Azərbaycantelefilm

Azərbaycantelefilm — studiya[1]

Direktoru: Ramiz Həsənoğlu
Baş redaktoru: Yaqub Əlioğlu
Baş redaktor müavini: Ənvər Çingizoğlu

"Azərbaycantelefilim" Yaradıcılıq Birliyi Azərbaycanda sənədli film istehsalçılarından biridir. Birlik Azərbaycan Televiziyası QSC-nin strukturuna daxil olan hüquqi şəxsdir. Bədii və sənədli filmlərin istehsalı ilə məşğul olan Azərbaycan Televiziyası QSC-nin "Azərbaycantelefilm" YB yarandığı gündən maraqlı yaradıcılıq yolu keçib.

  • 1957–1958 : Televiziya idarəsinin kino verilişləri redaksiyası
  • 1960–1968 : Bakı televiziya studiyasının kino redaksiyası
  • 1968–1973 : "Ekran" Yaradıcılıq Birliyi
  • 1973–1977 : "Azərbaycantelefilm" Yaradıcılıq Birliyi
  • 1978–1992 : Azərbaycan televiziyasının lent üzərində proqramlar hazırlayan baş redaksiyası.
  • 1992-… : "Azərbaycantelefilm" Yaradıcılıq Birliyi

Azərbaycan Televiziyasında bədii filmlərin istehsalına 1960-cı ildən başlanılıb. O dövrün bədii televiziya filmləri kino filmlərindən həcminə görə xeyli fərqlənirdi. Bu filmlər əsasən 2–4 hissəli olurdu. Televiziya ekranının kiçikliyini nəzərə alaraq iri planlar üstünlük təşkil edirdi, ümumi planlara az yer verilirdi. SSRİ-nin müxtəlif respublikalarından fərqli olaraq Azərbaycan televiziyasında ilk bədii televiziya filmi "Aygün" 9 hissədən ibarət idi. 1961-ci ildə Rauf Kazımovski öz ssenarisi əsasında Azərbaycan Televiziyasında 1 hissədən ibarət "Korun mahnısı" kinosüjetini çəkdi. Müğənni və aktyor Məmmədəli Əliyev İçərişəhərin fonunda H. Cavidin "Şeyx Sənan" tamaşasından kor ərəbin mahnısını ifa etmişdir. Bu kinosüjeti milli televiziyamızda çəkilmiş ilk musiqi klipi hesab etmək olar. Bundan sonra Rauf Kazımovski "Körpə", "Yun şal", "Poçt qutusu", "Bəşir Səfəroğlu", "Aktrisanın təbəssümü", rejissor Kamil Rüstəmbəyov "Zəncirlənmiş adam" və s. bədii filmlərinə quruluş verdilər.

1965-ci ildə rejissor Rasim İsmayılov öz ssenarisi əsasında "Danışan işıqlar" ilk televiziya cizgi filmini çəkdi. Dörd il sonra "Qırmızılar, qaralar və başqaları" adlı ikinci cizgi filmini çəkdi. Beləliklə Azərbaycan televiziyasında cizgi filmlərin müntəzəm istehsalının əsası qoyuldu.

İstehsal etdiyi filmlərin mövzusu şirkətin bədii şurası tərəfindən qəbul olunur. İllik istehsalın həcmi 14 saatdır. Elmi-kütləvi, etnoqrafik janrda çəkilmiş filmlərin istehsalına üstünlük verən birliyin, bədii-müsiqili filmlərin istehsalına da imkanı var. Azərbaycanın tarixi, folkloru, memarlığı, mədəniyyəti, ümumilikdə insanları filmlərin əsas mövzusudur. Mövzular əsasən 3 istiqamətdə formalaşır: Azərbaycan təbiəti, Azərbaycan tarixi, Azərbaycan insanı. Bu günə qədər "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində 800 saat həcmində sənədli televiziya filmləri istehsal edilib və AzTV ilə nümayiş olunub. Bu filmlərin 500 saata qədəri kinolentə çəkilib, qalanı isə videofilmlərdir.

  1. Fehruz. Azərbaycan kinosu dünya yollarında: ["Azərbaycantelefilm" studiyasının direktoru Xamis Muradovla söhbət] // Mədəniyyət.- 2008.- 7 avqust.- S. 6.