Azərbaycanda gender bərabərliyi

Azərbaycanda gender bərabərliyinin təşviqi istiqamətində əhəmiyyətli işlər görülüb. Bütün kişi və qadınlar arasında hüquq bərabərliyi ölkə Konstitusiyasında birmənalı şəkildə təsbit olunub. Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının təşviqi üzrə Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında Konvensiya da daxil olmaqla bir sıra beynəlxalq sazişləri ratifikasiya edib, gender bərabərliyinin təşviqi və məişət zorakılığı ilə mübarizə üzrə qanunlar qəbul edilib. Qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi siyasətini həyata keçirən mərkəzi icra orqanı yaradılıb. Eyni zamanda, müvafiq müddəalar sonradan qəbul olunmuş və təkmilləşdirilmiş bir sıra normativ-hüquqi aktlarda da əks olunub. Demoqrafik vəziyyətin ən son icmalına əsasən ölkədə kişi və qadınların gözlənilən ömür uzunluğunun, habelə qadınların savadlılıq səviyyəsinin artması da daxil olmaqla bir sıra irəliləyişlər müşahidə olunur. Eyni zamanda, əldə olunmuş nəticələr göstərir ki, 20-ci əsrin əvvəlləri ilə müqayisədə cari dövrdə qadınlar daha yetkin yaşlarında ailə qurur, daha az sayda uşaq dünyaya gətirir, kənd və ya şəhərdə yaşamaq üçün təxminən eyni imkanlara malikdir və ev təsərrüfatından kənarda gəlir gətirən fəaliyyət növlərinə daha çox cəlb olunurlar.[1]

Tədqiqat metodları və regionda ərazilər

[redaktə | mənbəni redaktə et]

"IMAGES" Azərbaycan tədqiqatının aparılması zamanı həm kəmiyyət sorğusundan, həm də keyfiyyət əsaslı müsahibələrdən ibarət qarışıq metodlardan istifadə olunub. Hesabatın bu hissəsində, məlumatların yığılması və təhlilili zamanı tətbiq edilmiş metodlar təsvir edilir.[2]

Kəmiyyət məlumatları Azərbaycanın üç şəhər və əyalət bölgəsində yaşayan 18–59 yaş arası kişi və qadınlardan toplanıb:

Bu ərazilər tədqiqat zamanı coğrafi və ya şəhər/rayon müxtəlifliyini təmsil edəcək məlumatların toplanması məqsədilə seçilib. Tədqiqat zamanı ikimərhələli təsadüfi seçmə üsulundan istifadə olunub. Birinci mərhələdə 30 əsas seçmə vahidi təsadüfi olaraq seçilib (21 kişi və 9 qadın respondentin seçilməsi üçün). Bu cür seçim sorğunun keçirildiyi üç ərazinin hər birində yaşayan əhalinin sayına mütənasib qaydada aparılıb. İkinci mərhələdə əsas seçmə vahidlərindən 30 potensial respondent təsadüfi seçim əsasında müəyyən olunmuş və 10 müsahibə aparılıb. Əvvəlcədən seçilmiş respondentlərin sayının çox olması cavab verməmə hallarının ehtimal edilməsi ilə izah olunur. Ümumi cavab vermə səviyyəsi 73,8% təşkil edib (71,1% kişilərdə və 80,7% qadınlarda). Respondentin xəstə olması, əlçatan olmaması (məsələn, şəhərdə və ya evdə olmaması), qapını açmaması və ya sorğuda iştirak etməkdən imtina etməsi, habelə sorğunun vaxtından əvvəl başa çatması sorğuda iştirakdan imtina hallarının səbəbləri kimi verilib. Seçmə prosesi barədə ətraflı məlumat Əlavə 1-də verilib.

Keyfiyyət əsaslı tədqiqatin əsas məqsədi nəsilartırma, ailə planlaşdırılması, kontrasepsiyadan istifadə, erkən nikah, oğlan uşağına verilən üstünlük və ailənin formalaşması məsələləri ilə bağlı qadınların və kişilərin təcrübəsini dərindən öyrənməkdən ibarət olub. Keyfiyyət əsaslı məlumatların toplanması uşaq sahibi olan 29–40 yaş arası 12 kişi və 12 qadın arasında aparılmışdır. Tədqiqatın parametrlərini nəzərə alaraq gənc və subay kişi və qadınlar sorğunun bu komponentinə daxil edilməyib.

"Kişilik" anlayışı

[redaktə | mənbəni redaktə et]

"Kişilik" anlayışı kişinin öz ailəsini ilk növbədə maddi cəhətdən təmin etmək bacarığı ilə əlaqələndirilir. Beləliklə, sorğuda iştirak etmiş kişilərin və qadınların təxminən yarısı "gəliri olmayan kişinin heç bir dəyəri yoxdur" fikri ilə razılaşıb. Bundan əlavə, kişi respondentlərin 90%-dən çoxu və qadın respondentlərin dörddə üçü "kişi olmaq evdə qərar qəbuletmə səlahiyyətinə malik olmaq deməkdir" fikri ilə razılaşıb. Qadınların rolu barədə ənənəvi fikirlər da insanlar arasında geniş yayılıb. Həm kişi, həm də qadınların böyük bir hissəsi "yaxşı qadın razı olmadığı hallarda belə ərinin fikir və qərarlarını heç vaxt şübhə altına qoymaz" fikri ilə razılaşıb. Beləliklə, respondentlərin əksər hissəsi üçün "qadınlıq" anlayışının kişiyə itaət etmə və tabe olma kimi xüsusiyyətlərlə sıx əlaqəli olduğu qənaətinə gəlmək olar.

Bundan başqa, kişilər və nisbətən az sayda qadın hesab edir ki, ev işləri ilə məşğul olmaq və qayğı göstərmək hətta bəzən evdən kənarda işləyən qadına məxsus rolun bir hissəsidir. Kişilərin 70%-ə yaxın bir hissəsi və qadınların təxminən 40%-i qadının əsas rolunun evin qayğısına qalmaq və ailəsi üçün yemək hazırlamaqdan ibarət olması fikri ilə razı və ya tamamilə razı olduğunu bildirib. Bununla yanaşı, kişilərin 57,2, qadınların isə 37,2%-i hesab edir ki, evində uşaqları olan qadın işləməməlidir. Anoloji olaraq, kişilərin və qadınların böyük əksəriyyətinin (müvafiq olaraq 93,4 və 82,3%) qənaətinə görə körpənin bezini dəyişmək, onu çimizdirmək və uşaqları yedizdirmək ananın vəzifəsidir. Bütün bunlara baxmayaraq, əldə olunmuş nəticələr bu cür münasibətlərdə müsbət dəyişikliklərin mümkünlüyünə işarə edir. Kişilərin yarısından çoxu və qadınların dörddə üçü əmindir ki, kişilər ev işlərində (məsələn, yemək hazırlamaqda, təmizlik və mətbəx işlərində) kömək etməlidir, habelə kişilərin və qadınların təxminən hamısı uşaqlar üçün gündəlik qayğının göstərilməsinin onların maddi təminatı kimi vacib bir iş olması fikri ilə razıdır. Bu cür qənaətlər kişilərin və qadınların ev işləri və qayğı ilə bağlı rollarına olan münasibətlərinin dəyişməsi istiqamətində həyata keçiriləcək proqramlar üçün bir əsas kimi istifadə oluna bilər. Lakin, ilk növbədə bəzi ziddiyyətli məqamlara diqqət yetirilməlidir (məsələn, kişilərin və qadınların təxminən dörddə üçünün ümumi qənaətinə görə kişilər uşaqların qayğısına qala bilmir). Dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da hegemon kişi güc və nəzarətlə əlaqələndirilir, qadın isə passiv olaraq qəbul edilir [1].[3][4]

Qadınların rəhbər vəzifələrdə olmasına münasibət

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda qadınların siyasətdə iştirakı və onların rəhbər vəzifələrdə təmsilçiliyi mübahisə mövzusu olaraq qalmaqdadır ki, bunu sorğu zamanı kişi və qadınlar tərəfindən verilmiş cavablardakı mühüm fərqlər əsasında müəyyən etmək olar. Kişilərin 58,5, qadınların isə 47,9%-i siyasəti kişilərin öhdəsinə buraxmaq lazım olduğunu hesab etsə də, qadınların yarısından bir qədər çoxu (53,5%-i) ilə müqayisədə kişilərin dörddə üçü (77,6%-i) "qadınlarla müqayisədə kişilərdən daha yaxşı siyasi rəhbərlər çıxır" fikri ilə bağlı öz razılığını ifadə edib. Kişilərin 55,3%-i "qadınlar öz icmalarında rəhbər olmaq üçün çox emosionaldır" fikrini qəbul etsə də, qadınların cəmi 29,2%-i bununla razılaşıb. Maraqlısı odur ki, başqa bölgələrdə yaşıyan qadınlarla müqayisədə paytaxt Bakıdan olan qadınlar bu fikirlə daha çox razılaşıb. Kişilərin belə bir fikrə münasibəti onların yaşayış yerindən asılı olaraq az fərqlənirdi. Bununla belə, kişilərdən çox qadınlar siyasətdə qadınlar üçün bərabər imkanların olmasını dəstəkləyib: qadınların 76,3%-i "qadınlar siyasi vəzifələrə seçilmək üçün kişilərlə eyni imkanlara malik olmalıdır" fikrini dəstəkləsə də, kişilərin yalnız 53,9%-i bu fikirlə razı olduğunu bildirib. Bundan başqa, ümumi kişi respondentlərin 67,1%-i ilə müqayisədə qadınların böyük əksəriyyəti (88,6%-i) "kişi ilə eyni ixtisasa (bilik və bacarıqlara) malik olan qadın müvafiq işin öhdəsindən eyni məharətlə gələ bilər" fikri ilə razı olduğunu bildirib. Bu rəqəmlər göstərir ki, qadınların rəhbər vəzifələrə seçilməsi və cəmiyyət həyatında fəal mövqe tutması məsələlərinə kişilərin münasibətində müsbət dinamika izlənməkdədir.

Ər-arvad cütlüklərinin xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Bir qayda olaraq, kişilər öz qadın parntyorlarından yaşca böyükdür: kişi və qadınların 40%-dən çoxu ərin arvaddan beş və ya daha çox yaş böyük olduğunu bildirir. Qadınların cəmi 12,1, kişilərin isə 18,1%-i qadınların öz həyat yoldaşları ilə eyni yaşda və ya daha böyük olduğunu qeyd edir. Kişilərin və qadınların çoxu öz partnyorları ilə eyni təhsil səviyyəsinə malik olduğunu bildirsə də, hər dörd kişidən və qadından biri öz partnyorundan daha savadlı olduğunu bəyan edir.

Məşğulluq vəziyyətinə gəldikdə, kişilərin 32%-i öz həyat yoldaşlarının heç zaman işləmədiyini bildirir. Kişi və qadınların yarısından çoxu qadınların evdən kənar işləməsi ilə bağlı qərar qəbuletmə hallarını istisna etməklə (bu cür qərarların birgə qəbul edildiyini yalnız 33,7% kişi və 42,7% qadın bildirib) bir çox məsələlərdə qərarların birgə qəbul edildiyini qeyd edir. Bütün bunlara baxmayaraq, qərarın bir nəfər tərəfindən qəbul edilməsi hallarından ibarət gender davranışlarında kişilərin üstünlük təşkil etməsini qeyd etmək olar.[5]

2023-cü il üzrə Gender Bərabərliyi

[redaktə | mənbəni redaktə et]

2023-cü il üzrə hesabat "Gender bərabərliyinin təminatları haqqında" Qanunun 20-ci maddəsinə uyğun olaraq, 3 əsas istiqaməti əhatə edib:

  1. Gender bərabərliyinin təmin edilməsilə bağlı dövlət siyasətinin əsas istiqamətləri və dövlətin vəzifələri;
  2. Gender bərabərliyinin müxtəlif sahələr üzrə təminatı;
  3. Azərbaycanda gender bərabərliyinin təmin edilməsi sahəsində əldə edilmiş nəticələr, qarşıya qoyulan vəzifələr və tövsiyələr.[6][7]
  1. UNFPA/BMTİP "Əhalinin vəziyyətinin təhlili: Azərbaycanda demoqrafik keçiddən sonra", 2015-ci il, Bakı, Azərbaycan
  2. "Arxivlənmiş surət" (PDF). 2023-03-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-07-26.
  3. BMTİP Azərbaycan (2007)
  4. "Arxivlənmiş surət" (PDF). 2023-03-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-07-26.
  5. "Arxivlənmiş surət" (PDF). 2023-03-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-07-26.
  6. "Arxivlənmiş surət" (PDF). 2024-05-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-07-26.
  7. "Arxivlənmiş surət" (PDF). 2024-05-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-07-26.