Şirvan Milli Parkı — Cənub-şərqi Şirvan düzündə Salyan və Neftçala rayonları ərazisində yerləşən milli park.
Şirvan Milli Parkı | |
---|---|
azərb. Şirvan Milli Parkı | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 54373,5 ha |
Yaradılma tarixi | 5 iyul 2003 |
İdarəetmə orqanı | AETSN |
Çay | Kür |
Göl | Çala gölü |
Faunası | Ceyran, qaban, canavar, tülkü, porsuq, qamışlıq pişiyi |
Yerləşməsi | |
39°32′51″ şm. e. 49°00′56″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Salyan |
Yerləşməsi | Şirvan düzündə |
Yaxın şəhər | Salyan və Neftçala |
Şirvan Milli Parkı | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 5 iyul tarixli 1298 nömrəli Sərəncamı ilə Bakı şəhərinin Qaradağ, Salyan və Neftçala rayonlarının inzibati ərazilərinin 54373,5 hektarında Azərbaycan Respublikasının Şirvan Milli Parkı yaradılmışdır. Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində ümumi ərazisi 65580 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisinin 54373,5 hektarında Şirvan Milli Parkı, 6232 hektarında Şirvan Dövlət Təbiət Qoruğu və 4930 hektarında isə Bəndovan Dövlət Təbiət Yasaqlığı yerləşir.
Milli Parkın yaradılmasında əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərini, Azərbaycan Respublikasının "Qırmızı kitabı"na düşmüş ceyranları və o ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm və istirahət üçün şərait yaratmaqdır.
Milli Parkın ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Ərazinin əsas hissəsini yovşanlı, şoranotlu yarımsəhra xırda təpəliklər və şoranotlu yarımsəhra düzənliyi təşkil edir. Qədim sahil tirələri, laqunlar müəyyən sahələrdə aydın nəzərə çarpır. Külək vasitəsilə yaranan əsas relyef forması–düyün təpəcikləri ceyranların sığınacağı və mühafizəsi üçün çox sərfəlidir.
Ərazidə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır tipli iqlim hakimdir. Burada çay və bulaq yoxdur, ərazini şərqdən Xəzər dənizi, şimaldan Baş Şirvan kollektoru, bir sıra digər kollektorlar, Çala (Qızılqaz) gölü və s. əhatə edir ki, bu da ceyranları su ilə tam təmin edir. Ərazidə Xəzərin, kanalların və gölün suyunun qışda donmaması ceyranlar və quşlar üçün çox əhəmiyyətlidir.
Milli Parkın ərazisində qaraşoranlı, şahsevdi, duzlaq-çoğanlı, yarımsəhra bitkiləri, çərənli-yovşanlı, yovşanlı-efemerli, yovşanlı, xos təkli, dənli-müxtəlifotlu, efemerli, sahil qumlu və çala-çəmən (dəvəotlu) bitki formasiyaları üstünlük təşkil edir.
Landşaft, iqlim və relyef xüsusiyyətlərinə görə Şirvan Milli Parkının ərazisində xarakterik suda-quruda yaşayanlar və sürünənlər faunası formalaşmışdır.
Milli Parkda məməlilərdən aşağıdakı dəstələr vardır:
Yarasalardan itiqulaq (Miotis blythii), bığlı (M.mystacinus), cırtdan (Pipistrellus pipistrellus) və küli şəbpərələri (P.Kuhlii), kiçik (Rhinolophus hipposideros) və böyük nalburunlar (Rh.ferrumequinum), ikirəng könlücə (Vespertilio murinus), dağ könlücəsi (Eptesicus serotinus) və s.;
Gəmiricilərdən ictimai çöl siçanı (Microtus socialis), qara (Rattus rattus) və boz siçovullar (R. norvegicus), qırmızıquyruq qum siçanı (Meriones libycus), kiçik (Allactaga elater) və kiçik asiya ərəbdovşanları (A. euphratica); Dovşankimilərdən boz dovşan (Lepus europaeus); Yırtıcılardan canavar (Canis lupus), çaqqal (C. aureus), tülkü (Vulpes vulpes), gəlincik (Mustella nivalis), safsar (Vormela peregusna), porsuq (Meles meles), qamışlıq pişiyi (Felis chaus), çöl pişiyi (F. libyca);
Kürəkayaqlılardan Xəzər suitisi (Phoca caspica);
Cütdırnaqlılardan çöl donuzu (Sus scrofa) və ceyran (Gazella subgutturosa)
Bu növlərdən ceyran, safsar və çöl pişiyi respublikamızın "Qırmızı Kitab"ına daxil edilmişdir. Xəzər suitisi, ceyran və safsar "Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı"nda müxtəlif statusla qorunan növlər elan edilmişdir. Bütün yarasa növləri "Avropa Yarasalarının Qorunması üzrə Razılaşma"ya (EUROBATS) əsasən mühafizə olunurlar.
Suriya sarımsaqiyli qurbağa nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş növ olduğu üçün "Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Siyahısı"na və Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına daxil edilmişdir və qanunla qorunur.
Parkın ərazisində 4 növ suda-quruda yaşayan heyvanlara rast gəlinir. Bunlar Suriya sarımsaqiyli qurbağası (Pelobates syriacus), yaşıl quru qurbağası (Bufo viridis), kiçik asiya ağac qurbağası (Hyla arborea savigini) və göl qurbağasıdır (Rana ridibunda.
Parkda həmçinin 17 növ sürünən heyvanlar vardır. Bunlardan 3 növü tısbağa, 6 növü kərtənkələ və 8 növü ilanlardır.
Tısbağalar: Aralıqdənizi və ya quru tısbağası (Testudo graeca), xəzər tısbağası (Mauremus caspica), bataqlıq və ya çay tısbağası (Emus orbicularis.
Kərtənkələlər: Xəzər gekkonu (Cyrtopodion caspicus), koramal (Pseudopus apodus), cəld kərtənkələcik (Eremias velox), rəngbərəng kərtənkələcik (Lacerta strigata), zərif ilanbaş kərtənkələ (Orhisops elegans.
İlanlar: Kor ilan (Typhlops vermicularis), adi suilanı (Natrix natrics), suilanı (Natrix tessellata), zeytuni təlxə (Coluber nacadum), qızılı təlxə (Coluber schmidti), xaltalı eyrenis (Eirenis collaris), kələz ilan (Malpolon monspessulanus) və Cənubi Qafqaz gürzəsi (Vipera lebetina obtusa.
Aralıq dənizi və ya quru tısbağası nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş növ olduğu üçün "Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Siyahısı"na və Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına daxil edilmiş və qanunamüvafiq olaraq mühafizə olunur.
Cənubi Qafqaz gürzəsi Milli Parkın ərazisində geniş yayılmış sürünən növlərdəndir. Tibb xammalı olan zəhərinə görə gürzə ilanları qiymətli sürünən növü hesab olunur.
Şirvan Milli Parkında 230 növ qeydə alınmışdır. Bu zənginlik Milli Parkın quşların miqrasiya yolunda yerləşməsi və ərazisində quşların yaşayışı üçün biotopların müxtəlifliyi ilə əlaqədardır.
Quşların miqrasiyası və qışlama dövründə göllərin və dənizin dayaz yerlərində əsasən yaşılbaş ördəklər, fitçi cürə, boz ördək, marek, bizquyruq, cırıldayan cürə, enliburun ördək, flaminqo, fısıldayan qu, qaşqaldaq, dərin su sahələrində isə qırmızıburun, qırmızıbaş, kəkilli ördək, dəniz dalğıcı, adi güləyənquşu və digər ördək növləri toplantılar əmələ gətirirlər.
Göstərilən biotoplarda iyrəncələrə, qutanlara, qarabattaqlara və qağayılara rast gəlinir.
Göllərin ətrafındakı açıq bataqlıq sahələrdə, dənizsahili nəmli qumsallıqlar və laqunalarda çovdarçılar, bizdimdiklər və bekaslar toplantılar əmələ gətirir.
Qırmızıdöş qaz, boz, ağalın və ağqaş qazlar Milli Parkın bütün açıq su biotoplarında istirahət edir, yarımsəhraların dənli-efemer, yovşanlı-efemer və digər bitki formasiyaları ilə örtülü olan sahələrində qidalanırlar.
Böyük və Kiçik Çala (Qızılqaz) göllərinin 60-65%-ni təşkil edən qarğı və qamışlıqların əsas sakinləri su fərəsi, adi porzan, kiçik porzan, cırtdan porzan və qamışlıq fərələridir.
Yırtıcı quşlardan çay qaraquşu, ağquyruq dəniz qartalı, çöl sarı, adi sar, çöl qartalı, böyük qartalça, məzar qartalı, ütəlgi, şahin və s. növlərə az miqdarda rast gəlinir. Oturaq növ olan turac Milli Parkın cənub-qərb və cənub-şərq hissəsində çox kiçik sahələrdə yayılmışdır.
Azərbaycan və dünya miqyasında təhlükədə olan quşlardan Milli Parkın ərazisində 34 növə rast gəlinir. Onlardan 14-ü yalnız Azərbaycanın "Qırmızı Kitab"ına, 10-u ancaq "Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı"na, 10-u isə həm Azərbaycanın "Qırmızı Kitab"ına (1989), həm də "Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı"na (2002) daxil edilmişdir.
Bu ərazinin təbii florasında 82 növ çiçəkli bitki növləri var. (4 növ kol, 2 növ yarımkol, 4 növ kolsuqlar, 3 növ yarımkolsuqlar, otlardan isə 23 növ çoxillik, 6 növ ikillik və 40 növ birillik otlar). Floristik tərkibdə 7 endem növlər, o cümlədən Azərbaycanın endemi 3 növ bakr cuzqunu (Calliqonium bakuense), səhra acıqovuğu (Taraxacum desertorum), Şovis yovşanı (Artemisia Szoitsiana), Qafqazın endemi 4 növ steven qəvəni (Astraqalus steenianus), Hirkan qəvəni (Astraqalus hircanus), Qafqaz qarayoncası (Medicaqo Caucasica) və yarımçılpaq, şeytanqanqalı (Carduns seminudus) yayılmışdır.
Floranın növ tərkibində ali sporlulara aid mamırlardan - barbülə (Barbula unguiculata) və şibyələrdən daraqlı kollema (Collema cristatum) rast gəlinir. Bitki örtüyün fitosenotik təhlilinə gəldikdə isə burada yayılmış (həyat formalarına görə) əsasən cəmi 82 çiçəkli bitki növlərinə rast gəlinir.
Milli Parkin florasını sayca ən çox kserofitlər (halofitlər) qismən mezokserofitlər, mezofitlər və hidrofitlər təşkil edir. Parkın bitki örtüyünün fitosenoloji təsnifatının təhlili göstərir ki, ərazidə səhra (Deserta), yarımsəhra (Hemideserta), dənizsahili -qumsal, çala-çəmən və su-bataqlıq ekoloji (bitkilik) tipləri mövcuddur. Oranın bitki örtüyünə çoxillik şoranqəliyə–qaraşoranlıq (Halocnemeum sfrobilaceum), yarıbaşlıq (Kalidietum caspicum), şahsevdilik (Halostachyetum caspica), yulğunlu - şahsevdilik (Tamarixetum ramosissima-Halostachyetum caspica), çərənlik (Suaedactum dendroides), gənqizli–efemerli Salsoletum qemmuscens+Ephemeretum), yovşanlı-qarağanlıq (Artemisietum Szovitziana-Salsola dendroides) aiddir. Birillik şoranqəliyə puzlaq-coğanlıq (Salicornietum europaca), budağlı qışotuluq (Petrosimonietum brachiata), efemerli-yovşanı-qışotuluq (Ephemeeto- Artemisietum fraqrans+Petrosimonia brachiata) daxildir.
Ərazinin boz-çəmən torpaqlarında yovşanlı-efemerlik (Artemisietum fraqransale + Ephemeretum) inkişaf edir. Bu assosiasiayanın növ tərkibində rast gələn efemerlər-yapon tonqalatu (Bromus Caponicus), bərq quramat (Lolium riqidum), eləcə də efemeroidərdən-soğanaqlı dişə (Poa bulbosa) və s. otları ceyranlar həvəslə yeyir. Qış mövsümündə ətirli yovşan, qarağan, gənqiz və s. çoxilllik şoranqələr ceyranların təbii yemi sayılır.
Müvafiq fitosenozların edifikator növlərindən–yoğunlaşmış qaraşoran (Holocnemum strobilaceum) , xəzər sarıbaşı (Kalidium caspicum), xəzər şahsevdisi (Halostachus caspica), kol çərən (Suaeda dendroides), qarağan (Salsla dendroides), şoviç yovşanı (Artemisia Szovitsiana), budaqlı qışotu (Petrosimonia brachiata), ətli şoranqə (Salsola crass), ətirli yovşanı (Artemisia fraqrans) və s. göstərmək olar.
Xəzər sahilinin qumsallıqlarında-gəcəh yovşanlıq (Artemisietum tschernieviana), Pürən yovşanlıq (Artemisietum scoparia) bitki örtüyündə qarışıq senozlar əmələ gətirir. Çala gölünün (Qızılqaz) əhatəsində yayılan çala-çəmən bitkiliyinin dəvə tikanlıq (Alhaqietum pseudoalhaqi) və su-bataqlıq tipinə aid qamışlıq (Phraqmitetum communis) yayılmışdır. Hər iki bitki örtüyü quşların əlverişli yem və sığınacaq sahəsidir. Yalnız gəcəh yovşanlıqda-dominant bitki-xəşəmbül (Melilotus caspica) isə ceyranlar və quşlar üçün dəyərli yem bitkisidir.
Parkin bitki örtüyündə dərman bitkilərindən-bağayarpağı (Plantaqo lanseolata), əməköməci (Malvaltheala transcaucasica), qırxbuğuma (Polyqonum lapathilium) və s. rast gəlinir.
IDEA İctimai Birliyinin xüsusi layihəsi olan "Azərbaycanın 9 möcüzəsi" layihəsi çərçivəsində ilk film "Şirvan Milli Parkı" olmuş və 2014-cü ildə ictimaiyyətə təqdim edilmişdir.[1] Film Azərbaycanın yerli telekanallarında, habelə beynəlxalq film festivallarında, "Rossiya-Kultura" telekanalında nümayiş olunmuşdur.[1]