Bəyəhməd

Bəyəhməd abidələr kompleksiNaxçıvan MR-in Culfa rayonunun Bəyəhməd kəndi ərazisində yerləşən arxeoloji abidələr.[1]

Bəyəhməd
Ölkə  Azərbaycan
Şəhər Culfa
Yerləşir Bəyəhməd
Aidiyyatı Dəmir dövrü - Orta əsrlər
Üslubu arxeoloji abidə
İstinad nöm.1879, 1880, 1881, 6070
KateqoriyaYaşayış yeri, Nekropol
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Bəyəhməd (Azərbaycan)
Bəyəhməd

I Bəyəhməd Culfa rayonunun Bəyəhməd kəndindən şimal – qərbdə Dərəçayın sol sahilində, ilk dəmir dövrünə aid yaşayış yeridir.

Abidə dağ silsiləsinin çaya enən yamacındadır. Sahəsi 1500 m² – dir. 1991 – ci ildə qeydə alınmışdır. Abidənin yerləşdiyi ərazidən uzun müddət əkin sahəsi kimi istifadə edildiyindən yerüstü materiallar və ilkin mədəni təbəqə dağılmışdır.

Yerin səthində gil qab qırıqlarına, çəhrayı və boz rəngli tuf daşından hazırlanmış dən daşlarına təsadüf edilmişdir. Bəzi qab qırıqlarının üzərinə qara boya çəkilərək yüngülcə cilalanmışdır. Abidədən əldə edilmiş tapıntılar Culfa Tarix-Diyarşünaslıq muzeyində sərgilənir. Abidənin e.ə. I minilliyin I yarısına aid olması güman edilir.[1]

I Bəyəhməd nekropolu

[redaktə | mənbəni redaktə et]

I Bəyəhməd nekropolu Culfa rayonunun Bəyəhməd kəndindən cənub – qərbdə, dərəçayın hər iki sahilində yerləşən arxeoloji abidədir.

Abidə hər tərəfdən hündür dağlarla əhatə olunmuşdur. Sahəsi 5000 m² – dir. Abidə 1989 – cu ildə ərazidə tikinti işləri görülərkən aşkar edilmişdir. Dağılmış qəbir abidələrindən arxeoloji materialların böyük bir qismi toplanmışdır.

1991 – ci ildə arxeoloji ekspedisiya I Bəyəhməd Nekropolunda iki dağılmış və iki salamat qəbir abidəsini tədqiq etmiş, tapıntıların bir qismi isə yerli əhalidən toplanaraq, tədqiq edildikdən sonra Culfa Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilmişdir.

Daş qutu qəbirlərdən xeyli bəzək əşyası, tunc xəncərlər, yabalar, zəncir, nizə ucluğu və sair materiallar aşkar olunmuşdur. Kəşfiyyat işləri nəticəsində qəbirlərin heç bir yerüstü əlamətə malik olmadığı qeyd edilmişdir.

Qazıntı sahəsinin 1 m dərinliyindən başlayaraq insan skeleti qalıqlarına, qəbirin qərb divarı yaxınlığında, şərqistiqamətində yönəldilmiş, təpəsi aşağı, üzü yuxarı olan iki kəllə sümüyünə təsadüf edilmiş, altından tunc xəncər tapılmışdır, üçüncü kəllə onlardan 20 sm aralıda dikinə qoyulmuşdur, dördüncü kəllə cənub divarı yaxınlığında aşkar olunmuş, altından tunc qın tapılmışdır.

Skeletlərin ətrafından bəzək şeyləri (bilərziklər, boyunbağılar, üzüklər, asmalar, muncuqlar və s.), qəbirdən isə boz rəngli gil məmulatı (küp, qədəh tipli qablar, kasa, nimçə, badya və s.) əldə olunmuşdur. Tapıntılardan I Bəyəhməd Nekropolunun e.ə. I minilliyin əvvəllərinə aid olması ehtimal edilir.[1]

II Bəyəhməd Culfa rayonunun Bəyəhməd kəndindən cənub – qərbdə, Dərəçayın sağ sahilində yerləşən erkən orta əsrlərə aid yaşayış yeri.

Abidə şimalda və şərqdə dağ silsiləsi, şimal – qərbdə və cənub – qərbdə dərin dərələrlə əhatə olunmuşdur. 1991 – ci ildə qeydə alınmışdır. Sahəsi 1300 m² – dir.

Abidənin cənub – qərb tərəfi tikinti qalıqları (binalar daşdan inşa edilmişdir) ilə örtülmüşdür. Bəzi binaların yerində dördkünc formalı çalalar saxlanılmışdır. Buradan ağ daşdan yonulmuş, ortasında diametri 10 sm olan deşik açılmış dəyirman daşının qırıqları, çəhrayı və boz rəngli gil məmulatı əldə olunmuşdur. Yaşayış yerinin şimal hissəsində müasir müsəlman qəbiristanı yerləşir. Qəbiristandan bir qədər aralı yol çəkilərək yaşayış yeri kəsilmiş, qalınlığı 0,5 – 1,5 m olan mədəni təbəqə dağılmışdır.

Ümumilikdə abidənin mədəni təbəqəsi tünd rəngdə olub, tikinti qalıqları, heyvan sümükləri və gil qab (çəhrayı və boz rəngli gil küpə, kasa, çıraq tipli qablar) qırılarından ibarətdir. Orta əsrlərdə yaşayış yeri şimal – şərqə doğru genişlənmiş, indiki Bəyəhməd kəndinin ərazisini də əhatə etmişdir. Abidənin III – IX əsrlərə aid olması ehtimal edilir.[1]

II Bəyəhməd nekropolu

[redaktə | mənbəni redaktə et]

II Bəyəhməd nekropolu Culfa rayonunun Bəyəhməd kəndindən şimalda ilk dəmir dövrünə aid arxeoloji abidədir.

Şimal və cənub – şərqdə dərin dərə ilə məhdudlaşan qəbiristanlıq hündür dağın yamacında yerləşir. Nekropol 1991 – ci ildə tədqiq edilmişdir. Qəbirlər heç bir yerüstü əlamətə malik deyil. Yol çəkilərkən dağıdılmış daş qutu tipli qəbirdən iki tunc bilərzik, tunc bıçaq və gil qab nümunələri aşkar olunmuşdur. Arxeoloji materialların təhlili abidənin e.ə. I minilliyin əvvəllərinə aid olduğunu göstərir.[1]

III Bəyəhməd

[redaktə | mənbəni redaktə et]

III Bəyəhməd Culfa rayonunun Bəyəhməd kəndindən şimal – şərqdə, hündür təpənin yamacında yerləşən yaşayış yeridir.

Eyni zamanda nekropol xarakterli olan abidə şimal – şərqdə hündür dağlarla, cənubda isə torpaq yolla məhdudlaşır. Sahəsi 1600 m² – dir. Abidədə 1991 – ci ildə kəşfiyyat xarakterli tədqiqatlar aparılmışdır. Qəbirlərin bir qismi torpağın aşınması nəticəsində dağılmış, əksəriyyətinin baş daşları düşmüş, sinə daşları isə çürümüşdür.

Qəbirlər qiblə istiqamətindədir. Qəbirüstü daşlar kobud hazırlanaraq, əsasən yastı olub, dördkünc formalıdır. Bəzi sinə daşlarının üzərində ucları haçalanmış xəttlər çəkilmiş, bəzilərində isə baş daşlarını keçirmək üçün dördkünc deşik açılmışdır. Nekropolun təqribən XIV – XVII əsrlərə aid olması güman edilir.[1]

  1. 1 2 3 4 5 6 Ə. İ. Novruzlu, V. B. Baxşəliyev – Culfa bölgəsinin arxeoloji abidələri, Bakı, 1999