Böyükağa Əliqulu oğlu Əzimov (16 yanvar 1924, Bakı- 31 avqust 1986, Bakı) — kibernetika və hesablama texnikası sahəsində sovet alimi, texnika elmlər doktoru (1963), professor (1964), AMEA-nın müxbir üzvü (1967).[1]
Böyükağa Əzimov | |
---|---|
31 avqust 1963 – 20 oktyabr 1965 | |
Əvvəlki | Tahirə Tahirova |
Sonrakı | komitə ləğv edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (62 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Atası | Əliqulu Əzimov |
Uşağı |
Arzu Əzimov (1960) Araz Əzimov (1962) Anar Əzimov (1969) |
Böyükağa Əliqulu oğlu Əzimov 1924-cü il yanvarın 16-da Bakı şəhərində anadan olmuşdur. O, 1944-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini, 1947-ci ildə isə Azərbaycan Qiyabi Pedaqoji İnstitutunu bitirmişdir.[1]
Böyükağa Əzimov 1946-cı ildən Sov.İKP üzvü, 1951-ci ildən respublikada hesablayan elektron maşınların (HEM) neftçıxarmada tətbiqi laboratoriyasına rəhbərlik etmişdir. Azərbaycan SSR Nazirlər Soveti Elm və Texnika Komitəsi sədrinin müavini (1957–60), Azərbaycan SSR Nazirlər Soveti Elmi-Tədqiqat İşlərini Əlaqələndirmə Komitəsi sədrinin birinci müavini və sədri (1961–1965), Azərbaycan SSR Nazirlər Soveti elm və texnika şöbəsinin müdiri (1966–1972) olmuşdur. 1966-cı ildən Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunda HEM laboratoriyası əsasında yaradılmış hesablama texnikası şöbəsinin müdiri olmuşdur. 1961-ci ildə "Texniki tərəqqi uğrunda" elmi-texniki jurnalın baş redaktoru olmuşdur.
Böyükağa Əzimov kibernetika və hesablama texnikası sahəsində sovet alimi, texnika üzrə fəlsəfə doktoru (1950), texnika elmlər doktoru (1963), professor (1964), Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1967) olmuşdur. Alim 300-dən artıq elmi məqalənin, 27 monoqrafiyanın müəllifidir. Elmi kadrların hazırlanmasında xidmətləri olmuşdur. Tədqiqatları əsasən kibernetika üsullarına, avtomatlaşdırılmış idarəetmə sistemlərinə, neft mədənlərinin elektrik enerjisi ilə təchizinə və s. aiddir.[1]
Kimya elmləri üzrə fəlsəfə doktoru, neft şirkətlərində rəhbər vəzifələrdə çalışmış Arzu Əzimovun, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimovun və fəlsəfə üzrə fəlsəfə doktoru, rejissor və ssenarist Anar Əzimovun atasıdır.
AMEA-nın müxbir üzvü Böyükağa Əzimov 31 avqust 1986-cı ildə Bakı şəhərində vəfat etmişdir.[1]
"Şərəf nişanı" ordeni ilə təltif olunmuş, "SSRİ neftçıxarma sənayesi əlaçısı" adına layiq görülmüşdür.[1]