Azərbaycanda Sualtı arxeoloji qazıntılar —
1968-ci il avqust ayının 9-da Azərbaycan Tarixi Muzeyində Xəzər dənizinin Azərbaycan sahili abidələrinin tədqiqi məqsədilə Sualtı Arxeoloji qrup yaradıldı. Muzeyin elmi əməkdaşı, arxeoloq Viktor Kvaçidzenin rəhbərlik etdiyi qrup 1968–1987-ci illərdə Xəzərin Azərbaycan sahili boyunca və Plita Poqorelaya, Pavlov və Kür sualtı bankələrinin, eləcə də Bulla, Oblivnoy, Səngi Muğan, Böyük və Kiçikdaş adalarının, Pirsaat silsiləsinin, Abşeronun Amburan burnunun (köhnə Bilgəh), Gürgan, və s. Azərbaycan akvatoriyası sualtı abidələrinin tədqiqi üçün arxeoloji ekspedisiyalar təşkil etmişdir.
1970–75-ci illərdə Nord-Ost-Kultuk sahili rayonunda (Şirvan milli parkı) quruda və suda aparılan arxeoloji kəşfiyyat və axtarışlar nəticəsində indi şərti olaraq I Bəndovan adlanan orta əsr şəhərinin qalıqları tapılmışdır. I Bəndovan şəhər yerindən mənsubiyyət nişanlı saxsı lövhəciklər, şirli kaşılar, saxsı qablar, dar və genboğaz bardaqlar, habelə şirli çoxrəng və birrəng qab-qacaq fraqmentləri aşkar olunmuşdur. Heyvan və quşların təsvir edildiyi gözəl nimçə və kasalar, həndəsi və nəbati naxışların cazibəli ahəngi diqqəti cəlb edir. Bu qab-qacağın çoxu 800 ildən çox suyun altında qaldığından, balıqqulağılarla örtülmüş, dəniz suyundan hamarlanmış vəziyyətdə dənizin dibindən çıxarılmışdır. Saxsı məmulatının bişirildiyi sobaların qalıqları da suyun altında tapılıb qeydə alınmışdır.
XII–XIII əsrlərə aid edilən bu şirli saxsı qab-qacağın bəzi fraqmentləri üzərində fars dilində ərəb qrafikası ilə lirik şer parçaları, xoş arzu ifadələri yazılmışdır. Onlardan birində "Yusif Kasəkinin istehsalı" qeydi onu göstərir ki, artıq o vaxt belə emalatxanalarda ixtisas bölgüsü mövcud olmuşdur.
1985–1987-ci illərdə aparılmış arxeoloji kəşfiyyat işləri nəticəsində I Bəndovandan şimala doğru ikinci böyük şəhər yeri – II Bəndovan aşkar edildi. II Bəndovan hələ XIX əsrin əvvəlində suyun səthinə çıxmış, şəhərgahın mədəni təbəqəsinin aşkar edilməsinə imkan yaranmışdır. Burada bir neçə dulusçuluq sobası, o cümlədən tikinti keramikasının bişirildiyi bişmiş kvadrat kərpiclərdən qübbəşəkilli konstruksiyalar aşkar olunmuşdur. II Bəndovan şəhər yerində böyük miqdarda çıxdaş saxsı məmulat, o cümlədən Örənqala materialına oxşar, IX–XI əsrlərə aid sferokonus qablar aşkar edilmişdir. II Bəndovan arxeoloji kompleksi üzrə tapıntılar onu XI–XII əsrlərə aid etməyə imkan verir. I Bəndovan və II Bəndovan şəhərgahları Kür çayının mənsəbində, onun qədim məcra və sahillərində geniş əraziləri əhatə edən tarixi Şirvan-Quştəsfi vilayətini lokallaşdırmağa imkan verir. XIII əsrin sonundan XIV əsrin sonuna qədər bu vilayətin böyük hissəsi suyun altında idi.
Köhnə Bilgəh. Muzeyin Şimali Abşeronun Amburan burnu (köhnə Bilgəh) yaxınlığındakı akvatoriyada sualtı arxeoloji işləri ilk orta əsrlər və XVI–XVIII əsrlərdə, yəni Xəzərin səthinin səviyyəsinin aşağı olduğu vaxtlarda burada yaşayış olduğunu sübuta yetirməyə kömək etdi. Həmin vaxt Bilgəh kəndi sahilin aşağı terrasında yerləşirdi. Qalagah burnundan sualtı Balaxnin bankəsinədək uzanan sualtı silsilələr isə şimal küləkləri qarşısında sipər çəkərək bu kəndin sakinləri üçün əlverişli buxta yaradırdı. Amburan burnunun ikinci adı – Köhnə Bilgəh də məhz bununla izah olunur. İngiltərə ticarət şirkətinin qulluqçusu Xristofor Berrou bildirirdi ki, 1680-ci ildə Bakının yaxınlığında Bildi (Bilgəh) dayanacağında olmuş və "sahil boyunca hərəkət edərək, onlar Midiya və Şirvan torpağının Bildi kəndinə yaxınlaşmış və 9 funt dərinliyinə lövbər salmışlar". Arxeoloji tapıntılarla təsdiqlənir ki, Bilgəh kəndi artıq XII əsrdə mövcud idi və o vaxtdan fasilələrlə aşağı terrası tuturdu. Bilgəh böyük aşırım yeri, dənizdə və quruda ticarət yollarının qovşağı idi. Xəzərin şimalından və cənubundan gəmilərlə gətirilən yük burada dəvələrə, atlara vurulub Şamaxı, Bakı və digər Azərbaycan şəhərlərinə çatdırılırdı. Amburan burnu (Köhnə Bilgəh) akvatoriyasında sualtı tapıntılar müxtəlif ölkələrdən həmin limana gətirilən malların çeşidi haqqında təsəvvür yaradır. Bunlar çini və saxsı qab parçaları, habelə Çində və təqlid yolu ilə İranda seladondan hazırlanmış qab-qacaq, Rusiya malları – bıçaqlar, metal əşyalar və s.-dir. Səngi Muğan. Sualtı tapıntılar arasında Xəzərdə bu qəbildən hələlik yeganə tapıntı olan abordaj qarmağı xüsusi maraq doğurur. Görünür, Stepan Razinin kazakları dəniz döyüşü zamanı belə abordaj qarmağını İran gəmilərinə atıb, ilişdirərdilər. Belə ki, Azərbaycan Tarixi Muzeyinin Səngi Muğan adasının akvatoriyasında sualtı arxeoloji tədqiqatlar aparan mütəxəssislər qrupu 1669-cu ildə adada Stepan Razinin öz kazakları ilə təqribən üç ay məskən salması ilə bağlı maraqlı materiallar aşkar etmişdir. Elə həmin il burada dəniz döyüşü nəticəsində çoxlu sayda İran gəmisi batırılmışdı. Sualtı tədqiqatlar zamanı müxtəlif dövrlərə aid metal lövbərlər, eləcə də gəmilərin taxta detalları da tapılmışdır. XVII əsrin adi və minalı qabları Səngi Muğan adasının cənub buxtasından üzə çıxarılmışdır. Bunların arasında üzünə "mərmər suyu" çəkilmiş piyalələr də var. Bakı buxtası. 1992-ci ildə Sualtı arxeologiya mütəxəssisləri Bakı buxtasında yerqazan maşının çalovunda qazıntı kimi qeyri-adi iş aparmalı oldular. Belə ki, Xəzərdəniznəqliyyat idarəsinin "Frunze" yerqazan maşını ilə "Neftçi" su stansiyası yaxınlığında dəniz dibini dərinləşdirmə işləri aparılarkən çalovdakı torpağın içində XVIII əsrin sonu XIX əsrin əvvəlinə aid 5 qəpiklik mis sikkələr görünməyə başladı. Sualtı abidənin xarakteri ilə tanışlıqdan sonra tamamilə aydın oldu ki, dərinləşdirmə işlərinin trassası XIX əsrin birinci rübündə Rusiya-İran və Rusiya-Türkiyə müharibələrində iştirak etmiş əsgərlərə maaş verilməsi üçün mis sikkələrdən ibarət yük daşıyan, burada batan rus gəmisinin qalıqları üzərindən keçir. Bu işlərin nəticəsində XVIII əsrin sonu XIX əsrin əvvəlində Rusiyanın çar zərbxanasında kəsilən mis pulların böyük kolleksiyası toplanmışdır. Üzərində imperatriçə Yelizavetanın venzeli olan ən erkən tarixli sikkə 1756-cı ilə, ən son tarixli sikkə isə 1814-cü ilə aiddir. Bakı buxtasında gəmidə XIX əsrin birinci rübündə baş verən partlayış zamanı sikkələrin çoxu xeyli dərəcədə ərimiş, bəziləri isə zədələnmişdir.