəliklə işlənmiş ornamentlər, miniatürlər – nöqtə mirvarilərlə və digər qrafik elementlərlə xırdalanır və bütövləşir. Əsərlərə baxdıqca rəssamın nağıl dünyasına və çəkdiyi rəsmlərə münasibətini bildirən bir fikri dolanır izləyicinin xəyalında: “Ömründə iki dəfə bir nağıl oxuyursan – bir çox kiçik olanda, bir də qocalanda. Təbii ki, qavrayış da fərqlidir. Uşaqlıqda “Kim yatmış, kim oyaq” sözlərini quru bir süjet kimi qəbul edirsən, böyük yaşlarda gizli alt mətni başa düşürsən: “Yatan adam həyatda ən vacib olanları əldən verir”."[3]

Sənətşünas Ziyarət Cabbarova qeyd edir ki, Arif Hüseynovun "Azərbaycan nağılları" seriyasından olan əsərlər "sevimli personajlarla yaddaşlara həkk olunacaq müasir görünüş bəxş edir."[4]

Sərgilənməsi

[redaktə | mənbəni redaktə et]
  • 2013-cü ildə Moskvanın Şərq Xalqları Muzeyində Arif və Orxan Hüseynovların “Azərbaycan nağılı” adlı sərgisinin açılışı olmuşdur.[5]
  • 2023-cü ildə Azərbaycan Milli Xalça Muzeyində açılmış “Azərbaycan nağılı” adlı müvəqqəti sərgidə rəssamın bu seriyadan olan 54 əsəri, eyni zamanda həmin əsərlər əsasında toxunmuş monumental xalçaçılıq nümunələri sərgilənmişdir.[3]

Nəşr edilməsi

[redaktə | mənbəni redaktə et]

2012-ci ildə Xətai Sənət Mərkəzinin təşəbbüsü ilə, Şərq-Qərb nəşriyyat evi tərəfindən Arif Hüseynovun "Azərbaycan nağılları" silsiləsindən 42 qrafika nümunəsini özündə ehtiva edən kataloq nəşr edilmişdir. Nəşrə ön söz sənətşünas Ziyadxan Əliyev tərəfindən yazılmışdır.[1]

  1. 1 2 3 Əliyev, Ziyadxan. "ARİF HÜSEYNOVUN YARADICILIGINDA MİNİATÜR ƏNƏNƏLƏRİ" (PDF). 2021. İstifadə tarixi: 21 avqust 2024.
  2. 1 2 Əliyev, Ziyadxan. "Arif Hüseynovun "Azərbaycan nağili"". 525-ci qəzet. 28.03.2012. 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2024.
  3. 1 2 Azəri, Lalə. "Arif babanın "Azərbaycan nağılı"..." medeniyyet.az (ingilis). 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2024.
  4. Cabbarova, Ziyarət. "Ustad rəssamın nağıllar dünyası". Xalqqazeti.az (az.). Xalq qəzeti. 31.10.2023. İstifadə tarixi: 21 avqust 2024.
  5. "Moskvada Arif və Orxan Hüseynovların "Azərbaycan nağılı" adlı sərgisinin açılışı olacaqdır". AzərTAC. 21.10.2013. İstifadə tarixi: 21 avqust 2024.