Böyük Britaniya və İrlandiya Kral Antropologiya İnstitutu (KAİ) (ing. Royal Anthropological Institute of Great Britain and Ireland) — antropologiya sahəsində dünya miqyasında fəaliyyət göstərən beynəlxalq elmi cəmiyyət.
Böyük Britaniya və İrlandiya Kral Antropologiya İnstitutu RAI | |
---|---|
Royal Anthropological Institute of Great Britain and Ireland | |
Əsası qoyulub | 1871[1] |
Ölkə | |
Sayt | therai.org.uk |
Vikianbarda əlaqəli mediafayllar |
1871-ci ildə yaradılmışdır. Tərkibinə antropologiyanın bütün sahələri, o cümlədən bioloji antropologiya, təkamül antropologiyası, sosial antropologiya, mədəni antropologiya, vizual antropologiya, tibbi antropologiya və bunlar daxilində alt ixtisaslar və s. aiddir.
KAİ, antropologiyanın ictimai anlayışı adı ilə antropologiyanın ictimai işlərə və sosial məsələlərə verdiyi töhfəni təbliğ edir. Buraya yalnız akademik antropoloqlar deyil, mövzu ilə maraqlananlar, eləcə də antropologiya təhsili alan və digər sahələrdə çalışan mütəxəssislər daxildir. Kral Antropologiya İnstitutunun prezidenti, adətən, iki illik müddətə seçilir.[2]
İnstitutun üzvləri 1837-ci ildə qurulmuş Aborigenləri Müdafiə Cəmiyyətindən 1843 ayrılmış bir qurupun formalaşdırdığı London Etnoloji Cəmiyyətinin qurucu üzvlərinin davamçıları hesab olunurlar. Yaradılan yeni cəmiyyət insan irqləri üzərində aparılan bütün müşahidələrin toplanması və sistemləşdirilməsi üçün mərkəz olmalı idi. 1863-1870-ci illərdə burada iki təşkilat: Etnologiya Cəmiyyəti və Antropologiya Cəmiyyəti fəaliyyət göstərirdi. Böyük Britaniya və İrlandiya Antropologiya İnstitutu (1871) bu iki rəqib təşkilatın bazasında yaradılmışdır. 1907-ci ildə isə institutun adına "kral" sözünün əlavə edilməsinə icazə verilmişdir.
Həqiqi üzvlük statusu almaq istəyən şəxslər, adətən namizəd üzvləri şəxsən tanıyan hazırkı üzvlər tərəfindən üzvlüyə qəbul üçün tövsiyə olunurlar. İnstituta üzvlük, ilk növbədə bəşəriyyətin və ya ictimai elmlərin öyrənilməsində peşəkar və ya akademik nailiyyətləri olan tanınmış alimlər üçün nəzərdə tutulmuşdur. Üzvlər KAİ Şurası tərəfindən seçilir və onlar KAİÜ (ing. FRAI) fəxri adından istifadə edə bilərlər.
İnstitut hazırda üç jurnal nəşr edir:
1925-1932-ci illərdə Kral Antropologiya İnstitutu Şurasının rəhbərliyi ilə "Hindistan Antikvarı" (ing. The Indian Antiquary) jurnalı nəşr edilmişdir.
KAİ-nin foto, film, arxiv və əlyazmalardan ibarət maraqlı tədqiqat kolleksiyası var.
Fotoqrafiya kitabxanasında 1860-cı illərdən başlayaraq tarixi bir dövrü əhatə edən 75.000-dən çox neqativ, slayd və digər şəkillər saxlanılır. Foto kitabxana dünya mədəniyyətlərinin müxtəlifliyini, eyni zamanda fotoqrafiya şəkillərinin hazırlanması tarixini əks etdirir.
Kral Antropologiya İnstitutu, antropoloji tədqiqat metodu və təhsil mənbəyi kimi etnoqrafik film və videoların yenidən işlənilərək daha da təkmilləşdirilməsində fəal iştirak edir. Nüsxələri təhsil və akademik məqsədlər üçün satışa təqdim olunan geniş video kolleksiyasına malikdir. Filmləri araşdırmaq və saytda izləmək olar.
Arxiv və əlyazma nüsxələrinin kolleksiyası təqribən 150 ildən çox dövrü əhatə edir. İllər öncə KAİ kitabxanasına həvalə edilmiş çox sayda mətn və vizual material qorunub saxlanılır və davamlı olaraq kataloqlaşdırılır.
KAİ Kolleksiyasına giriş institutun əvvəlcədən təyin olunmuş bütün üzvləri, tələbə iştirakçıları üçün pulsuzdur. Digərləri giriş haqqını ödəyərək kolleksiyanı ziyarət edə bilərlər.
KAİ, 1976-cı ildə Muzeyə verilmiş keçmiş Kral Antropologiya İnstitutunun Kitabxanasını özündə birləşdirən Britaniya Muzeyinin Antropologiya Kitabxanası ilə sıx əlaqədə fəaliyyət göstırir. Kitabxana Britaniya Muzeyindəki Antropologiya Mərkəzinin içərisində yerləşir və faktiki olaraq İngiltərənin milli antropologiya kitabxanasıdır. Kitabxananın saytından hamı istifadə edə bilər; Kral Antropologiya İnstitutunun üzvləri institut tərəfindən əldə edilmiş kitabları borc ala bilərlər.
Haksli Xatirə Medalı 1900-cü ildə, hər hansı bir antropoloji tədqiqat sahəsində fərqlənən ingilis və ya xarici elm adamlarının işlərini müəyyənləşdirmək və qəbul etmək üçün Tomas Henri Hakslinin şərəfinə təsis edilmişdir. Xatirə medalı Kral Antropologiya İnstitutu tərəfindən verilən ən yüksək fəxri mükafat olub, hər il şuranın səsverməsi ilə təqdim edilir.[3][4]
Medal 1923-cü ildə İnstitut Şurası tərəfindən cəmiyyətin mərhum prezidenti Vilyam Halse Riversin xatirəsinə təsis edilmişdir. Medal, ümumilikdə sosial, fiziki, yaxud mədəni antropologiya, o cümlədən arxeologiya sahəsində əhəmiyyətli töhfə verən və beş il ərzində nəşr olunan əsər üçün təqdim edilir.[5]
KAİ müxtəlif zamanlarda aktual mövzularda mühazirələr, seminarlar və digər xüsusi tədbirlər keçirir. İngiltərədəki universitetlər və müəssisələrlə birgə əməkdaşlıq çərçivəsində iki ildən bir keçirilən Beynəlxalq Etnoqrafik Film Festivalları beynəlxalq etnoqrafik film təqviminin tanınmış bir hissəsidir. Film mükafatları uğrunda yarışmalar dünyanın hər yerində film istehsalçılarının iştirakını özünə cəlb edir.[6]
Üzvlər KAİ Şurası tərəfindən qəbul olunmuş norma və prinsiplərə əsasən seçilir.