Azərbaycanda kollektivləşdirmə

Azərbaycanda kollektivləşdirmə və ya Azərbaycanda kollektivləşmə— İosif Stalinin hakimiyyətə gəlişindən sonra Sovet İttifaqında 1928-1940-cı illər ərzində kənd təsərrüfatı sahəsində kollektivləşdirmə siyasəti həyata keçirilirdi. Kollektivləşdirmə ilk dəfə Birinci beşillik planın tərkib hissəsi kimi başladı. Bu siyasətin əsasında şəxsi torpaq mülkiyyətçiliyini, işçiliyini nominal olaraq kollektiv idarəetməyə, açıq və ya qapalı bir şəkildə dövlət nəzarətində fəaliyyət göstərən təsərrüfatlara - Kolxozlar and Sovxozlara - çevirmək idi. Sovet rəhbərliyi düşünürdü ki, şəxsi kəndli təsərrüfatlarının kollektiv idarəçiliklə əvəzlənməsi qısa bir müddət ərzində şəhər əhalisi üçün tədarük edilən ərzaq məhsullarının, emal sənayesi üçün xammalın artmasına yol açacaq. Həmçinin kolxozlarda işləyən şəxslərə dövlət tərəfindən müəyyən edilmiş kvotalar vasitəsilə kənd təsərrüfatı məhsullarının ixracının da artacağı gözlənilirdi. bu layihəni hazırlayanlar onu kənd təsərrüfatı mallarında yaranmış, xüsusən 1927-ci ildən daha ağır bir şəkildə hiss edilən taxıl tədarükündəki problemlərin həlli olacağını gözləyirdilər.

Yeni İqtisadi Siyasət dövründə Azərbaycan kəndində vəziyyət

[redaktə | mənbəni redaktə et]

1925-ci ilədək 70 min yoxsul kəndli təsərrüfatı ortabab təsərrüfata çevrilmişdi. Varlı (qolçomaq) təsərrüfatları kəndlərdəki təsərrüfatların 3 faizini təşkil edirdi. 1928-ci ildə artıq Azərbaycan SSR-də kəndli təsərrüfatların 6,8 faizi varlı, 51,4 faizi ortabab təsərrüfatlar idi. 1920-1928-ci illərdə respublikada 54 min yeni kəndli təsərrüfatı yaranmışdı. Onların sayı 354 minə çatmışdı. Bu təsərrüfatlarda 58 min və ya 1920-ci ildəkindən 28 min ədəd çox dəmir kotan vardı. Tarlalarda 1925-ci ildə 200, 1928-ci ildə artıq 500 traktor işləyirdi. Yoxsul kəndlilərin bir hissəsi kooperativlərdə birləşirdilər. Maşından istifadə, torpağı birgə becərmə sahəsində yoldaşlıqlar təşkil olunmuşdu. 1926-cı ilin martında pambıqçılıq təsərrüfatlarını idarə edən "Pambıq birliyi" yaradılmışdı. Sənaye və kənd təsərrüfatı müəssisələri arasında əlaqə yaranması üçün xüsusi kontakt sistemi mövcud idi. Bundan başqa, istehlak kooperasiyası da sənaye ilə kənd təsərrüfatı arasında möhkəm iqtisadi əlaqəni təmin edirdi.[1]

1928-ci ildə respublikada mövcud olan 354 min kəndli təsərrüfatının 113,3 mini kooperativlərdə birləşmişdi. 24 min varlı (qolçomaq), 182 min ortabab, 148 min yoxsul təsərrüfatı vardı. Belə çoxukladlı təsərrüfatçılıq istehsalın artmasına kömək edirdi. Kənd təsərrüfatı məhsulları istehsalının həcmi artıq 1913-cü il səviyyəsini ötüb keçmişdi.[1]

Kollektivləşdirmə

[redaktə | mənbəni redaktə et]

Kommunist Partiyasının XV konqresində qəbul edilmiş qərar əsasında Azərbaycanda da kollektivləşdirmə prosesinə başlanıldı. Mərkəzdə 1929-cu ilin martında növbəti 5 il ərzində bütün kənd təsərrüfatlarının 20 faizinin kolxozlarda birləşdirilməsinə qərar verilmişdi, pambıqçılıq rayonlarında isə 50 faizədək kollektivləşdirilməli, kolxozların sayı 2150-yə çatdırılmalı idi. lakin Azərbaycan rəhbərliyi 1929-cu ilin yayında kütləvi kollektivləşdirmə siyasətini elan etdi. Görülən inzibati tədbirlər nəticəsində 16 min qolçomaq və orta gəlirlər kəndli öldürüldü. Yerlərdə könüllü birləşmə prinsipinə heç baxılmadı belə, zor tədbiqetmə adi şeyə çevrildi.[2] Azərbaycanda ümumi kəndli təsərrüfatlarının 1929-1930-cu ildə 2,3 faizi qədərində 7583, 1930-1931-ci ildə 1,1 faiz qədərində 3802 qolçomaq təsərrüfatı olmuş, onların sayı 1931-1932-ci ildə 1715-ə, 1932-1933-cü ildə 280-ə, 1935-ci ildə isə 80-ə enmişdi. Qolçomaqların sayca 90-100 dəfə azalması 1929-1935-ci illərdə "qolçomaqları bir sinif kimi ləğv etməyin" "parlaq" nəticəsi idi.[3]

Yerli şəraitdə kollektivləşdirmənin ən münasib forması yoldaşlıqlar (birliklər) idi. Burada torpaq və əmək ümümi olur, heyvanlar və istehsal vasitələri isə şəxsi istifadədə qalırdı. Kollektiv təsərrüfatların 52,3 faizini belə birliklər təşkil edirdi. 1928-ci ildə respublikada mövcud olan 354 min kəndli təsərrüfatının 113,3 mini kooperativlərdə birləşmişdi. 24 min varlı (qolçomaq), 182 min ortabab, 148 min yoxsul təsərrüfatı vardı.[4]

İzlənilən bir digər yol koorperativləşdirmə idi. Azərbaycanda kənd təsərrüfatını kooperativləşdirmənin dinamikası illər üzrə aşağıdakı kimi nəzərdə tutulurdu: 1926-cı il -67409 - 20,2 faiz; 1927-ci il - 90273 - 26,9 faiz; 1928-ci il - 159178 - 46,9 faiz və 1929-cu il - 231199 - 68,2 faiz.[5]Azərbaycanda, demək olar ki, 1928-ci ilin ortalarına qədər kollektiv təsərrüfatların qurulması prosesi, ayrı-ayrı hallardan başqa, nisbətən mülayim, "kəskin sinfi mübarizəsiz keçir və öz müsbət nəticələrini verirdi. Həmin ildə kəndli təsərrüfatının 40 faizi, 1929-cu ildə isə 47 faizi vergidən azad edilirdi. Vergidən azad olunmuş yoxsul, zəif kəndli təsərrüfatları hesabına məhsul istehsalı çoxalırdı. Kolxozlara maliyyə ayrılmasına, maşın, avadanlıq və s. alınmasına getdikcə qayğı da artırdı. Belə ki, dövrün hesablamalarına görə, Azərbaycanda kolxozlaşma faizi başqa Zaqafqaziya respublikalarından yüksək idi. Bu ildən sonra isə kollektivləşdirmə üçün sərt siyasətə başlanıldı.[6]

1930-cu ildə Sovet İttifaqında gedən kollektivləşdirmənin yavaşladılması siyasəti Azərbaycanda da tədbiq edildi. Stalinin məqaləsinin Pravdada yayımlanmasından snra 1930-cu ilin 20 fevral kolxoz hərəkatında partiya xəttinin əyilməsi hallarına qarşı mübarizə haqqında 1930-cu il 14 mart qərarlarında bu işdə yol verilmiş tələsiklik, kobud metodlar pisləndi. Qəbul edilmiş qərara əsasən Azərbaycanın da daxil olduğu iqtisadi baxımdan zəif bölgələrdə kollektivləşdirilməyə keçid üçün xüsusi prosesin həyata keçiriılməsi nəzərdə tutuldu.[1] ÜİK(b)P Zaqafqaziya Ölkə Komitəsinin 1929-cu il 23 noyabr tarixli plenumunun kollektivləşmənin sürətləndirilməsi qərarı ilə əlaqədar olaraq, Azərbaycan K(b)P MK 1929-cu il 10 dekabrda respublikada kolxoz və sovxoz quruculuğu planında dəyişiklik etmək barədə qərar qəbul etdi. Kollektivləşmə prosesində "sürət uğrunda" keçirilən başabəla yanaşma başlandı. Bu zaman sosial-iqtisadi, milli təsərrüfat formaları, həmçinin bəzi rayonlarda əhalinin yarımköçri həyat tərzi, mədəniyyətin aşağı səviyyəsi, məişət və dini mövhumatın güclü üsulu kimi mühüm amillər belə nəzərə alınmırdı. İnandırmaqla və təmkinlə təşkilati iş aparmaq əvəzinə, kəndli kütlələrinə inzibatçılıq, kobud təzyiq, hədə, hətta fiziki zorakılıq tətbiq edilirdi. Bunun nəticəsində kolxozların sayı "sürətlə" artırdı. Yalnız 1930-cu ilin yanvar ayında Azərbaycanda 591 yeni kolxoz yaradılmış, onlara 436 kəndli təsərrüfatı daxil edilmişdi ki, bu da əvvəlki illərdəkinə nisbətən 2,5 dəfə artıq idi. Həmin ilin mart ayının axırında respublikadakı kolxozlarda artıq 102 min kəndli təsərrüfatı birləşdirilmiş pambıq əkən bir çox kəndlərdə isə artıq elliklə kollektivləşdirməyə başlanmışdı. Lakin xüsusi yerli Şəraitlə əlaqədar olaraq, Azərbaycan SSR-də 1929-1930-cu illərdə fərdi təsərrüfatların kollektivləşməsi çox ləng gedirdi. Çünki kolxozlara əsasən yoxsul kəndlilər daxil olur, ortabablar isə hələ tərəddüd edirdilər.[7]

Kütləvi kolxozlaşmaya başlanan tarix olan 1930-cu ilin payızından sonra həmin ilin oktyabrın 1-dək kəndli təsərrüfatlarının 15.7 faizi, pambıqçılıq rayonlarında isə 20.2 faizi kolxozlaşdırılmışdı. 1932-ci ilin 1 yanvar tarixinə kimi yoxsul və ortabab kəndli torpaqlarının 46.3 faizi, pambıqçılıq rayonilarında isə 61.8 faizi kollektivləşdirilmişdi. Bununla da, pambıq əkinlərinin 64.3, taxıl əkinlərinin isə 41 faizi artıq kolxozların payışa düşürdü.[7] 1932-ci ildə respublikanın bütün kəndli təsərrüfatlarının 50,6 faizi kolxozlarda birləşdirilmişdi. 1933-cü ilin əvvəlinə bir çox pambıqçılıq rayonları, o cümlədən Bərdə, Qasım İsmayilov (indiki Goranboy), Samux kollektivləş məni başa çatdırmaq ərəfəsində idilər. Kolxozların əkin sahəsi 1928-ci ildə 8,2 min hektar olduğu halda, 1932-ci ildə 664,2 min hektara çatmışdı. 1932-ci ildə respublikada 70 min hektardan artıq əkin sahəsi olan 88 sovxoz var idi. Kənd təsərrüfatının texniki cəhətdən təchizində irəliləyişlər əldə edildi. Birinci beşilliyin sonuna yaxm kənd təsərrüfatında 1153 traktora malik 29 MTS fəaliyyət göstərirdi. Onlardan 25-i yalnız pambıqçılıq rayonlarında 2135 kolxoza xidmət edirdi.[8]

Azərbaycanın daxilində də kollektivləşmə rayon kommunist təşkilatları arasında bir növ yarışa çevrilmişdi. 1931-ci ildən sonra Azərbaycan bu yarışda Sovet İttifaqı üzrə birinci yerdə getməkdə idi. 1937-ci ildə isə Azərbaycan kolxoz sisteminə keçidini rəsmi şəkildə elan etdi. Belə ki, 1937-ci ildə kolxoz təsərrüfatları bütün təsərrüfatların 86.5 faizini, əkinə yararlı torpaqların isə 93.5 faizini təşkil etməkdə idi.[2]

Kollektivləşmənin yuxarıdan inzibati yolla həyata keçirilməsi ümumiyyətlə respublikanın kənd təsərrüfatına sonra ciddi çətinliklər yaradan zərbə oldu. 1929-1933-cü illərdə ümumi mal-qaranın sayı, o cümlədən qoyunların sayı azalmağa başladı. 1928-ci ildəki 1354 min iribuynuzlu malqaranın sayı 1933-cü ildə 1160 minədək, 1930-cu ildəki 509 min inək və camışın sayı 1933-cü ildə 405 minədək, qoyunların sayı isə 2598 mindən 1348 minədək azaldı.[9]

1937-ci ildə Azərbaycanda 3654 kolxoz 304 min 982 kəndli həyətini birləşdirmişdi ki, bu da bütün kəndli həyətlərinin 84,5 faizini təşkil edirdi. 1938-ci il yanvarın 1-i üçün isə kolxozların əkin sahələri ümumi əkin sahələrinin 93,2 faizini təşkil edirdi.[10]

Kollektivləşdirmə 1940-cı ildə kəndli təsərrüfatlarının 99,0 faizini əhatə etmişdi. Kolxozçuların sayı 1940-cı ildə 1928-ci ildəki 8000 nəfərə21 qarşı 1719903 nəfər22 olmuşdu. Kənd əhalisinin əksəriyyəti kolxozçu, cəmi 131,7 min nəfər isə tək təsərrüfatçı idi23. Kənd əhalisinin xüsusi çəkisi də dəyişərək, respublika əhalisinin 72 faizindən 64 faizinə enmişdi24. Beləliklə, 1940-cı kənddəki təsərrüfatların 99 faizini birləşdirən 3429 kolxoz, habelə 50 sovxoz təşkil edilmişdi.[11]

Azərbaycanda kollektivləşdirməyə qarşı müqavimət

[redaktə | mənbəni redaktə et]

Kollektivləşdirmə dövründə tacirlik sənəti məsxərəyə qoyulur və alverçilik həddinə aşağılanırdı. Kollektivləşdirmə və qolçomaqlara qarşı mübarizə illərində (1929-1932) minlərlə bacarıqlı və təcrübəli kəndli ya öldürülmüş, ya da Sibirə sürgün edilmişdi.[12]

Gəncənin Nərimanov dairəsində, Şirvanın Ucar dairəsində, Şamxor dairəsinin Bitdili kəndində kütləvi çıxışlar olmuşdu. 1930-cu ilin yazında Naxçıvan MSSR-də, Nuxa-Zaqatala dairəsində sovet hakimiyyətinə qarşı qalxan qiyamlarda ortabablar da iştirak edirdilər. Onların iştirakçılarına divan tutuldu və qiyam yatırıldı.[13]

Kollektivləşdirmədə baş verən əyintilər - kəndli təsərrüfatlarının zorla kolxozlara daxil edilməsi, qolçomaqlara qarşı qanunsuz cəza tədbirləri, bir çox hallarda isə ortababların, bəzən yoxsul təsərrüfatların belə "qolçomaq" kimi qələmə verilməsi 30-cu illər Azərbaycan kəndində iqtisadi, ictimai-siyasi vəziyyəti gərginləşdirdi, əhalinin narazılığını artırdı. Qolçomaqların kolxoz quruluşuna, sovet hakimiyyətinə qarşı mövqeyi və apardıqları mübarizə təbii idi. Lakin xüsusilə elliklə kollektivləşdirmə illərində "sosializmdə sinfi mübarizənin kəskinləşməsi" şüarı altında respublikanın kəndlərində ağır cinayətlər törədilirdi. İsmayıllı, Əli-Bayramlı, Şamaxı, Qonaqkənd, Ağdam, Nuxa-Zaqatala, Balakən və başqa rayonlarda baş verən faciəli hadisələr buna sübutdur. Yalnız İsmayıllı rayonunda 300 nəfər həbs edilmiş, 63 nəfər güllələnmişdi. 30-cu illərdə Qazaxıstana, Orta Asiyaya, Sibirə on minlərlə Azərbaycanlı ailəsi sürgün olunmuşdu.[14]

  1. 1 2 3 Ömərov, 2012
  2. 1 2 "The Establishment of The Soviet Regime In Northern Azerbaijan. Resistance Against The Invaders". azkurs.org. 2023-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2023.
  3. V cild, 2008. səh. 227, 240
  4. Ömərov, 2008
  5. V cild, 2008. səh. 235
  6. V cild, 2008. səh. 236
  7. 1 2 V cild, 2008. səh. 237
  8. V cild, 2008. səh. 252
  9. V cild, 2008. səh. 265
  10. V cild, 2008. səh. 266
  11. V cild, 2008. səh. 332, 366
  12. Harun Yılmaz. "Azərbaycana sovet təcrübəsi lazım idimi?". www.bbc.com. 6 noyabr 2017. 2023-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 oktyabr 2023.
  13. V cild, 2008. səh. 241
  14. V cild, 2008. səh. 366