Şeyx Səfi

Şeyx Səfi (tam adı: Şeyx Səfiəddin əl-İshaq əl-Musəvi əl-Ərdəbili; 1252[1], Ərdəbil12 sentyabr 1334, Ərdəbil) — sufi alimi, Səfəviyyə təriqəti və Səfəvilər sülaləsinin banisi, Ərdəbil (Səfəvi) hakimliyinin qurucusu və Şah İsmayıl Xətainin ulu babası.

Şeyx Səfi
fars. صفی‌الدین اردبیلی
Engelbert Kempferin qravürüpx
Səfəvi hakimliyinin I şeyxi
1300 – 1334
SonrakıŞeyx Sədrəddin Ərdəbili
Şəxsi məlumatlar
Doğum tarixi 1252[1]
Doğum yeri
Vəfat tarixi 12 sentyabr 1334(1334-09-12)
Vəfat yeri
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı Hülakülər
Fəaliyyəti ilahiyyatçı, şair
Uşağı
Dini Əşərilər, sufilik
Elmi fəaliyyəti
Elm sahəsi sufilik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şeyx Səfi 1252-ci ildə Ərdəbilin Kəlxuran kəndində anadan olmuşdur. Bəzi mənbələrdə kürd mənşəli,[2][3][4][5][6] bəzilərində seyid,[7] digərlərində isə türk mənşəli[8] olduğu qeyd edilmişdir (bax: #Etnik mənsubiyyəti). Atasını uşaq yaşlarından itirən Səfi ibtidai təhsilini onun dini davamçılarından almışdır. O, dini elmlərin əsaslarına yiyələnir, fars, ərəb, gilan, talışmonqol dillərini öyrənir.

İyirmi yaşında təhsilini artırmaq üçün Şiraza gedən Səfi burada məşhur ilahiyyatçı alimlərdən Rüknəddin Beyzəvi, Əmir Abdullah və başqalarından dərs alır. Müəllimi Əmir Abdullahın məsləhəti ilə iyirmi beş yaşında məşhur Gilan şeyxi Hacı əd-Din Zahidin (hicri-615–700) müridi olur. Şeyx Səfi əd-Din 25 il tələbə kimi onun yanında qalır. Hacı əd-Din Zahidin qızı ilə evlənən Səfi Şeyxin vəfatından (1294) sonra onun yerində Səfəviyyə təriqətinin rəhbəri olur. 35 il irşad və təlimatlarla məşğul olur və bir çox tələbə yetişdirir. Şeyx Səfinin ömrünün daha faydalı və təsirli dövrü məhz həmin illər olmuşdur. Onun şöhrəti az zamanda bütün Şərq dünyasına, Şərqi Anadoluya, Suriyaya, Hindistana yayıldı. Şərqdə ürfan və din sahəsində yeganə şəxsiyyət kimi tanınan Şeyx Səfi bütün məzhəb və təriqətlərə mürşid və ustad ola bilmişdir.

Ərdəbilin Darül-irşadı (Hidayət evi) geniş bir əraziyə mənəvi ocaq olmuş və bu ocağın başında Şeyx Səfi durmuşdu. Şeyx tam bacarığı ilə təqiyyə prinsipinə əməl edərək elə bir dünyagörüşə malik idi ki, ayrı-ayrı İslam məzhəbləritəriqətləri də onun mənəvi xəzinəsindən qidalana bilirdi. Səfəviyyə təriqəti özünəməxsus bir təşkilatın vasitəsilə təbliğ olunur və uzaq yerlərdə olan nümayəndələrə çatdırılırdı. Bu təşkilatın başında "pir", yaxud "mürşid" dururdu. Əsas iş mürşid (müəllim) ilə müridlər (tələbələr) arasında vasitəçi rolu oynayan xəlifənin üzərinə düşürdü. Xəlifə hər tayfanın sufilərinə başçı olmaqla bərabər, həm də rəhbərlə birbaşa əlaqədə olurdu. Xəlifələr və sufilər tabelikdə olan camaatla rəhbər arasında elə möhkəm əlaqə yaratmışdılar ki, bu əlaqə gündən-günə genişlənməkdə və möhkəmlənməkdə idi.

" Dövr mənbələrinin Şeyx Səfiəddin İshaq haqqında yazdıqları:

Şeyx Səfiəddin həm dini, həm də siyasi cəhətdən möhkəm biri idi. O, öz təsir dairəsini, demək olar ki, bütün Ərdəbilə və civarına tam yaymışdı. Və artıq o Ərdəbilin irsi feodalı kimi görünür və çıxış edirdi. Onun çoxlu müridləri vardı. Onlar şeyxə böyük dayaqidilər. Bu sayədə o həm dini, həm də dünyəvi başcı sayılırdı. Ölümündən sonra onun xələfləri ardıcıllıqla yerini aldı.

"

Əksər hallarda siyasətə qarışmayan bu sistem Şeyx Cüneydə kimi davam etmişdi. Amma Darül-irşad Şeyx Cüneyddən başlayaraq siyasi məsələlərlə də maraqlanmağa başladı. Uzun müddət təşkilata rəhbər olan Ərdəbil piri bu təşkilatdan nəinki təriqəti və ideoloji məsələlər üçün istifadə etdi, həm də oranı böyük bir hərbi və siyasi təşkilata da çevirdi. Siyasətlə təriqət birləşərək Səfəviyyə ideologiyasını formalaşdırdı. Bununla Şeyx Səfinin formalaşdırdığı şiizm-sufizm ideologiyası mahiyyəti etibarilə siyasət və hakimiyyətdən uzaq qala bilməzdi və istər-istəməz Darül-irşada rəhbərlik edən pir siyasi hərəkatlara da qoşulmalı idi. Şeyxdən sonra bir-birinin ardınca Sədrəddin, Xacə Əli İbrahim, Şeyx Cüneyd, Şeyx Heydər və nəhayət Şah İsmayıl Ərdəbil Darül-irşadına rəhbərlik etmişlər.

Şeyx Səfi əd-Din 1334-cü ildə Ərdəbil şəhərində dünyasını dəyişir və burada da dəfn olunur. Onun məzarının üzərində türbə qurulur, ətrafında məscidlər, karvansaraylar, mədrəsələr, yaşayış evləri salınır. Burada böyük bir mədəni mərkəz yaranır. Şah İsmayıl da daxil olmaqla səfəvi şeyxlərindən bir çoxu burada dəfn olunur. Həmin mərkəzin tikinti və bərpa işləri fasiləsiz olaraq davam edir. Nəhayət, XVI əsrdə I Şah Təhmasibin hakimiyyəti dövründə (1524–1576-cı illər) həmin məqbərə öz indiki şəklini alır. Səfəviyyə təriqətinin rəhbəri qismində Şeyx Səfi əd-Dinin ilk varisləri Sədrəddin Musa (1334–1392/3) və Şeyx Xacə Əli (1392/3 −1429) olmuşdur. Səfi əd-Dinin nəticəsi İbrahimdən (1429–1447) başlayaraq Ərdəbil şeyxləri real, dünyəvi hakimiyyəti də ələ keçirirlər. Şeyx İbrahim Ərdəbil hakimi olur, sonradan Şah İsmayıl (1486–1524) əvvəlcə Azərbaycanda, sonra həm də İranda yeni Səfəvilər dövlətinin və bu dövlətin taxt-tacında Səfəvilər sülaləsinin əsasını qoyur.

Etnik mənsubiyyəti

[redaktə | mənbəni redaktə et]

Şeyx Səfiəddinin atası Əminuddin Cəbrəil Xacə Kəmaluddin Ərəbşahıdır. Sufi dairələrində onu yeddinci şiə imamı Musa Kazımın (miladi 754–800) 21-ci nəslindən hesab edirdilər. Şeyxin beşinci ulu babası Firuzşah Qızılbaş o nəsildən, sülalədən Ərdəbilə gələn və burada məskunlaşan ilk şəxs hesab olunur. Mənbələr Firuzşahın oğlunun Əvəz, Əvəzin oğlunun Məhəmməd, Məhəmmədin oğlunun Səlahəddin, Səlahədinin oğlunun Əminəddin, Əminəddinin oğlunun isə Səfiəddin olduğunu qeyd edirlər. Lakin əksər tədqiqatçılar bunu yalnız təsəvvüf ənənəsi ilə bağlayırlar.

Şeyx Səfiəddin Ərdəbili etnik mənşəyi məsələsi indiyədək tarixçilər arasında mübahisə mövzusu olmuşdur. Bu məsələni aydınlaşdırmağın mürəkkəbliyi onunla ələqədardır ki, Səfəvilərin uzaq əcdadları barədə məlumatları özündə əks etdirən yeganə mənbə Təvəkkül ibn İsmayıl ibn Bəzzazın "Səfvət əs – səfa" ("Saflığın saflığı") adlı agioqrafik əsəridir. Səfəvi tarixçilər Şeyx Səfiəddinni yeddinci şiə imamı Musa Kazimın 21-ci nəslindən hesab edirdilər. Lakin Əhməd Kəsrəvi "Səfvət əs – səfa" əsərinin müqatisəli tədqiqi ilə məşğul olmuş və belə bir nəticəyə gəlmişdir ki, Səfəvilərin əcdadları heç də seyidlər (Məhəmməd peyğəmbərin) nəslindən olanlar deyillər və onların nəsil şəcərəsini sonralar Səfəvi tarixşünasları uydurmuş və İbn Bəzzazın əsərinin mətninə daxil etmişlər.[9] Əhməd Kəsrəvi Şeyx Səfinin ərəblərlə əlaqəsinin olmadığını sübut etdikdən sonra onu ərəb də hesab etmir və Türkmən mənşəli olduğunu söyləyir. Digər İran müəllifləri onun Səfəvilərin Türkmən mənşəli olduğu barədəki ehtimalını şəksiz həqiqət kimi qələmə verir və bununla da bütün Səfəvilər sülaləsini iranlılaşdırmağa səy göstərirlər. Bəzi Avropa müəllifləri də bu fikri müdafiə edirlər. Türk müəllifi Zəki Vəlidi Toqan da Səfəvilərin mənşəyinə həsr olunmuş məqaləsində onların türk mənşəli olduğunu əsaslandırmağa cəhd göstərir, "kürd əsilli şeyxin" nəsilinin sonradan "tamamilə türkləşdiyini" yazır.[10] Bundan əlavə V. V. Bartoldun sülalənin türk mənşəli olması barədə söylədiyi fikir də mövcuddur. Alim bu sülalənin eponimi və banisi Şeyx Səfiəddin və onun nəslindən bəhs edərkən göstərirdi ki, "bu Ərdəbil şeyxləri, şübhəsiz, fars deyil, türk mənşəlidirlər."[11] İ. P. Petruşevski də eyni fikri söyləmişdir: "İlk Səfəvi şeyxləri Ərdəbildə yaşamışlar, onların doğma dili Azərbaycan dili olmuşdur."[12][13] Hanna Sohrweide görə "Səfvət əs-Səfa" əsərində hamı Səfiyə türk kimi müraciət edir: "Ey piri-türk"(ey türk müqəddəsi), "türk gənci", "türk oğlu" və bu səbəbdən də onun türk olduğu şübhə doğurmur.[14] M. Abbaslı Şeyx Səfiəddinin türk mənşəli olması haqda zəngin material toplamışdır, onun fikrincə Şeyx Səfi əd-Din Ərdəbili mənşəcə Azərbaycan türklərindən[8][15][16] olan adlı-sanlı alim, şair, Səfəviyyə təriqətinin banisidir.[17]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Şeyx Səfiəddinin yaradıcılığı sırf sufi-mistik xarakteri daşıyır. Onun əsərləri Azərbaycan təsəvvüf ədəbiyyatının mühüm mərhələlərindən birini təşkil edir. O, da bir çox sufi şairləri kimi öz şerlərində əbədi sevgiliyə qovuşmağı arzulayırdı.

Ey rövnəqi – bahar! Gülmüşən, nəsən?
Ey ixtiyarı əldən alan, mülmüsən, nəsən?
Dövri yüzündə səbzeyi-xəttin görən deyir:
Reyhan, bənövşə, susəni-sünbülmüsən, nəsən?
Xoş cəngcü gəlir gözümə qaşu kipriyin,
Ey gözləri hərami-qəraqumüsən, nəsən?
Ey könlümün xərabəsi, ahulər oylağı,
Divanələr yatağı məgər çölmüsən, nəsən?
Əfğanu-ahdür gecə-gündüz işin Səfi,
Qumrimüsən bu bağidə, bülbülmüsən, nəsən?

Sufizm və o cümlədən, qızılbaş yozumlu sufilik Azərbaycanın siyasi və mədəni həyatında əhəmiyyətli rol oynamış və bir çox müsəlman ölkələrində dini-fəlsəfi fikrin inkişafına təkan vermişdir. Sufizm ideologiyasını mənimsəmədən orta əsrlərin müsəlman dünyasında baş vermiş əksər siyasi hadisələrin mahiyyətini, habelə həmin dövrdəki mədəni həyatı, o cümlədən, ədəbiyyatı anlamaq çətindir. Buna görə də böyük şeyx Səfinin həyat və fəaliyyətinə keçməzdən öncə sufi-müsəlman mistisizmi haqda bir neçə söz söyləmək məqsədəuyğun olardı. Mistika, yaxud mistisizm dedikdə adətən insanın ekstaz vəziyyətində Allahla birbaşa, bilavasitə, şəxsi və məhrəm münasibətə girməsi (və hətta qovuşması) anlaşılır:

Qılınc baği dutubdur gözlərim, saqi, kədu gəltur,
Vurubdur təpəməcən xüm qanından bir səbu gəltur.
Lalə dodaqlar sinəmdə açılmış,
Gözüm qanını olmaz bağlamaq camı dolu gəltur.

Ağaclar sarmaşıb qəddindən ayrı zar ağlarlar,
Sızıldarlar pərirulər kimi təkrar ağlarlar.

Göyərçin yolladım, yazdım sənə səndən şikayətlər,
Qolunda ol qanadlardır başı bağlı kitabətlər.

Unudma aşiqi, namehriban olma, mənim canım,
İşıqsız sərvə oxşarlar vəfasız sərvqamətlər.

Səni tanrı, necə səndən şikayət etməyim axır,
Hanı ol nazlı baxmaqlar, hanı gizlin işarətlər.

Hanı zalim, hanı gözüm, hanı kafir, hanı canım?
Sevişməklər, barışmaqlar, təpişməklər, qucuşmaqlar!

Bu və ya başqa şəkildə mistisizmlə bağlı olan dini-fəlsəfi cərəyanlar bəşəriyyətin yaratdığı bütün məlum dinlərdə (buddizm, iudaizm, hinduizm, xristianlıq) müşahidə edilir. İslam dinində yaranmış mistik hərəkat sufizm adını almışdır. Bu termini sufilərin kobud yun parçadan geyindikləri libasla-sufla ("yun" deməkdir) bağlayır, yaxud onun saf kəlməsindən yarandığını göstərirlər.

Olan həqq yadı birlə qayğısız divanə, kəs neylər,
Qılınc əlində mə’ni çağıran ər, dadrəs neylər.
Sınıq könlüm nəva dutmazsa, əskim fövcü kəsilməz,
Böylə ağır qaralı karvan sövti-cərəs neylər.
Çəkən köksün şikafından mənim bidərd könlümni,
Bu qanlı bəhr qarşısında zəngi var, səs neylər.
Dəniz mudrar olmaz it su içmağından, ey arif,
Həqiqət anlıyan arı könüllərdə həvəs neylər.

Sufizmin artıq bir çox əsrlər boyunca bütün müsəlman dünyasında yayılmasına baxmayaraq, mütəxəssislər hələ də bu mürəkkəb və çoxcəhətli təlimin birmənalı izahını verə bilməmişlər. Görünür, elə buna görə də onlar məqsədi insanın Allahla birbaşa ünsiyyətə girməsinin nəzəri əsaslarını və tətbiqi vasitələrini işləyib-hazırlamaq olan bütün müsəlman təlimlərini bu ad altında araşdırmağa daha çox üstünlük verirlər. Sufilər öz məqsədlərini haqqı dərk etmək adlandırırlar. Haqqa yetişmək sufinin dünyəvi niyyətlərdən əl götürüb, ekstaz (Allah sevgisi ilə məst olmaq) vəziyyətində ilahi ilə məhrəm münasibətə girməsidir. Buna görə də Allahla ünsiyyətə girmə ehtimalına inanan və bunun üçün mümkün olan hər şeyi edənlərə sufi deyilir. Sufi terminologiyasında "Sufi-haqq-a aşiq olan, bu Eşq və Sədaqətlə Ona və Kamilliyə can atanlardır." Eşq və Sədaqətlə haqqa uzanan yolu sufilər təriqət, yaxud yol adlandırırlar.

Can qılanda cism tərkin məhrəmi-canan olur.
Quş yuvasından azanda həmdəmi – şeytan olur.

Həbibim nazdan Leylini ancaq pasiban eylər,
Mənim könlüm quşu Məcnun başında aşiyan eylər.

Tutur könlümdən atəş lalələnmiş
Başımdan dud qalxar halələnmiş,
Keyik kimi çürümüş kükrən naz,
Baxış durna kimi donbalələnmiş.
Tökülmüş zülfi yağı tək qucağə,
İçib hinduləri bengalələnmiş.

Eşq zəncirimi uzdü, yol açın,
Uy uşaqlar! Ululu gəldi, qaçın!

Məni xar eyliyən gözlərdə, ya rəb, xarü zar olsun,
Deməm kim məndən artıq, mən kimi gözlərdə xar olsun.

Qoydu üz könlümə qəm ləşkəri hamun-hamun,
Qara baydağlı ələmlər ucu gülgun-gülgun,
Çağırırdım qatı avaz ilə: – Leyli, Leyli!
Dağ səs verdi cavabında ki: – Məcnun, Məcnun.
Gözlərimdən yana od tutladı duzəx-duzəx,
Cigərimdən yana qan qaynadı Ceyhun-Ceyhun,
Sərvlər var idi bu bağidə mövzun-mövzun.

  1. 1 2 Deutsche Nationalbibliothek Record #118850555 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. Richard Tapper, Frontier nomads of Iran: a political and social history of the Shahsevan Arxivləşdirilib 2021-04-30 at the Wayback Machine, Cambridge University Press, 1997, ISBN 9780521583367, p. 39.
  3. Savory, 1997. səh. 8
  4. Muḥammad Kamāl, Mulla Sadra's Transcendent Philosophy, Ashgate Publishing Inc, 2006, ISBN 0754652718, p. 24. Arxivləşdirilib 2022-02-10 at the Wayback Machine
  5. The Modern Middle East: A History" by Professor James L. Gelvin, Oxford University Press, 2005, page 326 : "…Shah Isma'il (resigned 1501–1520) Descendant of the Kurdish Mystic Safi Ad Din…"
  6. Maisel, Sebastian. The Kurds: An Encyclopedia of Life, Culture, and Society (ingilis). ABC-CLIO. 2018-06-21. ISBN 978-1-4408-4257-3. 2021-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-10.
  7. Husayn ibn Abdāl Zāhidī, 17th cent. Silsilat al-nasab-i Safavīyah, nasabnāmah-'i pādishāhān bā uzmat-i Safavī, ta'līf-i Shaykh Husayn pisar-i Shaykh Abdāl Pīrzādah Zāhidī dar 'ahd-i Shāh-i Sulaymnān-i Safavī. Berlīn, Chāpkhānah-'i Īrānshahr, 1924. 116 pages.
  8. 1 2 H. R. Roemer’in Die Safawiden: ein orientalischer Bundesgenosse des Abendlandes in Türkenkampf
  9. Şeyh Safi ve Tebareş bkz Kesrevi
  10. Zeki V. Togan, "Sur L’origine des Safavides", Mélanges Massignon, III, 1957, p. 356
  11. В. В. Бартольд. Сочинения, т. II, ч, I, M., 1963, стр.748
  12. И. П. Петрушевский. Государства Азербайджана в XV в.. стр. 205
  13. "Пигулевская И.В., Якубовский А.Ю., Петрушевский И.П., Строева Л.В., Беленицкий А.М. 1958". 2010-12-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-29.
  14. Sohrweide, Hanna, "Der Sieg der Safaviden in Persien und scine Rückwirkungen auf die Schiiten Anatoliens im 16. Jahrhundert", Der Islam, 41 (1965), 95–221.
  15. Azərbaycan tarixi (yeddi cilddə), Bakı, 2007, III cild
  16. Azərbaycan Ədəbiyyatı tarixi, Bakı, 1999, III cild
  17. "Sufi təriqətləri - Səfəviyyə". Milli.az (az.). 2018-01-27. 2023-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]