Azərsığorta

Azərsığorta Açıq Səhmdar Cəmiyyəti (əvvəlki adı: Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti) — Azərbaycanda fəaliyyət göstərmiş dövlət sığorta şirkəti[2][3].

Azərsığorta
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Sığorta şirkəti
Təsis tarixi 1921
Bağlanma tarixi yanvar 2024
Baş qərargahın yeri Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küç. 31
Rəhbərlik
İdarə heyəti Fərhad Adıgözəlov[1]
azersigorta.az

"Azərsığorta" brendi altında fəaliyyət göstərmiş Dövlət Sığorta Şirkəti bütün ölkə üzrə geniş filial şəbəkəsinə malik idi.

"Azərsığorta" şirkəti 1921-ci il oktyabr ayının 21-də SSRİ Maliyyə Nazirliyinin idarə etdiyi "Qosstrax" tərəfindən tənzimlənən yerli Dövlət Sığorta İdarəsi ("Azqosstrax") kimi fəaliyyətə başlayıb. 20 sentyabr 1991-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə heyəti bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılıb və Akif Kərimov sədr təyin edilib.[4]

13.01.1993-cü ildən 13.03.2020-ci ilə qədər 27 il ərzində şirkətə azərbaycanlı iqtisadçı Məmməd Məmmədov rəhbərlik edib.[5]

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 22 sentyabr tarixli, 2907 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin idarə olunmasının əsasları "Azərbaycan İnvestisiya Holdinq"inin səlahiyyətlərinə verilmiş və 16 iyul 2022-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti "Azərsığorta" Açıq Səhmdar Cəmiyyəti kimi çevrilmə yolu ilə yenidən təşkil edilmişdir.

07 dekabr, 2021-ci il tarixli Sərəncamla isə Fərhad Adıgözəlov Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə sədr təyin edilmişdir.[6]

"Azərsığorta" 2022-ci ili 10,453 milyon manat zərərlə başa vurub. Bu, 2021-ci illə müqayisədə 26,9% azdır.

2023-cü il yanvarın 1-nə “Azərsığorta”nın aktivləri 17,298 milyon manat olub ki, bu da illik müqayisədə 64,8 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 46 % azalaraq 24,509 milyon manata düşüb. 3,784 milyon manatlıq balans kapitalı isə 7,21 milyon manatlıq kapital çatışmazlığı ilə əvəz olunub (yəni, kapitalı mənfiyə düşüb). Bu isə faktiki müflislik deməkdir.[7]

2024-cü ilin yanvar ayında prezident İlham Əliyevin fərmanı ilə ləğv edilib.[8]

İdarə heyəti
  • Fərhad Adıgözəlov — İdarə heyətinin sədri
  • Kamran Uluxanov — İdarə Heyəti sədrinin müşaviri
  • Ayaz Əliyev — İdarə Heyəti sədrinin müşaviri
  • Ceyhun Qurbanlı — İdarə Heyəti sədrinin müşaviri
  • Əfruz Hümbətova — İdarə Heyətinin üzvü
  • Nail Əsgərli — İdarə Heyətinin üzvü
Direktorlar şurası
  • Azər Bayramov- Direktorlar Şurasının sədri;
  • Xəyyam Məmmədov- Direktorlar Şurasının üzvü;
  • Gündüz Əliyev- Direktorlar Şurasının üzvü

"Azərsığorta" hazırda sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün növ qeyri-həyat sığortası məhsullarını icbari və könüllü qaydada təklif edir:

  • Nəqliyyat sığortası
  • Əmlak sığortası
  • Tibbi sığorta
  • Səyahət sığortası
  • Şəxsi sığorta
  • Daşınmalar sığortası
  • Məsuliyyət sığortası və s.

Azərbaycan Maliyyə Nazirliyinin və Azərbaycan İnvestisiya Holdinqinin birgə məlumatında bildirilib ki, 2022-ci ildə Dövlət Sığorta Kommersiya Şirkətinin hərbi qulluqçuların və hüquq-mühafizə orqanları əməkdaşlarının dövlət icbari şəxsi sığortasından ibarət olan əsas fəaliyyəti və səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsindən sonra Şirkətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılsa da onun olduqca yüksək rəqabət mühiti ilə xarakterizə olunan daxili sığorta bazarında xüsusi çəkisi azalmış, özəl sığorta şirkətlərinə münasibətdə xüsusi üstünlüklərə malik olmaması səbəbindən rentabelli fəaliyyətinin təmin edilməsi mümkün olmamış, nəticədə Şirkətin təsisçisi olan dövlətin maliyyə itkilərilə qarşılaşması riskləri artmışdı.

Qeyd edilib ki, yaranmış vəziyyəti nəzərə alan Şirkətin menecmenti tərəfindən Şirkətin Direktorlar Şurasına və Azərbaycan İnvestisiya Holdinqinə (AİH) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq şirkətin könüllü qaydada ləğv edilməsi barədə müraciət olunub. Həmin müraciət AİH və Şirkətin Direktorlar Şurası tərəfindən təhlil edilərək dəstəklənib və AİH-nin Müşahidə Şurasına təqdim olunub.

AİH-nin Müşahidə Şurası təqdim olunmuş təklifə baxaraq Şirkətin könüllü qaydada ləğvi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti qarşısında vəsatət qaldırıb və Azərbaycan Respublikasının Prezidentinin 2024-cü il 31 yanvar tarixli Fərmanı ilə Şirkət ləğv edilib.

Şirkətin könüllü ləğvi ilə əlaqədar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və AİH-nin nümayəndələrindən ibarət ləğvetmə komissiyası yaradılacaq və sığorta fəaliyyəti üzrə şirkətə verilmiş lisenziyasının ləğvi üçün Mərkəzi Banka müraciət ediləcək.[9]


  1. "F.Ə.Adıgözəlovun Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 yanvar 2023.
  2. "Şirkət haqqında – Azərsığorta". azersigorta.az (az.). 2023-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 yanvar 2023.
  3. ""Azərsığorta" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2022-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 yanvar 2023.
  4. "Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin yaradılması haqqında". 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-10.
  5. İdarə heyətinin sədri: Məmmədov Məmməd Əhməd oğlu
  6. "İdarə heyətinin sədri: Fərhad Adıgözəlov Əsgər oğlu". 2023-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-12.
  7. ""Azərsığorta" ləğv olunub". Report İnformasiya Agentliyi (az.). 2024-01-31. 2024-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-23.
  8. ""Azərsığorta" ləğv edilib – FƏRMAN". Apa.az (az.). 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-04.
  9. ""Azərsığorta" niyə ləğv edildi? — Rəsmi açıqlama". Qafqazinfo (az.). 2024-02-03. 2024-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]