Bəşir Əhmədov

Əhmədov Bəşir Abbas oğlu (5 may 1932, Tovuz rayonu19 iyun 2007, Bakı) — Azərbaycan filoloq-dilşünası, metodist, pedaqoq. Ali Attestasiya komissiyasında ekspert şurasının, pedaqoji elmlər üzrə ixtisaslaşdırılmış müdafiə şurasının, Elmlər Akademiyasında Terminologiya komitəsinin, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının, Bakı Slavyan Universitetində universitet və fakültə elmi şuralarının, Azərbaycanda Pedaqoji-Psixoloji Elmləri Əlaqələndirmə Komissiyası rəyasət heyətinin, "Maarifçi" qəzeti redaksiya heyətinin və Milli Məclisdə təhsil qanununun yeni redaksiyasını hazırlayan işçi qrupunun üzvü olmuşdur.

Bəşir Əhmədov
Bəşir Abbas oğlu Əhmədov
Doğum tarixi
Doğum yeri Alakol, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (75 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Uşağı İlham Əhmədov
Elm sahələri filologiya, dilçilik
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor

Bəşir Əhmədov 1932-ci il 5 mayda Tovuz rayonunun Alakol kəndində anadan olmuşdur. 7 illik təhsilini Alakol kənd məktəbində, orta təhsilini isə Gədəbəy rayonunun Qoşabulaq kənd orta məktəbində almışdır. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuş, 1955-ci ildə həmin universiteti bitirmişdir. 1953-cü ildən elmi məqalələri mətbuat səhifələrində dərc olunmağa başlamışdır. 1955-ci ildə Mərəzə qəsəbəsində (Şamaxı rayonu), daha sonra isə Əli Bayramlı (Şirvan) rayonunda dil-ədəbiyyat müəllimi işləmişdir. Elə həmin il Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil olmuşdur. 1961-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Ə.Dəmirçizadənin rəhbərliyi altında "V sinifdə Azərbaycan dili fonetikasının tədrisi" mövzusunda namizədlik, 1967-ci ildə "Məzmunla formanın vəhdəti nitq inkişafı metodikasının əsası kimi" (elmi məsləhətçi prof. Ə.Abdullayev) adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. 1960-1966-cı illərdə Azərbaycan ETPEİ-də elmi işçi, sonra elmi katib vəzifələrində çalışmışdır. 1966-1971-ci illərdə M.F.Axundov adına APRDƏİ (indi BSU) Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının, 1971-1976-cı illərdə isə V.İ.Lenin adına APİ-də (indi ADPU) Pedaqogika kafedrasının müdiri işləmişdir. 1976-1984-cü illər arasında APXDİ-də pedaqogika fənnini tədris etmişdir. 1984-cü ildən ömrünün sonuna qədər Bakı Slavyan Universitetində Azərbaycan dili və onun tədrisi metodikası kafedrasına rəhbərlik etmişdir. Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü olmuşdur.

Üç övladı, yeddi nəvəsi və altı nəticəsi var.

2007-ci ildə vəfat etmişdir.

16 noyabr 2015-ci ildə Bakı Slavyan Universitetində professorun "Etimologiya lüğəti"nin təqdimatı keçirilmişdir.[1]

Bəşir Əhmədov elmi yaradıcılığa 1961-ci ildə başlamışdır. Onun yaradıcılığı Azərbaycan dilçiliyi, Azərbaycan dilinin tədrisi metodikası və pedaqogika elmi ilə bağlıdır. O, bir çox publisistik yazıların da müəllifidir. Alim eyni zamanda Azərbaycanda elmi kadrların hazırlanmasında fəaliyyət göstərmişdir. O, 3 doktorluq işinə elmi məsləhətçi, 25 elmlər namizədinə elmi rəhbər olmuş, 75 dəfə rəsmi opponent kimi çıxış etmiş, 30 əsərin elmi redaktoru olmuşdur. Keçmiş SSRİ-nin bir sıra şəhərlərində, o cümlədən Kiyev, Daşkənd, Tbilisi, İrəvan və s. dəfələrlə elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Onun yazılarından bir qismi Azərbaycandan kənarda dərc olunmuş, görkəmli akademiklər A.Tekuçev, M.A.Danilov, A.V.Dudnikov, Babanski və s. tərəfindən yüksək qiymətləndirilmişdir. Alim 1985-ci ildən M.F.Axundov adına Pedaqoji İnstitutda fəaliyyət göstərən "Məktəbə kömək komissiyası"nın sədr müavini kimi Azərbaycanın, demək olar ki, bütün rayonlarında olmuş, xalq təhsilinin müasir problemlərinə dair silsilə mühazirələr oxumuş, bu barədə mətbuat səhifələrində müntəzəm olaraq informasiyalar dərc etdirmişdir. O, həm də Ali Attestasiya Komissiyasında ekspert şurasının, pedaqoji elmlər üzrə ixtisaslaşdırılmış müdafiə şurasının, Elmlər Akademiyasında Terminologiya komitəsinin, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının, Bakı Slavyan Universitetində universitet və fakültə elmi şuralarının, Azərbaycanda Pedaqoji-Psixoloji Elmləri Əlaqələndirmə Komissiyası rəyasət heyətinin, "Maarifçi" qəzeti redaksiya heyətinin və Milli Məclisdə təhsil qanununun yeni redaksiyasını hazırlayan işçi qrupunun üzvü olmuşdur. Keçmiş SSRİ dövründə Moskvada pedaqogikanın metodoloji problemləri üzrə elmi şuranın üzvü olmuş və bütövlükdə Zaqafqaziyanı təmsil etmişdir. Onun 33 monoqrafiyası, dərslikləri və dərs vəsaitləri, müxtəlif jurnal və qəzetlərdə çap olunmuş 650-ə yaxın məqaləsi mövcuddur. Metodist alimin zəngin elmi yaradıcılığının bir hissəsini 1960-1977-ci illərdə qələmə aldığı monoqrafiyaları təşkil edir. O, dilçilik, metodika və pedaqogikanın müxtəlif problemlərini özündə əks etdirən monoqrafiyalarında toxunduğu hər bir məsələni özünəməxsus tərzdə araşdırmağa çalışmışdır. Monoqrafiyalarda fonetikanın tədrisi, Azərbaycan dili təliminin qanunları, prinsipləri və metodları, rabitəli nitq vərdişlərin inkişaf etdirmək yolları, Azərbaycan dili dərslikləri ilə işləməyə dair metodik göstərişlər, sadə cümlənin tədrisi, nitq inkişafında müxtəlif fənlərin rolu və digər məsələlər əhatə olunmuşdur. Alim öz yazılarında elmə aşağıdakı yenilikləri gətirmişdir:

  • Azərbaycan dili təlimi prosesində səslə hərfin, tələffüzlə yazının müqayisəli öyrədilməsinin zəruriliyi;
  • Nitqin məzmunu ilə formasının, fikirlə ədəbi dil normalarının vəhdətlə öyrədilməsi zəruriliyi;
  • Təlimdə müəllimə həqiqi müstəqilliyin verilməsi, onun yaradıcı fəaliyyətinin təqdir olunması zəruriliyi;
  • Şeirin şifahi nitq formaları zəminində yazılması zəruriliyi;
  • Söz birləşməsi, frazeoloji vahid və mürəkkəb sözlərin spesifik xüsusiyyətləri;
  • "Pedaqoji gerçəklik", "Pedaqoji proses" anlayışının vacibliyi;
  • Müəyyən şəxsli təktərkibli cümlənin mahiyyətinin açılması;
  • Təyinin nəyi təyin etməsi məsələsi;
  • Mürəkkəb söz və kəmiyyət kateqoriyası məsələsi;
  • Məktəb direktorlarına tam səlahiyyətlər verilməsinin züruriliyi;
  • Dərsin diskussiya şəklində təşkilinin zəruriliyi;
  • Təhsillə bağlı inkişafın rəqabətlə bağlı olmasının əsaslandırılması;
  • Söz birləşmələrinin tərəfləri arasında sintaktik əlaqə məsələsi;
  • Felin "Mürəkkəb zaman" anlayışının elmi əsasa malik olmaması;
  • Təlim-tərbiyədə islam dininin öyrədilməsi zəruriliyi.
  • Durğu işarələrinin dəqiqləşdirilməsi.[2]

Monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri

[redaktə | mənbəni redaktə et]
  1. İbtidai məktəbdə ana dilinin tədrisi təcrübəsindən (T.Kərimov və başqaları). Bakı: Maarif, 1959.
  2. Azərbaycan dili (rus məktəbləri üçün proqram). Bakı: Azərtədrisnəşr, 1960.
  3. Beşinci sinifdə Azərbaycan dili fonetikasının tədrisinə dair. Bakı: Azərtədrisnəşr, 1960.
  4. Azərbaycan dili və ədəbiyyatı proqramı (Ə.Əfəndizadə, Y.Kərimov) Dağıstan məktəbləri üçün. Bakı: Azərtədrisnəşr, 1962.
  5. Azərbaycan dili (Y.Əfəndiyev), Rus məktəblərinin 5-ci sinfi üçün dərslik. Bakı: Azərtədrisnəşr, 1962.
  6. Dil və ədəbiyyat dərslərində şagirdlərin sosialist vətənpərvərliyi və proletar beynəlmiləlçiliyi ruhunda tərbiyə edilməsi (Y.Talıbov, C.Əhmədov və b.). Bakı: Azərtədrisnəşr, 1963.
  7. V-VIII sinif şagirdlərinin rabitəli nitq vərdişlərini inkişaf etdirmək yolları haqqında. Bakı: Maarif, 1963.
  8. Sadə cümlənin tədrisi prosesində nitq inkişafı üzrə aparılan işlər. Bakı: Azərtədrisnəşr, 1964.
  9. Gənc nəslin estetik təriyəsinin bəzi məsələləri (İ.Hacıyev və b.). Bakı: Azərtədrisnəşr, 1965.
  10. Nitq inkişafında müxtəlif fənlərin roluna dair. Bakı: Maarif, 1965.
  11. Azərbaycan dili tədrisi (Ə.Əfəndizadə, K.Mikayılov və b.). I hissə. Bakı: Azərtədrisnəşr, 1965.
  12. Azərbaycan dili tədrisi (Ə.Əfəndizadə və b.). II hissə. Bakı: Azərtədrisnəşr, 1966.
  13. Ana dili dərslərində şagirdlərin nitqini inkişaf etdirmək yolları (V-VIII siniflər). Bakı: Maarif, 1967.
  14. Nitq inkişafı üzrə çalışmalar məcmuəsi (Ş.Əhmədovla). M.F.Axundov adına APRDƏİ. Bakı: 1967.
  15. Komentarili yazılar (Y.Kərimov və b). Bakı: Maarif, 1967.
  16. Azərbaycan dili proqramı (rus məktəbləri üçün). Bakı: Maarif, 1969.
  17. Azərbaycan dili (A.Axundovla), V-VI siniflər üçün dərslik. Bakı: Maarif, 1972.
  18. Azərbaycan dili təliminin qanunları, prinsipləri və metodları. Bakı: Maarif, 1974. https://edebiyyatdunyasi.files.wordpress.com/2016/04/azerbaycan-dili-teliminin-qanunlari-prinsipleri-ve-metodlari.pdf
  19. Yeni proqram üzrə Azərbaycan dilinin tədrisi məsələləri (Ə.Əfəndizadə, Ə.Kəlbəliyev). Bakı: Maarif, 1972.
  20. Azərbaycan dili, rus məktəblərinin V sinfi üçün dərslik (S.Axundovla). Bakı: Maarif, 1973.
  21. Təcrübəçi tələbənin uçot-nəzarət kitabçası. Tələbələr üçün vəsait (B.Bəşirov və b.). Bakı: V.İ.Lenin adına APİ-nin nəşri, 1974.
  22. Gənclərin ictimai fəallığının inkişafında bədən tərbiyəsinin rolu (A.Əliyev). Bakı: Bilik, 1976.
  23. V sinifdə Azərbaycan dili dərsləri. Dərsliklə işləməyə dair metodik göstərişlər. Bakı: Maarif, 1977.
  24. Pedaqogikadan mühazirə konspektləri (A.Rzayev). Bakı: Maarif, 1983.
  25. Azərbaycan dili. Rus məktəblərinin V sinfi üçün dərslik (A.Abdullayevlə). Bakı: Maarif, 1983.
  26. Qabaqcıl pedaqoji təcrübəni öyrənmək proqramı. Bakı: V.İ.Lenin adına APİ-nin nəşri, 1983.
  27. Azərbaycan dili. V-VI siniflər üçün dərslik (A.Axundovla). Bakı: Maarif, 1984.
  28. Pedaqogikanın qanunları və prinsipləri (A.Hacıyevlə). Bakı: Maarif, 1993.
  29. Türk dili. VI sinif üçün dərslik (A.Axundovla). Bakı: Öyrətmən, 1994.
  30. Türk dili. V sinif üçün dərslik (Ə.Əfəndizadə ilə). Bakı: Öyrətmən, 1995.
  31. Azərbaycan dili - ümumtəhsil məktəblərini Azərbaycan dilində bitirmiş tələbələr üçün eksperimental dərslik (müəllif kollektivi ilə). Bakı: 2005, 232 səhifə. https://edebiyyatdunyasi.files.wordpress.com/2016/05/azerbaycan-dili.pdf
  32. Azərbaycan dilinin qısa etimoloji lüğəti. Bakı: Təfəkkür, 2001.
  33. Etimoloji mülahizələr. Bakı: Kitab aləmi, 2003

Redaktor olduğu əsərlər

[redaktə | mənbəni redaktə et]
  1. Prof. H.Balayev "Şagirdlərin üslubiyyat vərdişlərinin inkişaf etdirilməsinə dair" - Bakı, 1967
  2. Prof. Ə.Fərəcov "Morfoloji məfhumların mənimsədilməsi" - Bakı, 1967
  3. Prof. Ə.Fərəcov "Qrammatik məfhum və onun mənimsədilməsinin bəzi məsələləri" - Bakı, 1970
  4. Prof. A.Abdullayev, Y.Kərimov "İbtidai məktəbdə ana dilinin tədrisi metodikası" - Bakı, 1969
  5. Pedaqoji elmlər üzrə respublika konfransının tezisləri - Bakı, 1968
  6. Prof. Ə.Əfəndizadə "Azərbaycan dili təliminin yeni vəzifələri" - Bakı, 1970
  7. Prof. Y.Kərimov "Şagirdlərin lüğət ehtiyatının zənginləşdirilməsi yolları" - Bakı, 1970
  8. Prof. N.Əhmədov "Azərbaycn dili dərslərində intonasiyanın öyrədilməsi üzrə aparılan işlər" - Bakı, 1972
  9. Dos. R.Məmmədov "Ədəbiyyat tədrisində bədii təfəkkürün inkişaf etdirilməsi" - Bakı, 1975
  10. Prof. H.Balıyev "Azərbaycan dilinin tədrisi metodikasından mühazirələr" - Bakı, 1978
  11. Dos. Yarıməmməd Əhmədov "Şagirdlərin cümlə qurmaq vərdişlərinin inkişaf etdirilməsi" - Bakı, 1976
  12. Prof. Ə.Əfəndizadə "Azərbaycan dili (IV sinif üçün dərslik)" - Bakı, 1989
  13. Prof. A.Qurbanov "Məktəb islahatı və pedaqoji institut problemləri" - Bakı, 1985
  14. Prof. H.Həsənov "Azərbaycan dilinin leksikası" - Bakı, 1986
  15. Dos. Q.Qulamov "Əmək təlimi problemləri" - Bakı, 1987
  16. Dos. Bəşir Bəşirov "Ali məktəb didaktikası" - Bakı, 1992
  17. Dos. Akif Məmmədov, Şaban Qaralov "Azərbaycan dili üzrə testlər" - Bakı, 1995

İştirak etdiyi elmi konfranslar

[redaktə | mənbəni redaktə et]
  1. Təlim metodlarının təkmilləşdirilməsi problemləri (İrəvan, 1964)
  2. Nitq mədəniyyəti üzrə ümumittifaq müşavirəsi (Orcanekidze, 1965)
  3. Şagirdlərin müstəqilliyini və idrak fəallığını inkişaf etdirmək problemləri (Moskva, 1969)
  4. Məktəb haqqında yeni qanun və qarşıda duran vəzifələr (Aşğabad, 1963)
  5. Pedaqogikanın metodoloji problemləri (Yaroslavl vilayətindəki Rostov şəhəri, 1974)
  6. Pedaqogikada qanun problemi (Moskva, 1980)
  7. SSRİ-Pedaqoji Elmlər Akademiyasının İxtisasartırma İnstitutunda pedaqoji prinsiplər haqqında məruzə (Moskva, 1980)
  8. Özəl təhsil sisteminin təkmilləşdirilməsi problemləri (Soçi, 1994)
  9. Çoxmillətlilik şəraitində müəllim hazırlığı problemləri (Tbilisi, 1996)
  1. "Arxivlənmiş surət". 2017-05-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-11.
  2. "Arxivlənmiş surət". 2020-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-11.
  1. Məqalələr toplusu (filologiya, pedaqogika, metodika). Professor Bəşir Əhmədovun anadan olmasının 75 illiyinə həsr olunur. Bakı, BSU, Mütərcim, 2007
  2. Biblioqrafiya - Bəşir Əhmədov. BSU nəşriyyatı - 2003
  3. G.M.Əhmədova. Bəşir Əhmədovun Azərbaycan dilinin tədrisi metodikasının inkişafında rolu. Magistr dissertasiyası, Bakı, 2011
  4. Fərrux Rüstəmov. Azərbaycan pedaqogikaşünaslığı. Bakı: Elm və təhsil, 2016. - səh. 99.