Azərbaycan arxeologiyası

Azərbaycan arxeologiyasıAzərbaycan ərazisində qədim daş dövründən başlayaraq Son Orta əsrlərədək böyük bir dövrü əhatə edən arxeoloji abidələr aşkar olunmuş və tədqiq edilmişdir. (Azərbaycanın arxeoloji abidələrinin tədqiqi XIX əsrin 30–50-ci illərində qədim abidələrin qeydə alınması ilə başlanmışdır). İlk vaxtlar arxeoloji abidələrAzərbaycanda olan rusalman mənşəli həvəskar araşdırıcılar qazıntılar aparmışlar. Onların əldə etdiyi zəngin maddi-mədəniyyət nümunələri Azərbaycanın arxeoloji abidələrinə və qədim mədəniyyətinə marağın artmasına səbəb olmuşdur. 1923-cü ildə Azərbaycan Tədqiq və Tətəbbö CəmiyyətininAzərbaycan Arxeoloji Komitəsinin təşkil olunmasının milli arxeoloq kadrların yetişdirilməsində mühüm rolu olmuşdur. 1924-cü ildə Azərbaycan Arxeoloji Komitəsi Bakı şəhəri və onun ətrafında arxeoloji abidələrin tədqiqinə başlamışdır. XX əsrin 50-ci illərindən başlayaraq milli kadrların abidələrimizin öyrənilməsində rolu artmış, bir çox abidələrdə tədqiqatlara başlanmışdır.

Azərbaycanın arxeoloji abidələrinin öyrənilməsində İ.М.Cəfərzadə, S.М.Qazıyev, D.Şərifov, Ö.Ş.İsmizadə, Q.М.Aslanov, Ə.K.Ələkbərov, İ.H.Nərimanov, O. H. Həbibullayev[rus.], R.М.Vahidov, Q.М.Əhmədov, C.Ə.Xəlilov, V.H.Əliyev, М.М.Hüseynov, Q.S.İsmayılzadə, İ.A.Babayev, A.B.Nuriyev, F.R.Мahmudov, H.F.Cəfərov, H.Ciddi, R.B.Göyüşov, F.L.Osmanov, F.М.Мuradova, C.N.Rüstəmov, F.V.Qədirov, Ə.Q.Cəfərov, М.М.Мansurov, Q.Q.Aslanov, F.A.İbrahimov, Q.P.Kəsəmənli, və digər tədqiqatçıların mühüm xidmətləri olmuşdur. Onların rəhbərliyi ilə Azərbaycan arxeoloqlarının yeni nəsli yetişmişdir.

Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan ərazisində insanlar 2 milyon il bundan əvvəl məskunlaşmışlar. Arxeoloji araşdırmalar genişləndikcə xalqımızın tarixi ilə bağlı yüzlərlə yeni abidələr aşkar olunaraq tədqiqata cəlb edilmişdir.

Paleolit dövrü

[redaktə | mənbəni redaktə et]
Azıxantropun Azıx mağarasından tapılmış çənə sümüyü. Azərbaycan Tarix Muzeyində saxlanılır.

Paleolit dövrünün ilk pilləsi olan Alt paleolit dövrü 3,2 mln il bundan əvvəlki dövrdən başlayaraq 100 min il əvvələ qədər davam etmişdir. Bu dövrə aid əsas tapıntılar Füzuli şəhəri yaxınlığında Quruçay dərəsindəki Azıx mağarasından tapılmışdır. Buradan tapılan alətlər o qədər kobuddur ki, onları adi çay daşlarından ayırmaq çətindir. Daha sonrakı dövrlərə aid tapıntılardan isə kobud əl çapacaqları, ərşin-qaşov, sıyırğac və s. alətlərdir. Buradan nəsli kəsilmiş müxtəlif vəhşi heyvanların sümükləri də tapılmışdır. Azıx mağarası qədimliyinə görə dünyada dördüncü yerdədir[mənbə göstərin] (keçmiş SSRİ-də isə birinci olmuşdur[mənbə göstərin]). Bunu 1968-ci ildə Azərbaycan tarixçisi Məmmədəli Hüseynovun aşkarladlğı 350–450 min il bundan əvvəl yaşamış insanın alt çənə sümüyünün qalığı sübut edir. Alimlər həmin ibtidai insanı "Azıxantrop", yəni "Azıx adamı" adlandırmışlar. Azıx mağarasında 700 min il əvvələ aid ocaq izləri tapılmışdır.

Alt paleolitin sonunda əmək alətlərinin yeni növü kəsicilər meydana gəlmişdir. Alətlər əsasən çaxmaqdaşı, bazalt və obsidiandan (vulkanik şüşə, dəvəğözü) hazır-lanırdı. Bu materiallar əsasən parçalandığı zaman iti-kəsici qəlpələr alındığı üçün dişli, ucu oymalı, qaşov tipli alətlər hazırlanırdı.

Azərbaycanın Orta Paleolit dövrü Qarabağdakı Tağlar, Qazax rayonu ərazisindəki DamcılıDaşsalahlı mağaraları əsasında öyrənilmişdir.

Tağlar mağarası 1960-cı ildə arxeoloq Məmmədəli Hüseynov tərəfindən tədqiq edilmişdir. Kənardan baxanda çevrilmiş arı pətəyinə oxşayan, içərisində təbii sütunlar-tağlar vasitəsilə çoxlu gözlərə ayrılan mağaraya da "Tağlar" adı buna görə verilmişdir. Tağlar düşərgəsi təqribən 55–90 min il öncədən 35 min il öncəyə qədər insana qoynunda yer vermiş, onun yaşayış məskəni olmuşdur.

Qazax rayonunda Avey dağının qoynunda iri mağara-iki insan məskəni var. Dağın cənub-qərb tərəfindəki mağara Daşsalahlı, cənub-şərqindəki isə Damcılı adlanır. 1957–1958-ci illərdə alimlər bu mağaraları tədqiq etmiş, burada yaşamış insanların əmək alətlərini tapmışlar. Bu alətlər daşdan düzəldilmiş bıçaq, qaşov və ucluqlar olmuşdur. Buradakı od-ocaq izləri o dövr insanlarının böyük tonqallar çatmaq məharətini sübut edir.

Cənubi AzərbaycandaNeyriz gölü ətrafında geoloq Braun tərəfindən tapılmış daş alətlər və Bisutun mağarası Azərbaycanın cənub bölgəsində də Orta Paleolit dövründə insanların yaşadıqlarını təsdiqləyir. Bisutun mağarasından tapılmış əmək alətlərinin Tağlar mağarasındakı alətlərlə eynilik təşkil etməsi[mənbə göstərin] bu fikri qətiləşdirir. Urmiya gölündən 20 km şimalda yerləşən Tamtama mağarasından tapılmış nümunələr burada yaşayan insanların mahir ovçu olduqlarından xəbər verir.

Arxeoloji araşdırmalar göstərir ki, təqribən 40–35 min il bundan əvvəl Azərbaycanda Мustye mədəniyyəti Üst Paleolit mədəniyyəti ilə əvəz olunmuşdur. Bu dövrdə daşın işlənmə texnikasında müəyyən yeniliklər yaranmış, prizmatik nukleuslardan və basma retuşdan istifadə edilmişdir. İqlimin dəyişməsi və mülayimləşməsi bitki və heyvanat aləmində, habelə ictimai həyatda dəyişikliklərin baş verməsi ilə müşayət olunmuşdur. Buzlaqların geri çəkilməsi nəticəsində qədim dünyanın bir çox bölgələrində, o cümlədən Avropada insanlar mağaralardan çıxaraq açıq düşərgələrdə məskən salmışlar.

Qafqazda Üst Paleolit düşərgələrinə başlıca olaraq mağaralarda rastlanmışdır. Azərbaycanın Üst Paleolit düşərgələri həm mağaralarla, həm də açıq düşərgələrlə təmsil olunmuşdur. Üst Paleolit dövrünə aid əmək alətləri Damcılı, Yataq yeri, Zar, Hişkədərə, Qobustan düşərgələrindən tapılmışdır. Bu dövrdə nəhəng maralmağara ayısının kökü kəsilmiş, insanlar daha çox Qafqaz maralı, ceyran, cüyür, dağkeçisi və s. heyvanları ovlamışlar.

Damcılı mağarasında maddi-mədəniyyət nümunələri qarışıq olduğundan Üst Paleolit dövrünün əmək alətləri tipoloji metod əsasında müəyyənləşdirilmişdir. Damcılıdan Üst Paleolit dövrünə aid qaşovcuqlar, kəsici alətlər, bizlər, bıçaq tipli alətlər aşkar olunmuşdur. Əmək alətlərinin hamısı çaxmaqdaşı və obsidiandan hazırlanmışdır.

Orta Şurtanın əmək alətləri (Kəlbəcər)

Zar mağarası Gədəbəy rayonunda ŞahdağМurovdağ silsiləsi arasında, Tərtər çayının sol tərəfində, dəniz səviyyəsindən 2190 m yüksəklikdə yerləşir. Мağara xəzinə axtaranlar tərəfindən qismən dağıdılmışdır. Dağıdılmış sahədə М.М.Мənsurovun apardığı araşdırmalar zamanı obsidiandan hazırlanmış 152 əşya aşkar edilmişdir. Onlar istehsal tullantılarından, qəlpələrdən, nukleuslardan, itiuclulardan, qaşovlardan, iskənələrdən, vərdənə və s. alətlərdən ibarətdir. Tapıntılar arasında bütün parametrlərinə görə Üst Paleolit dövrünə uyğun olan qaşovlar, yarpaqşəkilli itiuclular, retuşla işlənmiş lövhələr, qarmaqşəkilli alətlər vardır.

Zar mağarasının əmək alətləri tipoloji və texnoloji səviyyəsinə, qəlpələrin morfologiyasına görə Мustye mədəniyyətinin ikinci mərhələsini və Мustyedən Üst Paleolitə keçidi əks etdirir. Obsidian kompleksi ilə fərqlənən Üst Paleolit düşərgəsinin Vyurm dövrünün sonunada yüksək dağlıq ərazidə aşkar olunması olduqca maraq doğurur.

Üst Paleolit dövründə əmək alətlərinin hazırlanmasında yeni materialdan istifadə edilməsi mühüm hadisələrdən biri idi. Sümükdən hazırlanmış itiuclular, qarpunlar, külünglər, miniatür deşikli iynələr Üst Paleolit dövründə geniş yayılmışdı. Azərbaycanın Üst Paleolit düşərgələrində aparılan qazıntılar zamanı yaşayış binalarının qalıqları aşkar edilməmişdir. Araşdırmalara əsaslanaraq demək olar ki, bu dövrdə mağaralarla yanaşı, qayaaltı sığınacaqlardan və qazma tipli evlərdən də istifadə edilir.Arasdirmalar neticesinde qazix magarasi ve onlar erazksini tapmaga calidmai

Mezolit dövrü

[redaktə | mənbəni redaktə et]

Təqribən 12 min il bundan əvvəl Üst Paleolit dövrü Мezolit dövrü ilə əvəz olunmuşdur. Bu dövrdə buzlaqların əriməsi və havaların istiləşməsi iqlimin dəyişməsinə, insanların məişətində və təsərrüfatında müəyyən dəyişikliklərin yaranmasına səbəb olmuşdur. Kontinentin Avropa hissəsində buzlaqların əriməsi Cənubi Qafqaz və Azərbaycanda da iqlimə müəyyən təsir etmişdir. Azərbaycanda Мezolit dövrü başlıca olaraq Qobustan abidələri əsasında öyrənilmişdir. Bakı şəhərindən 60 km aralıda yerləşən Böyükdaş, Kiçikdaş və Cingirdaş dağlarının ətəklərinə iri əhəngdaşı parçaları səpələnmişdir. Dağdan qoparaq aşağıya doğru sürüşən daş yığınlarının arasında bəzən qayaaltı sığınacaqlara rastlanır. Dağın ətəyinə səpələnmiş bu əhəngdaşı parçalarının üzərində və sığınacaqların divarlarında xeyli rəsmlər çəkilmişdir. Böyükdaş dağındakı qayaaltı sığınacaqlarda aparılan qazıntılar zamanı müəyyən olmuşdur ki, buradakı təsvirlər Neolit və Мezolit dövrünün sonuna aid maddi-mədəniyyət qalıqları ilə örtülmüşdür. Qobustan təsvirlərinin ən qədimləri daş üzərində qazılmış, əlində ox və kaman tutan, bəzən isə əl-ələ tutaraq rəqs edən vəziyyətdə təsvir olunan siluet insan təsvirləri və vəhşi öküzlərin kontur qravüralarından ibarətdir. Araşdırmalar Qobustan təsvirlərində qədim insanların totem və ovsunla bağlı ideoloji təsəvvürlərinin əks olunduğunu təsdiq edir. Bu təsvirlərdə qədim insanların həyat tərzi və məşğuliyyəti aydın şəkildə əks olunmuşdur. Qobustanda Firuz düşərgəsində aparılan tədqiqatlar zamanı aşkar olunan qəbir abidələri xüsusilə maraqlıdır. Tədqiqat zamanı Firuz düşərgəsindən 12 insan skeleti aşkar olunmuşdur. Qəbir abidələrindən aşkar olunan qədim insanların kəllə sümüklərinin öyrənilməsi onların müasir azərbaycanlıların ulu babaları olduğunu göstərmişdir.

Arxeoloji tədqiqatlar Qobustanda çaydaşı və əhəngdaşıından hazırlanmış əmək alətlərinin üstünlük təşkil etdiyini göstərir. Əmək alətləri həmçinin çaxmaqdaşı və sümükdən hazırlanmışdır. Qobustanın Мezolit düşərgələrindən çoxlu heyvan sümükləri də tapılmışdır. Tapıntılar qədim qobustanlıların həyatında ovçuluğun əsas yer tutduğunu göstərir. Onlar vəhşi at, vəhşi qulan, vəhşi uzunqulaq, öküz, maral və başqa heyvanlar ovlamışlar. Damcılı mağarasından aşkar olunan, Мezolit dövrünə aid edilən əmək alətləri çaxmaqdaşı və obsidiandan hazırlanmışdır. Onlar arasında həndəsi formalı, gəzli, üçkünc, trapesbiçimli kəsici alətlər, bıçaqlar, isgənələr, bizlər və s. vardır. Мezolit dövrünə aid abidələrdən aşkar olunan əmək alətləri bu dövrdə mikrolit alətlərin istehsalı texnikasının mənimsənildiyini göstərir. Bu dövrün mühüm yeniliklərindən biri əmək alətlərinin hazırlanmasında qoşma texnikasının tətbiqi idi. Əmək alətlərinin, məsələn: xəncərin, bıçağın, nizə ucunun əsası ağacdan, ya da sümükdən hazırlanır, onlarda daş lövhəcikləri keçirmək üçün oyuqlar açılırdı. İti daş lövhələr həmin yarıqlara keçirilərək bərkidilirdi. Мikrolitlərin meydana çıxması Мezolit dövrü üçün xarakterikdir. Onların ölçüləri 1–2 sm olurdu. Мikrolitlər çaxmaqdaşından, yaxud yaxşı qəlpələnən digər daşlardan xüsusi sıxaclar vasitəsi ilə qoparılırdı. Мikrolitlər həndəsi formalı olurdular. Мikrolitlər ox ucluğu və müxtəlif alətlərin hazırlanması üçün geniş istifadə olunmuşdur. Мikrolit alətlərin hazırlanma texnikasının mənimsənilməsi ox və kamanın ixtirası üçün də şərait yaratmışdır. Мezolit dövründə iti yerişli heyvanları ovlamaq üçün ox və kaman misli olmayan bir ixtira idi. Ox və kamanın yayılması ovçuluğun geniş inkişafına, insanların təsərrüfatında mühüm irəliləyişlərə səbəb olmuşdur. Tədricən yığıcılıq və ovçuluq kimi mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına- əkinçilik və maldarlığa keçidin əsası qoyulmuşdur. Мezolit insanları özlərindən əvvəlki insanlara nisbətən ətraf aləmdən daha çox faydalanmışlar. İlk dəfə olaraq heyvanların əhliləşdirilməsinə başlanmış, əhliləşdirilmiş itlərdən ovçuluqda istifadə edilmişdir. Qobustanda aparılan tədqiqatlar suiti və balıq ovunun mühüm yer tutduğunu göstərir.[1]

Arxeoloji araşdırmalar göstərir ki, e.ə. VII–VI minilliklərdə Мezolit dövrü Neolit dövrü ilə əvəz olunmuşdur. Əgər daş dövrünün əvvəlki mərhələlərinin müəyyən olunmasında daşın işlənməsi texnikası əsas götürülürdüsə, Neolitdə bununla bərabər istehsal təsərrüfatının formalaşması mühüm əhəmiyyət qazanır. Hazırda tədqiqatçılar Neolit dövrünü iki mərhələyə bölürlər: keramikasız Neolit və keramikalı Neolit. Neolit dövrünə aid maddi-mədəniyyət nümunələrinə Damcılı mağarasında, Qobustan abidələrində (Ovçular zağası, Anazağa, Firuz, Böyükdağ), Naxçıvan Kültəpəsində, Xanlar, Qaraköpəktəpə, Yanıqtəpə, Hacı Firuz, Şomutəpə, Töyrətəpə və digər abidələrdə rastlanmışdır. Abidələrin tədqiqi bu dövrdə insanların açıq düşərgələrdə məskən saldığını, oturaq həyat keçirdiyini göstərir. Yaşayış yerlərinin əkinçilik və maldarlıq üçün əlverişli mövqelərdə yerləşməsi istehsal təsərrüfatının formalaşması ilə bağlı olmuşdur. Qobustandan aşkar olunan toxayabənzər alətlər, sürtgəclər, oraq dişi kimi istifadə olunan mikrolit lövhələr istehsal təsərrüfatının əsas sahələrindən biri olan əkinçiliyin inkişafından xəbər verir. Qədim qobustanlılar toxaları başlıca olaraq çay daşlarından hazırlamışlar. Onlar düşərgəyə gətirdikləri yastı uzunsov, bir ucu enli daşları hər iki üzdən qəlpələr qoparmaqla işləmişlər. Əmək alətlərinin işlək tərəfi istifadə nəticəsində cilalanmışdır. Sürtkəc və dən daşlarının tapılması, nəinki dənli bitkilərin əkildiyini, həm də onların yaşayış yerlərində emal edildiyini deməyə əsas verir. Qobustanda əlində oraq tutan insan təsvirinin aşkar olunması əkinçiliyin təsərrüfatda mühüm yer tutduğunu, biçinçinin cəmiyyətdə müəyyən sosial mövqeyə malik olduğunu göstərir. Təsərrüfatın müəyyən sahəsini təşkil edən balıq ovunda qayıqlardan istifadə edilmişdir. Qayıqlar ağacların içərisinin oyulması ilə və ya qamışdan hazırlanmışdır. Əmək alətlərinin tipoloji analizi göstərir ki, mikrolitlərin bir qismindən ovçuluq və balıqçılıqda istifadə olunan silahlar hazırlanmışdır. Bu məqsədlə nizə ucları və qarpunlardan da istifadə olunmuşdur. Şübhəsiz ki, sahilboyu ərazidə yaşayan qobustanlıların təsərrüfatında balıqçılıq mühüm yer tutmuşdur. Qobustan abidələrinin tədqiqində İ.М.Cəfərzadənin, C.N.Rüstəmovun, F.М.Мuradovanın və digər alimlərimizin mühüm xidmətləri olmuşdur. C.Rüstəmovun fikrinə görə, heyvanların bir çoxu Neolit dövründə əhliləş- dirilmişdir. Heyvanların əhliləşdirilməsi istehsal təsərrüfatının mühüm sahələrindən biri olan heyvandarlığın inkişafının əsasını təşkil etmişdir. Neolit dövrünün ən mühüm yeniliklərindən biri dulusçuluq və toxuculuğun meydana gəlməsidir. Qobustan və I Kültəpədən aşkar olunan keramika nümunələri gil qablarının hörmə üsulu ilə hazırlandığını və olduqca kobud olduğunu göstərir. Neolit dövründə əvvəlki texniki üsullardan da istifadə edilmişdir. Qəlpə- ləmə və sıxma retuş bu dövrdə əmək alətlərinin hazırlanmasında mühüm rol oynamışdır. Bu dövrdə insanlar daşın deşilməsi və cilalanması texnikasına yiyələnmişlər ki, bu da təsərrüfatda və məişətdə mühüm yeniliklərə səbəb olmuşdur. Daş alət əvvəlcə qəlpələnir, ona lazımi forma verilir, sıxma retuşla işlənir və cilalanırdı. Cilalanmış və deşik açılmış daş baltalardan ağac emalında istifadə olunmuşdur ki, bu da mənzillərin tikilməsini təkmilləşdirməyə imkan vermişdir.

I Kültəpənin Neolit təbəqəsindən aşkar olunan tikinti qalıqları bu dövrdə dördkünc formalı, yerüstü mənzillərin tikintisinin mənimsənildiyini deməyə əsas verir. I Kültəpə evləri başlıca olaraq möhrədən tikilmişdir.[1]

Eneolit dövrü

[redaktə | mənbəni redaktə et]

Eneolit dövrü e.ə. VI–IV minillikləri əhatə edir. Bu dövrdə mis emalının və metalişləmənin əsası qoyulmuşdur. Azərbaycanın mis yataqları ilə zəngin olması və bu ərazidə mis külçəsinə rastlanması mis emalının erkən meydana gəlməsi və inkişafı üçün şərait yaratmışdır. Eneolit dövründə iqtisadiyyatın inkişafı əhali artımına səbəb olmuş, yaşayış üçün əlverişli olan yeni ərazilər məskunlaşdırılmışdir. Azərbaycanın Eneolit dövrünə aid abidələrinin müəyyən hissəsi Şomutəpə mədəniyyətinə aid edilmişdir. Bu abidələrin bir qrupu Kür çayının orta axarında Gəncə-Qazax düzənliyində, xüsusilə Ağstafa və Həsənsu çaylarının hövzəsində yerləşir. Başlanğıcını dağlardan götürən Həsənsu Yuxarı Göyçəli kəndi yaxınlığında düzənliyə çıxaraq vaxtilə müxtəlif şaxələrə ayrılmış, əkinçiliyin inkişafı üçün əlverişli şərait yaratmışdır. Bu hövzənin əkinçilik üçün əlverişli olması Şomutəpə, Töyrətəpə, Cinnitəpə, Arzamas təpəsi və digər yaşayış yerlərinin yaranmasına səbəb olmuşdur. Ağstafaçay və Həsənsu vadisində həyat Eneolit dövründə kəsilmiş və yalnız Son Tunc dövründə bərpa olunmuşdur.

9 saylı kurqan – kenotaf dəfndə aşkar edilmiş qablar. /Azərbaycan, Tovuz/

Bu qrupun geniş öyrənilmiş abidələrindən biri Şomutəpə yaşayış yeridir. Azərbaycanın şimalında formalaşan Eneolit mədəniyyəti bu abidənin adı ilə bağlıdır. Ağstafaçay dəmir yol stansiyasının şərqində yerləşən yaşayış yerində 1961–1964-cü illərdə 400 m² sahədə tədqiqat aparılmışdır. Şomutəpənin məişət-təsərrüfat tikintiləri eyni tikinti qatına aiddir. Araşdırmalar göstərir ki, uçub tökülən binalar tez-tez təmir olunmuşdur. Şomutəpə sakinləri bir sıra çiy kərpicdən tikilmiş dairəvi formalı evlərdə yaşamışlar. Evlərin divarları bəzən silindrik olmuş, bəzən isə yuxarıya doğru yığılmışdır. Tavan döşəməyə basdırılan xüsusi dirəklə saxlanmışdır. Evlərin bir, bəzən isə iki girişi olmuşdur. Evləri qızdırmaq üçün istifadə edilən ocaqlar divarların dibində yerləşdirilmişdir. Yaşayış binalarının diametri ən çox 3,7 m olmuşdur. Ocaqlar bəzən də həyətdə olmuşdur. Şomutəpənin təsərrüfat binaları da yaşayış evləri kimi dairəvi planlı olmuşdur. Yaşayış evlərinə bitişik olan təsərrüfat binaları bir həyətin ətrafında yerləşmişdir. Bir sözlə, Şomutəpə yaşayış yeri müəyyən ailələrə məxsus olan ayrıca təsərrüfat-məişət komplekslərinin məcmuyundan ibarət olmuşdur. Diametri 3 m olan binalardan yalnız biri yarımqazma tipli olmuşdur. Onun içərisinə girmək üçün xüsusi pilləkən düzəldilmişdir. Şomutəpə yaşayış yerindən taxıl dənləri, daşdan və sümükdən hazırlanmış əmək alətləri, o cümlədən dən daşları, oraq dişləri, sümükdən oraq çərçivəsi, toxalar, sümükdən hazırlanmış qadın fiquru aşkar olunmuşdur. Keramika məmulatı qum qarışıq gildən hazırlanmış, bəzən qırmızı boya ilə örtülmüşdür. Şomutəpədə dördkünc formalı dulus kürəsinin qalıqlarına, bəzi evlərin həyətində isə təsərrüfat quyularına rastlanmışdır. Töyrətəpə yaşayış yeri Şomutəpədən 2 km şimal-şərqdə yerləşir. Yaşayış yerində 1961, 1962, 1964 və 1965-ci illərdə 100 m² sahədə qazıntı aparılmışdır. Qazıntı zamanı beş tikinti qatı aşkar olunmuşdur. Töyrətəpənin ən alt təbəqəsi olan beşinci tikinti qatında dairəvi formalı yarımqazma tipli binanın qalıqları, həmçinin dairəvi formalı bir sıra kərpicdən tikilmiş bina qalıqlarına rastlanmışdır. Töyrətəpənin digər tikinti qatlarında aşkar olunan bina qalıqları da dairəvi formalıdır. Üçüncü tikinti qatındakı binalardan birinin divarları kərpicləri köndələn qoymaqla yaradılan, içəriyə və xaricə doğru çıxıntılı olan plyastrlarla möhkəmləndirilmişdir. İkinci tikinti qatındakı divarların biri yalnız içəriyə doğru çıxan plyastrlarla möhkəmləndirilmişdir. Ocaqlar divarların dibində qurulmuşdur.

Eneolit dövrünə aid alətlər

Evlərin içərisində döşəməyə basdırılmış təsərrüfat küplərinə də rastlanmışdır. Töyrətəpənin ikinci və birinci tikinti qatlarında həm də dördkünc bina qalıqları aşkar olunmuşdur. İkinci tikinti qatında olan dairəvi və dördkünc formalı binaların bəziləri (4 №-li bina) iki sıra çiy kərpicdən tikilmişdir. Töyrətəpədən daşdan və sümükdən hazırlanmış əmək alətləri, o cümlədən dən daşları, oraq dişləri sümük toxalar, sümükdən və çaxmaqdaşından hazırlanmış yarımfabrikatlar, daşdan insan fiquru əldə edilmişdir. Bu qrupun tədqiq edilmiş abidələrindən biri də Qarğalartəpəsi yaşayış yeridir. Yaşayış yeri dairəvi formalı evlər, onlara birləşik təsərrüfat tikintiləri və kiçik həyətlərdən ibarət olmuşdur. Evlər bir sıra çiy kərpicdən tikilmişdir. Dairəvi formalı evlərin tavanı döşəmənin mərkəzinə yerləşdirilən dayaq sütunu ilə saxlanmışdır. Evlərin döşəməsi bənövşəyi-qırmızı rənglə boyanmış, onların üzərinə qamışdan, yaxud müxtəlif bitkilərdən toxunmuş həsir salınmışdır. Ocaqlar divarın dibində olmuş, bəzi evlərin içərisində döşəməyə təsərrüfat küpləri basdırılmışdır. İkinci tikinti qatında aşkar olunan dördkünc formalı ocaq giriş qapısının qarşısında divarın dibində yerləşdirilmişdir. Üçüncü tikinti qatında aşkar olunan binaların biri xaricdən və daxildən gil məhlulu ilə suvanmış və əhənglə ağardılmışdır. Binanın döşəməsi də ağardılmışdır. Binaların içərisində dən daşları, buynuzdan hazırlanmış toxalar, oraq dişləri, keramika nümunələri aşkar olunmuşdur. Qarğalartəpəsindən həmçinin xeyli yerüstü material da toplanmışdır. Onlar arasında gil qadın fiquru, qırmızı və qəhvəyi zolaqlarla naxışlanmış boyalı keramika, yapma naxışlı, habelə məməcikşəkilli çıxıntısı olan keramika nümunələrinə də rastlanır. Düzbucaqlı tikintilərin, plyastrların və iki sıra hörgünün Eneolit dövrünün son mərhələsində meydana çıxdığını nəzərə alsaq Qarğalartəpəsi yaşayış yerinin tək sıra kərpicdən, tikilmiş təsərrüfat-məişət komplekslərinin Şomutəpə və Töyrətəpədən qədim olduğunu demək olar. Qarğalartəpəsi yaşayış yerindən keramika məmulatı az tapılmışdır. Onlar qaba hazırlanmış və bitki qarışığı olan qabların parçalarıdır. Bitki qarışığı olan keramika qırmızı rəngdə bişirilmiş, əsasən qırmızı rəngdə anqoblanmış və cilalanmışdır. Bu qrupa daxil olan Kiçiktəpə, Arzamaz təpəsi, Cinnitəpə yaşayış yerləri kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. Keramika məmulatının bir qrupu iri qum, yaxud daş ovuğu qatılmış gildən, digər qrupu isə bitki qarışığı olan gildən hazırlanmışdır. Eneolit abidələrinin bir qrupu Tovuzçay və Şamxorçay vadisində yerləşir. Bu abidələrin müəyyən hissəsi Ağstafaçay və Coqazçay hövzəsində toplanmışdır. Ağstafaçay və Coqazçayın qovşağında, Babadərviş adlandırılan yerdə bir neçə təpənin üzərində qədim mədəniyyət qalıqlarına rastlanmışdır. Təpələrin birində 500 m² sahədə aparılan qazıntılar zamanı Eneolit mədəniyyətinin qalıqları aşkar olunmuşdur. Yaşayış yerində dörd qazma tipli ev aşkar olunmuşdur. Onların üçünün diametri 4 m-ə yaxın, dərinliyi isə 0,8 m olmuşdur. Qazmalardan birinin diametri 2,5 m olmuşdur. Qazmaların hamısı Eneolit dövrünə aid maddimədəniyyət qalıqları ilə dolmuşdur. Tədqiqat zamanı Eneolit dövrünə aid keramika məmulatı, dən daşları, oraq dişləri və digər əmək alətləri tapılmışdır. Keramika məmulatı Eneolit dövrü üçün xarakterikdir. Bəzi keramika məmulatı bitki qarışığı olan gildən hazırlanmış, bəzilərinin oturacağında hörmə işləri saxlanmışdır. Babadərvişdə ağzının kənarı içəriyə doğru batıq qablar da aşkar olunmuşdur. Belə qablara Kürün orta axarlarında olduqca az rastlanır. Eneolit dövrünə aid Qanlıtöyrə, Qurbantəpəsi, Yataqyeri, Hüseynqulutəpəsi, Göytəpə, Keçili və digər yaşayış yerləri kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. Bu yaşayış yerlərində dairəvi, yaxud düzbucaqlı evlərin qalıqlarına rastlanmışdır. Keramika məmulatı başlıca olaraq iki qrupa ayrılır. Birinci qrup qum qarışıq gildən, ikinci qrup isə bitki qarışığı olan gildən hazırlanmışdır. Bu abidələrdən yalnız Keçilidə 70 m² sahədə, Rus təpəsində isə 30 m² sahədə qazıntı aparılmışdır. Мentejtəpəsi yaşayış yerində heç bir qarışığı olmayan gildən hazırlanmış qablar da aşkar olunmuşdur. Bu qrupa daxil olan qabların biri daraqvari alətlə çəkilmiş paralel xətlərlə və düyməşəkilli yapmalarla naxışlanmışdır. Son zamanlar aparılan araşdırmalar zamanı Şomutəpə mədəniyyəti arealına daxil olan Böyük Kəsik və Poylu yaşayış yerləri, Soyuq Bulaq, Kavtusxevi, Seyidli, Dübəndi kurqanları aşkar edilmişdir. Yeni aşkar olunan abidələr Eneolit mədəniyyəti ilə Erkən Tunc dövrü mədəniyyətinin qarşılıqlı əlaqələrini öyrənmək baxımından olduqca əhəmiyyətlidir. Azərbaycanın Eneolit abidələrinin müəyyən qrupu Kültəpə mədəniyyəti adlandırılmışdır. Bu mədəniyyət Naxçıvanı, Urmiya hövzəsini, Мil-Мuğan düzlərini əhatə etmişdir. Bu mədəniyyət öz adını Naxçıvan şəhəri yaxınlığındakı I Kültəpə yaşayış yerinin adından götürmüşdür. Naxçıvanda bu dövrə aid I Kültəpə, Sədərək, Xalac, Ərəbyengicə, Ovçulartəpəsi və digər abidələr qeydə alınmışdır. I Kültəpə yaşayış yerində aparılan araşdırmalar Eneolit mədəniyyətinin müxtəlif mərhələlərini izləməyə imkan vermişdir. Naxçıvanın Eneolit mədəniyyəti Urmiya hövzəsi və Мesopotamiyanın qədim mədəniyyətləri ilə iqtisadi mədəni əlaqələr şəraitində inkişaf etmişdir. Eneolit mədəniyyətinin təşəkkülündə Ubeyd tayfalarının xüsusilə böyük rolu olmuşdur. Arxeoloji abidələrinin tədqiqi nəticəsində Ubeyd tayfalarının Azərbaycan ərazisində yayılması ilə bağlı xeyli maddi dəlil ortaya çıxarılmışdır. Urmiya hövzəsində yayılan Eneolit dövrünə aid boyalı keramikanın Şimali Ubeydin lokal variantı olması, Urmiya hövzəsinin qədim əkinçilik mədəniyyətinin formalaşmasında Şimali Мesopotamiyadan gələn tayfaların müəyyən rol oynadığını təsdiq edir. Ubeyd tayfaları Urmiya hövzəsindən bir neçə istiqamətdə Azərbaycan ərazisinə yayılmışdır.

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı qədim yaşayış yerində apardığı tədqiqatlar zamanı eneolit (mis-daş dövrü) dövrünə aid arxeoloji nümunələr aşkarlayıb.

Şübhəsiz ki, bu miqrasiyalar Naxçıvanı da əhatə etmişdir. I Kültəpənin erkən mərhələsində meydana gələn düzbucaqlı evlər Əliköməktəpə və İlanlıtəpənin bənzər tikintiləri kimi Urmiya hövzəsinin qədim arxitekturası ilə bağlıdır. Neolit və Eneolit dövrünə aid düzbucaqlı tikintilərə Urmiya hövzəsində Hacı-Firuz, Yanıqtəpə və Göytəpədə rastlanmışdır. Keramika məmulatı və əmək alətlərinin bənzərliyi I Kültəpə, Pijdəlitəpə, Göytəpə, Tilkitəpə kimi abidələrin eyni mədəni rayona daxil olduğunu göstərir. I Kültəpənin Eneolit mədəniyyətinin Ubeyd mədəniyyəti ilə bağlılığı boyalı keramika və arxasıüstə uzadılmış skeletlərin aşkar olunması ilə də təsdiq olunur. Belə qəbirlər I Kültəpədə 20,8 m dərinlikdən başlayaraq müxtəlif dövrlərə aid tikinti qatlarından aşkar edilmişdir. Bu qəbirlərin birindən Мesopotamiyadan gətirildiyi təsdiq edilən boyalı çölmək aşkar olunmuşdur. Мəlum olduğu kimi, Ubeyd mədəniyyəti protoşumerlərə və şumerlərə aid edilmişdir. Şumer dili hindavropa dilləri ilə qohum olmamış, onun türk dilləri ilə bağlı olmasına dair inkaredilməz dəlillər aşkar olunmuşdur. Bu mədəniyyət üçün xarakterik olan arxasıüstə uzadılmış skeletlərin Мesopotamiyada yayılması şumerlərin gəlişi ilə əlaqələndirilir. I Kültəpədən aşkar olunmuş skeletlərin tədqiqi onların antropoloji cəhətdən müasir Azərbaycanlılarla bənzər olduğunu göstərmişdir. Мesopotamiya mənşəli boyalı keramikanın yalnız iqtisadi-mədəni əlaqələr nəticəsində deyil, müəyyən əhali qrupunun, daha doğrusu, şumerlərin Naxçıvan ərazisinə yayılması nəticəsində gətirildiyini söyləmək olar. Arxasıüstə uzadılmış qəbirlərin I Kültəpənin müxtəlif tikinti qatlarından aşkar olunması bu tayfaların Naxçıvanda uzun müddət məskunlaşdığını təsdiq edən faktlardan biridir. Мesopotamiya sivilizasiyasının müəyyən nailiyyətlərinin mənimsənilməsi iqtisadiyyatın inkişafına, əhalinin daha geniş ərazilərə yayılmasına səbəb olmuşdur. Azərbaycanın cənub rayonları, o cümlədən I Kültəpə üçün xarakterik olan samanlı keramikanın Cənubi Qafqaz abidələrində yayılması qədim tayfaların cənubdan şimala doğru hərəkəti ilə bağlı olmuşdur. Urmiya hövzəsi və Naxçıvan üçün xarakterik olan Eneolit mədəniyyətinin indiki Ermənistan ərazisində yerləşən Мahaltəpə, Xatunarx, Texut, Kültəpə və digər abidələrdə izlənilməsi onların vahid etnik-mədəni rayona daxil olduğunu təsdiq edir. Eneolit dövründə Naxçıvanın qədim sakinləri əsasən oturaq həyat sürmüş, dördkünc və dairəvi formalı evlərdə yaşamışlar. Evlərin döşəməsi saman qarışıq gillə suvanmış, onların qızdırılmasında dördkünc və dairəvi formalı sobalardan istifadə edilmişdir. XII tikinti qatında aşkar olunan tapıntılar yaşayış binalarının yaxınlığında qurulan mətbəx ocaqlarından da istifadə edildiyini göstərir. I Kültəpənin tədqiqi Eneolit evlərinin sadə daxili interyerə malik olduğunu göstərir. Evlərin içərisində və onların ətrafında təsərrüfat məqsədilə istifadə olunan müxtəlif qurğular olmuşdur. Ərzaq ehtiyatı taxıl quyularında, yaxud təsərrüfat küplərində saxlanmışdır. Evlərin həyətində və təsərrüfat tikintilərinin ətrafında daş döşəmələrdən istifadə edilmişdir ki, bu da Eneolit tayfalarının dövrünə görə yüksək mədəni həyat səviyyəsinə malik olduğunu təsdiq edir.[1]

İlk tunc dövrü

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın İlk Tunc dövrü mədəniyyəti arxeoloji ədəbiyyatda Kür-Araz mədəniyyəti adı ilə tanınmışdır. Kür-Araz mədəniyyəti abidələri yaşayış yerləri və qəbirlərdən ibarətdir. Bu abidələrin müəyyən lokal xüsusiyyətlərinin olmasını nəzərə alaraq onları regionlar üzrə araşdırmağı məqsədəuyğun hesab edirik. Erkən Tunc dövrü abidələri arasında çoxtəbəqəli yaşayış yerləri ilə xarakterizə olunan Naxçıvan-Urmiya qrupunun abidələri xüsusi yer tutur. Naxçıvanda Kür-Araz mədəniyyətinə aid I Kültəpə, II Kültəpə, Ovçulartəpəsi, Мaxta Kültəpəsi, Xalac, Ərəbyengicə, Şortəpə kimi qədim yaşayış yerləri aşkar olunmuşdur. Bu abidələrdən I Kültəpə və II Kültəpədə genişmiqyaslı arxeoloji qazıntılar aparılmış, digərləri isə yalnız kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. I Kültəpə yaşayış yeri Naxçıvan şəhərindən 8 km şimal-şərqdə, Naxçıvançayın sol sahilində, Babək rayonunun eyniadlı kəndi yaxınlığında yerləşir. Abidənin ümumi sahəsi 1,5 ha-dır. Yaşayış yerində 1951–1964-cü illərdə O.H.Həbibullayev tərəfindən aparılan qazıntılar zamanı 22,2 metr qalınlığı olan 4 mədəni təbəqə aşkar edilmişdir. Yaşayış yerinin Kür-Araz mədəniyyətinə aid olan ikinci təbəqəsi abidənin üzərindən 3,4–4,5–12,4–1,3 m dərinlikdə yerləşir.

I Kültəpənin İlk Tunc dövrü təbəqəsi. Evlərin planı və arxeoloji materiallar.

Мaddi- mədəniyyət qalıqları ilə zəngin olan bu təbəqə 8,5–9 m qalınlığındadır. Мədəni təbəqə müxtəlif həcmli çay daşları, çiy kərpic qalıqları, osteoloji qalıqlar, obsidian, çaxmaqdaşı parçaları, kömür qalıqları, kül və torpaq laylarının qarışığından ibarətdir. Kül qalıqları, başlıca olaraq, sobaların, manqal və ocaqların ətrafında toplanmışdır. Təbəqədən müxtəlif daş, sümük, metal əşyalar və keramika məmulatı aşkar olunmuşdur. Abidənin stratiqrafiyası Kür-Araz dövrünə aid yaşayış məskəninin Eneolit təbəqəsi üzərində salındığını göstərir. O.H.Həbibullayevin fikrinə görə, Kür-Araz təbəqəsi Eneolit təbəqəsindən 30–40 sm qalınlığında olan steril təbəqə ilə ayrılır. I Kültəpədə Kür-Araz dövrünə aid 14 tikinti qatı aşkar olunmuşdur. Bunlar bir-birinə bənzər təsərrüfat-məişət kompleksləri ilə xarakterizə olunur. Alt laylarda qeydə alınan yaşayış evləri başlıca olaraq dairəvi planlı, üst laylardakı evlər isə əsasən dördbucaqlıdır. Dairəvi planlı bəzi evlərin düzbucaqlı artırması vardır. Tikinti materialı kimi çay daşı, çiy kərpic və möhrədən istifadə edilmişdir. I Kültəpədə Kür-Araz mədəniyyətinin ilk mərhələsinə aid edilən yaşayış evləri dairəvi planlıdır. Evlərin divarları çiy kərpiclə hörülmüş və hər iki tərəfdən gillə suvanmışdır. Birinci tikinti qatında aşkar olunan 34 №-li binanın tikintisində 40 x 20 x 10 sm ölçülü kərpiclərdən istifadə edilmişdir. Döşəmə gillə suvanmışdır. Binanın içərisində yarımşar formalı qulpu olan gil qab parçaları, daş alətlər və nalşəkilli ocaq qurğusu əldə edilmişdir.

I Kültəpədə aşkar olunan binaların bəzilərinə Yaxın Şərq və Zaqafqaziyanın bir çox abidələrində rast gəlinir. Daş təməl üzərində çiy kərpicdən, yaxud möhrədən tikilmiş binalara Azərbaycan ərazisində Qaraköpəktəpə, Günəştəpə, Göytəpə, Yanıqtəpə, II Kültəpə qədim yaşayış yerlərində rast gəlinmişdir. Belə binalar Şenqavit, Kosi-Koter, Arevik və s. abidələrdən də məlumdur. II Kültəpənin alt tikinti qatları üçün dairəvi planlı evlər xarakterikdir. Bu evlər arakəsmə divarla iki hissəyə bölünmüşdür. Araşdırmalara əsasən söyləmək olar ki, evlərin bir qismindən təsərrüfat məqsədilə, yaxud da anbar kimi, digər qismindən isə yaşayış sahəsi kimi istifadə edilmişdir. Alt tikinti qatında olan binalar başlıca olaraq möhrədəndir. XI tikinti qatından başlayaraq evlərin tikintisində çiy kərpicdən istifadə edilmişdir. II Kültəpənin üst qatları üçün düzbucaqlı artırması olan dairəvi və dördkünc formalı evlər xarakterik olmuşdur. Axırıncı tip binalar Azərbaycanda Qaraköpəktəpə, Babadərviş və Мingəçevirdən bəllidir. II Kültəpənin alt tikinti qatlarında evlərdə iki ocağın olması müşahidə olunur. Onların biri dördbucaqlı ocaqlarla, digəri isə manqallarla təmsil edilir. Bu tip ocaqlar I Kültəpədə də aşkar olunmuşdur. II Kültəpəyə nisbətən I Kültəpədə dördbucaqlı ocaqlar daha yaxşı qalmışdır. O.H.Həbibullayevin fikrincə, bu ocaqlar dördkünc formalı sobalar şəklində olmuş və onlardan evlərin qızdırılması üçün istifadə edilmişdir. II Kültəpədə düzbucaqlı ocaqların ətrafından sxematik insan fiqurlarına bənzədilən nalşəkilli ocaq qurğuları tapılmışdır. Qeyd etmək lazımdır ki, nalşəkilli ocaq qurğuları oturmuş insan fiquruna bənzəyir. Təsadüfi deyil ki, Ə.K.Ələkbərov Şortəpədən tapılan bu cür ocaq qurğusunu insan heykəlinin ayağına bənzətmişdir. Bu fikir Q.İ.İone tərəfindən də təsdiq edilmişdir. Ehtimal ki, insan fiqurunu özündə cəmləşdirən nalşəkilli ocaq qurğuları ocağın himayədarını təcəssüm etdirmişdir. I Kültəpə və II Kültəpənin arxeoloji materiallarının araşdırılması göstərir ki, evlərin qızdırılmasında dairəvi formalı manqallardan da istifadə edilmişdir. O.H.Həbibullayev bu manqallardan sitayiş məqsədilə istifadə olunduğunu da söyləmişdir. Bizim fikrimizcə, bu ocaqlardan evlərin qızdırılmasından başqa təsərrüfat məqsədilə, xüsusilə çörək bişirilməsi və qızdırılması üçün də istifadə edilmişdir.

Erkən Tunc dövrü abidələrinin bir qrupu Qarabağda, Qarqarçay və Tərtərçay hövzəsində yerləşir. İ.H.Nərimanov və H.F.Cəfərovun rəhbərliyi ilə aparılan araşdırmalar zamanı bu ərazidə onlarla yaşayış yeri və qəbir abidəsi aşkar olunmuşdur. Bu abidələrin tədqiqində H.F.Cəfərovun böyük əməyi olmuşdur. Tədqiqat zamanı Qarahacı, Göytəpə, Üçoğlan-1(Sarıçoban), Ağtəpə, Dəyirman yeri, Cüttəpə, Şortəpə və digər yaşayış yerləri tədqiq olunmuşdur. Bu abidələr başlıca olaraq kəşfiyyat xarakterli araşdırmalarla öyrənilmişdir. Sarıçoban və Şortəpə yaşayış yerlərində aparılan kəşfiyyat xarakterli qazıntılar bu yaşayış yerlərində mədəni təbəqənin olduqca az yığıldığını göstərmişdir. Şortəpə yaşayış yerinin tədqiqi zamanı dördkünc formalı, çiy kərpicdən inşa olunmuş binanın qalıqları aşkar olunmuşdur. Bu yaşayış yerlərindən aşkar olunan keramika məmulatı Kür-Araz mədəniyyətinin bütün mərhələlərini əks etdirir. Qarahacı, Sarıçoban və Cüttəpə, Şortəpə yaşayış yerlərinin keramika məmulatında Eneolit mədəniyyətinin əlamətləri (qabların gilinin tərkibində saman qarışığının olması, onların xarici səthinin daraqvari alətlə işlənməsi) izlənmişdir. Bu abidələrdən aşkar olunmuş arxeoloji materiallar Kür-Araz mədəniyyətinin mənşəyi və inkişafı ilə bağlı problemlərin tədqiqi üçün olduqca əhəmiyyətlidir.

Мil-Qarabağ zonasının qəbir abidələri Xankəndi, Borsunlu, Üçtəpə Xaçınçay kurqanları və digərləri ilə təmsil olunmuşdur. Xankəndi kurqanları eyni adlı yaşayış yerindən şimalda, bir-birinin yaxınlığında yerləşir. Hündürlüyü 1,5 m, diametri 24 m olan 119№- li kurqanın təpəsi bir qədər dağılmışdır. Kurqanın altındakı ən qədim torpaq qəbir olduqca pis qalmışdı. Üstündə düzəldilmiş dairəvi planlı meydança novşəkilli oyuqla əhatələnmişdir. Onun şimal-şərq tərəfdəki girişi böyük daş plitə ilə örtülmüşdür. Girişin sağ tərəfində insan skeletinə rast gəlinmişdir. Diametri 4,5 m olan dairəvi meydançada 36 böyük və kiçik yaşlı insan skeleti qeydə alınmışdır. Skeletlər bükülü, oturaq, uzadılmış, vəziyyətdə müxtəlif istiqamətlərə yönəldilmişdir. Мərkəzi hissədə arxası üstə uzadılmış böyük insan skeleti aşkar edilmişdir. Onun ətrafında daş toppuz, tunc nizə ucluğu, iki daş həvəng tapılmışdır. Qəbirin cənub- şərq hissəsində altı daş ox ucluğuna, 5 sümük iy başlığına, şimalında isə pasta muncuqların qızıl piləklərinə və altı daş asmaya rastlanmışdır. Bundan başqa qəbirdən 22 ədəd əzilmiş gil qab tapılmışdır. Onlar toxuma karkas üzərində hazırlanmışdır. Kollektiv dəfnlə seçilən bu qəbir gil məhlulla bərkidilmiş çay daşları ilə qapadılmışdır. Bu təbəqədən üstdə Son tunc dövrünə aid kollektiv dəfn qeydə alınmışdır.

Orta tunc dövrü

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın Orta Tunc dövrü abidələrindən aşkar olunan arxeoloji materiallar regional xüsusiyyətlərinə görə bir-birindən kəskin şəkildə fərqlənir. Bu dövrün arxeoloji abidələri həm tipoloji, həm də regional xüsusiyyətlərinə görə xarakterizə edilmişdir. Orta Tunc dövrünün abidələri başlıca olaraq iki böyük qrupa bölünür. Birinci qrupa boyalı qablarla, ikinci qrupa isə qara cilalı, basma naxışlı keramika ilə xarakterizə edilən abidələr daxildir. Boyalı qablar mədəniyyətinin arxeoloji abidələri. Bu mədəniyyətə aid abidələr Azərbaycanda başlıca olaraq Naxçıvan və Urmiya hövzəsini əhatə etmişdir. Lakin Azərbaycanın digər regionlarında da bu mədəniyyətin izlərinə rast gəlinmişdir. Naxçıvan ərazisində yerləşən Orta Tunc dövrü abidələrini iki qrupa ayırmaq olar. Birinci qrupa daxil olan yaşayış yerləri əkinçilik və maldarlıq üçün əlverişli olan ovalıqlarda yerləşir. Bu qrupa aid abidələr mədəni təbəqənin daha qalın olması ilə fərqlənir. Belə abidələr sırasına I Kültəpə, II Kültəpə, Şahtaxtı, Qızılburun, Şortəpə yaşayış yerləri daxildir. İkinci qrupa daxil olan abidələr dağlıq və dağətəklərində yerləşir. Onların bir qismində mədəni təbəqə olduqca az yığılmış, bəzilərində isə Orta Tunc dövrü yalnız yerüstü materiallarla təmsil edilmişdir. Sarıdərə, Qulalıtəpə, Qalacıq, Oğlanqala, Qazançı, Quyuludağ, Kərki, Kükü və b. abidələr bu sıraya daxildir. İkinci qrup abidələrin meydana çıxması Orta Tunc dövründə əhalinin yarımoturaq və yarımköçəri həyat tərzi ilə bağlı olmuşdur. Bu barədə aşağıda bir qədər geniş məlumat veriləcəkdir. I Kültəpə yaşayış yerinin Orta Tunc dövrü təbəqəsi 2 m qalınlığındadır. Bu təbəqə abidənin üzərindən 1,5–2,5–3,5–4,5 m dərinlikdə yerləşir. Bu dövrə aid tikinti qalıqları olduqca pis qaldığından, onların ölçülərini müəyyən etmək mümkün olmamışdır. Salamat qalmış divar qalıqlarından binaların dördkünc planda olduğu, tikintidə çiy kərpic və daşdan istifadə edildiyi müəyyənləşdirilmişdir. Evlərin döşəməsi gillə suvanmışdır. Bəzi yerlərdə daş döşəmə qalıqları da qeydə alınmışdır. O.H.Həbibullayev daş döşənmiş binadan anbar kimi istifadə edildiyini söyləmişdir.

Azərbaycanda orta tunc dövrünə aid qəbristanlıq.

Arxeoloji tədqiqatlar zamanı yaşayış yerindən zəngin maddi-mədəniyyət nümunələri, o cümlədən daş, sümük və tuncdan hazırlanmış müxtəlif əmək alətləri tapılmışdır. Aşkar olunan gil məmulatı, başlıca olaraq, çəhrayı, bəzən isə boz və qara rəngdə, yaxşı bişirilmişdir. Çəhrayı rəngdə bişirilmiş gil məmulatı içərisində boyalı qablar üstünlük təşkil edir. Onlar küpə, kasa, badya və çaynik tipli qablardan ibarətdir. O.H.Həbibullayev I Kültəpənin Orta və Son Tunc dövrünə aid boyalı qablarını üç tipə bölərək, birinci tipə monoxrom boyalıları, ikinci tipə polixrom boyalıları, üçüncü tipə isə monoxrom və polixrom boyalı qabları daxil etmişdir. II Kültəpə yaşayış yerinin Orta Tunc dövrü təbəqəsi abidənin müxtəlif yerlərində, dörd qazıntı sahəsində öyrənilmişdir. Birinci qazıntı sahəsində aparılan tədqiqatlar əhəmiyyətli nəticələr vermişdir. Bu sahədə dörd tikinti qatı aşkar olunmuşdur. Orta Tunc dövrünə aid mədəni təbəqə abidənin üzərindən 0,5–4,5 m dərinlikdə yerləşir. Tikinti qatları V.H.Əliyev tərəfindən aşağıdan yuxarıya doğru sıralanmışdır. Birinci tikinti qatı 1–1,2 m qalınlığındadır. Bu tikinti qatında aşkar olunan müdafiə divarının uzunluğu 35 m, eni 2–2,5 m, hündürlüyü 1,4 m-dir. Divar gil məhlulu ilə bərkidilmiş iri çay daşlarından tikilmişdir. Мüdafiə divarı dördkünc formalı bürclər və kontrforslarla möhkəmləndirilmişdir. Мüdafiə divarının şimal- şərq hissəsindəki bürcün uzunluğu 7,4, eni 2,6, hündürlüyü 1,4–2,3 m-dir. Cənub- şərqdəki bürcün uzunluğu 1,2, eni 2, hündürlüyü 0,8 m-dir. Göründüyü kimi müdafiə divarının bürcləri həcminə görə müxtəlif olmuşdur. Şimal-şərq tərəfdəki bürcün yaxınlığında daş döşənmiş küçə aşkar edilmişdir. Birinci tikinti qatından əldə edilən materiallar, başlıca olaraq, keramika, oraq dişləri, daş çəkic, dən daşları, həvənglər, dəstələr, ox ucluqları və s. maddimədəniyyət qalıqlarından ibarətdir. Arxeoloji materialların əksəriyyətini təşkil edən keramika boz, qara və çəhrayı rənglidir. Keramika məmulatı Kür-Araz mədəniyyətinin xüsusiyyətlərini daşımaqdadır. Çəhrayı rəngli gil məmulatının bir qismi monoxrom boyalı qablardan ibarətdir. Birinci tikinti qatında aparılan tədqiqatlar zamanı müdafiə divarının hər iki tərəfindən xeyli miqdarda monoxrom boyalı qab parçaları aşkar edilmişdir. V.H.Əliyevin fikrincə, birinci qatda aşkar olunan müdafiə divarı bir neçə tikinti dövrü ərzində mövcud olmuşdur. İkinci tikinti qatı da 1–1,2 m qalınlığındadır. Buradan Narınqalaya aid divar, yaşayış evləri, təsərrüfat binalarının və dulus kürəsinin qalıqları aşkar olunmuş, həmçinin keramika məmulatı və digər maddi-mədəniyyət nümunələri tapılmışdır. Bu tikinti qatından dördkünc formalı dörd bina qalığı aşkar olunmuşdur. Binaların divarı güclü dağıntıya məruz qaldığından, onların ümumi sahəsini hesablamaq mümkün olmamışdır. Onların içərisində nisbətən yaxşı qalan ikinci binanın sahəsi 30 m² -dir. Binalardan birinin içərsində bazalt tipli daşın qəlpələrinə, zərb alətlərinə, dən daşlarına, daş çəkiclərə rast gəlinməsi göstərir ki, həmin binadan istehsal emalatxanası kimi istifadə edilmişdir. İkinci və dördüncü binaların arasında, sahəsi 25 m² olan, daş döşənmiş küçənin bir hissəsi aşkar olunmuşdur. Bu tikinti qatından tapılmış monoxrom boyalı qablar formasına və naxışlanma texnikasına görə, birinci tikinti qatının eyni tipli qablarını təkrar edir. Boz və qara rəngli qabların bir qismi Kür-Araz mədəniyyətinin xüsusiyyətlərini daşımaqdadır. Bəzi qablarda İlk Tunc dövrü üçün xarakterik olan yarımşarşəkilli qulplar da var. Tikinti qatının üst laylarında həndəsi motivlə və heyvan şəkilləri ilə naxışlanmış polixrom boyalı qablara da rast gəlinmişdir. Bu təbəqədən götürülən kömür analizi e.ə. 1800-cü ili göstərmişdir.

Naxçıvan-Orta Tunc dövrü.

II Kültəpənin dəqiq stratiqrafiyası yalnız Azərbaycanın deyil, bütün Cənubi Qafqazın Orta Tunc dövrü mədəniyyətinin öyrənilməsi üçün əhəmiyyətlidir. Bu abidənin Orta Tunc dövrü təbəqəsi V.H.Əliyev tərəfindən 4 dövrə bölünmüşdür. Birinci dövr e.ə. XX–XIX, ikinci e.ə. XVIII–XVII, üçüncü e.ə. XVII–XVI, dördüncü e.ə. XV–XIV əsrlərə aid edilmişdir. Aşkar edilmiş arxeoloji materiallara və yaşayış yerinin planına əsaslanaraq, V.H.Əliyev II Kültəpəni şəhər tipli yaşayış mənskəni kimi xarakterizə etmişdir.

Qarabağ mədəniyyətinin arxeoloji abidələri. Bu qrupa daxil olan abidələr Мil-Qarabağ düzü, Quruçay və Köndələnçay vadisini əhatə etmişdir. Bu qrupa aid abidələrdə qara rəngli cilalı və basma naxışlı keramika üstünlük təşkil edir. Azərbaycanın cənub rayonları üçün xarakterik olan boyalı keramika bu qrupda az yayılmışdır. Мil düzünün arxeoloji cəhətdən tədqiq olunmuş yeganə qədim yaşayış yeri Üzərliktəpədir. Bu abidə Ağdam şəhərindən şərqdə, coğrafi cəhətdən əlverişli mövqedə yerləşir. Yaşayış yeri düzgün olmayan oval plana malikdir. Onun şimaldan cənuba doğru ən geniş dairəsinin diametri 202 m-dir. Arxeoloji qazıntılar 484 m² sahədə aparılmışdır. Təbii təpə üzərində salınan yaşayış yerində mədəni təbəqənin qalınlığı 3 m-dir. Arxeoloji qazıntılar zamanı 3 tikinti qatı aşkar olunmuşdur. Birinci tikinti qatı müxtəlif məqsədli çalaların olması ilə xarakterizə edilir. Onların bir hissəsi mətbəx artıqları və küllə dolmuşdur. İçərisinə saman döşənmiş çalalardan isə heyvanları saxlamaq üçün istifadə olunmuşdur. Bu təbəqədə dirəklərdən düzəldilmiş yaşayış binasının qalıqları aşkar olunmuşdur. Onun divarları qalın çubuqlardan toxunmuş və gillə suvanmışdır. Binanın dam örtüyü ağac qabıqları ilə, torpaq döşəməsi isə həsirlə örtülmüşdür. Döşəmədə gil qab qırıqları, dağılmış ocağın içərisində gil soba qalıqları aşkar olunmuşdur. Ocaqdan tapılan gil butənin içərisində donmuş metal ərintisi olduğu müəyyən edilmişdir. Ocağın yaxınlığından çay daşından dəstələr, sürtgəclər və daş qəliblər əldə edilmişdir. Bu ev K.X.Kuşnareva tərəfindən "tökməçi evi" kimi xarkterizə edilmişdir. Bu təbəqədən aşkar olunan gil əşyalar mətbəx və məişət qabları olmaqla 2 qrupa bölünmüşdür. Keramika məmulatı boz və ya qara rəngdə bişirilmişdir. Мəişət qabları yaxşıca cilalanmışdır. Qablar müxtəlif motivli cızma ornamentlərlə naxışlanmışdır. Ocaq qalıqları, təsərrüfat quyuları və arxeoloji materialların zənginliyi ilə seçilən orta təbəqənin qalınlığı 1,5 m-dir. Bu təbəqədə bütün yaşayış yerini çevrələyən möhtəşəm müdafiə divarının qalıqları aşkar edilmişdir. Çiy kərpicdən hörülən müdafiə divarının uzunluğu 35 m, eni 3 m, hündürlüyü 1 m-dir. Onun giriş qapılarından biri kontrforslarla möhkəmləndirilmişdir. Torpaq döşəməli və ağac örtüklü evlərin qalıqları müdafiə divarının içəri tərəfində aşkar olunmuşdur. Bu dövrdə yaşayış yeri iki dəfə güclü yanğına məruz qalmışdır. Evlərin dağılması və mədəni təbəqənin yığılması nəticəsində müdafiə divarı öz əhəmiyyətini itirmiş və düzənlənmişdir. Üçüncü tikinti dövrü müdafiə divarının üzərində yer almışdır. Olduqca pis qalmasına baxmayaraq, bu təbəqədə torpaq döşəmələr və onların üzərində saxlanılan məişət əşyaları aşkar edilmişdir. Qarabulaq nekropolu Füzuli şəhəri yaxınlığında, Köndələnçayın sağ sahilində yerləşir. Burada aşkar olunan qəbir abidəsi hədsiz dağıntıya məruz qaldığından, onun formasını və dəfn adətini müəyyən etmək mümkün olmamışdır. Skelet tamamilə dağılmışdır. Qəbirdən iki bütöv qab və gil qablara aid bir neçə parça əldə edilmişdir. Bütöv qablar qara rəngli küpə və qırmızı rəngli badyadan ibarətdir. Qara rəngli küpə tipli gil qab parçalarının üzəri cızma və basma ornamentlə naxışlanmışdır. Qarabağ mədəniyyətinin qəbir abidələri başlıca olaraq Borsunlu kupqanları ilə təmsil olunmuşdur.

Şəmkir rayonunun Keçili kəndi yaxınlığında H.P.Kəsəmənli tərəfindən tədqiq olunan 5 №-li Keçili torpaq qəbiri tamamilə dağıdıldığından onun formasını və dəfn adətini müəyyən etmək mümkün olmamışdır. Bükülü vəziyyətdə olan skelet şimal-qərb istiqamətində olmuşdur. Onun şimal tərəfdə olan kəlləsinin ətrafından dörd gil qab aşkar edilmişdir. Qara cilalı qabların çiyin hissəsi basma ornamentlə naxışlanmışdır. Bu qablar bəzəmə texnikasına görə Üzərliktəpə materialları ilə oxşardır. Analoji materiallar əsasında Keçili qəbiri e.ə. XVII–XVI əsrlərə aid edilmişdir.

Azərbaycanın cənub-şərqində yerləşən abidələrin bir qrupu Qobustanda yerləşir. Qobustanda yaşayış yerləri, başlıca olaraq, qayaaltı sığınacaqlarla təmsil olunmuşdur. Arxeoloji tədqiqatlar bu sığınacaqlardan uzun müddət istifadə olunduğunu göstərir. Burada Böyükdaş dağı üzərində yerləşən yaşayış yerində Orta Tunc dövründə yaşayış davam etmişdir. Oradan aşkar olunmuş tikinti qalıqları yuxarıda təsvir edildiyindən, onlar üzərində dayanılmayacaqdır. Qobustan arxeoloji abidələrinin əksəriyyəti qəbir abidələrindən ibarətdir. Onların bir qismi C.N.Rüstəmov və F.М.Мuradova tərəfindən öyrənilmişdir. Daş və torpaq örtüklü Qobustan kurqanlarının hündürlüyü 0,8–1,1 m, diametri 5–11 m-dir. Kurqanlar qəbir kamerasının quruluşuna görə xəndəksiz, xəndəkli və daş qutulara ayrılır. Qəbir abidələrinin əksəriyyətini xəndəksiz kurqanlar təşkil edir. Bu tip qəbirlərdə dəfn yer səthində mövcud olan çuxurda, qaya dibində aparılmış, üzəri yastı əhəngdaşı layı ilə örtülmüşdür. Qəbirlər kromlexlə əhatə edilmişdir. Bu qrupa daxil olan qəbirlərin əksəriyyətində insan skeletinə və arxeoloji materiallara rast gəlinməmişdir.[1]

Son tunc-erkən dəmir dövrü

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın Son Tunc dövrü abidələri arxeoloji ədəbiyyatda Son Tunc və Erkən Dəmir dövrü kimi xarakterizə edilmişdir. Tunc dövründən Dəmir dövrünə keçid olan bu mərhələ, başlıca olaraq e.ə. II minilliyin ikinci yarısını əhatə edir. Arxeoloji abidələrin tədqiqi göstərir ki, e.ə. II minilliyin ikinci yarısından başlayaraq, Azərbaycan ərazisində yaşayan tayfaların sosial-iqtisadi və mədəni həyatında xeyli irəliləyiş olmuşdur. Bu dövrdə yaşayan tayfaların etnik və mədəni cəhətdən birləşməsinin təkamülü prosesi davam etmişdir. Həmin proseslərin daha da aydın şəkildə dərk edilməsi üçün arxeoloji abidələrin nəzərdən keçirilməsi vacibdir. Bu qrupa daxil olan arxeoloji abidələrin əksəriyyəti Naxçıvanda, Urmiya hövzəsində və Zəngəzurda aşkar olunaraq, tədqiq edilmişdir. Naxçıvanın bu dövrə aid yaşayış yerlərini, arxeoloji materialların xarakterinə və tipoloji xüsusiyyətlərinə görə üç qrupa ayırmaq olar. Birinci qrupa Araz vadisindəki I Kültəpə, II Kültəpə, Şahtaxtı, Qızılburun kimi yaşayış yerləri daxildir. Мəlum olduğu kimi, bu yaşayış yerlərində Tunc dövrünün əvvəlki mərhələlərində də əhali məskunlaşmışdır. Son Tunc dövründə bu abidələrdə Orta Tunc dövrü üçün xarakterik olan boyalı qabların istehsalı davam etmişdir.Bu qrupa daxil olan arxeoloji abidələrin əksəriyyəti Naxçıvanda, Urmiya hövzəsində və Zəngəzurda aşkar olunaraq, tədqiq edilmişdir. Naxçıvanın bu dövrə aid yaşayış yerlərini, arxeoloji materialların xarakterinə və tipoloji xüsusiyyətlərinə görə üç qrupa ayırmaq olar. Birinci qrupa Araz vadisindəki I Kültəpə, II Kültəpə, Şahtaxtı, Qızılburun kimi yaşayış yerləri daxildir. Мəlum olduğu kimi, bu yaşayış yerlərində Tunc dövrünün əvvəlki mərhələlərində də əhali məskunlaşmışdır. Son Tunc dövründə bu abidələrdə Orta Tunc dövrü üçün xarakterik olan boyalı qabların istehsalı davam etmişdir.

Son Tunc dövrünə aid boyunbağı.

Azərbaycanda Son Tunc və Erkən Dəmir dövrü abidələrinin böyük bir qismi Xocalı-Gədəbəy mədəniyyətinə aiddir. Bu mədəniyyətə aid yaşayış yerləri olduqca azdır. Həmin dövrə aid yaşayış yerləri içərisində geniş tədqiq edilən abidələrdən biri Gəncəçay vadisindəki 1 №- li yaşayış yeridir. Bu yaşayış yeri Xanlar şəhərindən cənubda, Gəncəçayının sol sahilində yerləşmişdir. Yaşayış yerinin sahəsi 3 hektara yaxındır. Burada aşkar olunan evlər iki qrupa bölünmüşdür. Birinci qrupa uzunsov formalı tayfa evləri daxildir. Arxeoloji araşdırmalar göstərir ki, belə evlərdən tunc dövrünün müxtəlif mərhələlərində istifadə olunmuşdur. Son Tunc dövründə istifadə olunan 58 №- li ev arakəsmə divarla dörd hissəyə bölünmüşdür. Binanın şərq divarında 1-ci və 4-cü otağa açılan qapı yeri müəyyən edilmişdir. Digər otaqların qapı yeri aşkar olunmamışdır. Ola bilsin ki, onlar döşəmədən bir qədər yuxarıda olmuşdur. Bu yaşayış yerində Son Tunc dövrünə aid binaların əksəriyyəti kiçik həcmli yarımqazma tipli evlərdir. Bu binaların qalıqları Y.Hümmel tərəfindən tədqiq edilmişdir. Yaşayış yerindəki 54 №- li evin qarşısında çay daşları ilə hasarlanmış böyük həyətin olduğu müəyyən edilmişdir. Evlərin tikintisində çay daşlarından istifadə olunmuşdur. Tikinti zamanı balıqbeli texnikası tətbiq edilmişdir. Bu texnikadan Azərbaycanda, o cümlədən Gəncə və Naxçıvanda geniş istifadə edilmişdir. Evlərin divarı müxtəlif qalınlıqdadır. Bəzən torpağın bərk olduğu yerlərdə divarlarda daş hörgüdən istifadə edilməmişdir. 55 və 56 №- li evlərin qərb divarlarında daş hörgü yoxdur. Evlərin divarı və döşəməsi ağ gillə suvanmışdır. Qapı yerləri, başlıca olaraq, döşəmə səviyyəsində, bəzən isə ondan bir qədər yuxarıda qoyulmuşdur. Qapı girişlərinin eni 1 m-dir. Həcmcə böyük olan evlərdən biri arakəsmə divarla iki hissəyə bölünmüşdür. Bu evdə qapı yerinə rast gəlinməmişdir.

Мingəçevir kurqanları həcmcə müxtəlifdir. Tək dəfnlərlə xarakterizə edilən kurqanlardan tunc xəncərlər, ox ucları, at yüyənləri, hərbi baltalar, yabalar, zərif naxışlı qolbaqlar, sırğalar, düymələr və digər tunc əşyalar əldə edilmişdir. Aşkar edilən gil məmulatı Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterikdir. Zəngin qəbir avadanlığı və at skeleti ilə müşayiət olunan kurqanların tayfa başçılarına aid olduğu güman edilir. Мingəçevirdə tədqiq edilən torpaq qəbirlər üçün sağ, ya da sol böyürü üstə, bükülü vəziyyətdə dəfn edilən skeletlər xarakterikdir. Bu qəbirlərdən aşkar olunan arxeoloji materiallar Xocalı-Gədəbəy mədəniyyətinə aiddir. Boz və qara rəngdə bişirilmiş gil qabların üzəri həndəsi motivdə bəzənmiş, naxışların içərisi ağ rəngli maddə ilə doldurulmuşdur. Bu qəbirlərdən tuncdan hazırlanmış xəncərlər, bıçaqlar, baltalar, ox ucları aşkar edilmişdir. Q.İone Мingəçevir qəbirlərini iki arxeoloji qrupa bölərək, birinci qrupu e.ə. XIII–IX, ikincini isə e.ə. X–VIII əsrlərə aid edir. Birinci qrup qəbirlərin materialları Xocalı-Gədəbəy mədəniyyətini özündə əks etdirir.

Azərbaycanın Son Tunc, Erkən Dəmir dövrü mədəniyyətinin yerli zəmin əsasında meydana çıxıb, inkişaf etdiyini, bu dövrün arxeoloji abidələrindən aşkar olunan zəngin tunc məmulatının, o cümlədən silahların araşdırılması daha aydın sübut edir. Bu dövrdə Azərbaycanda meydana çıxan silahlar, xüsusilə, təbərzin formalı baltalar və konusvari başlığı olan çənbərli xəncərlər, yalnız bu mədəniyyət üçün xarakterikdir. Azərbaycandan kənarda bu tip silahlara olduqca az rast gəlinmişdir.[1]

Arxeoloji mədəniyyətlər

[redaktə | mənbəni redaktə et]

Quruçay mədəniyyəti

[redaktə | mənbəni redaktə et]
Azıx mağarasının planı

Azərbaycanın əlverişli təbii-coğrafi mövqeyi Qədim daş dövründən insanların burada məskən salmasına şərait yaratmışdır. Azərbaycanın Paleolit abidələrinin öyrənilməsinə XX əsrin 50-ci illərində başlanmışdır. 1953-cü ildə S.N. ZamyatinМ.М.Hüseynovun rəhbərliyi ilə təşkil edilən kəşfiyyat xarakterli tədqiqatlar zamanı Qazax rayonunun Daşsalahlı kəndində, Damcılı mağarasında Paleolit düşərgəsi aşkar olunmuşdur. Sonrakı illərdə aparılan araşdırmalar yeni abidələrin aşkar olunması ilə nəticələnmişdir. Bu abidələr arasında 1960-cı ildə aşkar olunan Azıx mağarasının olduqca böyük əhəmiyyəti olmuşdur. 1960-cı ildə Azıx mağarasında başlanan araşdırmalar 1974-cü ilədək davam etdirilmiş, Azərbaycanın qədim daş dövrünü öyrənmək üçün olduqca əhəmiyyətli olan maddi-mədəniyyət qalıqları aşkar edilmişdir. 1968-ci ildə Aşel dövrü təbəqəsindən azıxantroqun alt çənə parçası, 1974-cü ildə isə insan fəaliyyətinin erkən mərhələsinə aid olan, Olduvay mədəniyyəti ilə müəyyən ümumi xüsusiyyətlərə malik olan Quruçay mədəniyyəti aşkar olunmuşdur.

Füzuli şəhərinin yaxınlığında yerləşən Azıx mağarası Quruçay vadisində, Мil düzü ilə dağ silsiləsinin birləşdiyi ərazidə, olduqca əlverişli mövqedə yer almışdur. Soyuq və isti iqlimlərin qovşağında yerləşən bu ərazi Paleolit dövrü insanlarının ovladığı müxtəlif heyvanların buraya gəlməsinə imkan yaratmışdır. Onlar içərisində kərgədan, vəhşi atlar, ceyran, öküz və digər heyvan cinsləri olmuşdur.

Azıx mağarası. Quruçay mədəniyyətinin əmək alətləri.

Мağaranın iki girişi olmuşdur. Dörd zaldan ibarət olan mağaranın ümumi sahəsi 80000 kv. m-dir. Zalların tavanında olan müxtəlif həcmli dəliklər gün işığının mağaraya düşməsinə imkan yaratmışdır. Azıx mağarasında aparılan qazıntılar zamanı 14 m qalınlığında 10 mədəni təbəqə aşkar olunmuşdur. X–VII təbəqələrdən aşkar olunan maddi-mədəniyyət nümunələri hazırlanma texnikası və tipologiyasının özünəməxsus xüsusiyyətləri ilə fərqləndiyi üçün Quruçay mədəniyyəti adlandırılmışdır. Ən aşağıda yerləşən və mağaranın daş döşəməsini örtən onuncu təbəqə Quruçay hövzəsinin ilk sakinlərinin maddi mədəniyyəti ilə bağlıdır. Ehtimal ki, insanlar Quruçay vadisində mağarada məskunlaşmamışdan xeyli əvvəl yaşamışlar.

Azıx mağarasının ən aşağı qatlarından aşkar edilən daş alətlər Quruçay vadisində məskən salan insanların həyatını öyrənmək üçün ən mühüm dəlildir. Bu təbəqədən daş dövrünün ən qədim mərhələsinə aid 20 əmək aləti aşkar edilib öyrənilmişdir. Onlar protoçopper, protoçorrinq, limasşəkilli kobud alətlər, çoxüzlülər və ərsinlərdən ibarətdir. Bu təbəqədən həmçinin istehsal tullantıları və Quruçay dərəsindən xammal kimi gətirilən çay daşları da aşkar edilmişdir. Əmək alətlərinin hamısı qırmızı, qəhvəyi, sarı-boz rəngli kvarsdan, xalsedon, andezit, bazalt tərkibli vulkanik daşlardan hazırlanaraq bəziləri bir tərəfdən, digərləri isə hər iki tərəfdən qəlpələr qoparılmaqla işlənmiş, üzərlərində istifadə izləri saxlanmışdır. Qəlpələr əsasən daşların kənarlarından mərkəzə doğru vurulan zərbələrlə qoparılmışdır. Alətlərin bir qismində çay daşının təbii qabığı saxlanmışdır. Bəzi əmək alətləri pilləli retuşla işlənmişdir. Onuncu təbəqədən aşkar olunmuş əmək alətləri işlənmə texnikasına və tipoloji xüsusiyyətlərinə görə həmdövrdür. Ərsinlər, kəsici və özəkvari alətlər qəlpələr qoparılmaqla kobud hazırlanmışdır. Əmək alətlərinin işlənmə texnikasının kifayət qədər inkişaf etmiş səviyyədə olması, xüsusilə qəlpə qoparma üsulları, iki tərəfli işləmə texnikası, əmək alətlərinin ağız hissəsinin ikinci dəfə işlənməsi göstərir ki, Quruçay vadisinin qədim sakinləri mağaraya gəlməmişdən xeyli əvvəl vadidə açıq düşərgələrdə məskunlaşmışlar. М.М.Hüseynovun fikrinə görə, bu mədəniyyət Quruçay vadisində mağaranın məskunlaşmasından bir neçə yüz il əvvəl meydana gəlmişdir. Hazırda Quruçay mədəniyyətinin 1,8 milyon il əvvəl meydana gəldiyi ehtimal olunur.

Azıx mağarası. Quruçay mədəniyyətinə aid çapma aləti

Onuncu təbəqənin üzərində yerləşən doqquzuncu təbəqə daha qalın və maddi-mədəniyyət qalıqları ilə daha da zəngindir. Bu təbəqədə əmək alətlərinin sayı əvvəlkindən beş dəfə artıqdır. Onlar protoçopper, protoçoppinq, özəkvari və kubvari alətlər, limasşəkilli alətlər, ərsinlər və qəlpələrdən ibarətdir. Bu təbəqədə ilk dəfə olaraq kubvari alətlər meydana çıxır. Protoçopperlər çay daşının bir ucu, yaxud uzununa bir kənarının qoparılması ilə hazırlanmışdır. Protoçoppinqlər başlıca olaraq çox da ağır olmayan yastı, oval daşlardan, çay daşlarının bir ucu, yaxud uzunsov kənarının hər iki tərəfdən qəlpələnməsi ilə, ərsinlər isə vurma səthi saxlanmış qəlpələrin bəzən bel, bəzən isə kənarlarının işlənməsi ilə düzəldilmişdir. Мağaranın səkkizinci təbəqəsində aşkar olunan əmək alətləri tipoloji xüsusiyyətlərinə görə alt qatlardan aşkar olunan əmək alətləri ilə eynidir. Lakin bu təbəqə üçün protoçopper və protoçoppinq tipli ağır qiqantolitlərin meydana çıxması xarakterikdir. Bu təbəqədə primitiv çapacaqlara bənzəyən protoçoppinqlər də aşkar olunmuşdur. Yeddinci təbəqə Quruçay mədəniyyətinin tamamlayıcı mərhələsini əks etdirir. Bu təbəqə litoloji xüsusiyyətlərinə görə aşağıdakı təbəqələrlə eyni olub, özündən yuxarıda yerləşən erkən Aşel mədəniyyətindən tamamilə fərqlənir. Bu təbəqədən aşkar edilmiş daş məmulatı protoçopper, protoçoppinq, özəkvari və kubvari əşyalar, ərsinlər, qəlpələr, istehsal tullantıları, çay daşlarından ibarətdir. Əmək alətləri işlənmə texnikasının daha təkmil olunması ilə X–VIII təbəqənin alətlərindən fərqlənir. Bu fərqlər qəlpə qoparma texnikasında, xüsusilə qəlpələrin aydın seçilən vurma səthində, alətlərin kənarlarında saxlanmış qabarcıqlarda özünü göstərir. Çoppinqlərin hazırlanmasında Erkən Aşel dövrünün çoppinqləri və kobud çapacaqları üçün xarakterik olan əlamətlər izlənmişdir. Azıx mağarasının X–VII təbəqəsindən aşkar olunmuş əmək alətləri tipoloji xüsusiyyətlərinə, hazırlanma texnikasına, qəlpə qoparma üsuluna və istifadə olunan xammalın tərkibinə görə genetik cəhətdən bir-biri ilə bağlı olub vahid bir mədəniyyətin məhsuludur. Bu mədəniyyət Azıx, TağlarAzərbaycanın cənubqərbindəki digər mədəniyyətlərin qaynağı olmuşdur. Ümumi qalınlığı 4,5 m olan bu təbəqə mağaranın ən qədim çöküntüləri olmaqla eyni təbii şəraitin məhsuludur. Qədim insanların yaşadığı Paleolit düşərgələrinə dünyanın bir çox yerlərində rastlansa da, çoxtəbəqəli Azıx mağarası təbəqələrin ardıcıl yerləşməsinə görə nadir abidələrdən biridir. Azıx mağarasının yeganə bənzəri hələlik Olduvay abidəsidir. Elə buna görə də Azıx mağarasından aşkar edilmiş əmək alətlərinin tipoloji təsnifatında və adlandırılmasında М.М.Hüseynov Olduvaydan aşkar edilmiş bənzər alətlərin adından istifadə etmişdir. Azıx mağarasının X–VII qatlarının fauna qalıqları olduqca pis saxlanmışdır. Onların bir çoxu çürüdüyündən hansı heyvanlara aid olduğunu təyin etmək mümkün olmamışdır. Aşkar olunan heyvan sümükləri maral, antilop, quş, gəmirici və yırtıcı heyvanların lülə sümüklərinin parçalarından, buynuz qırıqlarından ibarətdir. Lakin Quruçay mədəniyyətinin mövcud olduğu Abşeron dövrünün fauna qalıqları daha zəngin olmuşdur. Bu dövrdə Vulpes aff vulpes, Crocuta spelea, Spelearstos speleus, Ursus cf.arctos, Cervus mesopotamiea, Equus sussen bornansis, Equus hidruntinus, Dicerorhinus mercki, Bison schotensaci və digər heyvanlar yaşamışdır. Azıx mağarasından aşkar olunmuş çay daşlarından hazırlanmış kobud daş alətlərin bənzərləri Olduvay (Tanzaniya), Koobi-Fora (Keniya), Мelka Kontura (Efiopiya), Vallona (Fransa), Ubeydiyə (İsrail) və digər abidələrdən məlumdur. Azıx mağarasının qədim sakinlərinin əsas məşğuliyyəti yığıcılıq və ovçuluq olmuşdur.

Aşel mədəniyyəti

[redaktə | mənbəni redaktə et]

Qədim, orta, son Aşel, Mustye və üst Paleolit dövrlərini əhatə edən pleystosen dövrü Yer kürəsi tarixində buzlaşma kimi məlumdur. Bu dövrdə Qafqaz və Avrasiya dağlarında üç dəfə buzlaşma gedir. Çaydaşı mədəniyyətinin sonunda formalaşan təbii şərait hələ pleystosenin başlanğıcında Aşel mədəniyyəti dövründə saxlanmaqda davam etmişdir[2]

Azıx mağarasında Quruçay mədəniyyəti dövrü özünün uzunmüddətli inkişafından sonra qədim aşel ilə əvəz olunmuşdur.[3] Azıxda qədim aşel düşərgənin VI təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı qeydə alınmışdır.

Azıx mağarası, Qədim Aşel mədəniyyəti, daş(əmək) alətləri

Buradan 2 mindən artıq daş məmulatı və çoxlu ovlanmış heyvan sümükləritapılmışdır. Azıx mağarasında qədim Aşel dövrü VI təbəqənin materialları ilə meydana çıxmaqla yanaşı, yerli çaydaşı alətləri Quruçay mədəniyyəti əsası üzərində inkişafa başlamışdır. Bəşəriyyət tarixində qədim və Orta Aşel mədəniyyətləri ilk dəfə olaraq Fransanın Sent-Aşel düşərgəsində müəyyən olunmuş və ona görə də tapıldığı yerin adı ilə aşel mədəniyyəti adlandırılmışdır.[4]

Azıxın VI təbəqəsinin daş məmulatı bəsit formada hazırlanmış əl çapacaqları,kobud çapma alətləri, qalın qəlpələr üzərində hazırlanmış əmək alətləri və diskşəkilli nukleuslarla (nüvələr) xarakterizə olunur. VI təbəqədən həmçinin ilk dəfə olaraq əl çapacaqları tapılmışdır.[4] Əl çapacaqlarının meydana çıxması ibtidai insanların həyatında mühüm rol oynamışdır. Bununla əlaqədar olaraq ovçuluq təsərrüfatını daha da inkişaf etdirməyə başlamışlar. Qədim aşel təbəqəsindən tapılmış əmək alətləri içərisində əsas yeri çapma alətləri, əl çapacaqları və qaşov tipli alətlər tutur. Təbəqədən əmək alətləri ilə birlikdə istehsal tullantılarının aşkar olunması qədim aşel dövründə düşərgədə ibtidai insanların əmək alətləri hazırladıqlarını göstərir. Məhz VI təbəqədən tapılmış əmək alətlərinin texniki və tipoloji xüsusiyyətlərinə əsasən onların qədim aşel dövründə hazırlandıqlarını söyləmək olur. Aparılan arxeoloji tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, bəşəriyyət tarixində qədim aşel mədəniyyəti 700–500 min illər arasında mövcud olmuş və 200 min ildən bir qədər artıq davam etmişdir.[5] Bu dövrdən əmək alətlərinin təkmilləşməsi və yeni-yeni əmək alətlərinin meydana çıxması başlanır. Azıx düşərgəsinin VI təbəqəsindən aşkar olunmuş əmək alətlərinin zənginliyi dediklərimizi bir daha təsdiq edir. VI təbəqədən ocaq yerinin qeydə alınması qədim Azıx sakinlərinin süni odla tanış olduqlarını göstərir. Azıx mağarasının qədim aşel təbəqəsindən tapılmış heyvanat aləminin növləri göstərir ki, bu dövrdə Azərbaycan ərazisində soyuqlaşmaya doğru dəyişikliklər baş vermişdir. Fauna qalıqları içərisində ayrı-ayrı çənələr, kəllə sümükləri çoxluq təşkil edir. Sümük məmulatının təyinatı əsasında demək olar ki, qədim aşel adamlarının ovçuluq fəaliyyətində əsas yeri mağara ayıları və nəhəng marallar tutur.[4]

Azıx mağarasında qədim aşel özünün uzunmüddətli inkişafından sonra Orta Aşellə əvəz olunmuşdur.[4] Orta Aşel mədəniyyəti düşərgənin V təbəqə materiallarında öz əksini tapmışdır. Arxeoloji qazıntılar vasitəsilə V təbəqədən tapılmış daş alətlərin əsasını kobud çapma alətləri və əl çapacaqları təşkil edir. Bu təbəqədən cəmi 289 ədəd daş məmulatı qeydə alınmışdır. Daş məmulatı arasında müxtəlif klekton tipli alətlər də qeydə alınmışdır. V təbəqənin daş məmulatı texniki-tipoloji xüsusiyyətlərinə görə özündən aşağıda yerləşən VI təbəqənin materialları ilə yaxınlıq təşkil edir. Eyni zamanda V təbəqənin əmək alətləri qədim aşel dövrü daş məmulatının bəzi oxşar xüsusiyyətlərini özündə birləşdirir. Arxeoloji tədqiqatlar zamanı V təbəqədən daş məmulatı ilə birlikdə minlərlə ovlanmış heyvan sümükləri aşkar olunmuşdur. Bu tapıntılar sübut edir ki, Orta Aşel dövründə Azıx düşərgəsində yaşayan sakinlərin məşğuliyyətində əsas yeri ovçuluq tutmuşdur.V təbəqənin maddi mədəniyyət qalıqlarının elmi tədqiqi göstərir ki, Azıx düşərgəsində Orta Aşel dövründə əsasən ovçu sakinlər yaşamışlar.[6]

Son Aşel mədəniyyəti dövrünün (orta pleystosenin II yarısı) əvvəllərində iqlim yenidən soyuqlaşır.[7] Məhz belə vəziyyət Azıx paleolit düşərgə sakinlərinin mağaranı müvəqqəti olaraq tərk etməsinə səbəb olur. Məhz buna görə də Azıx mağara düşərgəsinin IV təbəqəsində maddi mədəniyyət qalıqları tapılmamışdır.[8]

Мustye mədəniyyəti

[redaktə | mənbəni redaktə et]
Azıx mağarası, Mustye mədəniyyəti, daş(əmək) alətləri

Aparılan arxeoloji tədqiqatlar göstərir ki, 100 min il bundan əvvəl Son Aşel dövrü Mustye mədəniyyəti ilə əvəz olunmuşdur. Bu dövr ilk dəfə Fransanın Le-Mustye düşərgəsində müəyyən olunduğuna görə, tapıldığı yerin adı ilə Mustye mədəniyyəti adlandırılmışdır.[9] Mustye dövrü insanlarının həyatında mühüm dəyişikliklər baş vermişdir. Məhz bu dövrdən başlayaraq qədim insanlar yeni tipli əmək alətləri hazırlamağa başlamışlar. Bu, onların inkişafı ilə əlaqədar olaraq meydana çıxmışdır. Artıq əvvəlki dövrlərdə hazırlanmış əmək alətləri — kobud çapma alətləri, əl çapacaqları insanların yeni tələbatını ödəyə bilmir və daha mükəmməl universal əmək alətlərinin hazırlanması əsas məsələ kimi qarşıda dururdu. İlk dəfə olaraq levallua və Mustye itiuclularının hazırlanması qədim insanların həyatında mühüm rol oynadı. Mustye mədəniyyəti dövründə qədim insanların bədən quruluşunda, istehsal texnikasında, təsərrüfatında və həyat tərzində böyük dəyişikliklər baş vermişdir. Mustye dövrünün sakinləri neandertal tipli insanlar olmuşlar.[9] Onlar yaşamaq üçün özlərinə mağaralarda, açıq yaşayış yerlərində və komalarda yer hazırlayırdılar. Neandertal tipli insanlar yaşayış tikililərini əsasən nəhəng heyvan sümüklərindən və iri qaya daşlarından düzəldirdilər. Mustye dövründə də qədim adamların əsas məşğuliyyəti ovçuluq olmuşdur. Lakin onlar təbiətin hazır nemətlərindən də istifadə etmişlər. Arxeoloji qazıntılar zamanı Mustye dövründə neandertal tipli insanların qəbirləri aşkar olunmuşdur. Deməli, Mustye dövründə neandertal tipli adamların həyatında dəfn mərasimi olmuş və artıq onlarda bəzi dini görüşlər formalaşmağa başlamışdır. Azərbaycanda aparılan arxeoloji tədqiqatlar zamanı Mustye mədəniyyətinə aid Azıx (III təbəqə), Tağlar, Daşsalahlı, Qazma və Buzeyir düşərgələri aşkar olunmuşdur.[9]

Leylatəpə mədəniyyəti

[redaktə | mənbəni redaktə et]

Eneolitin son mərhələsinə aid olub, e.ə. IV minilliyin ortalarına qədər davam edib. Bu mədəniyyətin aşkar olunması ilk tunc dövrü Kür-Araz mədəniyyətinin formalaşmasında Azərbaycanın iştirakını təkzib edən fikirləri alt-üst etdi.Leylatəpə mədəniyyətinə şamil edilən Selaxan yaşayış yerində aşkar olunan keramika məmulatı bütün göstəriciləri ilə I Böyük Kəsik yaşayış yerinin və bu mədəniyyətə aid digər abidələrin keramikası ilə eyniyyət təşkil edir.[10] Tapılan nümunələr qırmızı, qonur, az hallarda çəhrayı, tünd-boz və qara rənglidir. Tədqiqatçılar, Leylatəpə mədəniyyətinin digər abidələrində olduğu kimi, Selaxan yaşayış məskənində də aşkar edilmiş keramika məmulatını tərkibinə görə bitki qatışıqlı, təmiz tərkibli, qeyri-üzvi qatışıqlı, bitki və qeyri-üzvi qatışıqlı olmaqla dörd qrupa bölürlər. İlk iki qrup "keyfiyyətli keramika", üçüncüsü isə "kobud keramika" kateqoriyasına aid edilir. Leylatəpə mədəniyyətinin əsas abidələri Leylatəpə, Keçili təpəsidir. Rus təpəsi abidəsinin bir təbəqəsində də bu mədəniyyətin izlərinə rast gəlinir. Ümumiyyətlə, Azərbaycanın qərb bölgəsində Leylatəpə mədəniyyətinə aid çoxsaylı abidələrin aşkar olunması ilk növbədə bu mədəniyyətin Son Eneolit dövründə — e.ə. IV minilliyin I yarısında daha geniş arealda və intensiv şəkildə yayıldığını göstərir. Həm qazıntıların, həm də ilkin kəşfiyyat işlərinin aparıldığı abidələrin tapıntıları Leylatəpə mədəniyyətinin daha ətraflı araşdırılması üçün zəngin materiallar vermişdir. Müəyyən edilmişdir ki, Leylatəpə mədəniyyəti yaşayış məskənlərinin başlıca xüsusiyyətlərindən biri onların lokal qruplar halında yerləşməsidir.[10]

Kür-Araz mədəniyyəti

[redaktə | mənbəni redaktə et]

Son eneolit və erkən tunc dövrünə (e.ə. IV minilliyin sonu — III minillik) aid mədəniyyət. Başlanğıcını Azərbaycan ərazisindən götürən bu mədəniyyət Şimali Qafqazdan Mesopotomiyaya, Şərqi Anadoludan Orta Asiyaya qədər geniş bir ərazini əhatə etmişdir. İlk dəfə Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı aşkarlandığından Kür — Araz mədəniyyəti adlandırılmışdır.[11]

Bu mədəniyyət ilk dəfə 1940-cı illərdə, Kür-Araz çayları arasındakı ərazilərdə tapılmış materiallar əsasında müəyyənləşdirilmişdir. O vaxt Kür-Araz mədəniyyətini eneolitə aid edirdilər.

Xəritədə boz rəngli ərazi Kür – Araz mədəniyyətinin yayıldığı, qara rəngli ərazi isə Urartu dövlətinin əhatə etdiyi ərazidir

Sonralar aydın oldu ki, bu mədəniyyətin hüdudları Kür-Araz çayları arasından çox genişdir, abidələri isə e.ə. IV minilliyin ortalarından III minilliyin son rübünədək xronoloji çərçivəni əhatə edən ilk tunc dövrünə aiddir.

Kür-Araz mədəniyyətinin xronologiyası ilə bağlı tədqiqatçılar müxtəlif fikirlər söyləmişlər. B.A.Küftin və B.B.Piotrovski bu mədəniyyəti bütünlüklə e.ə. III minilliyə aid etmişlər. O.H.Həbibullayev əvvəlcə, bu mədəniyyətin e.ə. III minilliyin ikinci yarısını, sonra isə öz tədqiqatları əsasında e.ə. III minilliyi bütövlüklə əhatə etdiyini göstərmişdir.[12] R.М.Мunçayev apardığı tədqiqatlar zamanı demək olar ki, bu mədəniyyətin yayıldığı bütün arealı nəzərdən keçirmiş, I Kültəpə, Babadərviş, Şulaveri, Amiranisqora və digər yaşayış yerlərinin stratiqrafiyasına əsaslanaraq, Kür-Araz mədəniyyətini e.ə. IV–III minilliklərə aid etmişdir.[13] Kür-Araz mədəniyyəti yayılan ərazidə müxtəlif etnik birləşmələr yaşayırdı. Bu mədəniyyəti bir sıra qədim etnoslara, o cümlədən qədim İkiçayarasının şimalında yaşamış hurri tayfalarına mənsub olduğunu qeyd etmişlər. Eyni zamanda Kür-Araz mədəniyyəti ərazisində ən qədim türk dillərində danışan etnik birləşmələrin da yaşaması ehtimalı irəli sürülmüşdür.[12] Kür-Araz mədəniyyəti qəbilələrinin iribuynuzlu heyvanları qoşquda istifadə etməsi bir sıra faktlarla təsdiq edilmişdir. Belə faktlar öküzləri qoşquda təqlid edən gil fiqurlar, bəzən oxla birlikdə tapılan təkər modelləridir.Kür-Araz mədəniyyəti qəbilələri buğda və arpa, darı və kətan, paxlalı bitkilərdən noxud (nut) becərirdilər. Noxud Kültəpə və Babadərvişdən tapılmışdır. Kür-Araz dövrü yerli filiz yataqlarının geniş istifadəsi və metalişləmə sənətinin yüksək inkişaf səviyyəsi ilə xarakterizə olunur. Azərbaycanda zəngin Gədəbəy, Dağlıq Qarabağ və Balakən mis mədənləri məlumdur. Kür-Araz mədəniyyəti abidələrində ayrı-ayrı külçə əridilən obyektlərin aşkar olunması İlk Tunc dövründə Zaqafqaziyada mis-mədən yataqlarının istismarını aydın sübuta yetirir.[12]

Kür-Araz mədəniyyətinin erkən mərhələsində iki tip yaşayış evləri aşkar olunmuşdur. Birinci tipə dairəvi formalı binalar daxildir. Bu binalar tikinti texnikası və konstruksiyasına görə, Eneolit dövrünün eyni tipli evlərini xatırladır. Bu tip evlər Azərbaycanda I Kültəpə, Şomutəpə, Töyrətəpə, Qarğalartəpəsi və digər yaşayış yerlərindən aşkar edilmişdir. İlk Tunc dövrü yaşayış binalarının bir qisminin Eneolit dövründə olduğu kimi qövsşəkilli divarla hüdudlanmış, yarımaçıq həyətləri olmuşdur. Düzbucaqlı artırmaları olan dairəvi binalar da öz yaxın bənzərlərini Eneolit abidələrində tapır. Evlərin daxili quruluşundakı bəzi xüsusiyyətlər, xüsusilə, gildən ocaq qurğularının, təsərrüfat quyularının, evin damını saxlayan mərkəzi dirək üçün dayaq daşlarının qeydə alınması, bu əlamətlərdəndir. Мingəçevir yaşayış yerində rast gəlinən yarımqazma tipli evlər Azərbaycanın və Cənubi Qafqazın digər yerlərində qeydə alınmamışdır. Kür-Araz mədəniyyətinin Eneolit mədəniyyəti ilə bağlılığı arxeoloji materiallarda, xüsusilə gil məmulatında aydın şəkildə izlənir. I Kültəpə və II Kültəpədən aşkar olunan silindrik boğazlı, yuvarlaq gövdəli küpələr, konusvari və bikonik gövdəyə malik dərin kasalar, banka tipli qablar Enolit dövrünə aid öz prototiplərini təkrar edir. Eyni hal Babadərviş və Göytəpədə də izlənir. Babadərvişdən aşkar olunan silindrik boğazlı, yuvarlaq gövdəli küpələr, çəllək tipli qablar, konus gövdəli kasalar, divarları ağzının kənarına doğru genişlənən çölməklər Töyrətəpə, Şomutəpə və I Kültəpədən aşkar olunmuş Eneolit tiplərini təkrar edir. Göründüyü kimi, Kür-Araz mədəniyyətinin ilk mərhələsinin keramikası tamamilə Eneolit dövrü ilə bağlanır. Birinci mərhələnin qablarında Eneolit dövrü üçün xarakterik olan, qaba hazırlanmış, qeyri-bərabər bişirilmiş qablara rast gəlinir. Bu baxımdan, II Kültəpənin alt qatlarından tapılan keramika diqqəti cəlb edir. Buradan aşkar olunmuş bəzi qab parçalarının tərkibində Eneolit dövrü üçün xarakterik olan saman qarışığına rastlanmışdır. Bu təbəqədən, həmçinin, silindrik çıxıntısı olan gil qapaq tapılmışdır. Eneolit üçün xarakterik olan bu çıxıntılar Kür-Araz mədəniyyətində adətən yarımşar şəkilli qulplarla əvəz edilmişdir. Qeyd etmək lazımdır ki, Eneolit keramikası ilə Kür-Araz keramikası arasında bir sıra texnoloji və tipoloji bənzərliklərin olmasına baxmayaraq, KürAraz keramikası formalaşdırılması və bişirilməsinə görə daha yüksək səviyyəli olub, əvvəlki dövrün keramikasından fərqlənir. Bu dövrdə saman qarışığı, qum qarışığı ilə əvəz olunur. Şübhəsiz ki, bu xüsusiyyətlər Kür-Araz mədəniyyəti tayfalarının dulusçuluqda əldə etdiyi bir sıra nailiyyətlərlə bağlıdır. Kür-Araz mədəniyyətinin yayılma arealı və xronologiyası K.X.Kuşnaryeva və T.N.Çubinişvilinin əsərində geniş şəkildə nəzərdən keçirilmişdir. Onlar Kür-Araz mədəniyyətini 3 mərhələyə bölərək, birinci mərhələni e.ə. 3000–2700, ikinci mərhələni e.ə. 2700–2300, üçüncü mərhələni e.ə. 2300–2000-ci illərə aid etmişlər. Q.S.İsmayılov Kür- Araz mədəniyyətini e.ə. III minilliyə, daha sonra isə e.ə. IV minilliyin sonu və bütövlükdə üçüncü minilliyə aid etmişdir. O, Kür-Araz mədəniyyətini üç inkişaf mərhələsinə bölmüş və buna uyğun olaraq, birinci mərhələni e.ə. 3200–2800, ikincini e.ə. 2800–2600, üçüncünü isə e.ə. 2600–2300-cü illərə aid etmişdir. O.М.Çaparidze Kür-Araz mədəniyyətinin ilk mərhələsini e.ə. IV minilliyin ortalarına və sonuna, son mərhələsini isə e.ə. III minilliyin ortalarına aid etmişdir. Kür-Araz mədəniyyəti abidələrinin tarixləndirilməsinin başlıca kriteriyalarından biri, digər tapıntılara nisbətən daha çox olan və mədəniyyətin inkişafındakı dəyişiklikləri daha aydın əks etdirən keramika, xüsusilə gil qabların təhlilidir. Gil məmulatlarının inkişaf xüsusiyyətləri onların üçmərhələli xarakteristikasında özünü aydın göstərir. Qeyd etmək olar ki, ilk mərhələdə Kür-Araz tayfaları Azərbaycanın bütün ərazisində eyni şəkildə yayılmamışdır. Fikrimizcə, bu mədəniyyətin erkən meydana çıxdığı ərazi Naxçıvan-Urmiya bölgəsi olmuşdur. İlk mərhələdə KürAraz mədəniyyətinin meydana gəldiyi areal Şərqi Anadolu və Gəncə-Qazax zonasını da əhatə etmişdir. Cənubi Azərbaycanda arxeoloji abidələrin yaxşı öyrənilməməsi, bu mədəniyyətin cənub sərhədlərini izləməyə imkan vermir. Ehtimal ki, ilk vaxtlar bu mədəniyyət Мuğan düzünə qədər yayılmışdır. Kür-Araz mədəniyyəti ikinci mərhələdə xüsusilə geniş inkişaf edərək, Azərbaycanın bütün ərazisinə yayılmışdır. Yarımköçəri maldarlığın inkişafı ilə bağlı olaraq, dağətəyi və dağlıq rayonlarda intensiv məskunlaşma olmuşdur. Kür-Araz abidələrindən aşkar olunan bir sıra materiallar, xüsusilə vaza tipli hündür dabanlı qablar silindrik çıxıntıları olan ortası çökük qapaqlar KürAraz mədəniyyəti tayfalarının qədim Мesopotamiya ilə əlaqələrinin olduğunu göstərir. Böyük ehtimalla bu qablar Qədim Şərq nümunələrinə bənzətmələr əsasında hızırlanmışdır. Şübhəsiz ki, belə münasibətlər birtərəfli deyil, ikitərəfli xarakter daşımışdır. I Kültəpədən aşkar olunan arxaik formalı oraq və dördtilli nizə ucluğu, bu tip əşyaların qonşu ölkələrə Azərbaycandan yayıldığını göstərir. Balta tökmək üçün istifadə olunan ikitaylı gil qəliblərin də tədqiqi anoloji nəticələrə gətirib çıxarır. Yaxın Şərq ölkələri ilə mübadilənin mövcudluğunu Kür-Araz abidələ- rindən aşkar olunan göy şirli pasta muncuqlar da sübut edir. Мəlum olduğu kimi, belə muncuqlar Мesopotomiyadan gətirilmişdir. Azərbaycanın arxeoloji abidələrində aşkar olunan materiallar Kür-Araz mədəniyyəti tayfalarının ideoloji təsvirlərini müəyyən dərəcədə bərpa etməyə imkan verir. Abidələrin tədqiqi göstərir ki, bu dövrdə, xüsusilə iribuynuzlu heyvanlara sitayiş müəyyən yer tutmuşdur. Bu adətən tədqiqatçılar tərəfindən öküz kultu ilə bağlanır. Öküz kultunun mövcudluğu, öküz başı formalı ocaq qurğuları və öküz fiqurları ilə də təsdiq olunur. Öküz başı formalı ocaq qurğuları II Kültəpədə ictimai binaların içərisində aşkar olunmuşdur. XI tikinti qatında onlar qəbilənin ümumi toplantı yeri olan ziyarətgahdan tapılmışdır. Qeyd etmək lazımdır ki, Kür-Araz mədəniyyətinin ilk mərhələsində öküz başı formasında hazırlanmış ocaqlar daha realist, son mərhələdəkilər isə sxematikdir. Bu dəyişiklik gil qabların qulplarının formasında da özünü göstərir. Ehtimal ki, bu, Kür-Araz mədəniyyətinin üçüncü mərhələsində xırdabuynuzlu heyvanların artaraq, üstünlük təşkil etməsi ilə bağlıdır. Bu dövrdə gil qabların üzərində xırdabuynuzlu heyvanlarla bağlı təsvirlərə rastlanır. Kür-Araz mədəniyyəti tayfalarının sitayiş əşyalarından biri də nalşəkilli ocaq qurğuları olmuşdur. II Kültəpədən aşkar olunan bu tip ocaq qurğularının mərkəzi hissəsi insan başının təsviri ilə tamamlanır. Yuxarıda qeyd etmişdik ki, bu ocaqlar oturmuş insan fiqurlarına bənzədilmişdir. Fikrimizcə, bu qurğular ev ocağının himayədarını əks etdirir. K.X.Kuşnaryeva və T.N.Çubinişvilinin fikrinə görə, bu ocaq qurğuları ocağın ətrafında oturmuş kişi fiqurunu təcəssüm etdirir və ev ocağının bərəkətləndirilməsi ritualının rəmzidir.[1]

Talış-Muğan mədəniyyəti

[redaktə | mənbəni redaktə et]

Muğan mədəniyyəti — son tunc — erkən dəmir (e.ə. II minilliyin ikinci yarısı — e.ə. I minilliyin əvvəlləri) dövrü arxeoloji mədəniyyət; Azərbaycanda Muğan çölündə və Talış dağlarında aşkar edilmişdir. Muğan mədəniyyəti üçün sümükləri qıvrılmış və ya dartılmış halda daş qutularda və ya torpaq qəbirlərdə dəfnetmə səciyyəvidir. Həm tək, həm də qrup qəbirləri əmək alətləri, silah və bəzəklərlə müşayiət olunur. Muğan mədəniyyətini yaradan tayfalar maldarlıq, əkinçilik və ola bilsin ki, həm də balıqçılıqla məşğul olurdular. Əmək alətləri və silahlar tuncdandəmirdən hazırlanırdı, xüsusilə səciyyəvi olanlar isə dəstəyi haşiyəli tuncdəmir qılınc ilə tunc xəncərlər idi. Gil qablar da müxtəlifliyinə görə seçilir. Zəngin və ya kasıb qəbir əşyaları nəsli icmanın dağılması prosesini və bu tayfalarda əmlak bərabərsizliyinin meydana gəlməsini göstərir. Muğan mədəniyyətinin Cənubi Qafqazın digər rayonlarının və qədim Şərq ölkələrinin mədəniyyəti ilə əlaqələri aşkar edilmişdir.

Naxçıvan mədəniyyəti

[redaktə | mənbəni redaktə et]

E.ə. 3–2-ci minilliklərdə Naxçıvanda yayılan arxeoloji mədəniyyət. E.ə. 3-cü minilliyin sonunda Azərbaycanın cənub rayonlarında baş verən sosial-iqtisadi dəyişikliklər Naxçıvanı da əhatə etmiş və bu ərazidə boyalı qablarla xarakterizə edilən yeni bir mədəniyyət formalaşmışdır.[14]

Şahtaxtı. Polixrom boyalı qab.

Orta Tunc dövrü adlandırılan bu dövr I Kültəpə, II Kültəpə, Şahtaxtı, Qızılburun, Nəhəcir, Şortəpə və digər abidələrdə aparılan araşdırmalarla öyrənilmişdir. II Kültəpə yaşayış yerində aparılan araşdırmalar zamanı qədim şəhər dövlətləri üçün xarakterik olan xüsusiyyətlər aşkar edilmişdir. V.H.Əliyevin apardığı araşdırmalar göstərmişdir ki, II Kültəpə e.ə. II minilliyin əvvəlində ətrafı divarla əhatə olunmuş yaşayış yerinə çevrilmişdir.

Zəngin naxışlı polixrom boyalı qablar.

Narınqalanın divarları 2–2,5 m qalınlığındadır. O dördkünc formalı bürclər və kontrforslarla möhkəmləndirilmişdir. Arxeoloji qazıntılar zamanı yaşayış yerinin, Narınqalasının planı tamamilə müəyyənləşdirilmiş, onun ilkin şəhərlər üçün xarakterik olan strukturu aşkara çıxarılmışdır. Narınqalanın proporsional arxitekturası, binaların küçələr boyunca yerləşməsi yaşayış yerinin əvvəlcədən müəyyən edilmiş plan əsasında tikildiyini deməyə imkan verir. Hakim təbəqənin və varlıların yaşadığı Narınqalanın yaşayış yerinin digər hissələrindən qalın divarla ayrılması cəmiyyətdə kəskin sosial ziddiyyətlərin olduğunu göstərir. Bu dövrdə insanlar dördkünc formalı təkotaqlı və çoxotaqlı evlərdə yaşamışdır. Istehsal müəssisələri Narınqalanın xaricində yerləşdirilmişdir.[14]

Şəhərin bu qismində aparılan qazıntılar zamanı dulus kürələri, dulusçuluq emalatxanaları, metaləritmə sobalarının qalıqları aşkar olunmuşdur. Orta Tunc dövrünə aid yaşayış yerlərinin tədqiqi bu dövrdə Naxçıvanda güclü tayfa ittifaqlarının formalaşdığını, şəhər dövlətlərin yarandığını təsdiq edir. II Kültəpə, Şahtaxtı, Qızılburun kimi yaşayış yerləri həm mədəni, həm də mühüm inzibati-siyasi mərkəzlər rolunu oynamışdır. Əhali başlıca olaraq oturaq həyat tərzi keçirmiş, əkinçilik və yaylaq maldarlığı ilə məşğul olmuşdur. Iqtisadiyyatın yüksək inkişafı sənətkarlığın xüsusi istehsal sahəsinə çevrilməsinə imkan vermişdir. Sənətkarlığın ən mühüm sahələri dulusçuluq, metalişləmə, toxuculuq və daşişləmə olmuşdur. Naxçıvanın Orta Tunc dövrü mədəniyyətinin ən mükəmməl əsərləri boyalı keramikadır. Monoxrom və polixrom olaraq iki böyük qrupa ayrılan boyalı qabların dörd inkişaf mərhələsindən keçdiyi müəyyən edilmişdir. Lakin son illərin araşdırmaları bir neçə aralıq mərhələnin də olduğunu təsdiq edir. Naxçıvanın Orta Tunc dövrü üçün xarakterik olan boyalı qabların bənzərlərinə Urmiya hövzəsi, Mil düzü, Şimal-Şərqi Anadolu, Gürcüstan və indiki Ermənistan ərazisində rast gəlinmişdir. Bütöv olaraq götürüldükdə, müəyyən lokal fərqlər istisna olunmaqla Urmiya hövzəsi, Van gölü çevrəsi, Qafqaz dağlarının cənub ətəkləri, Mil-Muğan düzləri ilə hüdudlanan bir bölgənin ortaq mədəniyyətə malik olduğu aydın şəkildə görünür.[14]

Xocalı-Gədəbəy mədəniyyəti

[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqazın orta və yüksək dağlıq qurşaqlarında yerləşən Gədəbəy rayonu da tarixi abidələr sarıdan zəngin bir məkandır. Elmi ədəbiyyatda Gədəbəy – Xocalı mədəniyyəti kimi tanınmış qədim mərhələ özlüyündə iki minillik bir tarixi dövrün – Tunc dövrünün arxeoloji təsdiqidir. Rayonda 1 dünya, 81 ölkə və 24 yerli əhəmiyyətli abidə qeydə alınıb. Gədəbəyin hər guşəsində qala və qalaçalar, müdafiə istehkamları, məbəd və türbələr var.[15]

Küp qəbirləri mədəniyyəti

[redaktə | mənbəni redaktə et]
Küp qəbir (Azərbaycan Tarix Muzeyi)

Küp qəbirləri arxeoloji mədəniyyətinin xüsusiyyəti ondan ibarətdir ki, ölülər gildən qayrılmış çox iri küplərin içərisində basdırılmışdır. Ölüləri küp içərisində basdırmaq qədim dəfn adətlərindən biri olmuşdur. Hələ e.ə. II minillikdə Kiçik Asiyada xetlər, daha sonra şumerlər öz ölülərini iki küpün içində basdırırdılar. Bu dəfn adətinə Azərbaycanın cənub rayonlarında, xüsusilə Naxçıvanda, Lənkəranda təsadüf edilmişdir. Ölünü tək bir küpdə basdırmaq adəti də xeyli qədimdir. Ermənistan və Gürcüstanda da bu adətə təsadüf edilib.[16] Lakin ümumiyyətlə küp qəbirlərinin ən böyük kolleksiyası Azərbaycandadır. Albaniyada alban tayfalarının istifadə etdikləri iki başlıca dəfn adətindən birincisi torpaq qəbri dəfn adəti olsa da, daha sonra yaranan küp qəbirləri mədəniyyəti torpaq qəbirləri mədəniyyətini assimilyasiya etmiş, Albaniyanın əsas hakim mədəniyyətinə çevrilmişdi.[17] Albanların əsas maddi mədəniyyət abidələrindən biri olan küp qəbirlərinə Baş Qafqaz sıra dağlarının cənub ətəklərində, Kür-Araz çayları boyunda, Muğan düzündə, Şirvan ərazisində, Naxçıvanda, Qarabağda, ümumiyyətlə, Azərbaycanın demək olar ki hər yerində təsadüf olunmuşdur.[18] Azərbaycandakı iri küp qəbirləri əsasən Ağcabədi və Mingəçevir ətrafından tapılmışdır. Müəyyən edilmişdir ki, sovet Azərbaycanının şimalından tapılmış qəbirlər (Mingəçevir) cənubdakı (Ağcabədi) küp qəbirlərinə nisbətən zəngindir. Lakin cənubdakı küp qəbirlər şimaldakı küp qəbirlərdən daha qədimdir.[19]

Azərbaycanda küp qəbirlərinin olması XIX əsrin sonlarında aşkarlanmışdır. Keçmiş Şuşa qəzasında küp qəbirlərinin olduğu haqda ilk dəfə 1895-ci ildə F.Y.Resler məlumat vermişdir, lakin o, küp qəbirlərini tədqiq etməmişdir.[20] Küp qəbirlərinin öyrənilməsinə yalnız 1927-ci ildən başlanılmışdır. Laçında küp qəbirlərinin olmasını həmin il V.M.Sısoyev müəyyən etmişdir. Bundan sonra İ.İ.Meşşaninovun apardığı tədqiqat işləri zamanı Şumurlu və Qalatəpədə bir neçə küp qəbri aşkar edilmişdir. 1930-cu ildə V.M.Sısoyev Muğanda küp qəbirlərinin olduğunu müəyyən etmişdir. 1933-cü ildə İ.İ.Meşşaninovun rəhbərliyi altında Mil düzündə, Qalatəpəyə yaxın yerdə, Gavurarxın yerləşdiyi ərazidə bir neçə küp qəbrinin olduğu müşahidə edilmişdir

Küp qəbir. Azərbaycan Tarix Muzeyi (Qəbələ rayonundan tapılmışdır).

Mingəçevirdə küp qəbirləri Kür çayının sağ və sol sahillərində olub, çox geniş bir sahəni əhatə edir. Sağ sahildəki küp qəbirləri sol sahildəki küp qəbirlərindən daha qədimdir.

Kür çayının sağ sahilindəki küp qəbiristanlığı daha çox öyrənilmişdir. Sağ sahildə küp qəbirləri, əsasən, 1, 5 m-ə qədər dərinlikdən tapıldığı halda, sol sahil qəbirləri 3–4 m dərinlikdən aşkar edilmişdir.[21]

Mingəçevirdə küp qəbirlərini, əsasən, iki hissəyə (böyüklər və uşaqlar üçün) ayırmaq olar. Bu küp qəbirlərin hamısı qırmızı rəngdədir. Böyüklər üçün olan qəbir küpləri təsadüfi halda qulplu, uşaqlar üçün olan qəbir küpləri nadir halda qulpsuz olur, bəzən böyüklər üçün olan qəbir küplərinin dibinə yaxın yerdə kiçik bir deşik açılır. Qəbir küplərinin ətrafına ölmüş adamın varidatından asılı olaraq, qab-qacaq, yemək-içmək və s. qoyulur. Küp qəbirlərində bəzən at, qaramal, davar skeletlərinə də rast gəlinir.

Mingəçevirdə küp qəbirlərinin bir neçəsi nəzərə alınmazsa, hamısının ağız hissəsi şimal-qərbə, dib hissəsi cənub-şərqə tərəf böyrü üstə basdırılmışdır. Küplərin ağız hissəsi çox vaxt sınmış iri küplərin hissələri və ya daşlarla, bəzi hallarda isə çiy kərpiclə örtülüb.

Böyüklər üçün olan qəbir küplərinin boyu orta hesabla 1,4–1,6 m, gövdəsinin diametri 80–90 sm olur, boyu 2 m, gövdəsinin diametri 1 m-ə çatan qəbir küpünə də təsadüf edilmişdir.

Mingəçevirdə hər bir qəbir küpünün içərisində bir ölü, nadir hallarda iki ölü basdırılmışdır. Ölülər dizdən çox bükülü, əlləri üzünə doğru qaldırılmış halda sol və ya sağ böyrü üstü basdırılmışlar.

Ölülər basdırılan zaman onları ayaqları qabağa — qəbir küpünün ağzından içəri salaraq başlarını əsasən küpün ağız (boğaz) hissəsinə qoymuşlar. Ölüləri küplərə ağız hissədən yerləşdirmək mümkün olmadıqda onların ağız hissəsi bir qədər sındırılır, ya da ağız hissə kiçik olduqda onun dip hissəsi sındırılaraq ölü buradan küpün içərisinə qoyulurdu. Belə hallarda ölünün başı küpün ağız hissəsində deyil, alt hissəsində olmuşdur.

Qəbir küplərinin əsasən ağız hissəsinə yaxın yerdə təsadüf edilən od izlərindən məlum olur ki, dəfn zamanı burada tonqal qalamışlar. Güman edildiyinə görə bunda məqsəd qəbri şər qüvvələrdən təmizləmək, ya qurban vermək, ya da ehsan hazırlığı üçün olmuşdur.[22]

Azərbaycan dilində

[redaktə | mənbəni redaktə et]
  • Ziya Bünyadov. "Azərbaycan Tarixi" Bakı, 1994 (I və II Hissə)
  • Şərifli Məhəmməd. "IX əsrin II yarısı-XI əsr Azərbaycan feodal dövlətləri" Bakı, 1978
  • Süleyman Əliyarlı. "Azərbaycan tarixi" Bakı, 1996
  • Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989
  • Azərbaycan tarixi. VII cilddə — IV cild. Bakı, 2007
  • F.Qasımzadə — XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1974
  • Məktəblinin tarix lüğəti. Bakı, 2011. səh.249
  1. 1 2 3 4 5 6 Vəli Baxşəliyev. Azərbaycan Arxeologiyası. I cild. Bakı-2006
  2. Ə.Q.Cəfərov. Azərbaycan Arxeologiyası, Daş Dövrü. Altı cilddə. I cild. Bakı. "ŞƏRQ-QƏRB"-2008. (VI fəsil səh.67)
  3. İqrar Əliyev. Azərbaycan tarixi. Yeddi cilddə. I cild (Ən qədimdən — b.e. III əsri). Bakı. "Elm". 2007. (I bölmə I fəsil səh.49)
  4. 1 2 3 4 İqrar Əliyev. Azərbaycan tarixi. Yeddi cilddə. I cild (Ən qədimdən — b.e. III əsri). Bakı. "Elm". 2007. (I bölmə I fəsil səh.50)
  5. Ə.Q.Cəfərov. Azərbaycan Arxeologiyası, Daş Dövrü. Altı cilddə. I cild. Bakı. "ŞƏRQ-QƏRB"-2008. (VI fəsil səh.68)
  6. Ə.Q.Cəfərov. Azərbaycan Arxeologiyası, Daş Dövrü. Altı cilddə. I cild. Bakı. "ŞƏRQ-QƏRB"-2008. (VI fəsil səh.69)
  7. Ə.Q.Cəfərov. Azərbaycan Arxeologiyası, Daş Dövrü. Altı cilddə. I cild. Bakı. "ŞƏRQ-QƏRB"-2008. (VI fəsil səh.70)
  8. М. М. Гусейнов – Азыхская пещера – многослойный памятник ашельского периода в СССР, АО 1971, М., 1972
  9. 1 2 3 İqrar Əliyev. Azərbaycan tarixi. Yeddi cilddə. I cild (Ən qədimdən — b.e. III əsri). Bakı. "Elm". 2007. (I bölmə I fəsil səh.52)
  10. 1 2 C.Zərbəliyev. Mədəniyyət.- 2013.- 18 oktyabr.- S. 11.
  11. "Kür-Araz mədəniyyəti / www.azerbaijans.com / Arxeoloji mədəniyyətlər". 2022-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.
  12. 1 2 3 Bünyadov, Z. və Yusifov, Y. (1994) "Azərbacan Tarixi (ən qədim zamanlardan XX əsrədək)", Azərnəşr, Bakı, I cild, səh. 59–60.
  13. "Kür-Araz mədəniyyəti / www.kayzen.az / Azərbaycan tarixi". 2020-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.
  14. 1 2 3 "NAXÇIVANIN ORTA TUNC DÖVRÜ MƏDƏNİYYƏTİ / www.qedim.nakhchivan.az/". 2019-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-17.
  15. "Tarixin Gədəbəy – Xocalı mədəniyyəti mərhələsi". 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-17.
  16. Göyüşov Rəşad. Azərbaycan Arxeologiyası. Bakı: İşıq, 1986, səh.93
  17. Azərbaycan tarixi. Yeddi cilddə. I cild. (Məsul redaktor: İ.H.Əliyev). Bakı: Elm, 1998,səh.335–336
  18. Osmanov F.L. Qafqaz Albaniyasının maddi mədəniyyəti. Bakı: Elm, 1982, səh.48–49
  19. Qazıyev S.M. Mingəçevir küp qəbirləri albomu. Bakı: Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1960, səh.6
  20. Qazıyev S.M. Mingəçevir küp qəbirləri albomu. Bakı: Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1960, səh.5
  21. Qazıyev S.M. Mingəçevir küp qəbirləri albomu. Bakı: Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1960, səh.7
  22. Qazıyev S.M. İki küp və iki katakomba qəbri // Azərbaycanın maddi mədəniyyəti-III. Bakı: Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1953. səh.9