Bu məqalənin neytrallığı şübhə doğurur. |
Gülbəniz İbrahim qızı Babaxanlı — ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi, AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru.[1]
Gülbəniz Babaxanlı | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şərur, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Elm sahəsi | filologiya |
Elmi dərəcəsi | filologiya üzrə elmlər doktoru |
Elmi adı | AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru |
İş yeri | AMEA Hüseyn Cavidin Ev Muzeyi |
Mükafatları |
Gülbəniz İbrahim qızı Babaxanlı 1956-cı il avqust ayının 4-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Şərur rayonunda ziyalı ailəsində anadan olmuşdur.[1]
1980-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini filoloq ixtisası üzrə bitirmiş, 1992-ci ildə "Azərbaycan poemaları və folklor (20-30-cu illər)" mövzusunda namizədlik, 2010-cu ildə "Azərbaycan poemaları və klassik irs (1920-50-ci illər)" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.1974-cü ildən əmək fəaliyyətinə başlayan Gülbəniz xanım, 1979-cu ildən 2004-cü ilə qədər AMEA Nizami adına ədəbiyyat muzeyində zal baxıcısı kimi fəaliyyətə başlayaraq özünü bacarıqlı, işgüzar və səriştəli kadr kimi təsdiqləmiş və “19-20-ci əsr Azərbaycan ədəbiyyatı şöbəsi”nin müdiri vəzifəsinə qədər yüksəlmişdir. 2004-cü ildən AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktorudur.
Görkəmli ədəbiyyatşünas alim, fil.ü.e.d. Gülbəniz Babaxanlı dahi Cavidə böyük sevgisini təkcə sözdə deyil, işində də əks etdirən, elmi fəaliyyəti ilə cavidşünaslığa misilsiz töhfələr vermiş ziyalılardan biridir. Onun əsas elmi tədqiqatını Azərbaycan ədəbiyyatının ən keşməkeşli dövrlərindən olan XX yüzilliyin 20-50-ci illərində yaranmış epik poemaların qaynaqlarının araşdırılması təşkil edir. Fil.ü.e.d. G.Babaxanlı Azərbaycan klassik poeziyasının, şifahi xalq ədəbiyyatının bu dövr epik şeirinə təsir izlərini araşdırmışdır. Alim öz tədqiqatlarında tarixilik prinsipinə istinad edərək, məsələn, 20-50-ci illər poemalarının fəlsəfi qaynaqlarından biri kimi zərdüştlük təlimini, "Avesta" obrazlarını araşdırmaya cəlb edir ki, sovet dövrü Azərbaycan poemalarının "Avesta" obrazları, zərdüşt fəlsəfəsi ilə əlaqələrinin açılması ədəbiyyatşünaslığımızda yeni istiqamətlərdən biridir.
2004-cü ildə Hüseyn Cavidin Ev Muzeyinə direktor təyin olunduqdan sonra G.Babaxanlı Cavid irsinin təbliği, tədqiqi və nəşri sahəsində, eləcə də cavidşünaslığın inkişafı istiqamətində elmi fəaliyyət göstərir. Onun son illərdə elmi tədqiqat fəaliyyəti cavidşünaslığın başlıca predmeti kimi ədibin zəngin ədəbi-fəlsəfi və bədii-estetik irsinin obyektiv şəkildə, elmi əsaslarla düzgün qiymətləndirilməsinə yönəlmişdir.
Bütün dövrlərdə tədqiqat predmeti olan Cavid yaradıcılığı, özündə əks etdirən ümumbəşəri fəlsəfi ideyalarla dünyanın böyük sənətkarlarının əsərləri ilə səsləşdiyindən onun yaradıcılığından yazmaq və əsərlərini təhlil etmək hər bir tədqiqatçıdan böyük məsuliyyət tələb edir. Bu baxımdan G. Babaxanlının bir cavidşünas-alim kimi elmi tədqiqat fəaliyyətində aşağıdakı mühüm problemlərin həlli diqqət mərkəzində durur: 1. Hüseyn Cavidin və ümumilikdə cavidlər ailəsinin həyat və yaradıcılığının geniş oxucu kütləsinə çatdırılması; 2. Cavidin müxtəlif dövrlərdə (sağlığında, sovet dönəmində və müstəqillik illərində) çap olunmuş əsərlərinin yenidən nəşri, elmi təhlili, romantik bir şair kimi ədibin dramaturgiyasının təhlilini verən elmi-nəzəri monoqrafiyaların və məqalələrin yazılması. Ədəbiyyatşünas alimin elmi tədqiqat fəaliyyəti bir daha onu təsdiqləyir ki, dahi Cavidin sənəti Azərbaycan xalqının milli-mənəvi və bədii-fəlsəfi irsi kimi daim tənqid və ədəbiyyatşünaslığın diqqət mərkəzindədir. Onun rəhbərliyi ilə AMEA Hüseyn Cavidin Ev Muzeyində son dövrlərdə cavidşünaslığa böyük töhfə olan mühüm nailiyyətlər əldə edilmişdir. Belə ki, G.Babaxanlının ideya müəllifliyi və tərtibçiliyi ilə muzeyin elmi fəaliyyətinin əsas istiqamətlərindən biri kimi “Cavidşünaslıq” çoxcildli araşdırmalar toplusu hazırlanmışdır. Toplunun 2012-ci ildə nəşr edilən 10 cildində böyük şair Hüseyn Cavidin zəngin irsi haqqında müxtəlif illərdə (1912-1983) mətbuat səhifələrində dərc olunmuş məqalə və resenziyalarla yanaşı, həm də Cavidlə bağlı irili-xırdalı bütün məlumatlar öz əksini tapmışdır. Hazırda çoxcildliyin növbəti cildləri üzərində iş davam etdirilir.
Cavidşünas alimin uzun illər apardığı elmi tədqiqat işinin nəticəsi olaraq təhlili-təsviri ədəbiyyatşünaslıq üslubunda yazdığı və 2010-cu ildə nəşr edilmiş “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” monoqrafiyası da mühüm elmi aktuallıq kəsb edir. Cavidşünaslığın keçən əsrin 60-90-cı illər mərhələsini G.Babaxanlı onun bir elm kimi yaranması, formalaşması və inkişafı kimi səciyyələndirir. Əsası akademik Məmməd Cəfərin “Hüseyn Cavid” monoqrafiyası ilə başlanan bu dövr cavidşünaslıqda ən məhsuldar mərhələ hesab olunur. Romantik bir sənətkar kimi Hüseyn Cavidin yaradıcılığı ilə bağlı qələmə alınan elmi-nəzəri yazılar G.Babaxanlı tərəfindən ayrıca təhlil hədəfinə çevrilir. Bu dövrdə “Cavid teatrı” anlayışı da ədəbi dövriyəyə daxil olur ki, Azərbaycan teatr sənətini və mədəniyyətini dahi Cavidin dramaturgiyası olmadan təsəvvür etmək qeyri mümkündür. Məhz buna görə də, G.Babaxanlı bu mövzuya monoqrafiyada xüsusi yer vermişdir.
Müstəqillik illərindən başlayaraq cavidşünaslıqda yeni bir mərhələ başlayır ki, burada Cavid yaradıcığı ilə bağlı çox az işlənən mövzular aktuallıq kəsb edir: Cavid və sufizm, Cavid və türkçülük, sənətkarın estetik idealı, Cavid irsi və müasir ədəbiyyatımız, Cavid və gerçək dünya və s. göstərilən mövzuların elmi təhlili kitabda mühüm yer tutur.
2013-cü ildə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə fil.ü.e.d. Gülbəniz Babaxanlının “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyası çap olunmuşdur.
Görkəmli cavidşünas-alimin elmi fəaliyyətinin əsas nailiyyətlərindən biri də Hüseyn Cavidin oğlu Ərtoğrol Cavidin zəngin irsini özündə əks etdirən “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildli kitabının hazırlanması və nəşridir. Çoxcildli kitab G.Babaxanlının layihəsi və tərtibçiliyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2011-ci il tarixli sərəncamı ilə 10 cildi 2011-ci ildə, 3 cildi isə 2015-ci ildə çap edilmişdir.
Bütün ömrünü valideynlərinin və qardaşının xatirəsinin yaşamasına, Hüseyn Cavid və Ərtoğrol Cavid irsinin toplanıb təbliğ olunmasına, Cavidlər ailəsinin nurunu yaşadacaq ev-muzeyinin yaradılmasına həsr etmiş Turan Cavidin zəngin irsi də fil.ü.e.d. G.Babaxanlının elmi fəaliyyətinin digər bir tədqiqat obyektidir. Belə ki, 2014-cü ildə Turan Cavidin yaradıcılıq və araşdırmaçılıq missiyası ilə keçən maraqlı və zəngin həyat yolu, onun şəxsiyyəti və ictimai fəaliyyətini özündə əks etdirən materiallar əsasında Gülbəniz Babaxanlının layihəsi və tərtibçiliyi ilə “Turan Cavid: Ömür salnaməsi” kitab-albomu çap olunmuşdur.
Hüseyn Cavidin və cavidlər ailəsinin zəngin irsinin təbliği məqsədi ilə G.Babaxanlı respublikada və xaricdə - İtaliya, İspaniya, İran, Türkiyə, Rusiya, Türkmənistan, Özbəkistanda keçirilən konfrans və sərgilərdə iştirak etmiş, beynəlxalq elmi jurnallarda məqalələri dərc olunmuşdur. G.Babaxanlı 12 ilə yaxındır ki, taleyini AMEA Hüseyn Cavidin Ev Muzeyi ilə bağlayan görkəmli tədqiqatçı, eyni zamanda bacarıqlı elmi və inzibati təşkilatçıdır. O, yüksək səriştə və bacarığı sayəsində qısa müddət ərzində muzeyin fəaliyyətində əsaslı dönüş yaratmışdır. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə Muzeydə fondlar və onlarda qorunan eksponatlar xüsusiyyətlərinə uyğun olaraq yerləşdirilmiş, bir sıra yeni orijinal eksponatlar əldə edilmiş, ekspozisiyanın yeniləşdirilməsi üçün müvafiq muzey avadanlığı alınmış, müxtəlif məzmunlu sərgilər hazırlanmışdır. Muzey tarixində ilk dəfə olaraq elmi kataloq və kitab-albomların çap olunması təşkil edilmişdir. G.Babaxanlının təşkilatçılıq fəaliyyəti nəticəsində xarici ölkə muzeyləri və alimləri ilə elmi əlaqələr yaradılmış, muzeyin sərgiləri Almaniya, Norveç, Rusiya və s. ölkələrdəki muzeylərdə nümayiş olunmuşdur.
Məhz buna görədir ki, cavidşünas bir alim kimi Gülbəniz Babaxanlının Cavid irsinin təbliği və tədqiqi sahəsində elmi və təşkilatçılıq fəaliyyəti Azərbaycan ziyalısı nümunəsində daim yüksək qiymətləndirilir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları 03 noyabr 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə imzaladığı “Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında” sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə, AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru filologiya üzrə elmlər doktoru Gülbəniz İbrahim qızı Babaxanlını “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görməklə Hüseyn Cavidin zəngin irsinin təbliği və tədqiqini yüksək qiymətləndirmişdir.
Filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı Beynəlxalq Muzeylər Şurasının (ICOM) üzvüdür
Beşcildlik H.Cavidin külliyyatını əhatə edir.
Kitaba azərbaycan və fransız dillərində Azərbaycanın mütəfəkkir şairi Hüseyn Cavidin seçilmiş şeirləri daxil edilmişdir. Hüseyn Cavidin şeirləri ilk dəfədir ki, fransız dilinə tərcümə edilərək kitab şəklində oxuculara təqdim olunur.
Hüseyn Cavid külliyatının son beşcildlik nəşri əsasında tərtib edilmiş aforizmlər böyük mütəfəkkir şairin insanlıq, haqq, ədalət, vətən, qadın, məhəbbət və ən müxtəlif insan münasibətləri haqqında müdrik sözlərini və kəlamlarını əhatə edir.
Kitabda Hüseyn Cavidin Ev Muzeyinin yaranma tarixindən, Ümummilli Liderimiz Heydər Əliyevin H.Cavid irsinin qorunması və təbliği sahəsindəki əvəzolunmaz xidmətlərindən, muzeyin açılış mərasimində Turan Cavidlə Heydər Əliyevin görüşündən, muzeyin son illərdəki fəaliyyətindən, eksponatların tarixindən bəhs edən məlumatlar öz əksini tapmışdır.
Bu nəşr Hüseyn Cavid və Abdulla Şaiqin müəllifliyi ilə 1919-cu ildə Bakıda, Hökumət mətbəəsində nəşr edilən “Ədəbiyyat dərsləri” adlı dərsliyin əski əlifbadan latın qrafikasına transfonoliterasiya olunmuş təkrar nəşridir. Dərslikdə ədəbiyyat nəzəriyyəsinə aid o dövrkü biliklərin toplusu öz əksini tapmaqla, öyrəncilərə yığcam şəkildə lazımi məlumatlar verilir. Dərslikdə həm ədəbiyyatın qanun-qaydaları, həm də ümumiyyətlə, ədəbi əsər yazmağın üsulları şərh edilir. Bununla da kitab həm də yeni yazmağa başlayan sənətkarlar üçün qiymətli qaynaq və rəhbərlik rolunu oynayır.
10. H.Cavid. “Topal Teymur”. Bakı-«Elm»-2010. Kitab “Topal Teymur” dramının yazılmasının 85 illiyi münasibətilə çap olunmuşdur.
11.“Cavid hikməti – Seçmə aforizmlər” (miniatür kitab, Bakı- 2010)
12. “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyi 13 cilddə. Cild 1-10. Bakı-Çaşıoğlu-2011. Cild 11-13. Bakı, Proqres 2015
“Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyi 13 cilddə: “Azərbaycanın adət-ənənələri və Ərtoğrol Cavid” adlanan I cilddə Qarabağ, Quba, Gəncə, Xızı, Basarkeçər, Bakı, Şəki, Dərbənd, Masallı bölgələrindən 1939-40-cı illərdə toplanmış toy və yas adətlərinə aid etnoqrafik materiallar, eləcə də el mahnıları, deyimləri öz əksini tapmışdır. Bütün bu materiallar haqqında Ərtoğrol Cavidin yığcam, dərin məzmunlu elmi rəyləri də onlarla birgə çap olunmuşdur. “Cavidşünaslıq” elmi araşdırmalar toplusu. 10 cilddə. Bakı – 2012.
14. G.Babaxanlı “Heydər Əliyev və Hüseyn Cavid”. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş monoqrafiya-Bakı-Proqres-2013. Fil.ü.e.d. Gülbəniz Babaxanlının bu kitabında dahi sənətkar Hüseyn Cavid irsinə Heydər Əliyevin göstərdiyi diqqət və qayğıdan bəhs olunur. Ulu öndərin mədəniyyət siyasətinin açıqlanması kontekstində iki dahinin münasibətləri araşdırma obyektinə çevrilir.
15.H.Cavidin “Şeyda” dramı 10 dildə (rus, ingilis, fransız, yunan dillərində - 2012, alman, çex, polyak, belarus, bolqar, ukrayna dillərində - 2013). AMEA Hüseyn Cavidin Ev Muzeyi Azərbaycan Respublikası Prezidentinin “Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında” 16 fevral 2012-ci il 2051 saylı sərəncamına əsasən AMEA Hüseyn Cavidin Ev Muzeyinin və Bakı Slavyan Universitetinin birgə layihəsi ilə H.Cavidin “Şeyda” əsəri 10 dildə (rus, ingilis, alman, fransız, polyak, belarus, bolqar, ukrayna, çex, yunan) tərcümə edilmiş və nəşr edilmişdir. Kitaba əsərin tərcümə edildiyi hər bir dildə ön söz yazılmışdır. Kitabın 4 cildi 2012-ci ildə çap edilmiş, qalan 6 cildi isə 2013-cü illdə işıq üzü görmüşdür.
16.T.Əfəndiyev “Hüseyn Cavid: ideal həqiqət axtarışı” (Bakı-2013) Azərbaycan Yazıçılar Birliyinin üzvü, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi Timuçin Əfəndiyevin 1985-ci ildə çap olunmuş “Hüseyn Cavidin ideyalar aləmi” adlı monoqrafiyasının təkrar nəşri oxuculara təqdim edilir. Kitabda Cavid dramaturgiyasının estetik problemlərindən bəhs olunur. Monoqrafiyada Cavid romantizminin ideya bədii prinsiplərinə əsaslanan müəllif, mövzunun tələblərinə uyğun olaraq, bu dramaturgiyanın janr və üslub xüsusiyyətləri üzərində də ətraflı dayanır.
17. “Turan Cavid. Ömür salnaməsi”. Azərbaycan Milli Elmlər Akademiyası. Hüseyn Cavidin Ev Muzeyi. Bakı-Proqres-2014. 450 səh. Turan Cavid çox böyük yaradıcılıq, araşdırmaçılıq missiyası ilə kifayət qədər maraqlı və zəngin həyat yolu keçmişdir ki, bu da onun şəxsiyyəti haqqında, onun ictimai fəaliyyəti barədə xeyli sayda materialın bu kitabda toplanmasına səbəb olmuşdur. Belə ki, 100-ə yaxın müxtəlif mətn, 300-dən artıq foto və sənədin yer aldığı bu nəşrdə Turan Cavidin bütün həyat və yaradıcılığına işıq salmışdır. İlk dəfədir ki, Turan Cavid haqqında bu materiallar sistemli və kompleks şəkildə toplanaraq nəşr halına gətirilmişdir.
18.“Dədəm Qorqud belə demiş”. 3 dildə: Azərbaycan, ingilis, rus. Azərbaycan Milli Elmlər Akademiyası. Hüseyn Cavidin Ev Muzeyi. Bakı-Proqres-2016. 192 s.
Kitabda Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanındakı aforizmlər, hikmətli sözlər, müdrik kəlamlar ədəbiyyatşünas-alim G.Babaxanlı tərəfindən seçilərək ilk dəfə olaraq Azərbaycan, ingilis və rus dillərində dərc olunmuşdur. Filoloq-alim G.Babaxanlının Azərbaycan xalq bədii təfəkkürünün abidəsi olan, atalar sözü, məsəl və idiomatik ifadələrindən bol-bol, məharətlə istifadə olunmuş "Kitabi-Dədə Qorqud" dastanlarının bədii təsvir vasitələri ilə zəngin olan poetik dilindən seçdiyi aforizmlərin 3 dildə nəşri mühüm əhəmiyyət kəsb edir.