Bəhram bəy Kərimbəyli

Bəhram bəy Nurulla bəy oğlu Kərimbəyli (6 dekabr 1896, Kərimbəyli, Cəbrayıl qəzası22 avqust 1977, Bakı) — sərhəd komandiri, milis rəisi.

Bəhram bəy Kərimbəyli
Bəhram bəy Nurullu bəy oğlu Kərimbəyli
Doğum tarixi
Doğum yeri Kərimbəyli, Cəbrayıl qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Həyat yoldaşı Nabat xanım Əmrah qızı
Fəaliyyəti zabit
Partiyası

Bəhram bəy Kərimbəyli 1896-cı ildə Cəbrayıl qəzasının Kərimbəyli obasında dünyaya göz açmışdı. Qaryagin 2 sinifli rus-tatar məktəbini bitirəndən sonra, 1915-ci ildə Bakıya gəlmişdi. Gündüzlər işləmiş, gecələr həkimlik kursunda oxumuşdu. Nəriman Nərimanovun leksiyalarını dinləmişdi. Kursu bitirəndən sonra doktor Rəfibəylinin köməkliyi ilə Zurnabad taun əleyhinə stansiyasında feldşer işləmişdi. Sonra Bakıya dönüb hərbi məktəbdə oxumuşdu. General-leytenant, müdafiə naziri Səməd bəy Mehmandarovdan dərs almışdı. Hərbi məktəbi bitirəndən sonra ADR yıxılmış, Azərbaycanda sovet hökuməti qurulmuşdu. 1920-ci ilin aprel ayının 30-da Hərbi-Dəniz Komissarı Çingiz İldırımın adyutantı, şəxsi yavəri vəzifəsinə təyin edilmişdi. Çingiz İldırım onu əlahiddə qrupun rəisi təyin edərək özü və Dadaş Bünyadzadə ilə Qarabağa götürmüşdü. Onlar Qarabağda Şura hökumətini yaradılmasında iştirak etmişdilər.

Bəhram Kərimbəyli dəstəsi ilə birgə Şuşa şəhərində Bahadur bəy Vəlibəyovu, Hüsü Hacıyevi, Molla Cəlalı (Qırmızı mollanı), Qaryagin şəhərində isə həbsxanada güllələnmə altında yatan İbrahim bəy Ağakişiyevi, Əbdül Məmmədovu, Dadaş Xankişiyevi həbsxanadan azad etmişdi.

1920-ci ilin iyun ayında komissar Əliheydər Qarayevin əmri ilə qrup rəisliyindən 2-ci Azərbaycan Süvari Alayına taqım komandiri vəzifəsinə dəyişilmişdi. Alay Ağdam bölgəsində, Novruzlu kəndində yerləşirdi. Bir müddət burda xidmət edəndən sonra, alaydan Bakıya çağrılmış, gəmi ilə Lənkərana göndərilmişdi. Ordan kəşfiyyatçılar kursuna ezam olunmuşdu. Kursu tamamlayandan sonra süvari briqadanın briqada rəisi vəzifəsinə təyin olunmuşdu. Orduda yenidənqurma baş vermiş, Bəhram bəy süvari alayın kəşfiyyat dəstəsinin rəisi vəzifəsinə göndərilmişdi.

Bəhram bəy Kərimbəyov 1921-ci ildə alayın başında İrana, Ənzəli limanına keçmiş, Bakı neftini ələ keçirmək istəyən ingilislərə qarşı cəbhə açmışdı. Bir ilə yaxın İranda vuruşmuşdu. Səfidrud çayının kənarında, "İmamzadə Həşim" məqbərəsinin ətrafında ingilis təyyarəsini vurmuşdu. Qızıl saatla təltif olunmuşdu.

Bəhram bəy İran ordusu ləğv olunadan sonra, 1921-ci ilin sonunda Xalq Hərbiyyə və Bəhriyyə Komissarlığına çağrılmış, Cəbrayıl qəzasının sərhəd dəstəsinə komandir təyin olunmuşdu. Bu dəstəyə Qaradonlu, Qaryagin, Cəbrayıl, Zəngilan və Muğru bölgələrinin qorunması daxil idi.

Bəhram bəy Kərimbəyov 1922-ci ilin sonunadək sərhəd dəstəsinə başçılıq etmişdi. 1923-cü ildə sərhəd dəstəsinin yenidənqurulması ilə bağlı Xalq Daxili İşlər Komissarlığına çağrılmış, 10 may 1924-cü ildən Cəbrayıl qəzasının milis rəisi təyin edilmişdi. Burda M. Məmmədxanovla, Ə. Qarayevlə, M. Nağıyevlə birgə çalışmışdı.

1926-cı ildə Ağdam qəzasına dəyişilmiş, hələ çoxdan tanıdığı Hüsü Hacıyevlə birgə işləmişdi. H. Hacıyev qəza icraiyyə komitəsinin sədri, о, milis rəisi idi. Qaryagində vəziyyət yenidən pisləşmiş, M. Məmmədxanov onu yenidən qəzaya dəvət etmişdi. Bəhram bəy 10 yanvar 1927-ci ilədək qəza milis rəisi olmuşdu.

Bəhram bəy 11 yanvar 1927-ci ildə Cəbrayıl qəzasının icraiyyə komitəsinin inzibati şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdi. Bir müddət burda işləyəndən sonra istefa etmiş, mülki işə keçmişdi. Bakı Süd Kombinatında çalışmışdı. 1941-ci ildə ağır xəstələnmiş, uzun müddət əməklə məşğul ola bilməmişdi.

Bəhram bəy ittifaq əhmiyyətli təqaüdçü idi. Bir çox orden-medallarla, fəxri fərmanlarla təltif edilmişdi. Gənclərin hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi ilə məşğul olmuşdu. Publisistik məqalələr yazmış, xatirələrini qələmə almışdı.

Bəhram bəy 1977-ci ildə vəfat edib.

Bəhram bəy Nabat xanım Əmrah qızı ilə ailə qurmuşdu.

  • Ənvər Çingizoğlu, Kərimbəyovların bir qolu, II yazı, "Soy" elmi-kütləvi dərgi, 2008, № 1, səh.23–27;
  • Ənvər Çingizoğlu. Kərimbəyovların bir qolu. III yazı. "Soy" elmi-kütləvi dərgi, 2011, № 2, səh.12–21.