Azəri ― müxtəlif xalq və dilləri təsvir etmək üçün istifadə edilən anlayış.
Səfəvilər sülaləsinin nümayəndələri Şeyx Səfi (solda) və I İsmayıl. Səfi qədim azəri dilində,[1] İsmayıl isə Azərbaycan türk dilində şeirlər yazmışdır.
|
Bir çox Avropa dillərində, məsələn ingilis və fransız dillərində, həmçinin Türkiyə türkcəsində "azəri" linqvonimi Azərbaycan dili üçün istifadə edilir.[2][3][4]
Orta əsr ərəb müəllifləri (Balazuri, Yəqubi, ibn Həqvəl, Müqəddəsi) "azəri" anlayışını İran Azərbaycanında mövcud olmuş qədim azəri dili üçün istifadə etmişdir. Daha sonra bu dili türk mənşəli Azərbaycan dili əvəz etmişdir. Ancaq XIX əsrdə İran və Avropada bir çox müəlliflər qədim azəri dilinin mövcud olduğunu bilmədikləri üçün hesab etmişdilər ki, ərəb müəllifləri "azəri" deyərkən türk mənşəli Azərbaycan dilindən danışır.[5] Fuad Köprülü və Əlisöhbət Sumbatzadə belə səhvi edənlər arasında ingilis şərqşünası Q. L. Ştranqı, həmçinin Qacar dövrü əsəri "Nameh-i Daneşvaran"ı qeyd edir. "Nameh-i Daneşvaran"da Xatib Təbrizi haqqında hekayədə "azəri" sözü səhvən "zəban-i türk" ("türk dili") kimi tərcümə edilib.[5][6]
Necə yaranmasında asılı olmayaraq, "azəri" linqvoniminin Azərbaycan dilinə münasibətdə işlədilməsi geniş vüsət almışdır. Böyük Sovet Ensiklopediyasının (1926) və Kiçik Sovet Ensiklopediyasının (1928) ilk nəşrlərində iki ad — "azərbaycanca" və "azəricə" (Böyük Sovet Ensiklopediyasına görə "Azəri dilinin ləhcəsi" kimi) nəzərə çarpır.[7][8] Vasili Bartold İstanbul mühazirələrindən birində (1926) bildirmişdir ki, əvvəllər İran ləhcəsini bildirən "azəri" sözü Azərbaycanın "türk ləhcəsi"nin adına çevrilmişdir.[9] Vladimir Minorski 1937-ci ildə "azəri" adının fransız ədəbiyyatında xüsusilə geniş yayıldığını qeyd etmişdir.[10] Məsələn, 1880-ci illərdə Mirzə Fətəli Axundzadənin pyeslərinin fransız dilinə "azəri türkcəsi"ndən (fr. turc azéri) tərcümə edildiyi göstərilmişdir.[11]
Azərbaycanlılar bəzən "azəri türkləri"[12][13][14] və ya sadəcə "azəri" adlandırılır.[15]