Büreydə ibn əl-Hüseyb (v. 680-ci illər, Xorasan, ərəb. بريدة بن الخصيب الأسلمي) — Məhəmməd peyğəmbərin səhabələrindən biri.
Büreydə ibn əl-Hüseyb | |
---|---|
Vəfat tarixi | 680-ci illər |
Vəfat yeri | |
Fəaliyyəti | döyüşçü |
Büreydə ibn Hüseyb Bəni Əsləm qəbiləsindən idi[1]. Onun Peyğəmbərlə tanışlığının tarixi Məhəmmədin və digər müsəlmanların Məkkədən Mədinəyə hicrət dövrünə təsadüf edir. Məhəmməd Məkkədən çıxmağa müvəffəq olan gecə Qureyşlülər onu təqib edir, bu da nəticəsiz qalır. Məkkə yaxınlığında yaşayan bütün qəbilələrə, Məhəmmədi diri və ya ölü onlara çatdıra bilən hər kəsə yüz dəvə verməyə vəd edilir. Bu mükafat müqabilində onu tapıb Qureyşə təslim etmək istəyənlər arasında Büreydə də var idi. Bir gün Büreydə və adamları Məhəmməd peyğəmbəri Əbu Bəkrlə birlikdə görür. Görüşdən sonra onlarla söhbətə başlayır, Büreydə və qövmü İslamı qəbul edir. Bundan sonra hamısı Mədinəyə doğru yollanır və peyğəmbəri qoruyur. Peyğəmbərə onun Mədinəyə bayraqsız daxil olmasının arzuolunmaz olduğunu bildirən Büreydə başındakı sarğısını çıxardır və onu nizəyə sancaraq bayraqdar olur.
Bir müddət sonra Büreydə Mədinəyə köçür. Müsəlmanların düşmənlərinə qarşı on altı yürüş və döyüşlərdə iştirak etmiş və qəhrəmancasına vuruşmuşdur. O, Xeybərin alınması zamanı gedən döyüşdə xüsusilə fərqlənir. Məkkənin ələ keçirildiyi gün o, Əsləm qəbiləsindən bayraqdarlar arasında olur. Peyğəmbər də onu Əsləm və Gifar qəbilələrindən vergiyığan (zəkat) vəzifəsinə təyin edir.
Məkkənin fəthdən sonra Xalid ibn Vəlidin hərbi dəstəsinin tərkibində Yəmənə göndərildi. Sonra Usamə ibn Zeydin qoşunlarının Suriyaya yürüşündə iştirak etmişdir. Saleh xəlifələrin dövründə Büreydə müsəlman qoşunlarının Xorasan və digər bölgələrə hərbi yürüşlərində iştirakını davam etdirmişdir.
O, Xilafətin yeni vilayətlərində İslamı təbliğ etməklə məşhurlaşır. O, hədis nəql etməsi ilə tanınır. O, 164 hədis nəql etmiş, onlardan biri İmam əl-Buxarinin, on biri isə İmam Müslimin toplusuna daxil edilmişdir.
Büreydə Xəlifə Yezid ibn Müaviyənin dövründə Xorasanda vəfat etmişdir.