Azərbaycan Respublikasının Konstitusiyası — Azərbaycan Respublikasının əsas qanunu. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul olunmuşdur.
Azərbaycan Konstitusiyası | |
---|---|
Növ | konstitusiya |
Ölkə | |
İmzalanıb | 12 noyabr 1995 |
İlk nəşr | 27 noyabr 1995 |
Cari nəşr | 26 sentyabr 2016 |
Elektron versiya Vikimənbədə |
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Məlum olduğu kimi, 1918–1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.
Azərbaycan SSR Konstitusiyası — Azərbaycan SSR-nin ictimai və dövlət quruculuğunu, dövlət hakimiyyəti və idarə orqanlarının təşkilat və fəaliyyət prinsiplərini, vətəndaşların əsas hüquq və vəzifələrini, bu vəzifələrin həyata keçirilməsinin maddi və hüquqi təminatlarını, seçki sistemini müəyyən edən əsas qanun, bütün qanunların hüquqi əsası.
Azərbaycan SSR-nin ilk Konstitusiyası 19 may 1921-ci ildə 1-ci Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. Sosializm cəmiyyəti qurmaq vəzifəsini qarşıya qoyan bu Konstitusiya respublikada sovet hakimiyyətinin qələbəsini, sovet hakimiyyəti simasında şəhər və kənd proletariatın diktaturasını, torpaq, sənaye, bank, nəqliyyat və s.-nin milliləşdirilməsini qanuniləşdirdi, əməkçi kütlələrə demokratik hüquq və azadlıqlar vermişdir.[1]
Respublikanın ictimai-siyasi və iqtisadi-mədəni sahədə inkişafı ilə əlaqədar 14 mart 1925-ci ildə 4-cü, 26 mart 1927-ci ildə 5-ci, 14 fevral 1931-ci ildə 7-ci və 11 yanvar 1935-ci ildə 8-ci Ümumazərbaycan Sovetlər qurultayında Konstitusiyayada dəyişiklik və əlavələr edilmişdir. Azərbaycan SSR Konstitusiyası SSRİ Konstitusiyası əsasında, 14 mart 1937-ci ildə Fövqəladə 9-cu Ümumazərbaycan Sovetlər qurultayında qəbul olmuşdur. İstismarçı siniflərin ləğvi ilə respublikada antaqonist ziddiyyətlərin aradan qalxması, fəhlə sinfi ilə kəndlilərin ittifaqı və xalqın mənəvi-siyasi birliyinin möhkəmlənməsi nəticəsində yaranmış ictimai və dövlət quruluşunu əsasları Konstitusiyada təsbit edilmişdir.[1]
Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki Konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi. 1978-ci ildə qəbul edilmiş, 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklərə məruz qalmış və bunun nəticəsində ilkin redaktəyə nisbətən əhəmiyyətli şəkildə dəyişiklikliyə uğrayan Azərbaycan SSR-in Konstitusiyası, 1995-ci il Azərbaycan Respublikası Əsas Qanunu qəbul edilənədək qüvvədə olmuşdur.[mənbə göstərin]
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi.
Yeni Konstitusiya 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş və 27 noyabr 1995-ci ildə ümumxalq səsverməsinin nəticələri nəşr edildiyi andan qüvvəyə minmişdir. Konstitusiyalı quruluşun əsaslarını möhkəmləndirərək, Azərbaycan Respublikası Konstitusiyası Azərbaycanı — respublika idarəetmə formasına malik, unitar, demokratik, hüquqi, dünyəvi dövlət kimi müəyyən edir. Konstitusiya özündə ümumbəşəri dəyərləri təsbit etməklə aşağıdakı prinsipləri müəyyən etdi[2]:
Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir[3]:
2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilən referendumlarda qüvvədə olan Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunmuşdur.[4]
1995-ci ildə qəbul olunmuş konstitusiyada dəyişikliklərin edilməsi ilə bağlı ilk referendum 2002-ci ildə keçirildi. Azərbaycan Respublikası prezidentinin 22 iyun 2002-ci il tarixli 722 saylı fərmanına əsasən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası referendum aktının yeni layihəsi 24 avqust 2002-ci ilə təyin olunmuş ümumxalq səsverməsinə (referenduma) çıxarıldı. Azərbaycan Respublikası Mərkəzi Referendum Komissiyasının səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası, ümumxalq səsverməsinin göstərilən tarixdə keçirilməsini təmin etdi.
Azərbaycan Respublikası konstitusiyasında dəyişikliklərin edilməsi ilə bağlı ikinci referendum 2009-cu ildə keçirilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 26 dekabr 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi ilə əlaqədar 2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanması və keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür. Referenduma hazırlıq və onun keçirilməsi prosesi sistemli, mütəşəkkil, Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş təqvim planı əsasında aparılmışdır. Bu işlərə əsasən seçki təşkilatçılarının beynəlxalq qurumlarla yanaşı və onların təklifi ilə respublikanın aidiyyəti üzrə müxtəlif orqanları da cəlb edilmişdir. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Mərkəzi Seçki Komissiyası və ATƏT-in Bakı ofisi respublikanın Bakı, Gəncə və Şirvan şəhərlərində ölkənin bütün yerli icra hakimiyyəti başçılarının və dairə seçki komissiyaları sədrlərinin iştirakı ilə referendum prosesinə müdaxilənin yolverilməzliyinə dair regional məlumat sessiyaları keçirmişlər.
Referendum təyin edildikdən sonra aktiv seçki hüququna malik olan 600 mindən çox vətəndaşı əhatə edən referendum üzrə təşviqat qruplarının 9-u Mərkəzi Seçki Komissiyasında, 124-ü isə dairə seçki (referendum) komissiyalarında qeydə alınmışdır. Səsvermənin lazımi səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görülmüş, seçki (referendum) məntəqələri kifayət qədər kabinə və səsvermə qutuları ilə təmin edilmişdir. Səsvermə seçicilərin 70,83%-nin iştirakı ilə keçmişdir[5].
18 iyul 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidenti "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsi barədə sərəncam imzaladı[6]. Layihəyə görə Azərbaycan Respublikasının Konstitusiyasının 42 maddəsinə 29 dəyişiklik təklif edilirdi.
Həmin tarixlə Prezident sərəncamı ilə "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərildi[7].
1996-cı il fevralın 6-da Prezident Heydər Əliyev sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edildi[8]. Azərbaycanda 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur.