Azərbaycanda aqrar islahatları

Azərbaycanda aqrar islahatlarAzərbaycanda torpaq sahibliyi və torpaqdan istifadə sisteminin dəyişdirilməsi.

Tarixi[redaktə | mənbəni redaktə et]

Rusiya imperiyası ağalığı dövründə Şimali Azərbaycanda feodallarınçar mütləqiyyətinin mənafeyini mühafizə edən, zəhmətkeş kəndli kütlələrinin həyat mənafeyi əleyhinə, onların ağır istismarına yönəldilmiş bıra sıra aqrar islahatlar keçirilmişdir. 6 dekabr 1846-cı ildə çarizmin verdiyi fərman feodal torpaq sahibliyinin bütün formalarını xüsusi mülkiyyət kimi tanımışdır. Fərmanın əsas müddəaları 20 aprel və 20 dekabr 1847-ci il tarixli Əsasnamələrdə inkişaf etdirilmiş və konkretləşdirilmişdir. Əsasnaməyə görə, kəndlilər sahibkarların xeyrinə natural renta və pul mükəlləfiyyətləri ödəməli, biyara getməli, onlar üçün nökər ayırmalı idilər. 1846-1847-ci illərin aqrar qanunları Azərbaycanda feodal təhkimçilik münasibətlərini qüvvətləndirdi. Rusiyada 1861-ci il kəndli islahatından sonra milli ucqarlarda da kəndli ishalatları keçirmək məsələsi qarşıya çıxmışdı. Bununla əlaqədar 1870-ci ildə Azərbaycanda kəndli ishalatı keçirilmişdir. İslahat məhdud və daha çox təhkimçilik xarakterində idi. Xəzinə torpaqlarında yaşayan və bütün kəndlilərin 70%-indən çoxunu təşkil edən dövlət kəndlilərinə aid edilməmişdir. İslahatın əsas qanunvericilik aktı olan 14 may 1870-ci il Əsasnaməsi onu əsas götürmüşdü ki, bütün torpaqlar "ali müsəlman silki"nin (xan, bəy və s.) mülkiyyətidir. Torpaq sahibləri ilə kəndlilər arasındakı torpaq münasibətləri Əsasnamə veriləndən sonra iki il müddətində həyata keçirilməli olan "torpaq nizamnaməsi" ilə müəyyən edilirdi. Kəndlilər sahibkar torpağından istifadə üçün əvvəlki kimi feodal mükəlləfiyətləri (bütün kənd təsərrüfatı məhsullarının 1/10-i miqdarında natural vergi – malcəhət və ya bəhrə, həyətyanı sahə də daxil olmaqla yararlı torpaqların hər desyatini üçün 30 qəpik pul vergisi) ödəməli idi. Feodal rentasını zorla toplamaq üçün Əsasnamədə müxtəlif icbari tədbirlər, hətta borclunun daşınar və daşınmaz əmlakının satılması, torpaq sahibi, yaxud həmkəndlisi üçün işləməyə göndərilməsi nəzərdə tutulmuşdu. Pay torpaqları kəndlilərin mülkiyyətinə deyil, daimi istifadəsinə verilirdi. Bununla belə, kəndli "torpaq sahibi ilə könüllü saziş" əsasında pay torpağını ödənclə ala bilərdi, lakin Rusiyanın mərkəzi quberniyalarından fərqli olaraq, Azərbaycanda torpağın ödənc ilə alınması məcburi deyildi və dövlət pay torpağı almaqda kəndlilərə heç bir kömək etmirdi. Azərbaycanda ödənc qiymətləri də yüksək idi. Kəndlilər, bir qayda olaraq, Əsasnamədə nəzərdə tutulduğundan az pay torpaqları aldılar (məsələn, Bakı quberniyasının 4 qəzasında 15 yaşından yuxarı hər kişiyə nəzərdə tutulmuş 5 desyatin əvəzinə, orta hesabla, 3,35 desyatin torpaq düşürdü). İslahatın qarətçi xarakteri torpaq sahiblərinin hüququnu müdafiə edən çarizmin yeritdiyi aqrar siyasətin qanunauyğun nəticəsi idi. Bununla belə, islahat burjua xarakterli idi və kapitalizmin inkişafına müəyyən dərəcədə kömək edirdi (feodalların torpaq üzərində inhisarının ləğvi, qeyri-iqtisadi məcburiyyətin zəifləməsi), lakin təhkimçilik əlamətləri 1861-ci il kəndli islahatına nisbətən özünü daha qabarıq göstərirdi.[1]

1 may 1900-cu ildə verilmiş qanun çarizmin və rus burjuaziyasının mənayefinə uyğun şəkildə Cənubi Qafqaz dövlət kəndlilərinin istifadəsində olan torpaqları dövlət mülkiyyəti elan etmişdir. Bu torpaqlardan istifadə müqabilində dövlət kəndliləri xəzinəyə feodal-torpaq rentası verməli idilər. Meşələrdən istifadə üçün ayrıca vergi müəyyənləşdirilmişdir. Qanun dövlət kəndlilərinin istifadəsindəki torpaqlar üzərində xəzinə mülkiyyətinə tounmamışdı. Beləliklə, imperiyanın çox hissəsində ləğv edilən feodal istehsal münasibətləri Cənubi Qafqaz dövlət kəndində saxlanılmışdır. Kəndlilərin istifadəsindəki bütün torpaqlar onların ixtiyarında qalmışdır. 21 aprel 1903-cü ildə 1900-cu il qanununu inkişaf etdirən və konkretləşdirən qaydalar qəbul olunmuşdur. Pay torpaqlarından istifadə hüququ olan kəndlilərin sayı xeyli azaldılmışdır. Bu, minlərlə kəndlinin tamamilə torpaqsız qalması və ya pay torpaqlarınınn müəyyən hissəsindən məhrum olması demək idi. 1900–1903-cü illərin aqrar qanunlarında çarizmin aqrar siyasətinin mürtəce xarakteri özünü tam göstərmişdir. Bu siyasət torpaq sahibkarlarının hüquqları və feodal istehsal münasibətlərini saxlamağa yönəldilmişdir.[1]

20 dekabr 1912-ci il və 1 yanvar 1913-cü ildə IV Dövlət Dumasının verdiyi qanuna görə, kəndlilərin daimi istifadələrində olan torpaqları satın almalı idilər. Mülkədar kəndlilərə verilən pay torpaqları müqabilində dövlət xəzinəsindən pul almalı, kəndlilər isə həmin pulu müəyyən müddətdə xəzinəyə verməli idilər. Cənubi Qafqaz quberniyalarında feodal-asılılıq münasibətləri ləğv edilməli, torpaqlar kəndlilərin xüsusi mülkiyyətinə keçməli idi. 1913-cü il yanvar qanuni feodal mükəlləfiyyətlərini ləğv etmişdir. Kəndlilər pay torpaqlarının xüsusi mülkiyyətlərinə çevrildilər. Bakı və Yelizavetpol quberniyalarında pay torpaqları müqabilində xəzinə mülkədarlara 10,3 milyon manat pul verməli idi. Kəndlilər həmin pulu faizi ilə birlikdə (21 milyon manat) 28–56 il ərzində ödəməli idilər. Bu qanunlar kəndlilərin vəziyyətində əsaslı dönüş yaratmasa da Azərbaycan kəndlilərində sinfi təbəqələşməni və kapitalist münasibətlərinin inkişafını sürətləndirmişdir. Yalnız Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra torpaq məsələsi zəhmətkeş kəndlilərdən mənafeyinə uyğun həll edilmişdir. Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin 5 may 1920-ci il tarixli dekreti ilə bütün torpaqlar milliləşdirilib kəndlilərəin istifadəsinə verilmişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Аграр ислаһатлар // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев . 1976. С. 84–85.