Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid

"Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" çoxcildliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2010-cu il tarixli 112s saylı sərəncamına əsasən nəşr olunub.

Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid
Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid 13 cild
Müəllif Gülbəniz Babaxanlı
Orijinalın dili Azərbaycan dili
Ölkə Azərbaycan
Nəşriyyat Çaşıoğlu

Nəşr tarixi[redaktə | mənbəni redaktə et]

"Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" çoxcildliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2010-cu il tarixli 112s saylı sərəncamına əsasən nəşr olunub. Kitabın I-X cildləri 2011-ci ildə, XI-XIII cildləri 2015-ci ildə çap edilib.

Mükafatlar[redaktə | mənbəni redaktə et]

“Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinə görə AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı 2012-ci ilin aprel ayının 26-da Mədəniyyət və Turizm Nazirliyi, “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti, “Humay” Milli Mükafatı Akademiyasının təşkilatçılığı ilə “Humay” mükafatının XXII təqdimetmə mərasimində Elm nominasiyası üzrə “Humay” Milli Mükafatı ilə təltif edilmişdir. 

İdeya və məzmunu[redaktə | mənbəni redaktə et]

“Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinin ideyası gənc tədqiqatçı Ərtoğrol Cavid tərəfindən tədqiqata cəlb edilmiş, rəyləşdirilmiş və AMEA Hüseyn Cavidin Ev Muzeyində qorunub saxlanılan zəngin folklor xəzinəsinin təbliğindən ibarətdir. Kitabın əsas məzmununu xalqın içərisindən toplanmış nağıllar, dastanlar, müxtəlif janrları əhatə edən aşıq poeziyası örnəkləri, bayatılar, laylalar, holavarlar, oxşamalar, xalq mahnıları, muğam mətnləri, oyun havaları, toy və yas mərasimləri və s. folklor-etnoqrafiya materialları təşkil edir. Gənc tədqiqatçı Ərtoğrol Cavid öz araşdırmalarında folklor materialları toplayan digər tədqiqatçıların bir sıra hallarda mənbələrin poetik mətnində süni ədəbiləşdirmə aparmasını və ədəbi dil normalarını folklor mətninə tətbiq etməklə materialın forma və məzmununda təbiiliyin və səmimiliyin zəifləməsini, eləcə də kifayət qədər qrammatik savadı olmayan ekspeditorun öz regionunun dialekt xüsusiyyətlərini mətnə gətirməsini də sezmiş və imkan daxilində islah etməyə çalışmışdır. Bütün bunlar Ərtoğrol Cavidin həm də istedadlı bir bərpaçı-mətnşünas kimi öz qabiliyyətlərini büruzə verməsinə imkan yaratmışdır. Mətnşünaslıq fəaliyyəti ilə yanaşı, həm də bir ədəbiyyatşünas və dilçi kimi də istedad və bacarıqlarını nümayiş etdirən gənc alim, dastanların ideya-estetik, eləcə də tərbiyəvi xüsusiyyətlərini qiymətləndirməkdə də obyektiv araşdırıcı mövqeyindən geri durmamışdır.

Strukturu[redaktə | mənbəni redaktə et]

Kitabda "Azərbaycanın adət-ənənələri və Ərtoğrol Cavid”, “Azərbaycan klassik musiqi mətnləri və  Ərtoğrol Cavid”, “Azərbaycan dastanları və Ərtoğrol Cavid”, “Azərbaycan  aşıq yaradıcılığı  və Ərtoğrol Cavid”, “Balaman məktəbi” dərsliyi və Ərtoğrol Cavid”, “Ərtoğrol Cavidin nota köçürdüyü xalq mahnıları” və “Ərtoğrol Cavidin yarımçıq qalmış əsərləri” mövzuları əhatə olunur.

Bütün bu materiallar haqqında Ərtoğrol Cavidin yığcam, dərin məzmunlu elmi rəyləri də onlarla birgə çap olunmuşdur. "Azərbaycan klassik musiqi mətnləri və Ərtoğrol Cavid" adlanan II cildə Azərbaycan klassik musiqi mətnləri və onlara Cabbar Qaryağdı və Süleyman Mansurov tərəfindən yazılmış şərhlər toplanmış və Ərtoğrol Cavidin hər bir mətnə ayrı-ayrılıqda yazdığı elmi təhlillər daxil edilmişdir.

"Azərbaycan dastanları və Ərtoğrol Cavid" mövzusu kitabın III, IV, V, VI, VII, VIII cildlərində yer almışdır. Bu cildlərə 1938-41-ci illərdə Ə.Cavid, H.İskəndərov, H.Əlizadə və C.Cahanbəxş tərəfindən Azərbaycanın müxtəlif bölgələrindən toplanmış Azərbaycan dastanları və Ərtoğrol Cavidin həmin dastanlar haqqında yazdığı elmi rəylər yer almışdır. Qeyd edək ki, bəzi dastanları aşıqlar özləri yazıya almışlar. Eyni zamanda aşıq Əsəd, aşıq Mirzə yaradıcılıqları haqqında məlumat və 1937-ci ildə professor Bülbülün rəhbərliyi ilə aşıq yaradıcılığının əsas formalarını öyrənmək və bir neçə aşıq havasını nota almaq üçün çağırılan iclasın protokolları daxil edilmişdir.[1]

Kitabda verilmiş "Azərbaycan aşıq yaradıcılığı və Ərtoğrol Cavid" mövzusu IX, X cildlərində əhatə edilmişdir. IX cilddə Azərbaycan aşıqlarının, xüsusən də Molla Cuma və Miskinli Vəlinin əsərləri toplanmış və həmin materiallara Ərtoğrol Cavid, Hümmət Əlizadə tərəfindən yazılmış elmi rəylər yer almışdır. X cildə Aşıq Ələsgər və onun poetik çevrəsində olan aşıqların əsərləri və həmin əsərlərə Ərtoğrol Cavidin elmi rəyləri verilmişdir.

XI cild Azərbaycan musiqişünası Saleh Əbdülləlimovun musiqi məktəbləri üçün tərtib etdiyi “Balaman məktəbi” adlı dərsliyin ilk nəşridir. Dərslik 1937-ci ildə hazırlansa da, o dövrdə ictimai-siyasi həyatımızın az qala bütün sferalarına nüfuz etmiş erməni şəbəkəsinin “səyi” nəticəsində çap olunmamış və əsərin orijinal nüsxəsi Ərtoğrol Cavidin şəxsi arxivində uzun illər mühafizə edilmişdir .

Parlaq istedada və yüksək intellektə malik Ərtoğrol Cavid “Balaman məktəbi”nə rus dilində yazılmış ön sözü dilimizə tərcümə etmiş, dərsliyin tərtibi ilə əlaqəli materialların, o cümlədən iclas protokolların toplanıb-hazırlanmasında yaxından iştirak etmişdir. Orijinalı Hüseyn Cavidin Ev Muzeyində saxlanılan bu dərslik muzeyin əməkdaşları tərəfindən elmi və ixtisas redaktəsindən keçirilmiş, nəşrə hazırlanmış, dərslikdəki notlar müvafiq proqram təminatı vasitəsilə ilk dəfə elektronlaşdırılmış və komplektləşdirilmişdir.

Çoxcildliyin XII cildində xalq muğamlarının toplanması və nota salınması sahəsində böyük zəhməti olmuş Ərtoğrol Cavidin xanəndə Cabbar Bağdadbəyovun ifasında dinlədiyi “Bayatı kürd təsnifi”, “Segahın mübərriqəsi”, “Zəminxara təsnifi”, “Orta segah rəngi”, “Mirzə Hüseyn segahı” kimi muğam elementlərinin nota saldığı versiyası yer almışdır. İkinci hissəsində isə Kazım Aslanlının topladığı və Ərtoğrol Cavidin nota aldığı Masallı xalq mahnılarına yer verilmişdir. Sonuncu cilddə Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyində mühafizə edilən Ərtoğrol Cavidə məxsus bir sıra yarımçıq musiqi əsərləri toplanmışdır.

  Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid: 13 cilddə[redaktə | mənbəni redaktə et]

  • 1-ci cild Çoxcildliyin ilk cildində Qarabağ, Quba, Gəncə, Xızı, Basarkeçər, Bakı, Şəki, Dərbənd, Masallı  bölgələrindən 1939-40-cı illərdə toplanmış toy və yas adət-ənənələrinə aid  etnoqrafik  materiallar, eləcə də el mahnıları, deyimləri öz əksini tapmışdır. Bütün bu  materiallar  haqqında  Ərtoğrol  Cavidin  yığcam, dərin məzmunlu elmi rəyləri onlarla birgə çap olunmuşdur. Bu cildə daxil olan materialları Qarabağdan zurnaçı Camal Cəfərovun dilindən Hüseyn İskəndərov, Qubadan Şəmsəddin Abbasov, Xızıdan Nurəli İbrahimovun dilindən, Basarkeçərdən Aşıq Mehdinin dilindən, Dərbənddən Tavat Abbas Mirzə qızının dilindən Hüseyn İskəndərov, Bakıdan Əlisəhab Hüseynov, Şəkidən və Gəncədən Paşa Cəfərov, Masallıdan isə Kazım Aslanlı yazıya almışlar. Ərtoğrol Cavid bütün materiallara çox ciddi və məsuliyyətlə yanaşmış, onların məziyyətləri ilə yanaşı, nöqsanlarını da nəzərə çatdıraraq arzu və təkliflərini bildirməyi unutmamışdır.[1]
  • 2-ci cild: "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" seriyasının ikinci cildini oluşduran qeyri-maddi mədəniyyət nümunələri ilə yanaşı Ərtoğrol Cavidin yazdığı rəylər, yetkin bir tədqiqatçının ciddi və sanballı fikirlərindən ibarətdir. Bu cildin materialları Məşədi Süleyman Məlik oğlu Mansurovdan və məşhur xanəndə Cabbar Qaryağdıdan toplanmışdır. Ərtoğrol Cavid, materiallarda öz əksini tapmış muğam mətnlərini qruplaşdıraraq üç böyük hissəyə ayırır: xalqın və oxuyanların düzəltdiyi nəğmələr; Azərbaycan yazıçılarından alınmış parçalar; İran ədəbiyyatından keçən tekstlər.
  • 3-cü cild: Ərtoğrol Cavid, çox gənc olmasına baxmayaraq, artıq özünü yetkin bir folklorşünas kimi göstərməyə nail olmuş və bu cildə daxil olan bədii mətnlərin araşdırılmasında da öz istedad və qabiliyyətini nümayiş etdirmişdir. C.Cahanbəxş tərəfindən "Qurbani" dastanı haqqında, Ərtoğrol Cavid tərəfindən aşıx Qaranın söylədiyi "Qurbani" nağılı haqqında, aşıx Məhəmməd Rzayevin söylədiyi "Tufarqanlı Abbas" nağılı haqqında, aşıq Qadir İsmayılovun əsərləri haqqında toplanmış materiallar və Ərtoğrol Cavidin həmin dastanlara yazdığı elmi rəylər yer almışdır.
  • 4-cü cild: Bu cildə Ərtoğrol Cavid, H.İskəndərov tərəfindən Qarabağ, Quba, Gəncə, Xızı, Basarkeçər, Bakı, Şəki, Dərbənd, Masllı bölgələrindən toplanmış Azərbaycan dastanları və həmin dastanlara Ərtoğrol Cavid tərəfindən yazılmış təhlillər daxil edilmişdir. Eyni zamanda aşıq Əsəd, aşıq Mirzə yaradıcılıqları haqqında məlumat və 1937-ci ildə professor Bülbülün rəhbərliyi ilə aşıq yaradıcılığının əsas formalarını öyrənmək və bir neçə aşıq havasını nota almaq üçün çağırılan iclasın protokolları yer almışdır.
  •  5-ci cild: Seriyanın beşinci cildində gənc folklorçu 12 Azərbaycan dastanını araşdırma süzgəcindən keçirmişdir ki, bu da onun tədqiqatçılıq qabiliyyətinin yüksək olmasından, hər bir əsərin bədii dəyərini müəyyən etməyə ciddi yanaşdığından xəbər verir. Ərtoğrol Cavid tərəfindən aşıx Mehti Bayramovun söylədiyi "Əli xan" nağılı, aşıx Zər Zəbilinin şeirləri və söylədiyi əsərlər, aşıx İskəndər Əskərovun söylədiyi "Muğam şah" nağılı, Sayad Vəli oğlu Xəlilovun söylədiyi "Nəcəf xan" nağılı, aşıx Əsəd Rzayevin söylədiyi "Heydər bəy" nağılı, aşıx Əsəd Rzayevin söylədiyi "Dəli Alının hekayəsi" haqqında yazılmış elmi təhlillər yer almışdır.
  • 6-cı cild: Azərbaycan dastanlarının bir sıra maraqlı örnəklərini içinə alan bu cilddə bir tədqiqatçı kimi Ərtoğrol Cavidin üzərinə düşən vəzifəyə ciddi yanaşdığını, özünəxas səriştə və məsuliyyət göstərdiyini görmək mümkündür. Ərtoğrol Cavid tərəfindən aşıq Hüseyn Rzayevin söylədiyi "Novruz və Qəndəf", "Süleyman və Mələk", aşıq Qəhrəman İbrahimovun söylədiyi "Kamandar Məhəmməd" nağılı haqqında, "Əsli və Kərəm", "Ordubadlı Kərim" dastanı, Quliyev Zülfüqarın söylədiyi "Tahir Mirzə" nağılı haqqında yazılmış elmi rəyləri yer almışdır. Dastanların bədii dilinə xüsusi diqqət yetirən Ə.Cavid, ədəbi dilimizin zənginləşməsində bu əsərlərin leksikonunun müəyyən rol oynaya biləcəyi fikrini irəli sürərkən də yanılmamışdır. Əvvəlki cildlərdə olduğu kimi, bu cilddəki araşdırmalarında da Ə.Cavid özünü sinkretik təfəkkürlü bir alim kimi göstərməyə nail olmuşdur.[2]
  • 7-ci cild: Şifahi xalq ədəbiyyatı örnəklərinin əsas məziyyətini onların orijinal xüsusiyyətlərində görən Ərtoğrol Cavid, mövzu rəngarəngliyini, süjetin çoxşaxəliliyini də bu məziyyətlər sırasına daxil etməyi unutmamışdır. Bu cilddə tarixi mövzuda olan dastanlarla yanaşı, nağılları da araşdıran gənc tədqiqatçı, özünü həqiqi mənada müxtəlif elm sahələrinin bilicisi kimi bir daha təsdiq etmişdir. Dastanların giriş hissələrində standartlardan qaçmaq meylini dəqiq tutan folklorşünas alim, örnək üçün "Şah Baba və Pəri xanım", eləcə də "Göyənikli Əhməd" dastanlarını göstərir. Seriyanın əvvəlki nəşrlərindən də istedadlı bir dilçi kimi tanıdığımız Ərtoğrol Cavid, əvvəlki cildlərdə olduğu kimi, bu cilddəki araşdırmalarında da dastan və nağılların leksikasının, fonetikasının, morfologiya və sintaksisinin incələnməsi fəaliyyətini davam etdirərək bir sıra maraqlı nəticələr əldə edə bilmişdir.
  • 8-ci cild: Seriyanın bu cildinə, Ərtoğrol Cavidin elmi rəylə təchiz etdiyi "Zinhar və Mahəfruz" dastanından başqa, bir sıra folklor örnəkləri də daxil edilmişdir ki, bu da seriyanın əhatə etdiyi cildlərin həcm mütənasibliyinin təmin edilməsi arzusundan irəli gəlmişdir. Cildə daxil olan "Mahmud və Nigar xanım", "Şah baba ilə Pəri xanım", "Şah Səməd və Niyar xanım", "Əsli və Kərəm" dastanları əvvəlki cildlərdə Ərtoğrol Cavidin yazdığı elmi məqalələrdə öz təhlilini və dəyərləndirilməsini tapmışdır.
  • 9-cu cild: Bu cilddə XVI-XVII əsr Azərbaycan aşıqlarının, xüsusən də Molla Cuma və Miskinli Vəlinin əsərləri toplanmış və həmin materiallara Ərtoğrol Cavid, Hümmət Əlizadə tərəfindən yazılmış elmi rəylər  yer almışdır. Araşdırıcılığa təzə-təzə başlayan, amma kifayət qədər yüksək səriştə və istedad göstərən Ərtoğrol Cavid, Molla Cumanın və Miskinli Vəlinin şeirləri üzərində apardığı tədqiqatlarda özünü bacarıqlı bir poeziya mütəxəssisi kimi göstərməklə bir daha belə bir həqiqəti sübuta yetirmişdir ki, dahi insanların övladlarına da həmin dühadan bir pay düşür. Ərtoğrol Cavidin məqsədi - xalqına xidmət idi və o, bu işin öhdəsindən çox yüksək səviyyədə gəldi.
  • 10-cu cild: Bu cildə daxil olan bədii materiallar həddən artıq rəngarəng olsa da, gənc folklorşünas Ərtoğrol Cavid bu mozaika arasında özünü itirməmiş və aparıcı istiqamətləri müəyyən edə bilmişdir. Məhz buna görədir ki, araşdırıcı əsas diqqətini Aşıq Ələsgər irsinin tədqiqinə yönəldərək, onun aparıcı istiqamətlərini və ən başlıcası isə, müasirliyini müəyyən etmək yolunda öz istedadını əsirgəməmişdir. Nahaq yerə deməyiblər ki, zər qədrini zərgər bilər və Ərtoğrol Cavid də çox qısa elmi yaradıcılığı dövründə Azərbaycan poeziyasının, xüsusən də aşıq yaradıcılığının zərgəri olduğunu çox uğurla sübuta yetirmişdir. Eyni zamanda Hümmət Əlizadə tərəfindən toplanmış materialların içərisində 35 aşığın 61 parçası vardır.
  • 11-ci cild: “Balaman məktəbi” dərsliyi və Ərtoğrol Cavid”. ''Parlaq istedada malik Ərtoğrol Cavid “Balaman məktəbi”nə rus dilində yazılmış ön sözü dilimizə tərcümə etmiş, dərsliyin tərtibi ilə əlaqəli materialların, o cümlədən iclas protokolların toplanıb-hazırlanmasında yaxından iştirak etmişdir. Orijinalı Hüseyn Cavidin Ev Muzeyində saxlanılan bu dərslik muzeyin əməkdaşları tərəfindən elmi və ixtisas redaktəsindən keçirilmiş, nəşrə hazırlanmış, dərslikdəri notlar müvafiq proqram təminatı vasitəsilə ilk dəfə elektronlaşdırılmış və komplektləşdirilmişdir.
  • 12- ci cild: “Ərtoğrol Cavidin nota köçürdüyü xalq mahnıları”. Toplunun birinci hissəsində xalq muğamlarının toplanması və nota salınması sahəsində böyük zəhməti olmuş Ərtoğrol Cavidin xanəndə Cabbar Bağdadbəyovun ifasında dinlədiyi “Bayatı kürd təsnifi”, “Segahın mübərriqəsi”, “Zəminxara təsnifi”, “Orta segah rəngi”, “Mirzə Hüseyn segahı” kimi muğam elementlərinin nota saldığı versiyası yer almışdır. İkinci hissəsində isə Kazım Aslanlının topladığı və Ərtoğrol Cavidin nota aldığı Masallı xalq mahnılarına yer verilmişdir.
  • 13-cü cild: “Ərtoğrol Cavidin yarımçıq qalmış əsərləri”'' Bu cilddə gənc Ərtoğrol Cavidin gərgin əməyi və səyi nəticəsində unikal xalq havalarımız öz təravəti və gözəlliyi ilə bu günümüzə qədər gəlib çatmışdır. Xüsusən Masallıdan toplanmış el havaları öz orijinallığı ilə diqqəti cəlb edir. Məsələn, "Mənim olasan, yar", "Qadan alım", "Nar atdılar", "Şal alan", "A dağlar" və başqa mahnılar bu qəbildəndir. Bu el havalarının çoxunu Ərtoğrol Cavid sona qədər nota sala bilməmiş və yarımçıq qalmışdır. Buna baxmayaraq, əlimizdə olan parçalar da qiymətli bir incinin son qırıntıları kimi bizim üçün əziz və dəyərlidir.[1]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

MUZEYİN NƏŞRLƏRİ

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" çoxcildliyi: 13 cilddə. 1-ci cild.-Bakı: Çaşıoğlu, 2011.-370s.
  2. "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" çoxcildliyi: 13 cilddə. 6-cı cild. - Bakı: Çaşıoğlu, 2011.-306 s.