Bürc — ulduzlu göyün bir hissəsidir. Ulduzların müşahidə və öyrənilməsinin əlverişliyi üçün ulduzlu göy bürclərə bölünür. Bürclərin əksəriyyətinə qədim zamanlardan əfsanəvi qəhrəmanların (Herkules, Persey və s.), heyvanların (Qoç, Buğa, Balıqlar və s.) və əşyaların (Teleskop, Günyə və s.) adları verilmişdir. 1922 ildən başlayaraq göy qübbəsi Beynəlxalq Astronomiya İttifaqı ilə müəyyən edilmiş 88 bürcə ayrılır. Onlardan 31-i şimal yarımkürəsində, 11-i ekvatorda və 46-sı cənub yarımkürəsində görünür. Bürclərin sərhədləri 1935 ildə müəyyənləşdilmişdir. Ən böyük bürc Hidradır (1302 kvadrat dərəcə), ən balaca isə Cənub Xaçıdır (68 kvadrat dərəcə). Astronomiyada bürclər Eynar Hertsşprunq və Genri Rassel ilə tətbiq edilmiş qısaldılmış latın adları ilə işarə edilir. Parlaqlığa görə bürclərin ulduzları yunan hərfləri ilə düşən nizamda işarə edilir.
İnsanlar qədimdən ulduzların göydə qəribə fiqurlar əmələ gətirdiyini müşahidə etmişdilər. Onlar bu fiqurları Bürc adlandırmışlar. Bəzi bürclər asterizmlər adlanan bir vəya bir neçə ulduz qruplarının birləşməsindən əmələ gəlmişdir. Bir çox bürclərə əfsanəvi qəhrəmanların adı verilmişdir. Ulduzları asan müşahidə etmək və öyrənmək üçün ulduzlu səma 88 yerə bölünmüşdür. Bunlardan 47-si qədim yunan əsatirləri ilə bağlıdır. Şimal yarımkürəsinin səmasında Kassiopeya, Andromeda, Peqas, Persey, Orion, Böyük Ayı bürcləri parlayır. Bürclərdən biri də qədim yunan əsatirinin qəhrəmanı Herkulesin adını daşıyır. Şir və Hidra bürcləri Heraklın əfsanəvi igidliyini xatırladır. Peqas (qanadlı at), Əkizlər (Zevsin oğulları Kastor və Polluks) də əfsanəvı adlardır.
17-ci əsrdə yeni bürc adları meydana gəldi: Tovuz, Tukan, Hindli, Cənnət quşu və s. Bu adlar avropalılara kəşf etdikləri yeni ölkələrin özünəməxsus xüsusiyyətlərini xatırladırdı. 18-ci əsrdə astronomlar bir çox bürclərə ad verdilər: Saat, Mişar, Kompas, Teleskop, Soba və s.