Bədr Şirvani (1387[1], Şamaxı – 26 noyabr 1450) — Azərbaycan şairi.
Bədr Şirvani | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şamaxı, Şirvanşahlar dövləti |
Vəfat tarixi | |
Fəaliyyəti | şair |
Bədr Şirvani Vikimənbədə |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bədr Şirvaninin həyatı və tərcümeyi-halını işıqlandıran ən mötəbər mənbə onun öz "Divan"ıdır[2]. Şairin "Divan"ına daxil olan əsərlərdən belə məlum olur ki, o, XIV əsrin sonlarında, yəni, 1387-ci ildə Şirvanda, Şamaxı şəhərində yoxsul ailədə anadan olub. Yaradıcılığı az öyrənilmiş Bədrin dövrümüzədək gəlib çatan divanı qəzəl, qəsidə, rübai, mərasi, müqəttiat, mütəyyibat, məsnəvi, həzliyyat, təvarix, müsəmmət, mütəfərriqat, müəmma kimi janrları əhatə edir. Divan hazırda Özbəkistan EA-nın Əbu Reyhan Birunu adına Şərqşünaslıq institutunda qorunmaqdadır. Onu Bədr Şirvani irsinin öyrənilməsində böyük əməyi olan şərqşünas alim Əbülfəz Rəhimov 1975-ci ildə Moskvada nəşr etdirmişdir.
Bədr Şirvaninin ömür yolu 1387–1450-ci illərə təsadüf etdiyindən onun yaradıcılığında əsasən, XV əsrin əvvəllərindən ortalarınadək baş verən tarixi hadisələr əks olunub. Ümumiyyətlə, onun 122 beytdən çox şeiri tarixi hadisələrə həsr edilib.
"Divan"da şair tərəfindən verilən maddeyi-tarixlər xüsusi əhəmiyyət kəsb edir.
XV əsr Şirvan tarixini və memarlığını araşdıran bir çox alimlər bu mürəkkəb dövrü öyrənərkən Bədr Şirvani yaradıcılığını tutarlı mənbə hesab etmişlər. A. A. Bakıxanov, S. Aşurbəyli, H. A. Ciddi, Ə. Rəhimov, T. Ibrahimov və başqalrı öz tədqiqatlarında Bədr Şirvani "Divan"ından qaynaq kimi faydalanmışlar.
Ümumiyyətlə, "Divan"da otuz səkkiz maddeyi-tarix verilib. Bunlardan bir çoxu bizə məlum olan şəxsiyyətlər haqqındadır. XV əsrdə yaşamış Şirvanşahları – Şeyx I İbrahimi, I Xəlilullahı tarixi şəxsiyyət kimi xarakterizə etmək üçün Bədr Şirvaninin mədhiyyələri böyük əhəmiyyət daşıyır. Saray şairi olmasına baxmayaraq, yoxsul bir ömür yaşayan Bədrin həyatında Qaraqoyunlu qoşunlarının hücumu ağır izlər qoyub. Şair bunu farsca qələmə aldığı əsərlərdə olduğu kimi, Azərbaycan dilində yazdığı şeirlərində də əks etdirib. Uzunmüddətli ayrılıqdan sonra Şamaxıya dönən şair evinin Qaraqoyunlu əsgərləri tərəfindən yandırıldığını görüb bu sətirləri dilə gətirir:
…Məni bir soydular, nə don, nə aşdan qoydular
Axçam yedilər, doydular, mən qaldım ac və natəvan
Qalmışam indi yalınqac, könlüm həzindir, qarnım ac.
On gündə görməm bir komac, avarəyəm əz xaniman.
Bakıya gəldikdən sonra da güzəranından gileylənən şair yazır:
Atıma bir çəng arpa, mənə bir bişmiş düyü
Heç yerdən gəlmədi, billah, tanuqdur kerdigar. Göründüyü kimi, şair çox anlaşıqlı bir dildə öz halından bəhs edir, qəliz ibarələr işlətmir. Onun həm ana dilində qələmə aldığı, həm də farsca yazdığı şeirlərdə rast gəlinən azərbaycanca beytlər XV əsrdə dilimizin hansı inkişaf səviyyəsində olduğunu öyrənmək üçün çox qiymətli bir qaynaqdır.
Bədr Şirvaninin dövrümüzədək gəlib çıxan divanında Azərbaycan dilində əlli beyt var. Şairin özünün dediyinə əsaslansaq, onun ana dilində daha çox şeir yazdığını təsdiqləməli olarıq:
Parsi sözüm Xorasanü Əraqın zikridür,
Böylə kim türki sözüm dutmuşdurur çinü tətar
Sözsüz ki, " çinü tətar"da əlli beyt şeirlə məşhur olmaq mümkün deyildi. Ehtimal etmək olar ki, onun doğma dildə qələmə aldığı bir çox əsər tarixin keşməkeşlərində itib – batıb.
Şairin lirik səciyyəli, dəruni hisslər ifadə edən şeirlərinin ortaya çıxmasına Şirvanşah sarayında təşkil olunan şeir məclisləri də az təsir göstərmirdi. Bu şeirlər ilham sahibi şairlərin və söz xiridarlarının hüzurunda daha da cilalanıb təkmilləşirdi. Təsadüfi deyil ki, Bədrin və onun kimi istedadlı şairlərin sorağı İraq, Xorasan və Səmərqəndin ədəbi mühitlərindən gəlirdi. Bədr Şirvani dəfələrlə bu yerlərin yetirdiyi şairlərlə müşairələrdə iştirak etmişdi.
Ümumiyyətlə, şairin əsərlərindəki obrazlı ifadələr, məcaz və təşbihlər, rəvan qafiyələr, mövzu müxtəlifliyi onun dövrünün seçilən şairlərindən biri olduğunu deməyə əsas verir.
Əksər orta əsrlər şairləri kimi Bədr Şirvaninin də yaradıcılığında məhəbbət mövzusu əsas yer tuturdu. Bu mövzu Bədrin yaradıcılığında müxtəlif məqamlarla özünü göstərir. Bir çox qəzəl və rübaisində aşiqlə məşuqun məhəbbəti, bu məhəbbətin yolunda çəkilən əzablar təsvir olunursa, başqa şeirlərində vətən eşqi, doğma Azərbaycanı gəzib gördüyü bütün diyarlardan üstün tutaraq böyük məhəbbətlə sevməsi, öz yurdu Şirvanın təbiətinə sonsuz məhəbbəti tərənnüm olunur. Hətta o, konkret şəxslərə yazdığı mədhiyyələrin nəsib hissəsini də təbiət təsvirlərilə, Azərbaycanın dilbər guşələrinin tərənnümü ilə zənginləşdirirdi.
Məhəbbət mövzusuna Bədrin qəzəl, qəsidə və rübailərində rast gəlirik. Onun lirik qəhrəmanı insanı məmnun edən hər bir şeyə fəal münasibətini bildirən, həyati gerçəkliklərin idrakına can atan, dünyanın gözəlliklərinə biganə qalmayaraq onları yaşayan və yaşadan lirik "mən"dir. Şair zahiri gözəlliyin deyil, daxili gözəllik və saflığın da aşiqidir. (O ətirli sünbül çiçəyinə söylə ki, qızılgülün üzünə rübənd salıb. Xasiyyəti onu daha da gözəlləşdirib, sanki, gül gülaba batıb).
Göründüyü kimi, Bədrin şeirlərində zahiri mütənasiblik, daxili gözəlliklə harmoniyadadır. Mənəvi aləmin saflığından insanın daha da gözəlləşdiy vurğulanır.
Bədrin məhəbbət şeirləri sadə və həzindir. O, ikimənalı, qəliz, oxucunu yoran kəlmələr işlətmir. Əksinə, şeirini daim asan, axıcı, rəvan və yadda qalan ifadələrlə zənginləşdirir. (Naz edərək haradan gəlirsən, ey gül bədənli sərv! Sənin bu gəlişin qəlbimizdə səbrü-aram qoymadı. Xəyaldan don geyinmiş bu nazik bədən cam içində görünən şəffaf suyu xatırladır).
Şairin lirik qəhrəmanı yarını odlu-alovlu məhəbbətlə sevən başı bəlalı aşiqdir. Lakin bu aşiq digər şairlərin əsərlərində rast gəlməyə adət etdiyimiz dili gileyli, məzlum aşiqlərdən deyil. Onun sevgisində coşqunluq, fərəh və ümid var. Bədr Şirvaninin qəhrəmanı nikbin ruhludur. O, sevgilisini, eləcə də bütün insanları dünyadan kam almağa çağırır. (Nə zamansa bizi axtarıb tapmayacaqsan, o an gəlib çatmamış qədəmini bir yol da bizim başımız üzərindən qoy, ey sərvərim! Ömür bir əziz qonaqdır, onu qənimət bilək, ruhoxşayan badəni bir anlıq ələ götürək. Baxmayaraq ki, başımda qəriblik sevdasının qəm yükü vardır, sənin eşqinlə, həvəsinlə bu sevdanı yaşayacağam).
Gətirilən misalda ömrü qənimət bilərək həyatdan zövq almaq arzusu ön plana çəkilir. Bədr Şirvaninin qəhrəmanı eşqin əzablı yollarında hicran dərdinin onu yalqız qoymadığından, ona yoldaş olduğundan təskinlik tapır. (Tanrıya şükür ki, bu hicran gecəsində yalqız deyiləm, qüssə ürəyimə sirdaş, nalə canıma həmdəmdir. Sənin əlindən zədəliyəm, lakin vurduğun zədə can rahatlığımdır. Ürəyim səndən yaralıdır, amma dərdin ürəyimə məlhəmdir).
Şairin qəhrəmanı olan aşiqin öz sevgilisinə məhəbbəti elə böyükdür ki, hətta onun dilindən tənbeh eşitməyi belə özü üçün səadət sanır. Təki bu tənə və danlaq gözəlin bal dodağından qopsun.(Ey sevgilim, mən xəstəyə ağzını məzəmmətlə açsan, aldığım zövqdən can verər və dualar edərəm. Sənin ləlinin (dodağının) meyindən (kəlməsindən) məst olmuşam. O dodağını, gözlərini göstər. çünki qəlbim püstə və badam arzulayır).
Şairin hicran dərdini qəlbinə məlhəm bilən qəhrəmanı elə onun özüdür. Bu cür böyük eşqin tərənnümü, əzablı, lakin əzabı da məqbul sayılan məhəbbətin vəsfi Bədr qəzəllərinin əsas mövzusudur. Tərənnüm etdiyi dilbəri çəməndəki güllərdən, qədd qamətli sərv ağacından üstün tutan sənətkar digər şairlər kimi cananını gül-çiçəyə, ay-ulduza bənzətmir, onlardan da yüksəkdə tutur. Sevgilisindən uzaqda damağı acı daddığı üçün bal dodaqlı yarını arzulayır. (Gülüstanda onun al yanağı tək gül tapılmaz, çəmənlikdə onun qaməti tək sərvi-xuraman tapılmaz. O ağız bal mədənidir, lətiflik və xoşluq onun şanındadır. Ondan uzaqda ağzım acı dadır, o bal isə ələ düşməz. Dedim ki: "sənin o dar ağzın canıma dərmandır". Dedi ki, "can ver, ey dərdli, dərmanın tapılmaz").
Bütün bunlarla bərabər, o, özünü və sevgisini ucuz tutmur. Yer üzündə Bədr kimi böyük məhəbbətlə sevən ikinci bir aşiqin olmadığını və belə sevginin bir də ələ düşməyəcəyini xatırladır. Bədrin məhəbbət şeirlərinin əsas səciyyəsi sevgisini uca tutmasıdır. Məhəbbət şeirlərinin bir çoxunda isə nazənin gözəli təsvir etməklə yanaşı, şair bu gözəlliyin qeydinə qalmağı, təbiətin bəxş etdiyi bu qənimətin qədrini bilməyi də tövsiyə edir.
Təbii ki, Bədr Şirvani yaradıcılığına nəhəng sələfləri Nizami, Xaqani və Nəsimi təsir edib.
Bədr Şirvani Xaqani şeirindən bəhrələnmiş, onu özünə məktəb hesab etmişdir. Bu böyük şairin taleyi ilə öz taleyi arasında oxşarlıq görmüş, sarayda yazıb-yaradan Xaqaninin mühiti ilə öz yaşadığı mühiti müqayisə edərək dəfələrlə özünü "zəmanəsinin Xaqanisi" adlandırmışdır. (Şirvanın Xaqanisi mənəm, xaqanı mən mədh edirəm. Bədrəm, bu zəmanədə parlaq, nurlu ad tapan mənəm.)
Nəsiminin yaradıcılığı da şairə az təsir etməmişdir. Yer üzündə bir sadiq dosta, vəfalı yara rast gəlmədiyindən gileylənən Nəsimi yazır :
Dərdü qəm ilə yandı könül, yar bulunmaz,
çox darü diyar istədi, dəyyar bulunmaz!
Yarəm deyici çox dürür, əmma behəqiqət,
Fürsət gəlicək biri vəfadar bulunmaz .
Təxminən bir əsr sonra Bədr Şirvani bu misraları dilə gətirir :
Görmədim bir yar canı doğrusu bu mülkdə
Xamı əğyar idilər, qövli yalan, nasazqar
Bədr idim, dövran cəfası qamətim qıldı hilal
Qalmışam sərgəştə bu dövri – fələkdə zərrəvar
Riyakar, vəfasız insanların əlindən yanıqlı olan hər iki sənətkar özünü dost adlandırıb, əslində isə düşmən münasibəti bəsləyən "üzdəniraq vəfadarlar"dan şikayətçidirlər. Onlardan biri qəlbinin "dərdü qəm ilə" yandığını deyirsə, digəri "dövran cəfası" nın qamətini "hilal" kimi əydiyindən danışır
Bədr Şirvaninin eşq və məhəbbət haqqındakı düşüncələrini özündə əks etdirən şeirləri isə Nizami Gəncəvinin eşq barədə söylədiyi məşhur deyimlərlə səsləşir:
Ürək sanki sədəfdir, eşq gövhər.
Bütün varlıq quldur, eşq sərvər.
Eşqsiz dünyanın mənası yoxdur
Eşq bütün aləmin fövqündə durur.