Bülbül (ing. The Nightingale) — Kristin Hannah tərəfindən yazılmış, 2015-ci ildə nəşr edilən bədii-tarixi romandır. Əsər İkinci Dünya Müharibəsi zamanı Fransada yaşayan və sağ qalmaq uğrunda Almaniyaya qarşı mübarizə aparan iki bacının hekayəsindən bəhs edir. Roman qəzaya uğrayaraq Nasist ərazilərinə düşən müttəfiq dövlətlərin pilotlarına qaçmağa kömək edən Belçikalı qadın Andrée de Jongh-un hekayəsindən təsirlənərək yazılıb. Kitab müxtəlif bestseller siyahılarında birinci olub və əsər əsasında film çəkmək hüququ 2015-ci ilin mart ayında TriStar Pictures tərəfindən alınıb.
Bülbül | |
---|---|
ing. The Nightingale | |
Janr | tarixi roman[d] |
Orijinal dili | ingilis dili |
Nəşr ili | 3 fevral 2015 |
Roman 1995-ci ildə adı əvvəlcədən oxucuya məlum olmayan ahıl qadının öz xatirələrini nəql etməsi ilə başlayır. Kitab üçüncü şəxsin dilindən yazılsa da, əsas hadisələr İkinci Dünya Müharibəsi ərəfəsi - 1939-cu ildə Fransada bir-birlərindən və atalarından ayrı yaşayan iki bacı- Vianne və Isabelle-dən bəhs edir. Vianne ailəli, bir övladı olan, əri Antonieni cəbhəyə yola salan, Fransanın Almaniya tərəfindən işğalından sonra aclığa və soyuğa qarşı mübarizə aparan məktəb müəlliməsidir. Əgər əvvəlcə Vianne qızının və özünün sağ qalması uğrunda mübarizə aparırdısa, sonradan vəziyyət mürəkkəbləşir. Belə ki o, ən yaxın rəfiqəsi yəhudi Rachelin əsir düşərgəsinə sürgün olunmasından sonra onun 3 yaşlı oğlu Arini övladlığa götürür və daha 19 yəhudi uşağın Nazi təqibindən gizlədərək uşaq evinə yerləşdirir. Müharibədən sonra onun əri evə qayıtdıqda isə Vianne yeni çətinliklərlə üzləşir. Belə ki o, SS zabitinin onu zorlaması nəticəsində hamilə qalır və övladı kimi sevdiyi Ari yəhudi icması tərəfindən ABŞ-a qohumlarının yanına göndərilir.
Viannedən daha gənc və çılğın bacısı Isabelle Fransanın azadlığı uğrunda daha aktiv mübarizə aparmaq qərarına gəlir. O, Fransa Müqavimət Hərəkatına qoşulur. Parisə köçdükdən sonra onun əsas işi qəzaya uğramış müttəfiq dövlətlərin pilotlarını öz ölkələrinə qayıtmaqlarını təmin etmək üçün bitərəf İspaniyada yerləşən Britaniya səfirliyinə keçirmək olur. Isabellenin kod adı “Bülbül” idi və o bu adı fransız dilindən bülbül mənasını verən Rossignol soyadına görə almışdı. O, təsadüfən alman əsgərləri tərəfindən həbs edilir, lakin atası onun təqsirini öz üzərinə götürərək edam edilir. Isabelle Almaniyada yerləşən əsir düşərgəsinə göndərilir. O düşərgədə dəhşətli işgəncələrlə üzləşir, lakin müharibənin sonuna qədər sağ qalır. O, xəstəlikdən vəfat etməzdən əvvəl bacısı Vianne ilə atasının son məktubunu oxuyur.
Əsərin sonunda hadisələri nəql edənin Vianne olduğu məlum olur. O, indi ABŞ-da yaşayır və bacısı Bülbülün xatirəsinə Parisdə təşkil olunan tədbirə dəvət alır. O oğlu Julienlə (SS zabitinin oğlu) birlikdə Parisə gəlir. Lakin Julien Vianne və Antonie tərəfindən sevgi ilə böyüdülür və atasının alman olduğunu bilmir. Həmin tədbirdən sonra Vianne Ari ilə görüşür və onun müharibə xatirələri sakitlik tapır.
“Bülbül” romanındakı personajlar real şəxslər deyildirlər, lakin bəzi epizodlar tarixi şəxslərdən ilhamlanaraq yazılıb. Isabellanın pilotları Pireney dağlarından keçirməsi 19 yaşlı Andrée de Jongh-un hekayəsi əsasındadır.[1] Isabellea kimi Jongh da müharibənin sonuna qədər Pireney dağlarını 118 dəfə piyada aşıb. Daha bir ortaq xüsusiyyət hər ikisinin müharibənin sonlarına yaxın həbs olunması idi. Andrée de Jongh Ravensbrük əsir düşərgəsinə göndərilib. Edam edilməməyinə səbəb isə Nazilərin onun marşurutun təşkilatçısı olmalarına inanamamaları olub. Isabelledən fərqli olaraq Jongh müharibədən sonra uzun illər yaşayıb, 1985-ci ildə qrafinya olub və 2007-ci ildə vəfat edib. Əsərdə xatırlanan digər tarixi şəxs Birinci Dünya Müharibəsi zamanı tibb bacı olmuş Edith Cavell-dir.[1]
2016-cı ilin avqust ayında filmə Michelle MacLaren-ın rejissorluq edəcəyi məlum olub.[2]. Film 2019-cu ilin yanvarın 25-də nümayiş olunacaq.[3]