Bəhram Aşurov

Bəhram Aşurov (1 iyul 1943, Qax rayonu24 iyul 1994, Bakı) — Azərbaycanda damar cərrahiyyəsinin əsasını qoymuş alimlərdən biri, 1991–1992-ci illərdə Azərbaycan Tibb Universitetinin birinci prorektoru, tibb elmləri doktoru, professor.

Bəhram Aşurov
Bəhram Məhəmmədrəsul oğlu Aşurov
Doğum tarixi
Doğum yeri Qax rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (51 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi tibb
Elmi dərəcəsi Tibb elmləri doktoru
Elmi adı professor
İş yeri Azərbaycan Tibb Universitetinin ümumi cərrahiyyə kafedrasının müdiri
Elmi rəhbərləri Moskvada A.N.Bakulev adına Elmi Tədqiqat Ürək-Damar Cərrahlığı İnstitutu, elmi rəhbər – professor A.V.Pokrovski

Bəhram Məhəmmədrəsul oğlu Aşurov 1 iyul 1943-cü ildə Qax rayonunda anadan olmuşdur. 1950–1960-cı illərdə Qax rayonunda orta təhsil almış və məktəbi gümüş medalla bitirmişdir. O, 1960-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1966-cı ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1964–1966-cı illərdə tələbə ikən Semaşko adına şəhər xəstəxanasının cərrahiyyə şöbəsində tibb qardaşı kimi işə başlamışdı. İnstitutu bitirdikdən sonra 1966–1967-ci illərdə Mingəçevir şəhər xəstəxanasında cərrah işləmişdir.

1967–1969-cu illərdə Elmi Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunun kardiologiya şöbəsində 2 illik kliniki ordinatura keçmişdir. Ordinaturada oxuduğu illərdə Bəhram Aşurov görkəmli kardioloq, professor Cahangir Abdullayevin rəhbərliyi altında "Qaraciyərin sirrozlarında elektrolit mübadiləsinin vəziyyəti" mövzusunda namizədlik dissertasiyasını tamamlamış və 1970-ci ildə müdafiə etmişdir.

O, kiçik elmi işçi vəzifəsində institutda saxlanmış və 1970–1972-ci ildə institutun elmi katibi vəzifəsində işləmiş, 1972–1973-cü illərdə institutun pulmonologiya laboratoriyasına baş elmi işçi seçilmişdir. 1973-cü ildə isə respublikada yeni təşkil edilmiş damar cərrahiyyəsi şöbəsinə baş elmi işçi vəzifəsinə keçirilmişdir. O vaxt respublikada inkişafda olan damar cərrahlığının əsaslarını öyrənmək məqsədilə 1 il ərzində (1973–1974-cü illərdə) A. N. Bakulev adına Ümumittifaq Elmi Tədqiqat Ürək-Damar Cərrahlığı İnstitutunda təcrübə mübadiləsində olmuşdur. Bəhram Aşurov instituta qayıtdıqdan sonra respublikada təcili və planlı damar cərrahiyyəsinin təşkilində bilavasitə iştirak etmiş, aortanın distal hissəsində, aşağı ətrafların arterial damarların xroniki obliterasiya edici xəstəliklərinin cərrahı müalicə üsulları ilə məşğul olmağı başlamışdır.

Azərbaycan Respublikasının səhiyyə nazirliyinin göndərişi ilə Bəhram Aşurov, 1979–1984-cü illərdə Moskvada A. N. Bakulev adına Elmi Tədqiqat Ürək-Damar Cərrahlığı İnstitutunda elmi ezamiyyətdə olmuş və professor A. V. Pokrovskinin rəhbərliyi altında "Qarın aortasının rekonstruktiv bərpa cərrahlığında təhlükə amilləri, fəsadlar və onların profilaktikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, Moskvadan qayıtdıqdan sonra ETKETİ damar cərrahlığı şöbəsində elmi təcrübi fəaliyyətini davam etdirmişdir.

Bəhram Aşurov 1985-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun ümumi cərrahlıq kafedrasına müsabiqə əsasında dosent vəzifəsinə seçilmişdir. 1986–1987-ci illərdə Bakı şəhər Baş Tibb idarəsinin baş cərrahı vəzifəsində çalışmışdır. Şəhər klinikalarında təcrübi cərrahlığın elmi əsaslar üzərində qurulması üçün xeyli səylər göstərmişdir. Bəhram Aşurov Ümumi cərrahlıq fənninin tədris planını xeyli təkmilləşdirmiş və tədrisin keyfiyyətini yüksəltməyə nail olmuşdur.

Professor Bəhram Aşurov Azərbaycan respublikasında damar cərrahiyyəsinin əsasını qoyanlardan biri olmuşdur. Klinikada antiseptika və aseptika sahəsində bir sıra köklü dəyişikliklər etmiş, ilk dəfə olaraq elektrokoaqulyatoru klinikada tətbiq etmişdir.

1991-ci ilin fevral ayında professor Bəhram Aşurov ATU-nun I prorektoru vəzifəsinə təyin edilir. 1992-ci ilin oktyabrında I-ci prorektor vəzifəsi ixtisar edildikdən sonra 1994-cü ilin iyul ayına qədər ümumi cərrahiyyə kafedrasına rəhbərlik etmişdir. 24 iyul 1994-cü ildə professor Bəhram Aşurov vəfat etmişdir.