Azərbaycanda bələdiyyə

Azərbaycanda bələdiyyə — Azərbaycanda yerli özünüidarəetmə forması.

Azərbaycanda bələdiyyələr Azərbaycan Respublikası Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir.

Azərbaycan ərazisində yerli özünüidarəetmə tarixi

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda ilk yerli özünüidarəetmə institutları indiki Azərbaycan Respublikasının ərazisi Rusiya İmperiyasının tərkibində olduğu dövrdə formalaşmışdır.

1877-ci ilin dekabrında Bakı şəhərində ilk dəfə olaraq yerli özünüidarəetmə orqanı olan Bakı Şəhər Duması seçki üsulu ilə yaradılıb. Qanunvericiliklə həmin Dumaya seçkilərdə namizədlik irəli sürmək üçün bir sıra məhdudiyyətlər və ilkin şərtlər qoyulmuşdu. Dumanın yaradılmasından əvvəlki statistika məlumatları göstərir ki, 1873-cü il siyahıyaalmasına əsasən Bakıda 86 601 nəfər insan yaşayıb, 1877-ci ildə isə Bakı şəhərinin Rusiya İmperiyasına 92 749 rubl gəlir gətirməsinə baxmayaraq, şəhər səhiyyəsinə cəmi 5095 rubl (gəlirin 5,4%-i), xalq təhsilinə 3179 rubl (gəlirin 3,4%-i), şəhər abadlaşdırmasına 9812 rubl (gəlirin 11,2%-i) vəsait ayrılmışdı.

Qeyd olunan seçkilər nəticəsində Bakı Şəhər Duması üzvlüyünə ilk başda iri neft sənayeçiləri, tacirlər, fabrik, gəmi sahibləri seçilirdilər. Qoyulmuş məhdudiyyətlərə əsasən 1877-ci il dekabrda keçirilmiş seçkilərdə Bakı Şəhər Dumasına seçilən Duma üzvləri arasında yalnız Həsən bəy Zərdabi, müəllim Həbib bəy Mahmudbəyov, Ə. M. Topçubaşov kimi barmaqla sayılacaq qədər az sayda ziyalılar yerli əhalini təmsil hüququ əldə etmişdilər. Bakı varlılarından isə H. Z. Tağıyev, Şəmsi Əsədullayev, İbrahim bəy Aşurbəyov, Əliİskəndər Aşurov, İsabəy Hacınski, Ağabala Quliyev, Musa Nağıyev, Nəcəfqulu Sadıqov və başqaları Duma üzvü kimi seçilmişdilər.

Bak Şəhər Duması 08.01.1878-ci il tarixində öz işinə başlamışdı. Bu Dumanın iclasları hər gün saat 20.30-da başlayır, 22.30-da da yekunlaşırmış. Bakı Şəhər Dumasının səlahiyyətləri yalnız yerli məsələlərin müzakirəsi ilə məhdudlaşırmış, icrası məcburi olan göstəriş vermə səlahiyyəti olmadığından bu Duma tam olaraq Bakı Şəhər Polisindən asılı vəziyyətdə qalıbmış[1].

1892-ci il şəhər islahatı nəticəsində kollegial icra hakimiyyəti səlahiyyəti ilə Bakı Şəhər Kollegiyası yaradılıb, Bakı Şəhər Duması isə həmin qurumun tərkibində məşvərətçi orqana çevrilib.

Həmin 1892-ci ildə qəbul edilmiş yeni şəhər əsasnaməsi ilə Gəncə şəhərində tam səlahiyyətli, Şamaxı, Quba, Lənkaran, Şəki şəhərlərində məhdud səlahiyyətli yerli özünüidarəetmə orqanları fəaliyyətə başlayıb[2].

1918-ci ilin martında ermənilər tərəfindən törədilmiş kütləvi türk-müsəlman soyqırımlarından sonra hakimiyyəti ələ almış bolşeviklər Bakı Şəhər Dumasını buraxıb.

10.04.1918-ci il tarixində Bakı və onun rayonların İnqilabi Müdafiə Komitəsinin dekreti ilə Bakı Şəhər Duması ümumiyyətlə ləğv olunaraq funksiyaları xüsusi şəhər təsərrüfatı şöbəsinə verilib.

Azərbaycan Xalq Cümhuriyyətinin Hökuməti bərqərar olan kimi, Azərbaycanda şəhər dumaları bərpa edilib, Azərbaycan Xalq Cümhuriyyətinin dövründə yerli özünüidarə institutları icrası məcburi olan göstəriş vermə səlahiyyəti əldə ediblər.

28.04.1920-ci ildən başlayaraq, Azərbaycan SSR yaradılmış, onun yerli idarəetmə üsulu kimi, yerli xalq deputatları sovetləri formalaşmışdır. İndiyə qədər Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə tətbiq edilə inzibati ərazi dairələri əsasən məhz həmin sovetliklərin əraziləridir. Bu zaman aşağı xalq deputatları sovetlərinin səlahiyyətləri ilə yuxarı (muxtar respublika (Naxçıvan), muxtar vilayət (Dağlıq Qarabağ), vilayətə bərabər tutulan şəhər (Bakı şəhəri) və ya müttəfiq respublika (Azərbaycan SSR) səviyyəsində təşkil edilmiş) yuxarı xalq deputatları sovetlərinin səlahiyyətləri arasında SSRİ və Azərbaycan SSR qanunları əsasında dəqiq bölgü aparılırdı. Bu qurumlar icrası məcburi olan göstərişlər verir, yerli icraiyyə komitəsini formalaşdırırdı. Hər rayon üzrə, yerli icra hakimiyyəti səlahiyyətlərini yerli xalq deputatları sovetinin formalaşdırdığı kollegial qurum olan rayon icraiyyə komitələri həyata keçirirdi[3].

Bələdiyyələrin hüquqi statusunun Konstitusiyada təsbit edilməsi 12.11.1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında baş verib.

Həmin Konstitusiyanın “Keçid müddəaları” bölməsinin 6-cı hissəsinə[4] əsasən: “Bu Konstitusiya qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası yerli xalq Deputatları Sovetlərinin səlahiyyətlərinə xitam verilir. Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş sәlahiyyәtlәri yerli icra hakimiyyəti orqanları həyata keçirir”. Həmin bölmənin 7-ci hissəsinə əsasən isə: “Bu Konstitusiya qüvvəyə mindikdən sonra iki il müddətində yerli özünüidarə haqqında qanun qəbul edilməli və bələdiyyələrə seçkilər keçirilməlidir”, yəni 1997-ci ildə ilk seçkilər keçirilməli idi.

Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12.12.1999-cu ildə keçirilmişdir. Bu seçkilərdə 74 dairə və 4683 məntəqə seçki komissiyası yaradılmışdır. Seçkilərin təşkili ilə 90,5 min insan məşğul olmuşdur. Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçən bir sıra partiyalar bu seçkilərdə aktiv iştirak etmişlər. Məntəqə seçki komissiyalarının tərkibi 18% və 30%, uyğun olaraq siyasi partiyaların və ictimai təşkilatların nümayəndələrindən tərtib edilmişdi. Məntəqə seçki komissiyalarına 21 siyasi partiyanın 5 mindən çox namizədi daxil edilmişdir.

Həmin seçkilərdə 2667 bələdiyyəyə namizədlər qismində 35,6 min insan qeydiyyata alınmış, səsvermədə 4.312.265 ölkə seçicilərindən 52,6% iştirak etmiş, seçkilər nəticəsində 20 min 454 bələdiyyə üzvü seçilərək 2667 bələdiyyə fəaliyyətə başlamışdı.

Növbəti bələdiyyə seçkiləri 2004, 2009, 2014 və 2019-cu illərdə təşkil edilmişdir.

2009 və 2014-cü illərdə bələdiyyələrin birləşməsi nəticəsində ölkə bələdiyyələrinin sayı azalaraq 1607-yə enmişdir.

1999 – 2015-ci illər arşında bələdiyyələrin fəaliyyətinə həsr olunmuş 22 ayrıca qanunlar qəbul edilib, bir sıra digər sahə qanunlarına, o cümlədən Mülki Məcəlləyə və Vergi Məcəlləsinə bələdiyyərlərlə əlaqədar mühüm müddəalar daxil edilib. 2000-ci ildən başaqlayar, ilk illərdə bələdiyyələr haqqında qəbul edilən normativ hüquqi aktların böyük əksəriyyəti SSRİ dönəmindəki xalq deputatları sovetləri haqqında normativ hüquqi aktların təkrarı idi (bəzi hallarda maddəbəmaddə təkrarlar olmuşdu). Zaman keçdikdə, qanunlar daha çox Avropa Şurası ölkələrinin təcrübəsinə yaxınlaşdırıldı.

25.12.2001-ci il tarixli 238-IIQ nömrəli Qanunla Azərbaycan Respublikası “Yerli özünüidarə haqqında” Avropa Xartiyasına qoşulub və qeyd-şərtlə bu Xartiyanın 2-ci, 3-cü (I və II bəndlər) -4cü (I, II, IV, V və VI bəndlər), 5-ci, 6-cı (I və II bəndlər), 7-ci (I və III bəndlər) 8-ci (I, II və III bəndlər), 9-cu (I, II, III, IV, VII və VIII bəndlər), 10-cu (I, II və III bəndlər) və 11-ci maddələri üzrə öhdəlik götürüb[5].

2005-ci ildə Azərbaycan bələdiyyələrinin digər ölkədəki bələdiyyələrlə əlaqələrini və beynəlxalq tədbirlərdə təmsil edilmələrini təmin etmək məqsədi ilə “Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi barədə” Qanun qəbul edilmiş, Bələdiyyələrin şəhər, qəsəbə və kənd assosiasiyaları yaradılmışdır[6].

2019-cu ildə keçirilmiş seçkilərin nəticəsində əvvəlki seçkilərdə olduğu kimi, yeni seçilən bələdiyyə üzvləri sırasında qadınların, gənclərin sayında xeyli artım müşahidə edilmişdir. Belə ki, qadınların sayı 5.847 nəfər (38,8 %), gənclərin sayı isə 6.012 nəfər (39,9%) olmuşdur.

2024-cü ildə yeni bələdiyyə islahatına start verildi. Belə ki, 05.04.2024-cü il tarixli Qanunla[7] müəyyən edildi: "Ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir. Birləşmə və ya ayrılma nəticəsində əhalisinin sayı 3000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol verilir". Eyni tarixli 129-VIQD nömrəli Qanunla[8] isə müəyyən edildi ki, "Təşkil və ya yenidən təşkil nəticəsində əhalisinin sayı 3000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol verilir".

Azərbaycanda bələdiyyələr müstəqil fəaliyyət göstərən orqan olsalar da, ancaq onlara verilmiş bu müstəqillik bələdiyyələrin dövlət və vətəndaş cəmiyyəti nəzarətindən kənarda qalması kimi başa düşülmür. Bələdiyyələr ölkədə vətəndaş cəmiyyətinin bir forması olmaqla dövlət və cəmiyyət qarşısında məsuliyyət daşıyırlar. Onlar yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllinə bilavasitə cavabdehdirlər.

Bələdiyyələrin Səlahiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və xitam verilməsi.
  • Bələdiyyə sədrinin və onun müavinlərinin, daimi və digər kommisiyaların seçilməsi.
  • Yerli vergilərin və ödənişlərin müəyyən edilməsi.
  • Bələdiyyənin reqlamentinin təsdiq edilməsi.
  • Bələdiyyə mülkiyyətinə sahiblik,ondan istifadə və onun barəsində sərəncam.
  • Yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi.
  • Yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi.
  • Yerli ekoloji proqramlarinin qəbul və icra edilməsi.
  • Yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi.

Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilmişdir. O dövrdə Respublikamızda 2700 bələdiyyə yaradılmış, sonradan isə kiçik bələdiyyələrin birləşdirilməsi nəticəsində bələdiyyələrin sayı 1771-ə endirilmişdir. Müvafiq qanuna uyğun olaraq respublikamızda bələdiyyə seçkiləri hər beş ildən bir keçirilir. İkinci dəfə bələdiyyə seçkiləri 2004-cü ildə, üçüncü dəfə 2009-cu il, dördüncü dəfə 2014-cü ildə keçirilmişdir və beşinci dəfə isə 2019-cu ildə keçirilmişdir.

2006-cı ildə isə bəzi bələdiyyələrin birləşdirilməsi, ləğvi, yenidən təşkili səbəbi ilə yeni, təkrar və əlavə bələdiyyə seçkiləri keçirildi.

2011-ci ildə nəticələri ləğv olunan bələdiyyələrdə 1901 bələdiyyə üzvü üçün təkrar seçkilər keçirildi.

2004-cü ildə Azərbaycanda bələdiyyə üzvlərinin cəmi 4 faizi qadınlar olduğu halda, 2009-cu ildə artıq bu rəqəm 26,5 faizə qalxıb.[9]

Yerli büdcə gəliri

[redaktə | mənbəni redaktə et]
  1. Fiziki şəxslərin əmlak vergisi.[10]
  2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3- cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi.
  3. Bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödəniş.
  4. Kurort rüsumu, mehmanxana rüsumu, avtomobillərin dayanacaqları üçün rüsum, bələdiyyə yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait və qanunla müəyyən edilən digər yerli ödənişlər.
  5. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi.
  6. Azərbaycan Respublikasının dövlət büdcəsindən verilən dotasiya, subvensiya və ssudalar.
  7. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə əmlakının özəlləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən gəlirlər, lotereyalardan daxil olan vəsait, habelə bələdiyyələrin fəaliyyətindən əldə edilən digər gəlirlər.
  8. Yerli (bələdiyyə) vergilər və ödənişlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanmış faiz və sanksiyalar.
  9. Fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların maliyyə yardımları və qrantları.
  10. Dövlət əhəmiyyətli tədbirlərin və dövlət orqanlarının qərarları nəticəsində yaranan xərclərin ödənilməsi üçün maliyyə vəsaiti.

Bələdiyyələrə həsr olunmuş ayrıca qanunların siyahısı

[redaktə | mənbəni redaktə et]

Bələdiyyələrin fəaliyyətinin təşkilinə dair qanunlar

[redaktə | mənbəni redaktə et]

698-IQ - Bələdiyyələrin statusu haqqında[11]

129-IIQ - Bələdiyyələrin məhəllə komitələri haqqında Nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə[12]

764-IQ - Yerli rəy sorğusu haqqında[13]

454-IIQ - Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında[14]

903-IIQ - Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi barədə[15]

864-IQ - “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə[16]

771-IQ - Bələdiyyələrin əraziləri və torpaqları haqqında[17]

858-IQ - Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında[18]

936-IIIQ - “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə[19]

238-IIQ – “Yerli özünüidarə haqqında” Avropa Xartiyasının təsdiq edilməsi barədə[20]

İqtisadi sahədə qanunlar

[redaktə | mənbəni redaktə et]

159-IIQ – Bələdiyyələrin su təsərrüfatı haqqında[21]

160-IIQ – Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında[22]

274-IIQ - "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə[23]

244-IIQ - Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında[24]

772-IQ - Bələdiyyələrin maliyyəsinin əsasları haqqında[25]

770-IQ - Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında[26]

Bələdiyyələrin korporativ idarəetməsinə dair qanunlar

[redaktə | mənbəni redaktə et]

1278-IVQ - Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında[27]

478-IIQ - "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə[28]

765-IQ - Bələdiyyə qulluğu haqqında[29]

863-IQ - Bələdiyyə üzvünün statusu haqqında[30]

677-VQ - Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında[31]

709-IQ - Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında[32]

859-IQ - "Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə[33]

  1. Мильман А. Политический строй Азербайджана в 19 – начале 20 вв. Баку: Азербайджанское государственное издательство. 1966. 209.
  2. Ədliyyə Nazirliyi, Bələdiyyələrlə İş Mərkəzi. https://belediyye.gov.az/municipality-history (#bare_url_missing_title).
  3. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-24.
  4. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-24.
  5. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-24.
  6. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-24.
  7. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-24.
  8. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-24.
  9. "Azərbaycanda uğurlu gender siyasəti aparılır". anl.az. anl.az. 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
  10. "Bələdiyyələr haqqında məlumat". belediyye.gov.az. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-28.
  11. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-24.
  12. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-24.
  13. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-24.
  14. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-24.
  15. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-24.
  16. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-24.
  17. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-24.
  18. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-24.
  19. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-24.
  20. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-24.
  21. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-24.
  22. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-24.
  23. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-24.
  24. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-24.
  25. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-24.
  26. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-24.
  27. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-24.
  28. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-24.
  29. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-24.
  30. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-24.
  31. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-24.
  32. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-24.
  33. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]