Bürhan Əliyev

Bürhan Muxtar oğlu Əliyev (24 sentyabr, 1964 −15 dekabr, 2018) — Azərbaycan həkimi, Səhiyyə əlaçısı (1998).

Bürhan Əliyev
Doğum tarixi
Doğum yeri Ağdaş, Azərbaycan SSR
Vəfat tarixi (54 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan

Həyatı[redaktə | mənbəni redaktə et]

24 sentyabr 1964-cü ildə Ağdaş şəhərində həyatını şagirdlərin təlim-tərbiyəsinə həsr edən bir ailədə böyüyüb boya-başa çatıb. Belə ki, atası Əliyev Muxtar Rəsul oğlu müəllim, anası Abdullayeva Minayə Məmməd qızı isə Ağdaş rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Bürhan Əliyev 1971-ci ildə Nizami adına Ağdaş şəhər orta məktəbinin birinci sinfinə qədəm qoyub, 1978-ci ilə kimi bu məktəbdə oxuyub. Sonra təhsilini Bakı şəhər kimya-biologiya təmayüllü məktəbdə davam etdirib. 1981-ci ildə həmin məktəbi nümunəvi qiymətlərlə başa vurub.

Bürhan Əliyev 1981-ci ildə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Dövlət Tibb Universiteti) stomatologiya fakültəsinə qəbul olub, 1986-cı ildə oranı bitirib.

İlk əmək fəaliyyətinə Ağdaşda həkim-stomatoloq kimi başlayıb. Əvvəlcə Ağdaş rayonunun Şıxlı kəndində, sonra isə Ağdaş Mərkəzi Rayon Xəstəxanasının poliklinika şöbəsində ixtisası üzrə fəaliyyətini davam etdirib. Rayonda bacarıqlı və savadlı həkim-stomatoloq kimi tanınıb. Ağdaş camaatının böyük hörmətini qazanan Bürhan Əliyev rayon üzrə baş stomatoloq-həkim təyin olunub və bu vəzifəni şərəflə icra edib.

Bürhan Əliyev 1999-cu ildən həyatının son gününədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Uşaq Stomatoloji Mərkəzinin ortodoktiya şöbəsinin müdiri vəzifəsində işləyib.

Bürhan Əliyev 15 dekabr 2018-ci ildə Bakıda vəfat edib.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Bürhan Əliyev 5 dekabr 1987-ci ildə ixtisasca həkim-stomatoloq olan Rəxşəndə xanım Əliyeva ilə ailə qurub. Rəşad və Rüfət adlı oğulları, Leyla, Bürhan, Aras adlı nəvələri var.